Xosrovun Barbedin musiqisini dinləməsi
Xosrovun Barbedin musiqisini dinləməsi | ||
---|---|---|
| ||
Rəssam | Mirzə Əli | |
Tarixi | 1539-1543 | |
Üslubu | Təbriz miniatür məktəbi | |
Sifarişçi | I Şah Təhmasib | |
Saxlanıldığı yer | Britaniya Milli Kitabxanası |
Xosrovun Barbedin musiqisini dinləməsi — I Şah Təhmasibin sifarişi ilə 1539–1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır.[1]
Mövzu
[redaktə | vikimətni redaktə et]Nizaminin "Xosrov və Şirin" poemasında, Şirinin hicrində qovrulan Xosrov dərdini unutmaq üçün məclis düzəldib kefə başlayır, lakin şərab da ona dərdini unutdura bilmir. Nəhayət, əfsanəvi Barbədin füsnkar musiqisiXosrovun fərağına çatır. Nizami bu səhnəni belə təsvir edir:
Dördüncü gün yenə məclis düzəldi, Xoş nəğmə səsləri birdən yüksəldi. Şirinin qəmindən ürəyində ah... Dedi: Barbəd gəlsin məclisə əlan![2] |
Təsvir
[redaktə | vikimətni redaktə et]Gənc şah yay köşkünün yuxarı küncündə tək oturmuşdur. O, nə qarşısındakı şəraba, nə saqiyə, nə meyvə təklif edən əyyara, nə də ətrafındakı adamlara məhəl qoymur. Başını sol çiyninə əymiş şah, kədər içində Barbedin musiqisini dinləyir.[3]
Məclis izdihamlıdır. Xosrovdan bir qədər aralıda ox-kamanla yaraqlanmış bir əsgər və əlində şahin tutmuş quş ağası dayanmışdır. Aşağıda fəvvarəli çarhovuzun yanında qonaqlara şərab paylayan saqi görünür. Musiqi məclisini qonşu evin eyvanından iki qadın müşahidə edir. Onlardan birinin qucağında uşaq var. Kompozisiyanın dərinliyində — qonşu ev ilə monumental portal açılımndan və köşkün qapısından gül-çiçəkli bağ görünür. Məhdud miniatür çərçivəsi daxilində verilən bu qədər təfərrüat o dövr miniatür rəssamı üçün böyük hünər idi.[4]
Tədqiqi
[redaktə | vikimətni redaktə et]Rəssam səhnəni təsvir etmək üçün Orta Şərq miniatür boyakarlığında geniş yayılmış saray məclislərinin mühitini seçsə də, onu tez-tez təkrar olunan ənənəvi şablon şəklində təsvir etməyib, orijinal forma axtarır. O, təntənə və təmtəraqdan qaçır, mətnə əsasən süjeti intim planda verməyə çalışır.[3]
Miniatürün gözəl məziyyətlərindən biri, ədəbi mətndəki vaqiənin Mirzə Əli tərəfindən sənətkarlıqla əks etdirilməsidir.[4] Mətni diqqətlə gözləyən rəssam ən kiçik ştrixlərin belə fərqinə varır. Miniatürdə Barbedin yanında əlində xələt olan iki xidmətçi dayanmışdır. Mahnı üçün Xosrovun Barbedə hədiyyə verməsi faktı şərti də olsa, miniatürdə sərrastlıqla əks etdirilmişdir.[4]
Bəzi personajlar, xüsusilə Barbed, eşik ağası, kamandar və Xosrov surətləri fərdi cizgiləri ilə seçilirlər. Fiqurların zərifliyi, obrazların təfsir üslubu Sultan Məhəmmədin məşhur "Şah Təhmasib" miniatürünü xatırladır.[4] N. Zamanov bu oxşarlığı Sultan Məhəmməd yaradıcılığının Mirzə Əli yaradıcılığına təsiri kimi qiymətləndirir.[4] Portal frizinin göy kitabəsində əlyazmanın sifarişçisi olan I Şah Təhmasibin ünvanına tərif şeri yazılmışdır.[4]
N. Zamanovun fikrincə, Mirzə Əli bu əsəri ilə özünü dövrünün görkəmli rəng ustası kimi göstərmişdir.[5] Miniatür rəssamın həm də başqa bir istedadını — memarlıq və dekorativ naxış təsvirləri sahəsində də səriştəli usta olduğunu göstərir.[5] Bu səriştə zəngin naxışlarla bəzədilmiş portalın və köşkün daxili hissələrində, müxtəlif avadanlığın işləmələrində, portalın kaşı bəzəyində, timpanlarda verilən əfsanəvi Simurq quşu təsvirlərində, divarlardakı heyvan fiqurlu dekorativ bəzəklərdə, yaşayış evinin ikinci mərtəbəsində işlədilmiş xalq ağac memarlığı elementlərində, formaları etibarilə mürəkkəb şəbəkə növünü xatırladan hasar və sair aksessuarlarda rəssamın bu sahədəki misilsiz məharətini nemayiş etdirir.[5]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Khamsah of Nizami". bl.uk. Britaniya Milli Kitabxanası. 2016-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 avqust 2017.
- ↑ Gəncəvi, Nizami. Xosrov və Şirin. Bakı. 1962. 119.
- ↑ 1 2 Zamanov, 1981. səh. 34
- ↑ 1 2 3 4 5 6 Zamanov, 1981. səh. 35
- ↑ 1 2 3 Zamanov, 1981. səh. 36
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Zamanov, Nadir. Nizami poeziyası və təsviri sənət (Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutu). Bakı: Elm. 1981. səh. 190.