Kərim Əliverdizadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kərim Əliverdizadə
Kərim Səlim oğlu Əliverdizadə
Doğum tarixi 1 aprel 1911(1911-04-01)
Doğum yeri
Vəfat tarixi 16 mart 1996(1996-03-16) (85 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Səlim
Elm sahəsi texnika elmləri
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı "Azərbaycan SSR əməkdar elm və texnika xadimi" fəxri adı SSRİ Dövlət mükafatı
"Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni

Əliverdizadə Kərim Səlim oğlu (1 aprel 1911, Qaradağlı, Şuşa qəzası16 mart 1996) — Neft maşınqayırması sahəsində alim,[1] SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi, Azərbaycan SSR Əməkdar mühəndisi, görkəmli alim, texnika elmləri doktoru, professor Kərim Səlim oğlu Əliverdizadə 1911-ci ilin aprelin 1-də Qarabağın dilbər guşələrindən biri olan Ağdamın Qaradağlı kəndində dünyaya gəlib.

K.S. Əliverdizadə 1930-cu ildə “Azneft” istehsalat  birliyinin nəzdində açılmış üç illik Ali mühəndis-pedaqoji kursuna daxil olub, 1933-cü ildə həmin kursu uğurla  bitirdikdən sonra qısa müddət təhsil kombinatının müdiri işləmişdir. 1934-cü ildə “Azneft” İB-nin göndərişi ilə keçmiş M. Əzizbəyov adına Azərbaycan Sənaye institutuna  (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)  daxil olub, 1938-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək mühəndis-mexanik ixtisasına yiyələnmişdir.

K.S. Əliverdizadə 1938-ci ildə keçmiş “L. Şmidt” adına maşınqayırma  zavodunda sıravi mühəndis-konstruktor kimi özünün mühəndis-texniki fəaliyyətinə  başlamışdır. O, 1940-cı ilin noyabrından Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma institutunda (AzİNMAŞ) böyük mühəndis-konstruktor, baş mühəndis, elmi işlər üzrə direktor müavini, 1952-1954 cü illərdə isə “Nefqazlayihə” institutunun direktoru vəzifəsində işləmişdir.

O,  1954-cü ildən 1974-cü ilə qədər AzİNMAŞda elmi işlər üzrə direktor müavini, 1972-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Mexanizm və maşınlar nəzəriyyəsi” kafedrasının professoru, 1974-cü ildən 1990-cı ilə qədər “Neft-mədən mexanikası, maşın və mexanizmləri” kafedrasının müdiri işləmişdir və 1990-cı ildən ömrünün sonuna qədər (16 mart 1996-ci il)  həmin kafedranın professoru vəzifəsində fəaliyyətini davam etdirmişdir.

K.S. Əliverdizadə “Neftin dərinlik nasos üsulu ilə çıxarılmasının köklü yenidənqurulması”na görə  1950-ci ildə SSRİ  Dövlət Mükafatı Laureatına layiq görülmüşdür. O, 1954-cü ildə texnika elmləri namizədi, 1963-cü ildə texnika elmləri doktoru alimlik dərəcələrini, 1964-cü ildə professor elmi adını almışdır, 1981-ci ildən  Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimidir. 

K.S. Əliverdizadəni mütəxəssislər neft quyularının ştanqlı nasos qurğusu ilə  istismarı avadanlıqlarının, o cümlədən  mancanaq dəzgahlarının tip-ölçü sıralarını  yaradanlardan biri kimi tanıyırlar.

K.S. Əliverdizadə ömrünün 60 ilini  həm neft və qaz sənayesinin  mexanikası, maşın və avadanlıqlarının inkişafı sahəsində elmə, həm də təhsil-tədris sahəsində  mühəndis kadrların və alimlərin  hazırlanması işinə sərf etmişdir. 

K.S. Əliverdizadə 3 monoqrafiyanın, 300-ə qədər  elmi məqalə və tədris vəsaitinin, 100-ə qədər ixtira və  səmərəli təklifin müəllifidir.

Onun «Балансирные индивидуальные приводы глубиннонасосной установки», Баку, 1951; «Вопросы механики и техники длинноходового режима откачки», Баку, 1958; «Приводы штангового глубинного насоса», М.: Недра, 1973  kitabları uzun müddət ştanqlı quyu nasosu qurğusunun geniş və səmərəli istifadəsilə əlaqədar mütəxəssislərin masa üstü kitabı sayılır. O, həmçinin «Расчет и конструирование оборудования для эксплуатации нефтяных скважин», М.: Гостоптехиздат, 1959 adlı sanballı təhsil vəsaitinin müəlliflərindən biridir. Bu nəzəri və tətbiqi işlər öz əhəmiyyətini indi də itirməmiş, müxtəlif konstruksiyalı ştanqlı nasos qurğusunun intiqalını  (balansirli, balansirsiz, fiqurlu balansirli) yaratmağa imkan vermişdir. Neft-maşınqayırma sahəsində mancanaq-dəzgahları üzrə K.S. Əliverdizadənin axtarışları və əldə etdiyi nəticələr Azərbaycan elminin nailiyyətlərindən sayılır. Onun rəhbərliyi ilə Novikov ilişməli dişli çarx ötürməli reduktor bazasında yaradılmış mancanaq-dəzgahları bir sıra göstəricilərinə görə (məsələn, metal tutumu, etibarlılığı, uzunömürlülüyü) dünyada  istehsal edilən ən yaxşı dəzgah nümunələrindən üstündür.

Onun rəhbərliyi ilə 15 nəfər elmlər namizədi hazırlanmışdır.

2 dəfə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

1996-cı ildə vəfat etmişdir.[2]

Professor K.S. Əliverdizadənin əziz xatirəsi ixtiraçı, görkəmli elm xadimi, xeyirxah, qayğıkeş, Vətəninin və xalqının təəssübünü çəkən böyük bir şəxsiyyət kimi həmişə qəlblərdə yaşayacaqdır.

  1. "Arxivlənmiş surət". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-11.
  2. "Arxivlənmiş surət". 2014-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-29.