Nəzərəli xan Şahsevən

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nəzərəli xan Şahsevən
Nəzərəli xan Sarxanbəyli-Şahsevən
Rəssam: Rizvan Qarabağlı
Rəssam: Rizvan Qarabağlı
1763[1] – 1792
ƏvvəlkiBədr xan
SonrakıMəhəmməd-Hüseyn xan Əmirli-Avşar
Şəxsi məlumatlar
Doğum tarixi 1735
Doğum yeri Sarıxanlı, Meşkin
Vəfat tarixi
Vəfat yeri Ərdəbil
Dəfn yeri Ərdəbil
Atası Bədr xan
Uşaqları oğlanları:
Nəsrəli xan, Fərəculla xan
Ailəsi Sarıxanbəyli
Şahsevənlər
Dini Şiə İslam

Nəzərəli xan Bədr xan oğlu Sarıxanbəyli-Şahsevən (1735, Ərdəbil1757, Ərdəbil) — Ərdəbil xanı (1763–1792). O qardaşı Nəsir xan Şahsevən ilə şərik hakimiyyətə malik idi.

Nəzərəli xan atasından sonra el başçısı olmuşdu. Sonra elin yaxından yardımı ilə Ərdəbil xanlığını ələ keçirmiş, müstəqil xanlıq qurmuşdu.

Kərim xana tabe olmayan, hədiyyə, peşkəş və sairə adlarla vergilər verməkdən imtina edən Nəzərəli xanı məhdudlaşdırmaq, sıradan çıxarmaq məqsədilə Gilan hakimi Hidayət xanı səfərbərliyə aldı. O, dolayı yollarla Hidayət xanı Nəzərəli xana qarşı qaldırdı və onu pul, silah və sairə vəsaitlə təmin etdi. Kərim xan Zəndin hərtərəfli yardım və himayəsindən istifadə edən Hidayət xan Nəzərəli xanı tutdu və Ənzəli limanında həbsxanaya saldı. Kərim xanın vəfatından sonra Şahsevən elinin igidləri Ənzəliyə hücum edib, Nəzərəli xanı xilas etdilər.

Nəzərəli xan Pənahəli xan Sarıcalı-Cavanşirlə düz dolanmadığından başı bəlalar çəkdi. Tez bir zamanda Qarabağ qoşunu Arazı adlayıb, Muğanda düşərgə qurdu. İki qoşun üz-üzə gəldi. Ağır vuruşmadan sonra Qarabağ qoşunu qalib gəldi. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği yazır: "Sarıcalı Dərgah bəyi Ərdəbil şəhərində hökumət işlərini idarə etmək üçün təyin etdi".[2]

Nəzərəli xan bacısı Şahnisə xanımı Pənahəli xanın oğlu İbrahimxəlil xana verib, qohum oldu. Bu qohumluqdan sonra araları düzəldi. Qarabağ xanlığının vassallığını qəbul etdi.

Nəzərəli xan Osmanlı dövləti ilə isti ilişkilər qurmuşdu. O, 1776–1777-ci ildə göndərdiyi məktubunda Çıldır valisi Süleyman paşa vasitəsilə göndərilən fərman və yardımın alındığını və İraklinin təcavüzünə qarşı mübarizə əzmində olduğunu bildirirdi. Yenə həmin ildə Xoylu Əhməd xan Çıldır valisi Süleyman paşaya Rusiya ilə ittifaqda olan İraklinin təcavüzünə yol verməmək üçün Azərbaycan xanlarının "Devlet-i Aliyye emrinde" müharibəyə hazır olduqlarını və bəzi lazımı sursatı almaq üçün İstanbuldan xəzinədar katibi İbrahim bəy vasitəsilə müəyyən miqdarda pul göndərdiyini yazırdı.

İbrahimxəlil xan 1779-cu ildə Şəkili Hüseyn xanın qətlindən sonra qaynı Şahsevən Nəzərəli xanı çoxlu sayda atlı dəstə ilə Gilan və Rəşt tərəfə göndərdi. Nəzərəli xan göstərilən məntəqəyə hücum edərək oranı viran qoyub, çoxlu malla geri döndü. Bu arada Təbrizdə ixtişaşlar baş verdiyi üçün İbrahimxəlil xan onu Təbrizə göndərdi.

1780-ci ildə İbrahimxəlil xan qaynı Nəzərəli xanı Təbriz üstünə yürüşə göndərmişdi. Duruş gətirə bilməyən Təbrizli Nəcəfqulu xan Dünbüli qaçıb, qohumu Xoylu Əhməd xan Dünbiliyə sığınmışdı.

1783-cü ildə Təbrizə hücum edən Urmiya hakimi İmamqulu xan Qasımlı-Avşar sərkərdələrinə göstəriş vermişdi ki, Nəcəfqulu xan Dünbiliyə bildirsinlər ki, biz Nəzərəli xan Şahsevənlə və Əli xan Şəqaqi ilə savaşa gedirik, sən də silah-sursatla yardım et. Nəcəfqulu xanın onların hiyləsini başa düşüb, elçiləri rədd etdi.

Öncə Təbriz hakiminə yardım edən Nəcəfqulu xan Şahsevən və Hüseynqulu sultan Şəqaqi Əli xan Şəqaqidən üz döndərib, İmamqulu xan Qasımlı-Avşara qoşuldular. Sərab hakimi Əli xan Şəqaqi onların dönüklüyünü görüb, Nəzərəli xan Şahsevəndən yardım istədi. Nəzərəli xan Ərdəbildən çıxıb Səraba tələsdi. Əli xan Şəqaqiyə qoşulub dönük başçıların, Nəcəfqulu xan Şahsevənin və Hüseynqulu sultan Şəqaqinin üstünə getdilər. Sərabın ətrafında qarşılaşıb, döyüşdülər. Nəzərəli xan bu savaşda qalib gəldi. Hüseynqulu sultan Marağaya tərəf qaçdı. Nəzərəli xan onu izləməyə başladı. Marağa qalasını mühasirə etdi. Marağanın hakimi Əhməd xan Müqəddəm İmamqulu xanın yanında idi. 20 gün Marağanı mühasirədə saxladı. Uğur qazanmayacağını görüb ətraf kəndləri qarət edib Ərdəbilə döndü.

1784-cü ildə Quba xanı Fətəli xan İbrahimxəlil xanın acığına Ərdəbilə hücum etmişdi. Nəzərəli xan duruş gətirməyib Qarabağa qaçmışdı.

1785-ci ildə Gəncədəki gürcü nümayəndəsi Andronikaşvili Kartli-Kaxetiya hakimi İrakliyə yazırdı ki, İbrahimxəlil xan, Nəzərəli xan Şahsevən və Niftalı bəy (Lütfəli bəy Sarıcalı) 3 min və yaxud 4 min nəfərlik qoşunla Tuğda qərar tutublar.

1791-ci ildə Təbrizə doğru irəliləyən Ağaməhəmməd xan Qovanlı-Qacar yolu üstündəki Seyidabad adlı yerdə dayandı və xanlara elçilər göndərərək, öz uşaqları, qardaşları və arvadlarını ona itaət əlaməti olaraq girov göndərmələrini tələb etdi. Naxçıvan xanı öz qardaşını, Xoy xanı arvadlarından birini və qardaşını, Təbriz xanı 15 əyanını və varlı adamını, Ərdəbil xanı Nəzərəli xan arvadını və qardaşını, Qaradağ xanı öz arvadını və oğlunu girov verdi. Marağa xanı öz arvadı və uşaqları, Şəqaqi Sadıq xan isə öz qoşunu ilə birlikdə Ağaməhəmməd xanın düşərgəsinə gəldilər. Ağaməhəmməd xan xanların üzərinə illik xərac təyin etdi.

Nəzərəli xan 1792-ci ildə vəfat etdi.

Nəzərəli xan Qəmərağa xanım Mir Mustafa xan qızı Lənkərani ilə dünya evinə girmişdi. Nəsirəli xan, Fərəculla xan adlı oğulları vardı.

  1. "Arxivlənmiş surət". 2017-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-27.
  2. Qarabağnamələr. 1-ci kitab. Bakı: Yazıçı, 1989, səh.
  • Ənvər Çingizoğlu, Şahsevən eli, "Soy" dərgisi, Ⅶ 4 (12), Bakı, 2008.
  • Ənvər Çingizoğlu, Nəzərəli xan Sarıxanbəyli-Şahsevən, Bakı, "Mütərcim", 2012, 56 səh.