Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti ADİU, UNEC | |
---|---|
40°22′12″ şm. e. 49°49′48″ ş. u.HGYO | |
Əsası qoyulub | 19 iyun 1930 |
Tip | Dövlət |
Rektor | Ədalət Muradov |
Tələbə sayı | 16.686[1] |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | İstiqlaliyyət küçəsi, 6 |
İdman | İqtisadçı Qadın Voleybol Klubu |
Metro |
İçərişəhər Nizami Gənclik |
Sayt |
unec.edu.az unec.edu.az unec.edu.az/en/ |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri.
Tarixi
[redaktə | vikimətni redaktə et]SSRİ dövrü
[redaktə | vikimətni redaktə et]Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır.
Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir.
1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub.
1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb. Yeni təşkil edilən ali məktəbin tərkibinə Sosialist Uçotu, Sovet Quruculuğu və Hüquq, Maliyyə və Plan-iqtisad institutları da daxil edilib. Universitet K. Marks adına Azərbaycan Sosial İqtisad İnstitutu adı altında 1936-cı ilin sonunadək fəaliyyət göstərib.
1936-cı il dekabrın 30-da Azərbaycan SSR Xalq Komissarları Şurası Azərbaycan Sosial-İqtisad İnstitutunun əsasında Karl Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yaradılması haqqında qərar qəbul edib. Buraya həmçinin Azərbaycan Sovet Ticarət İnstitutu da aid edilib. Bu institut 1937-ci il yanvarın 15-də fəaliyyətə başlayıb və müstəqil bir ali təhsil müəssisəsi kimi 1941-ci ilin iyul ayına kimi mövcud olub.
1941-ci ildə Böyük Vətən müharibəsi başlandığına görə bir sıra ali məktəblər, o cümlədən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bağlanıb və 1944-cü ilin sonuna qədər yalnız Azərbaycan Dövlət Universitetinin tərkibində iqtisadiyyat fakültəsi kimi mövcud olub.
1944-cü il sentyabrın 16-da Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyətinin bərpa olunması barədə qərar verilib. Bu qərarın əsasında K. Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bərpa edilib.
Bu adla Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun fəaliyyətini 1959-cu ilədək davam edib. 1959-cu ilin mart ayında K. Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bağlanıb və o yenidən Azərbaycan Dövlət Universitetinə birləşdirilib. Dövlət Universitetində iqtisadiyyat sahəsində mütəxəssislərin hazırlanması əvvəlcə "Ümumi iqtisadiyyat" fakültəsində, 1962-ci ildən etibarən "İqtisadiyyat" və "Əmtəəşünaslıq" fakültələrində aparılıb. Adı çəkilən hər iki fakültə 1966-cı ilədək Azərbaycan Dövlət Universitetinin tərkibində qalıb.
1966-cı ilin fevral ayında universitet Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu adı ilə bərpa olunub. Bu barədə qəbul edilən qərarla 1966-cı il sentyabrın 1-də Azərbaycan Dövlət Universitetinin tərkibindəki "Ümumi iqtisadiyyat" və "Əmtəəşünaslıq" fakültələri, eləcə də Azərbaycan Neft-Kimya İnstitutunun mühəndis-iqtisadçı fakültəsinin bir neçə yeni ixtisası təzə təşkil edilən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun tərkibinə verilib. Müstəqil işləyən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu 1987-ci ilə qədər mövcud olub.
1987-ci ilin oktyabr ayında institut müstəqil fəaliyyətini dayandıraraq N. A. Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına çevrilib.
Müstəqillik dövrü
[redaktə | vikimətni redaktə et]1990-cı ilin iyulunda SSRİ Nazirlər Sovetinin qərarı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu yenidən fəaliyyətə başlamışdır.
"Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 349 saylı 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun, Bakı Əmtəəşünaslıq və Kommersiya İnstitutunun bazasında Azərbaycan Dövlət İqtisad Universiteti yaradıldı.
Universitet rəhbərliyi 2015-ci ildə rebrendinq etmiş və "UNEC" (UNiversity of EConomics) abbreviaturasını brend kimi patentləşdirmişdir.[2]
Tərkibi
[redaktə | vikimətni redaktə et]Zaqatala filialı
[redaktə | vikimətni redaktə et]Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı[3] ilə Zaqatala Politexnik Texnikumunun bazasında yaradılmışdır.
2000–2001-ci tədris ilində bakalavr pilləsi üzrə 13 nəfər tələbə ilə fəaliyyətə başlayan filialda dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayon təhsil şöbələri ilə birgə ümumtəhsil məktəblərin pedaqoji kadrları da ixtisasartırma və yenidənhazırlanma kurslarına cəlb olunmağa başlamışdır.
Filialda yenidənhazırlanma və ixtisasartırma təhsilinin təşkili ilə bağlı əlavə təhsil şöbəsi fəaliyyət göstərir. Filialın dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayonları üzrə ümumtəhsil fənn müəllimlərinin ixtisasartırma təhsilinə cəlb edilməsi və yenidənhazırlanma kurslarının təşkili bu şöbənin əməkdaşlarının işinin əsasını təşkil edir.
26 noyabr 2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşməsi nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı hesab olunmuşdur.[4]
29 aprel 2016-cı il tarixindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab olunmuşdur.[5]
Dərbənd filialı
[redaktə | vikimətni redaktə et]Dərbənd filialı 1993-cü ildə Azərbaycanın III prezidenti Heydər Əliyevin qərarı ilə yaradılmışdır. Filialın yaradılmasında əsas məqsəd Rusiya Federasiyanın Dərbənd şəhərində azərbaycanlıların xeyli sıx yaşadığını nəzərə alaraq, onları ixtisaslı iqtisadçı kadrlarla təmin etməkdir.
Filial Dağıstan Respublikası Nazirlər Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı dövrdən etibarən filialın yüzlərlə gənc məzunları olmuşdur.
Filialda 5 ixtisas üzrə bakalavriat hazırlanır:
- Dünya iqtisadiyyatı;
- Maliyyə-Kredit;
- Mühasibat uçotu və audit;
- Gömrük işinin təşkili,
- İqtisadiyyatın hüquqi tənzimlənməsi.
Kolleclər
[redaktə | vikimətni redaktə et]- Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci
- Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci
- Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec
Quba Kompleksi
[redaktə | vikimətni redaktə et]Kompleksin yaranma tarixi 1969-cu ildən başlayır. Belə ki, həmin vaxt Quba rayonunun İkinci Nügədi kəndində hazırda Azərbaycan Dövlət İqtisad Universiteti adlanan ali təhsil müəssisəsinin balansına verilmiş 7 hektardan artıq olan ərazidə inşa edilmişdir.[5]
Bu kompleks universitet kollektivinin istirahətinin təşkili və onların sağlamlığının möhkəmləndirilməsi məqsədilə nəzərdə tutulmuşdur.[5] Burada tələbələrin yay və qış məktəblərinin, yay düşərgələrinin, müxtəlif idman yarışlarının təşkili üçün şərait yaradılmışdır.[5]
Quba rayonunun İkinci Nügədi kəndində 6 hektardan artıq ərazidə Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris, İdman və İstirahət Kompleksi inşa edilmişdir. Kompleks universitetin 20 minlik kollektivinin istirahətinin təşkili və sağlamlığının möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur. Kompleksdə tələbələrin yay və qış məktəblərinin, müxtəlif idman yarışlarının və yay düşərgələrinin təşkili üçün bütün şərait yaradılmışdır. Burada tikilən 78 otaqdan ibarət üçmərtəbəli otel binasında, eyni zamanda, 150 nəfərin yerləşməsinə imkan vardır. Hoteldə həm müəllimlərin, həm də tələbələrin istirahətinin təşkili məqsədilə bütün meyarlar nəzərə alınmışdır. Kompleksin 350 tələbə yeri olan və müasir infrastrukturu ilə diqqət çəkən yay məktəbi də yüksək səviyyədə qurulmuşdur. Buradakı auditoriyaların hamısı zəruri avadanlıqla təchiz olunmuşdur. Eyni şərait 100 nəfərlik müasir yeməkxanada da mövcuddur. Müxtəlif tədbirlərin keçirilməsi üçün 205 nəfərlik akt zalında da bütün imkanlar vardır.
Kompleksdə beynəlxalq standartlara uyğun qurulan idman bölməsi vardır. Burada voleybol, futbol və basketbol oyunlarının keçirilməsi üçün qapalı idman zalı, saunalar, soyunub-geyinmə, trenajor otaqları, VİP-kabinetlər kabinetlər yaradılmışdır. Bundan əlavə, müasir tipli qapalı hovuzda tələbələrin üzgüçülüklə məşğul olmaları üçün lazımi şərait vardır. Beynəlxalq standartlara cavab verən açıq stadionda futbol, həndbol və digər idman yarışlarının keçirilməsi üçün bütün imkanlar nəzərə alınmışdır.
Kompleksin tikinti-quraşdırma işləri çərçivəsində kənd yolları yenidən çəkilmiş, işıqlandırma sistemi yaradılmışdır.
Burada beş min kvadratmetrdən çox əraziyə asfalt örtüyü döşənmişdir.
Departamentlər
[redaktə | vikimətni redaktə et]Elmi fəaliyyətin təşkili və idarəedilməsi
[redaktə | vikimətni redaktə et]UNEC-də idarəetmə prosesinin təkmilləşdirilməsi barədə Elmi Şuranın 27.02.2018-ci il və 29.06.2018-ci il tarixli qərarlarının icrasını təmin etmək məqsədilə Elm və innovasiyalar mərkəzi və Elm şöbəsi 01.10.2018-ci il tarixdən ləğv edilib və onun bazasında Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti yaradılıb. Texnologiya transfer mərkəzinin statusu dəyişdirilərək 01.10.2018-ci il tarixdən Texnologiya transfer şöbəsi adlandırılaraq departamentin tərkibinə daxil edilib.
Elm şöbəsi əvvəllər "Elmi-tədqiqat" şöbəsi adı altında fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Təhsil nazirinin 11 oktyabr 1994-cü il tarixli 595 saylı əmrinə əsasən, 1995-ci ilin fevral ayından həmin bölmə "Elmi-tədqiqat şöbəsi" adı altında yenidən yaradılmış, 1997-ci ildən isə Elm şöbəsi kimi fəaliyyətini davam etdirmişdir.
Marketinq və Kommunikasiya
[redaktə | vikimətni redaktə et]Marketinq və Kommunikasiya Departamenti bir neçə bölmədən ibarətdir.
İctimaiyyətlə əlaqələr şöbəsi. Şöbə ali təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı KİV-lə əlaqələrin qurulması və ictimaiyyətin məlumatlandırılması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir. Mətbuat konfransları, brifinqlər, qəbullar, mətbuatın fəaliyyətinin monitorinqinin aparılması, yerli və xarici medianın universitetin fəaliyyəti barədə dərc etdiyi və ya yaydığı informasiyalar barədə universitetin əməkdaşlarını məlumatlandırmaq, konfrans və simpoziumları təşkili şöbənin fəaliyyətinə daxildir. Mədəni tədbirlərin təşkili, universitetin nüfuzunun artırılması istiqamətində silsilə fəaliyyətlər də struktur bölmənin səlahiyyətinə daxildir. Şöbə həmçinin, universitetin rəsmi internet saytı üçün məlumatları hazırlayır.
Yaradıcılıq Mərkəzi. Departamentin nəznində Yaradıcılıq mərkəzi fəaliyyət göstərir. Yaradıcılıq mərkəzi tələbələrinin asudə vaxtlarının səmərəli formada keçməsini təşkil edir, habelə ali təhsil müəssisəsinin daxili və xarici tədbirlərinin bədii hissəsini həyata keçirir.
Mərkəzin tərkibində 6 dərnək fəaliyyət göstərir:
- Rəqs dərnəyi
- Rəsm dərnəyi
- Teatr dərnəyi
- Vokal dərnəyi
- İnstrumental ifaçılıq dərnəyi
- Tarix dərnəyi Mərkəz universitetin istedadlı və həvəsli tələbələrini müvafiq dərnəklərə cəlb edir, mütəmadi şəkildə gənclərin məşqlərini təşkil edir. Mərkəz universitet tələbələrini dərnəklərin fəaliyyəti barədə məlumatlandırır, tələbələri dərnəklərə cəlb edərək əlavə bacarıqlar qazandırır, ədəbi-bədii yaradıcılıq tədbirlərini təşkil edir, tələbələrin iştirakı ilə bədii əsərləri səhnələşdirir, tələbələrdən ibarət rəqs ansamblı yaradır və təkmilləşdirir, universitet tələbələrindən ibarət həvəskar musiqi ansamblı, rəssam qrupu, aparıcı və müğənni qrupu yaradır. Mərkəz tərəfindən tələbələrin əl işlərindən ibarət sərgilər açılır, tələbələrin iştirakı ilə konsert və bədii proqramlar təşkil edilir.
Beynəlxalq Əməkdaşlıq
[redaktə | vikimətni redaktə et]Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qarşısında duran beynəlxalq səviyyədəki vəzifələrin həllində və yeni beynəlxalq əlaqələrin qurulmasında əsas və təşəbbüskar rolu Beynəlxalq əməkdaşlıq departamenti oynayır. Beynəlxalq əlaqələr departamenti (indiki Beynəlxalq əməkdaşlıq departamenti) 01 noyabr 2014-cü ildə universitetin Beynəlxalq əlaqələr şöbəsi əsasında yaradılmışdır.
Beynəlxalq əlaqələr şöbəsi (indiki Beynəlxalq əməkdaşlıq departamenti) 2000-ci ildən fəaliyyət göstərir. 2004-cü ilin noyabr ayından xarici ölkə universitetləri ilə ikitərəfli münasibətlərin qurulması və ümumiyyətlə beynəlxalq standartlara uyğunlaşmada aparılan işlərin səmərəli təşkilində müasir informasiya texnologiyalarının müstəsna rolunu nəzərə alaraq şöbə "Beynəlxalq əlaqələr və informasiya texnologiyaları" şöbəsi adlandırıldı. Şöbə tərəfindən Universitetin nüfuzunun artırılması, Avropa və dünya təhsil standartlarına uyğunlaşması istiqamətində mühüm işlər görülmüş, dünya standartlarına uyğun olaraq universitetin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar, fondlar, kommersiya təşkilatları, dövlət qurumları, təhsil mərkəzləri və xarici universitetlərlə əlaqələri genişlənmiş, yeni layihə və tədbirlər hazırlamış və görüşlər həyata keçirilmişdir. Şöbə tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq aləmdə tanıtmaq və nüfuzunu artırmaq istiqamətində görülmüş işlərin nəticəsi olaraq 2006-cı ildə Beynəlxalq Reytinq Texnologiyaları Akademiyası (Ukrayna, Kiyev) UNEC-in "Qızıl Fortuna" 21-ci əsrin keyfiyyət nişanı (stella) ilə təltif etmişdir. Bu mükafat Azərbaycan Dövlət İqtisad Universitetini Avropanın qabaqcıl universitetləri sırasına daxil etmişdir. İqtisad Universitetinin innovasiya strategiyası əsasında Boloniya Prosesinə fəal qoşulmuş, 2005–2008-ci illər ərzində Avropa Universitetlər Assosiasiyasına (EUA), Universitetlərin Beynəlxalq Assosiasiyasına (IAU), İslam Dünyasının Universitetləri Federasiyasına (FUIW), Avrasiya Universitetlər Assosiasiyasına (EAU), Qara Dəniz Ölkələri Universitetləri Assosiasiyasına üzv qəbul olunmuşdur.
Beynəlxalq əməkdaşlıq şöbəsinin fəaliyyəti çərçivəsində beynəlxalq proqram və layihələrdə iştirak mühüm yer tutmuşdur. Tərəfdaşı olduğu beynəlxalq proqramların ən uğurlusu kimi TEMPUS proqramını qeyd etmək olar. Belə ki, 2013-cü ildə UNEC-in "Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi" mövzusunda TEMPUS Layihəsi Avropa Komissiyası tərəfindən qalib elan olunmuşdur və Layihənin icrası üçün 654.000 Avro məbləğində qrant ayrılmışdır. Bununla da, İqtisad Universiteti ilk dəfə olaraq TEMPUS proqramının qalibi olmuşdur.
Müasir dövr. Beynəlxalq əməkdaşlıq departamenti ali təhsil, ali məktəbdən sonrakı ixtisas təhsili sahəsində, habelə ali məktəblərin elmi fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir, onların yerinə yetirilməsi üçün işlərin koordinasiyası ilə məşğul olur. Beynəlxalq əməkdaşlıq departamenti universitet rəhbərliyi tərəfindən aparılan siyasətə və öz əsasnaməsinə uyğun olaraq əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar, fondlar, kommersiya təşkilatları, dövlət qurumları, təhsil mərkəzləri və xarici universitetlərlə əlaqələri genişləndirir, yeni layihə və tədbirlər hazırlayır və görüşlər həyata keçirir.
Maliyyə və Təminat
[redaktə | vikimətni redaktə et]Mərkəzlər
[redaktə | vikimətni redaktə et]Tədris-Metodiki Mərkəzi
[redaktə | vikimətni redaktə et]Tədris-Metodiki Mərkəz Azərbaycan Dövlət İqtisad Universitetinin əsas struktur bölmələrindən biri olub Avropa təhsil sisteminə inteqrasiya şəraitində Universitetdə beynəlxalq standartlara cavab verən yüksəksəviyyəli iqtisadçı kadrların hazırlanması üçün tədris-metodiki işlərin təşkilini, planlaşdırılmasını, idarə olunmasını və onlara nəzarəti həyata keçirən əlaqələndirici orqandır. Mərkəzin fəaliyyətində məqsəd – tədris prosesini təşkilati baxımdan təmin etməkdən və Universitetdə peşəkar kadr hazırlığının həyata keçirildiyi ixtisas və ixtisaslaşmalar üzrə proqramların tələbələr tərəfindən mənimsənilməsinə şərait yaratmaqdan ibarətdir.
Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Təhsil haqqında Qanununu, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını, Ali Təhsil sistemində islahatlar üzrə Dövlət Proqramlarını, "Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə"ni, "Ali məktəbdə tədris prosesini tənzimləyən qaydalar, təlimatlar, əsasnamələr, daxili əmək davranışları qaydaları"nı, Universitetin Nizamnaməsini, normativ aktları, rektorun əmr, sərəncam və göstərişlərini, Universitet Elmi Şurasının qərarlarını və bu Əsasnaməni, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarını və elmi-metodiki tövsiyələrini rəhbər tutur.
Mərkəzin işi onun illik fəaliyyət planı əsasında həyata keçirilir. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Dövlət İqtisad Universitetinin bütün fakültələri, kafedraları, struktur bölmələri, o cümlədən digər elm və təhsil qurumları ilə əlaqəli fəaliyyət göstərir.
Mərkəzin fəaliyyət istiqamətlərinə aiddir: Tədris prosesinin yüksək səviyyədə, mövcud standartlara uyğun təşkili və ona nəzarətin həyata keçirilməsi; Təhsil standartları və proqramlarının reallaşdırılmasını həyata keçirən bütün fakültələrin, kafedraların və digər struktur bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi; Tədris prosesinin tədris-metodiki, didaktiv və informasiya materialları ilə təmin edilməsi; Müasir təlim texnologiyalarının tədris prosesinə tətbiqi və istifadəsinə təşkilati və metodiki dəstəyin göstərilməsi; Əsasnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət.
Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarə edilməsi Mərkəzi
[redaktə | vikimətni redaktə et]Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzi (TKQİM) Azərbaycan Dövlət İqtisad Universitetinin rektorluğunun struktur bölməsidir və UNEC-in keyfiyyət təminatı sisteminin tələblərinə uyğun olaraq tədrisin keyfiyyətinin yüksəldilməsi və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanması, tədris-metodiki işin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyələrin işlənməsi və tədris prosesi ilə bağlı metodiki materialların keyfiyyətinə nəzarət kimi funksiyaları həyata keçirir.
Mərkəz eyni zamanda UNEC-də bakalvr və magistrantların biliyinin attestasiyasını və nəticələrlə əlaqədar apellyasiya prosesini təmin etməklə universitet rəhbərliyinə kollokvium və imtahanların keçirilməsi ilə bağlı mütəmadi məlumat və hesabatlar təqdim edir, semestr imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparır və tədrisin təkmilləşdirilməsi haqqında müvafiq strukturlara təkliflər verir.
Mərkəz 2015/2016-cı tədris ilindən etibarən UNEC Elektron Universitet Modelinin modlullarının hazırlanması və tətbiqi ilə əlaqədar işləri icra etməkdədir.
Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzi UNEC rektorunun 30 sentyabr 2014-cü il tarixli 121/3 saylı əmri ilə yaradılıb. Mərkəz öz funksional fəaliyyətində UNEC rektorunun əmri ilə təsdiq olunmuş Əsasnaməyə istinad edir.
Mərkəzin tərkibində "Tədrisin keyfiyyətinə nəzarət", "İmtahanların təşkili" və "Elektron universitet" şöbələri fəaliyyət göstərir.
UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsinin zəruriliyini nəzərə alaraq Elmi Şuranın 29.11.2019-cu il tarixli qərarının icrasını təmin etmək məqsədilə TKQİM-nin Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin nəzdində ictimai əsaslarla fəaliyyət göstərən Müəllim təlim mərkəzi yaradılıb.
Tələbə İşləri Mərkəzi
[redaktə | vikimətni redaktə et]UNEC-in Elmi Şurasının 31 may 2020-ci il tarixli onlayn iclasının EŞ 172 №-li qərarının icrasını təmin etmək məqsədilə Tələbə şöbəsinin bazasında Tələbə işləri mərkəzi yaradılıb.
Tələbə işləri mərkəzi universitetdə tələbə kontingentinin şəxsi işləri, müdafiə protokolları və diplomların təşkili ilə bağlı aşağıdakı funksiyaları həyata keçirir:
- tələbə işləri mərkəzinə daxil olan sənədlərin uçotu və saxlanılmasını həyata keçirmək;
- tələbələrin şəxsi işlərinin qəbulu;
- şəxsi işə aid sənədlərin tam qaydada olmasına nəzarət;
- tələbə əmrlərinin işlənməsi, hər bir əmrdən çıxarış yazılması və müvafiq olaraq tələbənin şəxsi işinə tikilməsi;
- məzunların diplomlarının Təhsil Nazirliyindən alınması;
Elektron İdarəetmə Mərkəzi
[redaktə | vikimətni redaktə et]70-ci illərdə ilkin olaraq Hesablama Mərkəzi kimi yaradılıb. 2010-cu ildan İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi (İKTM) kimi fəaliyyət göstərib.
UNEC-in 19.01.2017-ci il tarixli 32/3/2017 №-li əmri ilə İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi ləğv edilərək onun bazasında Elektron idarəetmə mərkəzi yaradılmışdır. 15.05.2017-ci il tarixindən Elektron idarəetmə mərkəzinin strukturu müəyyən edilmişdir.
Mərkəzin şöbələri:
- Texniki xidmət şöbəsi
- Şəbəkə xidməti və informasiya təhlükəsizliyi şöbəsi
Tərcümə Mərkəzi
[redaktə | vikimətni redaktə et]2016-cı ildə yaradılan Tərcümə Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetində tədris işinin daha da təkmilləşdirilməsi, tədrisin yeni, müasir dövrün tələblərinə cavab verəcək iqtisadi ədəbiyyatlarla təmin edilməsi, universitetdə elm, təhsil, mədəniyyət və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi, bu sahələrin inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsini təmin edən təsisatdır.
Rektorlar
[redaktə | vikimətni redaktə et]- Mehdi bəy İsmayılov (1930–1934)
- Rəşid Qayıbov (1934–1937)
- Məcid Quliyev (1937)
- Həbib Hüseynov (1937–1939)
- Bilqeyis Həşimzadə (1939–1941)
- Əliqulu Fərəcov (1945–1950)
- Xurşud Məmmədov (1951–1954)
- Şamil Əliyev (1955–1959)
- Sərvər Aslanlı (1966–1973)
- Zeynal Ələkbərov (1973–1986)
- Raqib Quliyev (1986–1989)
- Fuad Ələsgərov (1989–1992)
- Həsən Qasımov (1992–1994)
- İslam Qarayev (1994–2000)
- Əli Abbasov (2000–2004)
- Şəmsəddin Hacıyev (2004–2014)
- Ədalət Muradov (2014-hal-hazırda)
Beynəlxalq əlaqələri
[redaktə | vikimətni redaktə et]Universitetin mövcud elmi potensialı hesabına dünyanın bir sıra tanınmış təhsil mərkəzləri ilə sıx əlaqələr qurmaq mümkün olub. Bu sırada Fransanın Monpelye I, Türkiyənin "Mərmərə", Moskva Dövlət Universiteti, Moskva Xalq Təsərrüfatı Akademiyası, Ukrayna və Belorusun Dövlət Universitetləri, Bonn Universiteti, Amsterdam Universitetinin adlarını xüsusilə çəkmək lazımdır.
Azərbaycan Dövlət İqtisad Universiteti "Soros", "Tasis", "Tempus" və s. beynəlxalq proqramların fəal iştirakçısıdır.
Hal-hazırda universitet dünyanın 100 universiteti ilə əməkdaşlıq edir.[6]
Bu sırada Fransanın Monpelye I, Türkiyənin "Mərmərə", Moskva Dövlət Universiteti, Moskva Xalq Təsərrüfatı Akademiyası, Ukrayna və Belorusun Dövlət Universitetləri, Bonn Universiteti, Amsterdam Universitetinin adlarını xüsusilə çəkmək lazımdır.
Qafqaz Universitetlər Birliyinin üzvüdür.[7]
Qalereya
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ https://www.topuniversities.com/universities/azerbaijan-state-university-economics.
- ↑ "UNEC rektorunun Dərbənd filialının rəsmi açılışındakı çıxışının mətni" (az.). unec.edu.az. 3 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2021.
- ↑ "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI" (az.). e-qanun.az. 30 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2021.
- ↑ "Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI" (az.). e-qanun.az. İstifadə tarixi: 31 may 2021.
- ↑ 1 2 3 4 "Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax və Zaqatala filialları barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). president.az. 29 aprel 2016. 29 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2021.
- ↑ "АГЭУ сотрудничает с более чем 100 университетами мира" (rus). 1news.az. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2021.
- ↑ "Tüm Üyeler" (türk). www.kunib.com. 18 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2021.