Hüseynəli xan Ziyadoğlu-Qacar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hüseynəli xan Ziyadoğlu-Qacar
Hüseynəli xan Xəlil xan oğlu Ziyadoğlu-Qacar
1759 – 1783
ƏvvəlkiHəsənəli xan
SonrakıQulaməli xan
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi 9 noyabr 1783(1783-11-09) və ya 1783
Vəfat yeri
Atası Xəlil xan Özbək
Uşaqları
Ailəsi Ziyadoğlular sülaləsi
Dini islam

Hüseynəli xan Qacar (İrəvan9 noyabr 1783 və ya 1783, İrəvan) — İrəvan xanı (1759/1760-1783-cü illər), Osmanlı sultanının xüsusi fərmanla Anadolu vilayətlərinin bəylərbəyi gəriliyi titulu bəxş etdiyi dövlət xadimi.[1]

İrəvan xanlığında Həsənəli xan Qacarın ölümündən sonra hakimiyyətdə onu qardaşı Hüseynəli xan Qacar (1759/1760-1783-cü illər) əvəz etdi. Əgər İrəvan xanlığının yaranması Mirmehdi xan Əfşarın adı ilə bağlıdırsa, xanlığın güclənməsi də Hüseynəli xanın xidmətləri olmuşdu. Hüseynəli xan daxili siyasətdə xanlığın iqtisadi cəhətdən möhkəmlənməsinə diqqət yetirirdisə, xarici siyasətdə İrəvanın tam müstəqilliyinə nail olmaq və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq siyasəti yeridirdi.[2]

Dağıstan xalqları ilə münasibətlər

[redaktə | vikimətni redaktə et]

1760-cı ilin avqustunda Dağıstan qoşunları İrəvana yürüş etdilər. Hüseynəli xan onlara qarşı qoşun göndərdi və baş vermiş döyüşdə Dağıstan qoşunu məğlub olaraq geri çəkildi. Lakin əlavə kömək alan dağıstanlılar Araz çayına qədər gəlib çatırlar. Dağıstan qoşunu qarətçilik əməllərini sona çatdırdıqdan sonra geriyə dönərkən, Kartli-Kaxetiya qoşunları qəflətən onlara hücum edərək qoşunlarını məğlub etdilər. Bu hadisə Kartli-Kaxetiya çarlığının İrəvan xanlığı üzərində təsirini daha da möhkəmləndirmişdi.[3]

Kartli-Kaxeti çarlığı ilə münasibətlər

[redaktə | vikimətni redaktə et]

Hüseynəli xan hakimiyyəti illərində İrəvan xanlığının sərhədləri daha da genişlənərək Şörəyel bölgəsini də əhatə etmişdi.[4][5] Melikset bəyin "Gürcü mənbələri"nə əsaslanan A.R.Qriqoryan yazır: "1779-cu ildə gürcü knyazı II İrakli İrəvan xanlığına qarşı hücuma keçərək Şörəyeli işğal etdi və onun hakimi Sultan Qəhrəmanı özünə tabe etdi". Bu işğaldan sonra Şörəyelin yenidən azad olunub İrəvana qaytarılması məsələsi xanlığın xarici siyasətində daim diqqət mərkəzində olmuşdur.[5][6]

Qeyd etmək lazımdır ki, Hüseynəli xan Qacarın dövründə Kartli-Kaxeti çarı İrəvan xanlığına daha tez-tez yürüşlər etməyə başladı. II İraklinin İrəvan xanlığına 1759, 1762-1765, 1778-1779-cu illərdə hərbi yürüşləri olmuşdu.[5] Ermənilərin II İrakliyə rəğbətini bilən Hüseynəli xan onların xəyanətinin qarşısını almaqda xüsusi sayıqlıq göstərirdi. Məhz onun fəallığı nəticəsində qala uzunmüddətli mühasirəyə davam gətirə bildi.[7]

Kartli-Kaxetiya qoşunu xanlığın ərazisini tərk etdikdən sonra xan bu hadisədə xəyanətkar mövqe tutduqlarına görə, Üçmiədzin kilsəsini və bəzi erməni əsilzadələrini cəzalandırmaq qərarına gəldi. Hadisənin şahidi olan Yeqor Xubov xatirələrində xanın ermənilərə qəzəbini belə təsvir etmişdi:

"İrəvan qalasında qalanların (ermənilərin) aqibəti acınacaqlı olmuşdu. Onlardan otuz nəfərini Hüseynəli xan ciddi cəzalandırdı. Onların mal-dövləti qarət olundu və bir nəfər erməni satqınlıqda günahlandırılıb qətlə yetirildi. Patrisi Simon qohumunun ölümünü görüb xeyli qəhərləndi. O, bu bədbəxtlərin günahından keçməyi xahiş etdi. Xan onun xahişinə əməl edib, cəzanı cərimə ilə əvəz etdi"[8].

Cərimənin böyük hissəsini patriarx özü ödəmişdi. Hətta patriarxın özü də xəyanətkarlıqda şübhəli bilinmişdi. Lakin arxiv materialına görə, Hüseynəli xanın əmri ilə Üçmiədzin kilsə rahiblərindən altı nəfər öldürülmüşdü. Bu mənbənin verdiyi məlumatı P.Butkov da təsdiq edir. O yazırdı:

"Eyni zamanda xanlığın ərazisi II İrakli tərəfindən güclü dağıntıya məruz qaldığından İrəvan xanı Eçmiədzin kilsəsini cəzalandırmaq fikrinə düşür. Lakin bütün əmlaklar gizlədildiyinə görə, xan oraya hücum edərək altı rahibi öldürür. 1759-cu ildə İrəvan xanlığı məhz bu viranedici yürüşlər nəticəsində II İraklinin xəzinəsinə illik bac ödəməyə məcbur oldu[9]".

Kərim xan Zənd Fətəli xan Əfşara qalib gəldikdən sonra Azad xanı təqib etməyə başladı. Təqibdən yayınan Azad xan Qazax sultanlığına qaçdı. Burada mövqe tutan Azad xan II İraklidən kömək almaq niyyətində idi. Lakin o, 1760-cı ildə II İrakli tərəfindən ələ keçirilərək Kərim xan Zəndə təhvil verildi. Bu xidmət müqabilində Kərim xan Zənd bir müddət Kartli-Kaxetiyanın İrəvan xanlığından təzminat almasına göz yumdu. Lakin hakimiyyətini möhkəmləndirdikdən sonra Hüseynəli xan bac verməkdən imtina etdi. Bu da 1765-ci ildə II İrakli böyük qoşunla İrəvana hücumuna səbəb oldu. Qüvvələrinin azlığı səbəbindən Hüseynəli xan yenidən sülh təklifninə razı oldu və bac verməyi qəbul etdi. II İrakli isə geri döndü. II İrakli qoşunlarını İrəvandan çəkdikdən sonra Hüseynəli xan yenidən bac verməkdən imtina etdi. 1769-cu ildə II İrakli yenidən İrəvana hücuma keçsə də məğlub olub geri çəkildi.[10] Beləliklə II İraklinin İrəvan xanlığına hərbi yürüşləri heç bir nəticə vermədi. O, xanlığı özündən asılı hala sala bilmədi.[11]

1779-cu ildə Kərim xan Zəndin ölümü Azərbaycanda ara müharibələrinin daha da kəskinləşməsinə səbəb oldu. Yaranmış əlverişli şəraitdən istifadə edən II İrakli İrəvan xanı Hüseynəli xandan yenidən bac tələb etdi. Hüseynəli xan isə buna rədd cavabı verdi. II İrakli 1779-cu ilin sentyabrında 20 minlik qoşunla yenidən İrəvan xanlığına yürüş etdi. Hüseynəli xan Osmanlı imperiyasının və müttəfiqləri olan QarabağXoy xanlıqlarının dəstəyinə arxalanaraq Gürcüstana köçürülmüş ailələrin geri qaytarılmasını tələb etdi. Axalsıxlı Süleyman paşanın vasitəçiliyi ilə Hüseynəli xanla II İrakli arasında sülh danışıqlarına başlandı. II İraklinin İrəvan xanlığına olan işğalçılıq niyyəti Azərbaycanın digər xanlarını da narahat edirdi. Məsələn, Şəki xanı Məhəmməd xan Həsən 1776-cı ildə Osmanlı dövlətinə məktubunda II İraklinin İrəvan qalasına hücum edəcəyi təqdirdə Azərbaycan xanlarının və Dağıstan hakimlərinin ona qarşı birələşəcəyini bildirirdi. Müstəqil xarici siyasət yeridən Hüseynəli xan Qacar digər Azərbaycan xanları ilə yaxınlaşıb II İraklidən heç bir asılılığı olmadığını bildirmişdi. Bundan xəbər tutan II İrakli Azərbaycan xanlarından ehtiyat edərək Hüseynəli xana olan münasibətini dəyişməyə məcbur oldu.[12]

1781-ci ilin noyabrında İrəvan xanlığı ilə Kartli-Kaxeti çarlığı arasında sülh müqaviləsi bağlandı. Bağlanmış müqavilənin şərtlərinə görə, Hüseynəli xan II İrakliyə ildə 30.000 rubl (3.000 tümən) məbləğində vergi verməyi öhdəsinə götürmüşdü. Bundan başqa, İrəvan xanı lazım olduqda qoşunu ilə II İrakliyə kömək etməli idi. Xanlar varislərini təyin etmək üçün hökmən gürcü çarı tərəfindən təsdiq edilməli idi. Əvəzində II İrakli İrəvan xanlığını xarici və daxili düşmənlərdən qorumağı öhdəsinə götürdü. Müqavilə nəticəsində sağ qalan əsirlərin bir hissəsi geri qaytarıldı.[13]

Azərbaycanın digər xanlıqları ilə münasibətləri

[redaktə | vikimətni redaktə et]

İrəvan xanlığının Qarabağ xanlığı ilə münasibətləri çox zaman dəyişkən olmuşdu. Yuxarıda Hüseynəli xandan əvvəlki dövrləri izlədikdə görürük ki, Qarabağ xanları daim İrəvanda möhkəmlənməyə çalışmışlar. Qarabağ xanlığının banisi Pənahəli xan İrəvanın çətin vəziyyətindən istifadə edərək Göyçə gölündən şərqdə yerləşən, Tərtər çayına qədər torpaqları ələ keçirib öz xanlığına qatmışdı. Bu haqda aşağıda bəhs ediləcəkdir. Hətta «Qarabağnamə» müəlliflərinin əksəriyyəti iddia edir ki, İbrahimxəlil xan başqa ərazilərlə birlikdə İrəvanı da öz təsirinə almışdı. Guya burada kimi istəsə işdən götürmək, yenisini təyin etmək onun əmri ilə icra edilirdi. «Qarabağnamə» müəlliflərindən fərqli olaraq qeyd etmək lazımdır ki, Qarabağ xanları xanlıq daxilində baş verən hadisələrdən yararlanaraq İrəvanda möhkəmlənməyə çalışsalar da, heç zaman buna nail ola bilməmişlər. Bunun əsas səbəblərindən biri bölgə uğrunda güclü Qarabağ xanlığı ilə mübarizə aparan, Rusiya dövlətinə arxalanan Kartli-Kaxetiya çarının İrəvanda təsirinin böyük olması idi. İkincisi, Rusiya və Osmanlı dövlətləri arasındakı münasibətlər də bu cür vəziyyətin yaranmasında böyük rol oynamışdı. Bu münasibətlərdə xüsusilə İrəvan xanlığı uğrunda mübarizə əsas yeri tuturdu. Digər tərəfdən isə bacarıqlı dövlət xadimi Hüseynəli xan bölgədə baş verən hadisələri düzgün qiymətləndirir, İbrahimxəlil xanla dostluq münasibətləri saxlamağa çalışırdı. Xan onun hakimiyyətinə qarşı çıxan qiyamçıların kömək üçün Qarabağ xanına müraciət etməsinə baxmayaraq, həmsərhəd olduğu bu xanlıqla normal qonşuluq münasibətlərini qorumağa çalışırdı. Onun İbrahimxəlil xana göndərdiyi məktubda dostluqdan və səmimiyyətdən söhbət getdiyinin şahidi oluruq. Hüseynəli xan ömrünün sonlarına yaxın İbrahimxəlil xanla münasibətləri yaxşılaşdıra bilmişdi.[14]

1783-cü il noyabrın 9-da Hüseynəli xan Qacar xəslələnərək vəfat etdi. Xanın vəsiyyətinə əsasən hakimiyyətə böyük oğlu, 15 yaşlı Qulaməli xan Qacar gəldi.[15] Hüseynəli xanın ölümü xanlıqda vəziyyəti kəskinləşdirdi. II İrakli fürsətdən istifadə edərək öz qaynı Baqrationu qoşunla İrəvana göndərdi. Lakin İrəvana yaxınlaşan Baqration artıq Hüseynəli xanın böyük oğlu Qulaməli xanın taxta çıxdığını eşidərək hücumu davam etdirməyib geri döndü.[16]

  1. Qüdsi Məhəmməd Müslüm. İrəvanlı Hüseynəli xanın məktubları, 1789-1791. AMEA TİEA, iş.7415, s. 119-120
  2. "Qarayev E.T. İrəvan xanlığı (1747-1828). Bakı: "Avropa" nəşriyyatı 2010, s.40. (elektron versiya)" (PDF). 2017-02-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-28.
  3. Elçin Teymur oğlu Qarayev. Azərbaycanın İrəvan bölgəsinin tarixindən (XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında). s.61-62.
  4. İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı: 2010, s.142[ölü keçid]
  5. 1 2 3 Qriqoryan V.R. İrəvan xanlığı XVIII əsrin sonlarında (1780-1800). (ermənicə). İrəvan, 1958, s. 31-32
  6. Simeon İrəvanlı. Cambr. Müqəddəs Üçmüədzin kilsəsinin və ətraf monastrların toplusunun müfəssəl aynası və xatirə kitabı. Vaqarşapad, 1873, s. 178 (ermənicə)
  7. "Qarayev E.T. İrəvan xanlığı (1747-1828). s. 47 (elektron versiya)" (PDF). 2017-02-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-28.
  8. Хубов Е. Описание достопамятныхъ проишествий в Армении. СПб, 1811, стр. 4
  9. Маркова О.П. Россия, Закавказье и международные отношения XVIII в. Москва, 1966, стр. 129
  10. "Qarayev E.T. İrəvan xanlığı (1747-1828), s.42-44" (PDF). 2017-02-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-28.
  11. İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı, 2010, s.255[ölü keçid]
  12. Qriqoryan V.R. İrəvan xanlığı XVIII əsrin sonlarında (1780-1800), s. 72
  13. "Qarayev E.T. İrəvan xanlığı (1747-1828), s.50-51" (PDF). 2017-02-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-28.
  14. "Qarayev E.T. İrəvan xanlığı (1747-1828), s.53-54" (PDF). 2017-02-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-28.
  15. Qarayev E.T. Azərbaycan İrəvan bölgəsinin tarixindən (XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında). Bakı: Mütərcim, 2016, s.83-84[ölü keçid]
  16. İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. Bakı, 2010, s.246[ölü keçid]

İrəvan xanlığı