Saleh Güllücinski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Saleh Güllücinski
Şəxsi məlumatlar
Doğum tarixi 17 sentyabr 1899(1899-09-17)
Doğum yeri
Vəfat tarixi 3 yanvar 1938(1938-01-03) (38 yaşında)
Vəfat yeri
Vəfat səbəbi siyasi repressiya
Təhsili
Fəaliyyəti siyasətçi, müstəntiq[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Saleh Məşədi Teymur oğlu Güllicinski (17 sentyabr 1899, Güllücə, Eçmiədzin qəzası, İrəvan quberniyası, Rusiya imperiyası3 yanvar 1938, Bakı) — Ermənistan SSRAzərbaycan SSR dövlət və partiya xadimi, Vedi Hərbi İnqilab Komitəsinin ilk sədri, Azərbaycan K(b)P MK yanında Partiya Məktəbinin rektoru.[1][2][3]

Saleh Güllücinski 17 sentybar 1899-cu ildə[1] İrəvanın yaxınlığndakı Güllücə kəndində Məşədi Teymur və Leyli xanımın ailəsində doğulub. Onlar 5 övlad böyüdüblər: Saleh, Məmməd, Rübabə, Ləzifə, Şövkət. Ailə o zamanın maarifpərvər, ziyalı ailəsi olduğundan övladlarının hamısına təhsil verib.[2]

Saleh Güllicinski erkən yaşında A. S. Puşkin adına İrəvan rus-tatar məktəbini,[4] 1911-1915-ci illərdə 17 yaşında İrəvan Müəllimlər Seminariyasını bitirir.[5] 5 mart 1916-cı ildən 6 iyun 1918- ci ilə kimi İrəvan dairə məhkəməsində tərcüməçi kimi işləyir.

1918-ci ildə Qərbi Azərbaycanda qətliamlar törədən daşnaklara qarşı mübarizəyə qoşulur. Ailəsi dəfələrlə qırğınlardan qurtulmaq üçün Türkiyəyə getmək məcburiyyətində qalsada sonradan yenidən geri evlərinə dönürlər.[2]

Saleh Güllücinskinin bacısı Rübabə xanımın qızı Rəfiqə xanımın dediklərindən:[2]

" 1918–1920-ci illərdə ermənilər kütləvi qırğınlar edirdilər. Atam Hüseynin İğdırda ögey bacısı yaşayırdı. Atam ailəsi ilə oraya getmək qərarı verir. Bir neçə öküz arabalarını ərzaqla yükləyir ki, bizi orada 1–2 ay idarə etsin. 1918-ci ilin apreli imiş. Arazda çay daşır, sel gəlir və arabalar da, öküzlər də suya batır. Ərzaqların hamısı islanır. Atam yenidən İrəvana geri qayıtmaq məcburiyyətində qalır. Bizim çox mülklərimiz olub. İrəvanda indiki Hökumət evinin arxasında 2 mərtəbəli, 9 otaqlı, böyük bağı bağçası olan evimiz vardı. Atam gələndə görür ki, evin qapısı qırılıb, üç otağına Vandan gələn erməni ailəsi yerləşib. Atam ona evimdən çıx deyir. O isə cavabında belə deyir: "Sən necə Türkiyəyə getmisən, məni də oradan köçürdülər buraya. Məndə ev istədim yaşmağa, dedilər ki, hansı evin qapısı bağlıdı, qır qapını gir yaşa. Məndə bu evə gəldim." Atam da qorxusundan dillənə bilmir. Daşnakların hökuməti idi. Deyir bir neçə gün qalaq, sonra keçərik Türkiyəyə. Ama o qalan qalır. "

1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulan zaman daşnaklara qarşı daha fəal mübarizə aparmaq üçün İrəvanın bir çox gənc ziyalıları kimi Saleh də inqilabi mübarizəyə qoşulur. Əli Əkərəkli, Cahangir Ələkbərbəyov, Abasqulu bəy Şadlinski kimi vətənini sevən insanlarla birlikdə mücadilə edir. Ermənistanda Sovet hakimiyyəti uğrunda azərbaycanlıların mübarizəsi Ermənistan KP MK-da şöbə müdiri, Xalq Komissarları Sovet sədrinin müavini, Maarif nazirinin birinci müavini vəzifələrində işləmiş Rza Vəlibəyovun 1969-cu ildə İrəvanda nəşr etdirdiyi "Keçmişdən səhifələr" aldı kitabında geniş şərh olunmuşdur. Müəllif azərbaycanlı mübarizlərdən Cahangir Ələkbərbəyov, Saleh Güllücinski, Hüseyn Salmanov, Musa Vəlibəyov, Rza Axundov, Məmməd Yusifzadə, Məmmədəli Nasir, Bala Əfəndiyev, Yusif Abbasov, Abbasqulu bəy Şadlinski, Əli Tağızadə, Ələmdar Həşimov və başqalarının xidmətlərini təfsilatı ilə şərh etmişdir.[6]

1921-ci il noyabrın 29-da Ermənistan Hərbi İnqilab Komitəsi Ermənistan SSR-in yarandığını elan edir. 1921-ci ilin fevralında daşnaklar yenidən İrəvəna daxil olurlar. Bu zaman bir çox inqilabçılar rus qoşunuyla bərabər İrəvanı tərk edir, ancaq Saleh Güllücinski, Əli Əkərəkli, Həsənəli Axundov şəhərdən çıxmırlar. Onlar evlərinə getmək istərkən daşnaklarların hücumuna məruz qalır və qurtulmaq üçün türk konsulluğunun binasına daxil olurlar.[2]

İrəvanda yaradılmış ilk partiya təşkilatının üzvlərindən biri olan Saleh Güllücinski 1920-ci ildən inqilabi fəaliyyətlə məşğul olmuşdur. 1920-1921-ci illərdə daşnaklara qarşıı inqilabi mübarizədə iştirak etmişdir. Həmin illərdə Ermənistanda Qizil ordunun Xüsüsi şöbəsinin müstəntiqi vəzifəsində çalışmışdır. 1921-ci ildə Vedi Hərbi İnqilab Komitəsinin ilk sədri vəzifəsinə göndərilir. Həmin ilin iyul ayında Vedi Rayon İcrayyə Komitəsinin sədri vəzifəsinə dəyişilir. S. Güllücinski Ermənistan Fövqaladə Komisiyasının ilk müstəntiqlərindən biri olub. Vedidə çalışdığı zamanlarda Abasqulu bəy Şadlinski ilə birlikdə Dəvəlidə daş karxanasının istifadəyə verilməsinə böyük əmək sərf edir. Abasqulu bəy Şadlinski onun haqqında belə deyir: "Mən Salehdə olan tükənməz enerjiyə təəccüb etdim. Dəfələrlə biz onunla İrəvan Qəza İcrayyə Komitəsinə yazdıq, birlikdə oraya getdik. Saleh az əmək sərf etmədi". Vedidə çalışarkən daşnaklardan qurtulmuş kəndləri dinc həyata qaytarmaq, qırğınlardan qurtulan əhalini Türkiyədən, İrandan (yəni Cənubi Azərbaycandan) yurdlarına geri dönmələri üçün əlindən gələni edirdi. Lakin Ermənistan hökuməti İrandan, Türkiyədən gələn erməniləri Vedibasara yerləşdirməyə başlamışdı.[2]

Ermənistan hökumətinin bu siyasətinə kəskin etiraz edən Saleh Güllücinskinin hərəkətləri mərkəzi rəhbərliyi qane etmir və onlar bir bəhanə ilə S. Güllücinskini oradan uzaqlaşdırmaq istəyirlər. 1922-1923 -cü illərdə Ermənistan KP MK-nın təlimatçı- təşkilatçı vəzifəsində işləmişdir. 1923 ildə (o zamanlar Güllicinskinin 24 yaşı olur) onu Tiflisdə yeni açılmış Zaqafqaziya Kommunist Universitetinə təhsilini davam etdirməyə göndərirlər. Burada S. Güllücinski Səkinə adlı Borçalıdan olan tələbə qızla tanış olur, ailə qurur.[2]

Saleh Güllicinski ailəsi ilə birgə

1926-cı ildə Tiflisdə universiteti bitirdikdən sonra Saleh Güllücinskiyə Bakıdan iş təklif edirlər. Mircəfər Bağırov onu Bakıya dəvət edir. S. Güllücinski ailəsi ilə (anası Leyli xanım, atası Məşədi Teymur və bacıları Ləzifə, Şövkət, həyat yoldaşı Səkinə xanım və oğlu Ələsgər) Bakıya köçür.[2] 1926- 1927- ci illərdə Azərbaycan KP MK- nin altrqrupunun üzvü olur. 1927- 1929- cu illərdə Bakı sovet partiya məktəbində həm müəllim, həm də tədris hisssısinin müdiri vəzifəsində çalışır. 1929 -1930- cu illərdə Azərbaycan SSR xalq Maarif Komissarlığının Uşaqların sosial tərbiyəsi və politexnik təhsili Baş idarəsində rəis müavini vəzifəsində işləmiş, 1930-cu ildə Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin (AzQPU)səlahiyyətli nümayəndəsi olmuşdur. 1931-1933-cü illərdə Moskva şəhərində Qırmızı Prefessorlar İnstitunda təhsil almış, eyni zamanda Moskva Polad İnstitunda və Timiryazev Kənd Təsərrüfatı Akademiyasında fəlsəfə müəllimi işləyir.

Saleh Güllücinski 1933–1934-ci illərdə Qasım İsmayılov rayonu (indiki Goranboy rayonu) MTS (Maşın Traktor Stansiyası) siyasi şöbəsinin rəsi vəzifələrində çalışır. 1934–1935-ci illərdə Azərbaycan SSR Xalq Torpaq Komissarlığının siyasi bölməsinin rəis müavini vəzifəsində çalışır. 1935–1937-ci illərdə Azərbaycan Kənd Təsərüfatı Məktəbinin rektoru olmuşdur. 1937-ci ildə Zaqafqaziyada ilk "Lenin" ordeni ilə təltif olunur.[1]

Saleh Güllücinskinin Bakıdakı evinə bir gecə qəfil yoxlama gəlir. Uzun axtarışdan sonra evdən Lev Trotskinin kiçik bir kitabı tapılır və S. Güllücinski həbs edilir. Uzun zaman yaxınları ondan heç bir məlumat ala bilmirlər. DTX arxivində Saleh Güllücinskinin güllələnməsi ilə bağlı yazılır: SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 2 yanvar 1938-ci il tarixli hökmünə əsasən S. Güllicinski Azərbaycan SSR CM-nin 64 (silahli üsyan), 70 (terror aktları), 73-cü (əks-inqilabi fəaliyyət) maddələr ilə təqsirli bilinərək güllələnməyə məhkum edilmişdir. Hökm 3 yanvar 1938-ci ildə icra edilmişdir.[1] Ziya Bünyadovun "Qırmızı terror" kitabında represiya qurbanları arasında Saleh Güllicinskdən də bəhs edilir.

  1. 1 2 3 4 "Saleh Güllicinski". Qərbi Azərbaycan İcması. 2024. İstifadə tarixi: 2024-04-14.
  2. 1 2 3 4 5 6 7 8 Uğur, Sabina. "Qərbi Azərbaycanın aydın şəxslərindən Saleh Güllücinskinin həyatı". siyasetinfo.az. 2023-03-08. 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  3. Əziz Ələkbərli, "Qərbi Azərbaycan, 1-ci cild, Vedibasar mahalı", Bakı, "Ağrıdağ", 2000.
  4. Mustafa, Nazim. "İrəvan şəhəri. Elm və təhsil". iravan.preslib.az. 2013. 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-17.
  5. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 163. ISBN 978-9952-5455-010.
  6. Hüseynov, Məmməd. "Ata yurdum Zəngibasar - İrəvan". 525-ci qəzet. 2018-02-16. 2023-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-12.