Bahadur xan Qasımlı-Avşar
Bahadur xan Qasımlı-Avşar | |
---|---|
Bahadur xan Əmirgunə xan oğlu Qasımlı-Avşar | |
Doğum tarixi | |
Doğum yeri | Urmiya |
Vəfat tarixi | |
Vəfat yeri | Urmiya |
Bahadur xan Əmirgunə xan oğlu Qasımlı-Avşar — Cənubi Azərbaycan azadlıq mücahidi, şair.
Həyatı
[redaktə | vikimətni redaktə et]Bahadur xan Qasımlı-Avşar 1857-ci ildə Urmiya şəhərində anadan olub. 6 yaşı olarkən atasını itirmişdi. İlk təhsilini qardaşından almışdı. Sonra Urmiyada açılan Amerika gimnaziyasında oxumuşdu.
1906-cı ildə məşrutəçilərə qoşulmuşdu. Məcdüssəltənə Avşarla əməkdaşlıq etmişdi. 150 nəfər məşrutəçinin başçısı idi. Borucerddə Kazak dəstəsi ilə baş verən savaşda iştirak etmişdi.
Həsən Müddərisin yaratdığı nazirlər kabinəsi dönəmində 6 ay Kirmanşahda ordu sıralarında xidmət etmişdi.
1906-cı ildə rus qoşunu ilə Cənubi Azərbaycan qoşunu toqquşur. Azərbaycan qoşununa Cəmşid xan Məcdəssəltənə Avşar başçılıq edirdi. Bahadur xan qoşunda zabit kimi qulluq edirdi. Mayor rütbəsi almışdı.
Müttəfiqlər Benyülnəhreyni alandan sonra Bahadur xanın dəstəsi dağılmışdı. Dəstə üzvləri ilə birlikdə İstanbula mühacirət etmişdi. Orda iranlıların təşkil etdiyi "Əncüməni-Səadət" adlı təşkilatın üzvü olmuşdu. İstanbulda və başqa yerlərdə çıxan dövri mətbuatda türk və fars dillərində çıxış etmişdi. 3 il İstanbulda yaşadıqdan sonra Urmiyaya qayıtmışdı. Qayıtdıqdan sonra ailəsini erməni və cilolar tərəfindən öldürülmüş, mal-mülkünü qarət edilmiş, yandırılmış görmüşdü.
Bahadur xan 1963-cü ildə Urmiyada vəfat edib.
Bahadur xan şair idi. Azərbaycanca və farsca şeirlər yazırdı.
Bahadur xanın Əli xan, Nadir xan adlı oğulları, Hümay xanım adlı qızı var idi.
Mükafatları
[redaktə | vikimətni redaktə et]Bahadur xan göstərdiyi qəhrəmanlığa görə, Osmanlı sultanının "Babi-Ali" beşguşəli ordeni ilə təltif olunmuşdu.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Ənvər Çingizoğlu, Aydın Avşar. Avşarlar. Bakı: Şuşa, 2008, səh. 139–140