Təbriz miniatür məktəbi
Azərbaycan miniatürləri — Azərbaycanın orta əsr miniatür sənəti.
Tarixçə
[redaktə | vikimətni redaktə et]Azərbaycan miniatürü müsəlman Şərqinin incəsənəti tarixində ən maraqlı səhifələrdən birini təşkil edir. Miniatür sənətinin ən qədim nümunələlərindən sayılan bir çox əsərlər Azərbaycan şəhərlərində – Xoyda, Marağada, Təbrizdə yaradılmışdır.
Azərbaycan miniatürünün ən qədim nümunələri – "Mənafi əl – Heyivan" (1298), "Cami – ət – Təvarix" (1307 və 1314-cü il nüsxələri) müsəlman Şərqində yeni bir məktəbin yaranmasını təsdiqləyir. Yalnız Təbriz məktəbinin deyil, ümumiyyətlə, bütün Şərq miniatür sənətinin "Şah əsərlərindən" sayılan Demott "Şahnamə"sinin (1330–1340) illüstrasiyaları[1], Avropa və ABŞ–ın ən məşhur muzey və şəxsi kolleksiyalarında saxlanılır.[2]
İslam dini ehkamlarının hökm sürdüyü orta əsrlərdə Azərbaycanda rəssamlığın müxtəlif növlərində (boyakarlıq, "siyah qələm" və s.) insan obrazlarının təsviri sahəsində gözəl ənənələri olmuşdur. Miniatür sənətinin bu dövrdə yüksək inkişafı bunu aydın sübut edir.
Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur.[3]
Miniatür sənətinin yaranması
[redaktə | vikimətni redaktə et]Sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin sözlərinə görə, Təbriz miniatür məktəbinin meydana gəlməsi türklərlə bağlıdır. XIII əsrdə Orta Asiyadan Azərbaycana gələn türklər çox yaxşı rəssam və miniatürçü idilər. Özəlliklə bitikçiliklə (katib) və salnaməçiliklə məşğul olan uyğurların adını qeyd etmək gərəkir. Uyğurlar qədim, hələ III yüzillikdə meydana gələn manilik dininin daşıyıcıları və yüksək gözəllik duyumuna malik idilər, bu da Təbriz miniatür məktəbinin və Şərqdə, Qərbdə əlyazma kitabların bünövrəsini qoydu. IV əsrdə Topal Teymur Təbrizi ələ keçirəndə Sultan Əhməd Cəlayır saray əhlini götürüb köçür öz güney paytaxtına Bağdada. Təbriz məktəbinin ideya və texnikası da köçür Bağdada. Beləliklə, Şərq sənətşünaslığında süni "Bağdad miniatür məktəbi" terminin yaranır. Doğrudur, Bağdad miniatür məktəbi mövcud idi, ancaq Sultan Əhməd Cəlayır və onun təbrizli ustalarının gəlişindən 200 il öncə monqol-tatarlar tərəfindən məhv olmuşdu. Az sonra Əmir Teymur Bağdadı da ələ keçirir. Sultan Əhməd öldürülür, ən yaxşı miniatür ustaları Səmərqəndə köçürülür, qalanları Şiraza qaçır. İran sənətşünaslarına görə, beləliklə, birdən birə göydəndüşmə Şiraz miniatür məktəbi yaranır.[4][5]
Herat miniatür məktəbinin yaranmasında Təbriz miniatürçü rəssamları başlıca rol oynayırdı. Təbrizdən Herata görkəmli rəssamlar dəvət olunmuşdu: Seyid Əhməd Naqqaş, Hacı Əli Müsavir, Kavaməddin, Qiyasəddin və s. Ünlü Herat miniatürçüsü Kamaləddin Behzad da Seyid Əhməd Naqqaşın yetirməsi idi.[6]
Miniatür sənəti və din
[redaktə | vikimətni redaktə et]Miniatür sənətində hərbi janr
[redaktə | vikimətni redaktə et]XIII–XIV əsrlər
[redaktə | vikimətni redaktə et]Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi dəqiq müəyyən edilməmişdir, lakin XIII əsrin əvvəllərində Əbdülmömin Məhəmməd əl-Xoyinin "Vərqa və Gülşa"[10] əlyazmasına çəkdiyi miniatürlərin (Topqapı muzeyi, İstanbul) üslubu, bədii sənətkarlıq xüsusiyyətləri bu miniatürlərin ilkin olmadığını, müəyyən bir ənənəyə əsaslandığını və miniatür sənətinin daha qədimdən mövcud olduğunu göstərir. "Vərqa və Gülşa"ya çəkilmiş miniatürlər yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə bu sənətin ən qədim nümunələrindən sayılır.
XIII–XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatür sənəti sürətlə inkişaf etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qüdrətli mərkəzinə çevrilmişdi. Bu əsrlərdə Çin-Uyğur sənətindən faydalanan rəssamlar Uzaq Şərq xalqlarından gələn təsvir forması və ifadə vasitələrini yerli ənənələrlə – səthi-dekorativ forma ilə uyğunlaşdırmağa çalışırlar.
XIV əsrin ortalarından Təbriz rəssamları qrafik və boyakarlıq üslublarının uğurlu sintezindən doğan bədii üslub yaratdılar. Bu yeni üslubun formalaşması 1340–1350 illərə aid edilən "Böyük Təbriz Şahnaməsi", yaxud "Demott Şahnaməsi" adlanan məşhur əlyazmanın miniatürlərində öz əksini tapmışdır. Əksəriyyəti dövrün görkəmli rəssamları Əhməd Musa və Şəmsəddin tərəfindən çəkilmiş bu miniatürlər hazırda dünyanın bir çox muzey və kitabxanalarında saxlanılır. Bu əlyazmanın miniatürlərindən hələlik 58-i məlumdur. Tədqiqatçılar Təbriz miniatür məktəbinin bu dövrdəki inkişafını, xüsusilə "Demott Şahnaməsi"nin illüstrasiyalarını yüksək qiymətləndirmişlər. Fransız sənətşünası Östaş dö Lorey yazır: "miniatür sənəti heç vaxt bu qədər əzəmətli, akademizmdən uzaq və belə orijinal olmamışdır".
XV əsr
[redaktə | vikimətni redaktə et]Azərbaycan miniatür sənətinin bədii üslub xüsusiyyətləri XV əsrin əvvəllərində daha da təkmilləşir. Nizami Gəncəvinin "Xosrov və Şirin" poeması (1405–1410, Frir qalereyası, Vaşinqton), sonuncu Cəlair hakimi Sultan Əhmədin şeirlər "Divanı"na çəkilmiş dahi rəssam Əbd-əl-Xayyinin rəsmləri (1405–1410, Frir qaleryası, Vaşinqton) və Əssar Təbrizinin "Mehr və Müştəri" əsərinə (1419) çəkilmiş illüstrasiyalardakı xəttat (Cəfər Təbrizi) üslub, bədii sənətkarlıq məziyyətləri Təbriz məktəbinin kamilləşməsini göstərir.
XV əsrin əvvəllərindən başlayaraq Təbriz uzun müddət Yaxın və Orta Şərq şəhərlərini qabil sənətkarlarla təmin edən qüdrətli sənət mərkəzi olmuşdur. Məşhur alman sənətşünası F. Şults Təbriz məktəbini qonşu Şərq ölkələrində miniatür sənətinin inkişafına əsaslı təsir göstərmiş "ana məktəb" ("Mutterschule") adlandırmışdır.
XV əsrdə Təbriz məktəbinin təsirilə Şamaxı və Bakıda miniatür sənəti inkişaf etməyə başlayır. Bu dövrdə "Şərq poeziyası antologiyası", yaxud "Şamaxı antologiyası" (1468, Britaniya muzeyi, London) və b. əlyazmalarına çəkilmiş illüstrasiyalar, Əbdülbaqi Bakuvinin çəkdiyi tək və ikifiqurlu portretlər ("Mehtər", "İki əmir"; Topqapı muzeyi, İstanbul) Şamaxı və Bakı rəssamlarının ən yaxşı miniatürləri sırasına daxildir.
XV əsrin axırlarında Təbriz miniatür məktəbi yeni yüksəliş dövrünü keçirir. 1481-ci ildə Sultan Yaqub üçün hazırlanan və I Şah İsmayıl dövründə tamamlanan İstanbul "Xəmsə"sinə XVI əsrin əvvəllərində çəkilmiş 9 miniatür obrazlı ifadə vasitələrinə, kompozisiyanın mürəkkəbliyi və təmtəraqlı dekorotivliyinə, kolorit zənginliyinə görə ("Şirin çimərkən Xosrovun ona tamaşa etməsi", "İsgəndər və Dara", "İsgəndər və çoban", "İsgəndər Nüşabənin sarayında" və s.) XVI əsrə aid eyni məzmunlu miniatürlərdən əsaslı surətdə fərqlənir, bədii sənətkarlıq baxımından daha qiymətli hesab edilir. Bu əsərlərin XVI əsrdə Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmməd, onun müasirləri və tələbələri tərəfindən çəkilməsi şübhəsizdir. Təsadüfi deyil ki, bu dövrdə və daha sonralar Təbrizdə işlənmiş, lakin müəllifləri bəlli olmayan ən dəyərli miniatürlər adətən Sultan Məhəmməd məktəbinə, yaxud onun üslubuna aid edilir.
XVI əsr
[redaktə | vikimətni redaktə et]Təbriz miniatür məktəbinin inkişaf zirvəsi XVI əsrin ortalarına təsadüf edir. Mərkəzləşmiş Səfəvilər dövlətinin yaranması ilə bağlı Azərbaycanın paytaxtı Təbriz şəhəri yenidən Yaxın və Orta Şərqdə mədəniyyətin, estetik fikrin, bədii yaradıcılığın, əsas mərkəzinə çevrilir. Təbrizdə Şah İsmayıl və Təhmasibin saray kitabxanasında böyük ustad Sultan Məhəmmədin rəhbərliyi altında Mir Müsəvvir, Mirzə Əli Təbrizi, Mir Seyid Əli, Müzəffər Əli kimi istedadlı yerli rəssamlarla yanaşı, Kəmaləddin Behzad, Şeyxzadə, Ağamirək İsfahani, Şah Mahmud Nişapuri, Dust Məhəmməd kimi şərqin görkəmli sənətkarları, xəttat və rəssamları fəaliyyət göstərirdilər.
XVI əsrin əvvəllərindən başlayaraq Təbriz miniatür məktəbinin klassik ədəbiyyatla əlaqəsi daha da genişlənir. Firdovsi, Nizami, Sədi, Hafiz, Cami, Nəvai, Əmir Xosrov Dəhləvi və b. klassiklərin əsərləri, poetik süjet və obrazları Təbriz rəssamlarının yaradıcılığında əsas yer tutur. Təsviri sənətdə ən çox və ən dəyərli miniatürlər bu iki əsərə – "Şahnamə" və "Xəmsə"yə çəkilirdi. XVI əsrin əvvəllərində Təbriz məktəbinin bədii üslub xüsusiyyətlərini özündə cəmləşdirən miniatürlərdən 1524-cü il tarixli "Xəmsə" (Metropoliten-muzey, Nyu-York), "Şahnamə" (Şərqşünaslıq in-tu, Sankt-Peterburq), "Quy və çovkan", 1528-ci il tarixli "Cami ət-təvarix" (hər ikisi M. Y. Saltıkov-Şedrin ad. kitabxana, Sankt-Peterburq) əlyazmalarına çəkilmiş illüstrasiyalar diqqəti cəlb edir. Bəsit kompozisiya quruluşu, koloriti, obrazların həlli və mənzərə motivlərinin təsvir baxımından nisbətən sadə və yığcam olan bu əsərlər XV əsr miniatürlərinin lakonik üslub xüysusiyyətlərindən təmtəraqlı dekorativ xarakter daşıyan yeni üsluba keçid mərhələsini təşkil edir.
Təbriz məktəbi simasında 1530–1540-cı illərdə Şərq miniatür sənəti ən yüksək inkişaf mərhələsinə çatır. Bu dövrdə bədii-estetik və sənətkarlıq baxımından ən dəyərli miniatürlərlə bəzədilmiş bir çox qiymətli əlyazmalar hazırlanır.
Son dərəcə zərif işlənmiş 3 kiçik miniatürlü "Şah və Dərviş" (M. Y. Saltıkov-Şedrin ad. kitabxana, Sankt-Peterburq), 258 miniatürlə bəzədilmiş "Şahnamə" (1537; miniatürlərin bir qismi Nyu-Yorkdakı Metropoliten-muzeydə, qalan hissəsi Nyu-Yorkda, Haufton kolleksiyasındadır) və 14 ədəd nadir miniatürü ilə dünya şöhrəti qazanmış "Xəmsə" (1539–43, Britaniya muzeyi, London) əlyazmaları zəngin bədii tərtibatı, nəfis dekorativ bəzəyinə görə Şərqdə kitab sənətinin və miniatür boyakarlığının şah əsərləri hesab edilir. "Şahnamə"yə çəkilmiş miniatürlərdən Sultan Məhəmmədin "Keyumərzin məclisi", "Zöhhakın edam edilməsi", Mirzə Əli Təbrizinin "Hindistan elçilərinin qəbulu", Müzəffər Əlinin ov və döyüş səhnələri, Mir Seyid Əlinin saray məclisləri təsvir olunan əsərləri, "Xəmsə"yə çəkilmiş miniatürlərdən Sultan Məhəmmədin "Sultan Səncər və qarı", "Şirin çimərkən Xosrovun ona tamaşa etməsi", "Məhəmməd Peyğəmbərin meracı". Mir Müsəvvirin "Ənuşirəvan və bayquşların söhbəti", Mirzə Əli Təbrizinin "Xosrov Bərbədin musiqisini dinləyir", "Şapur Xosrovun portretini Şirinə göstərir", Mir Seyid Əlinin "Dilənçi qarının Məcnunu Leylinin yanına gətirməsi" və s. əsərlər Şərq miniatür sənətinin zirvəsini təşkil edir. Şərq rəssamlarının ən çox sevdiyi "Şahnamə" və "Xəmsə" süjetləri parlaq, klassik ifadəsini məhz bu iki əlyazmada – Sultan Məhəmməd və onun müasirlərinin əsərlərində tapmışdır. Belə süjet və obrazlarla yanaşı, Azərbaycan rəssamları digər poetik əsərlərə də orijinal miniatürlər çəkmişlər. Bunlardan Sultan Məhəmmədin 1530 illərdə Hafizin "Divan"ına çəkdiyi "Şam Mirzənin kef-musiqi məclisi", "Meyxanada", naməlum rəssamların Ə. Cami, Əmir Xosrov Dəhləvi və b. klassiklərin əsərlərinin əlyazmalarına, Sədinin külliyatına (hamısı M. Y. Saltıkov-Şedrin ad. kitabxana, Sankt-Peterburq) və b. əlyazmalarına çəkdikləri miniatürləri göstərmək olar. Sultan Məhəmmədin "Meyxanada" əsərində təsvir olunan surətlər daxili psixoloji ifadəliliyi və obrazların bir qədər qroteskvarı, satirik planda işlənməsi baxımından şərq miniatür sənətində nadir əsərlərdən hesab edilir.
Miniatür sənətində XVI əsrədək tək-tək təsadüf olunan dəzgah miniatürləri əsrin ortalarından inkişaf edərək tezliklə xüsusi janr səviyyəsinə yüksəlir. Kitab illüstrasiyalarından fərqli olaraq, belə müstəqil miniatürlərdə əsasən adi həyat hadisələri – ov və döyüş səhnələri, kef və musiqi məclisləri, saray əyləncələri, şah və əsilzadələrin portretləri, nadir hallarda isə klassik ədəbiyyatdan alınmış poetik süjetlər təsvir edilirdi. Rusiya (Sankt-Peterburq), Türkiyə (İstanbul), eləcə də Avropa və ABŞ-nin bir çox muzey və kitabxanalarında saxlanılan xüsusi albomlarda (mürəkkələrdə) toplanmış, bəzən də sırf dekorativ bəzək məqsədilə müxtəlif əlyazma kitablarına sonralar daxil edilmiş belə miniatürlərdən Mirzə Əli Təbrizinin "Sarayda musiqi məclisi", Sultan Məhəmmədin "Ov səhnəsi" triptixləri, Mir Seyid Əlinin "Kənd həyatı" və "Şəhər həyatı" tabloları şərq miniatür sənətində müstəsna yer tutur.
XVI əsrin ortalarında Sultan Məhəmməd, Mir Müsəvvir, Dust Məhəmməd və b. rəssamlar bir sıra portret miniatürləri yaratmışlar. Tipikliyi, obrazların həlli və etnoqrafik cəhətdən bir-birindən fərqlənməyən, bəzən də çox az fərqlənən, yalnız müxtəlif vəziyyət və hərəkətdə verilmiş bu portretlərdə rəssamlar dövrün və özlərinin gözəllik ideallarına uyğun olaraq şah və saray əyanlarının obrazlarını idealizə edilmiş halda əks etdirirdilər. Müəyyən kanonlar (qayda, üsul) əsasında yaradılan bu portretlərdə əsas məqsəd hökmdarın zahiri gözəlliyini tərənnüm etmək olmuşdur.
XVI əsrin 2-ci yarısında Səfəvilər dövlətinin paytaxtının Təbrizdən Qəzvinə köçürülməsi ilə bağlı saray kitabxanasında fəaliyyət göstərən rəssamlardan bir qrupu yeni mərkəzə toplaşır. Azərbaycan rəssamlarının Qəzvində 1575 ilə qədər çəkdikləri miniatürlər bədii üslub xüsusiyyətlərinə görə Təbriz dövrü miniatürlərindən əsla seçilmir və Təbriz üslubunun məntiqi davamını təşkil edir.
XVI əsrin 2-ci yarısı və sonlarında Azərbaycan miniatür sənətinin inkişafı və Qəzvində yeni üslubun yaranıb formalaşması Sultan Məhəmməd ənənələrinin davamçıları Siyavuş bəy, Mir Zeynalabdin Təbrizi, Əli Rza Abbasi Təbrizi, xüsusilə dövrün ən görkəmli ustad rəssamları Məhəmmədi və Sadıq bəy Əfşarın yaradıcılığı ilə bağlıdır. Bu dövrdə kitab illüstrasiyalarından daha çox real həyat hadisələrini və adi məişət səhnələrini əks etdirən müstəqil miniatürlər çəkilmişdir. XVI əsrin 2-ci yarısında Azərbaycan kitab tərtibatı və miniatür sənətində müəyyən durğunluq əmələ gəldi. Bunun əsas səbəblərindən biri paytaxtın köçürülməsi ilə bağlı Təbrizin sənət mərkəzi kimi öz rolunu getdikcə itirməsi idisə, digər səbəbi XVI əsrin son rübündə Təbriz rəssamlarının Türkiyə və İranın sənət mərkəzlərində fəaliyyət göstərməsi, eləcə də bu dövrdə Sultan Məhəmməd və onun məktəbinə mənsub olan rəssamlar kimi hərtərəfli inkişaf etmiş, geniş yaradıcılıq imkanına malik ustad sənətkarların az olması idi.
Təbriz məktəbi qonşu ölkələrlə yaradıcılıq əlaqəsi saxlamış, məktəbin nümayəndələri müxtəlif vaxtlarda bir çox Şərq ölkələrində fəaliyyət göstərmişlər. Məşhur rəssam Mir Seyid Əli atası Mir Müsəvvirlə birlikdə uzun müddət Hindistanda Moğol hökmdarları Hümayun (1530–39, 1555–59) və Əkbərin (1556–1605) sarayında baş rəssam işləmiş, yeni sənətkarların hazırlanmasında, Moğol miniatür məktəbi adlanan hind boyakarlıq məktəbinin yaranması və inkişafında onların mühüm rolu olmuşdur. Türkiyə miniatür sənətinin inkişafına Azərbaycan rəssamları əhəmiyyətli təsir göstərmişlər. Şahqulu Nəqqaş, Vəlican Təbrizi, Kamal Təbrizi və bir sıra digər Təbriz rəssamları müxtəlif dövrlərdə İstanbulda fəaltyyət göstərmiş, Şahqulu ıə Vəlican saray emalatxanasına rəhbərlik etmişlər. Xalçaçılıq, bədii parça, bədii metalişləmə və keramika sahəsində məzmunu, bədii forması, obrazlı ifadə vasitələrinə görə miniatür üslubunu xatırladan bir çox dəyərli əsərlər yaradılmışdır.
XIX əsr
[redaktə | vikimətni redaktə et]Azərbaycan miniatür sənəti XIX əsrin sonlarına qədər davam etmişdir, lakin XVIII–XIX əsrlərdə əlyazma və daş çapı kitablarına çəkilmiş miniatürlər rəsm, kompozisiya, obrazların həlli və koloritinə görə bəsit, sxematik, bəzən də primitiv "lubok" xarakteri daşıyırdı. Əvəzəli Muğanlının "Kəlilə və Dimnə" (1809), Mirzə Əliqulunun "Şahnamə" (1850), Mir Möhsün Nəvvabın "Bəhr üləzən" (1864), Nəcəfqulu Şamaxılının "Yusif və Züleyxa" (1887; bu əsərlər Azərb. Resp. EA Əlyazmaları İnstitutundadır) və s. kitablara çəkdikləri illüstrasiyalar obrazlı ifadə vasitələrinə görə klassik miniatür sənətinin tənəzzülünü göstərir.
Sovet dövründə klassik miniatür sənətinin zəngin ənənələrindən, onun bədii üslub xüsusiyyətlərindən yaradıcı surətdə istifadə edilməyə başlanmışdır.
Klassik miniatür sənətinin üslub xüsusiyyətlərindən istifadə edilməsi Azərbaycan təsviri sənətinin sonrakı itnkişaf dövrlərində daha da genişlənimiş, boyakarlıq, qrafika, xüsusən kitab tllüstrasiyası sahələrində bir sıra rəssamların yaradıcılıq axtarışları uğurlu əsərlərlə nəticələnmişdir.
XX əsr
[redaktə | vikimətni redaktə et]M. Abdullayev boyakarlıq, qrafika, monumental boyakarlıq və teatr tərtibatı sahələrində klassik irsimizlə bağlı olan bir sıra dəyərli əsərlər yaratmışdır. Rəssamın "Kitabi-Dədə Qorqud" (1962 və 1979 il nəşrləri) kitablarına çəkdiyi illüstrasiyaları, Bakı metropoliteninin "Nizami" stansiyasında şairin əsərlərinin motivləri əsasında yaratdığı mozaika lövhələri diqqəti cəlb edir.[11]
Əlyazmalar İnstitutunda Miniatür sənətimizin inciləri
[redaktə | vikimətni redaktə et]Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu Sənainin "Həqiqət Bağı" (1625-ci ildə çəkilmişdir), Əmir Xosrov Dehləvinin "Səkkiz Behişt" (1579), Nizami Gəncəvinin "Yeddi Gözəl" (1636), Urfinin "Divan" (XVII əsr), Hafiz Şirazinin "Divan" (1584), Məktəbinin "Leyli və Məcnun" (XII əsr), Əmir Şahinin "Nuşafərin və Gövhərtac" (1829), "Divan" (1573) və Məhəmməd Füzulinin "Divan"ı (XII əsr) və s. əsərləri də daxil olmaqla miniatür ilə bəzədilmiş bir çox kitablara malikdir.
Bu rəngarəng miniatürlərdə müxtəlif ov, musiqi dinləmə, rəqs, yemək, bağçılıq, savaş və məhəbbət səhnələri, eləcə də təbii mənzərələr, güllər, bağlar, bülbüllər, çiçəkləyən ərik ağacları öz əksini tapmışdır. Nizaminin "Xəmsə"sində olan ən məşhur miniatürlərdə Leyli və Məcnun, Xosrov və Şirinin məhəbbət hekayələri təsvir olunur.
"Dilənçi qadın Məcnunu Leylinin yanına gətirir", "Leyli və Məcnunun görüşməsi", "Leyli səhrada Məcnuna baş çəkir", "Xosrovun Şirini çimərkən görməsi", "Xosrov və Şirinin qızın nağılına qulaq asması" miniatürləri göz oxşayır, diqqəti cəlb edir. "Ov" adlanan miniatür isə şahın böyük atlı dəstəsinin iri ov sürüsünü (ceyran, maral və vəhşi at) izləməsini göstərir.[12]
Məşhur miniatürçülər
[redaktə | vikimətni redaktə et]- Seyid Əhməd Naqqaş
- Hacı Əli Müsavir
- Kamaləddin Behzad
- Əbdülmömin Məhəmməd əl-Xoyi[7][10][13]
- Sadıq bəy Avşar
- Mikayıl Abdullayev
- Rafiz İsmayılov
- Arif Hüseynov[14]
- Orxan Hüseynov
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]Miniatürlər filmlərdə
[redaktə | vikimətni redaktə et]- Fitnə (film, 1970) — miniatür üslubunda cizgi filmi
- Yeddi gözəl (film, 1982)
- Qız qalası (film, 1984)
- Aşıq Kerib (film, 1988)
- Müdriklik çadırı. Ömər Xəyyam (film)
Miniatürlər haqqında filmlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Джамиля Гасанзаде, Агасалим Эфендиев. Большое Тебризское "Шах-наме" и тебризская живопись 1330–40 гг. Журнал "İRS", № 3(51), 2011" (PDF). 2022-08-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-05-05.
- ↑ "Miniatür haqqda". 2021-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-04.
- ↑ "Hacıyev İ. A. Şərq miniatür sənətində kompozisiya quruluşunda forma və üslub xüsusiyyətləri. Bakı: "Təknur", 2012" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-06-01.
- ↑ "Прошлое и настоящее азербайджанского искусства". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-04.
- ↑ "Джамиля Гасанзаде, Агасалим Эфендиев. Расцвет живописи в эпоху правления султана Ахмеда Джелаира. Журнал "İRS", № 4 (58), 2012" (PDF). 2021-05-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-05-04.
- ↑ "Художник Мир-Теймур. Тебризская (тюркская) школа миниатюры. Журнал "IRS" ("Наследие"), №5'2003". 2012-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-04.
- ↑ 1 2 "Джамиля Гасанзаде, Агасалим Эфендиев. Тема Вознесения. Мифологические образы в тебризской миниатюрной живописи. Журнал "İRS", №3(57), 2012" (PDF). 2022-08-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-05-04.
- ↑ "Джамиля Гасанзаде, Агасалим Эфендиев. Тебризская миниатюра начала XIV века в миниатюрах рукописи Бируни. Журнал "İRS", № 1(49), 2011" (PDF). 2022-08-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-05-04.
- ↑ "Агасалим Эфендиев. Батальный жанр в азербайджанской миниатюрной живописи XIII–XVI веков. Баку, 2009" (PDF). 2021-08-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-05-04.
- ↑ 1 2 "Джамиля Гасанзаде, Агасалим Эфендиев. Первый памятник азербайджанской миниатюры. Журнал "İRS", № 4(46), 2010" (PDF). 2021-05-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-05-04.
- ↑ "Галина Микеладзе. Выставка миниатюры, возвращающая к истокам". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-05.
- ↑ "Fərid Ələkbərli — Orta əsr tibb əlyazmaları". 2013-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-04.
- ↑ Агасалим Эфендиев, искусствовед. Миниатюры художника Абд-аль-Мумина к поэме Айуки "Варга и Гюльшах" стали прародителем батального жанра.
- ↑ "Миниатюра – одна из визитных карточек Азербайджана — народный художник Ариф Гусейнов". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-04.