Daşaltı əməliyyatı
Daşaltı əməliyyatı | |||
---|---|---|---|
Qarabağ müharibəsi | |||
| |||
Tarix | 25—26 yanvar 1992 | ||
Yeri | Daşaltı, Şuşa, Azərbaycan | ||
Səbəbi | Ermənilərin Daşaltı kəndini işğal etməsi | ||
Nəticəsi | Ermənistanın qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Ümumi itkilər | |||
|
|||
|
Daşaltı əməliyyatı — Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyat.
1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan taqımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.[1]
Zəmin
[redaktə | mənbəni redaktə et]1992-ci ildə yanvarın ortasına doğru Qarabağda ağır vəziyyət yaranmışdı. Erməni qoşunları öz hərbi üstünlüyündən istifadə edərək Dağlıq Qarabağda azərbaycanlılar məskunlaşan məntəqələri mühasirəyə alır və bir-birindən onları təcrid edir, sonra isə müntəzəm surətdə bu məntəqələri tutmağa başlamışdılar. Bu məntəqələrin işğalı zamanı dinc əhali bu kəndlərdən qovulur, kəndlər özləri isə yandırılırdılar. 1991-ci ilin dekabrında Cəmilli, Kərkicahan və Meşəli kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər. Şuşanın ətrafında gərgin vəziyyət yaranmışdı. Şəhərin ətrafında olan erməni kəndləri erməni silahlı qruplaşmalarının dayaq məntəqələrinə çevirilmişdi, bu məntəqələrdən həm Şuşa şəhəri, həm yaxınlıqdakı azərbaycanlı kəndləri, həm də Şuşa-Laçın yolu daim atəşə tutulurdu. Daşaltı kəndi özü Şuşadan 3-4 kilometr məsafədə, Şuşa–Laçın magistral yolu boyunca yerləşir. Bu kənddəki atəş mövqelərindən erməni qoşunları Şuşaya, həmçinin Şuşa-Laçın yolu üzrə hərəkət edən nəqliyyata daim atəş açırdı, bu isə Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında çətinliklər yaradırdı. Yaranmış vəziyyəti nəzərə alaraq, Azərbaycan komandanlığı Daşaltı kəndində erməni qoşunlarının atəş nöqtələrinin məhvi üzrə əməliyyatı keçirmək qərarı qəbul etdi. Əməliyyata böyük əhəmiyyət verilirdi, bununla əlaqədar olaraq, əməliyyata rəhbərliyi Azərbaycanın müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü həyata keçirirdi. 19 yanvar 1992-ci ildə T.Mehdiyev Şuşaya uçur. Bundan əvvəl o baş qərargahın rəhbəri, general-mayor Şahin Musayevə növbəti göstərişlərini verir: Goranboy rayonunda müdafiə nazirinin müavini olan general-mayor Dadaş Rzayevin tabeliyində olan zirehli texnikanın yarısını Şuşaya doğru yerini dəyişdirmək; kəşfiyyatçı podpolkovnik Sabir Cəfərovu təcili olaraq Şuşaya göndərmək: bütün cəbhə xətti üzrə erməni qoşunlarına diqqəti yayındıran zərbələri hazırlamaq. Bu halda əsas zərbələr Daşaltıya və Əsgərana vurulmalı idi. Bu məntəqələrin alınmasından sonra, Qarabağdakı erməni qüvvələri iki hissəyə bölünmüş olardı, bu da gələcəkdə rəqibi hissə-hissə məhv etməyə icazə verərdi. Ancaq Daşaltı əməliyyatı zamanı cəbhənin başqa sahələrində erməni qüvvələrinə heç bir zərbə endirilmədi. Əmrdən iki gün sonra Şuşaya hərbi texnikanın heç biri gəlmədi: iki ədəd texnika yolda sıradan çıxaraq Laçında qaldı, daha iki ədəd zirehli texnika isə Qubadlıda qaldı. Sabir Cəfərov Şuşaya gəlib çıxmadı, guya onu tapa bilmədilər, silah-sursatlar isə əməliyyat başa çatdıqdan iki gün sonra gəldi.
Şuşaya gələn Tacəddin Mehdiyev Şuşa milisinin müdiri Vahid Bayramovla müşavirə keçirdi. Müşavirədə şəhərin ətrafındakı vəziyyət müzakirə edilirdi. Şəhərin müdafiəsi çox pis təşkil edilmişdi. Gecə nəzarət buraxılış məntəqələri və müşahidə postları çox vaxt qoyulmurdu. Bəzi silahlar qorunmurdu. Şəhərin küçələrində çoxlu silahlı insan gəzirdi. Vahid komandanlıq yox idi, hər dəstə öz-özlüyündə idi. Dəstələrdə və bölmələrdə çox aşağı intizam vardı. Milli ordunun Şuşa batalyonunun heyət sayı 385 nəfər hərbi qulluqçu təşkil etməsinə baxmayaraq, şəxsi heyətin bir yerə yığılması zamanı cəmi 20 əsgər çağırışa gəlmişdi. Tacəddin Mehdiyev batalyonu tam olaraq bir yerə yığmağa cəhd etsə də, onun cəhdləri bir nəticə vermədi. Gecə vaxtı Şuşa şəhəri Topxana adlanan yerdən ermənilər tərəfindən atəşə tutulan vaxtı Mehdiyev Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan podpolkovnik Riad Əhmədov ilə birgə Topxanada kəşfiyyat keçirmişdi. Onlar burada düşmənin atəş nöqtələrini təyin etmişdilər. Riad Əhmədov bu atəş nöqtələrinin susdurulması üçün əməliyyat keçirməyi təklif etdi. Səhər T.Mehdiyev Vahid Bayramovla müşavirə keçirdi. Müşavirə zamanı general Vahid Bayramovdan yerli əhali içindən 4 bələdçi ayırmağı xahiş etdi. Onlar gecə vaxtı rəqibin atəş nöqtələrinə qədər bizim kəşfiyyat-diversiya qrupumuzu keçirməli idilər. V.Bayramov 4 nəfər ayırdı. Riad Əhmədov, Riad Əhmədovun bölməsindən olan bir neçə zabit, bu dörd nəfər bələdçi və T.Mehdiyev birlikdə qarşıdakı əməliyyatın detalları müzakirə etdilər. Sonra bələdçilər onları evə paltarını dəyişmək üçün buraxılmalarını xahiş etdilər. Ancaq təyin olunmuş vaxtda yalnız iki bələdçi qayıtdı. Mehdiyev milis müdirinə zəng vuraraq, qalan iki bələdçini tapmağı və gətirib çıxarmağı tələb etdi. Amma bu iki bələdçini tapmaq müvəffəq olmadı. Gecə vaxtı əməliyyatı təxirə salmaq qərarı qəbul edildi. Həmin gecə Riad Əhmədov, bəzi döyüşçülər ilə birgə Topxana yerində ermənilərin atəş nöqtələrinə müstəqil şəkildə çatır və onlarla döyüşə girirlər. Döyüşün gedişatında bir neçə erməni hərbi qulluqçusu öldürüldü, lakin ermənilər şəhərə daimi atəş açdıqları silahları vaxtında evakuasiya etməyə müvəffəq olurlar. Növbəti gün Tacəddin Mehdiyev şəhərin icra hakimiyyətinin başçısının, MTN və DİN rayon rəhbərlərinin iştirakıyla daha bir müşavirəni keçirir. Müşavirədə vahid komandanlıq altında bütün dəstələri birləşdirməyi, komendant saatı tətbiq etməyi təklif edir. Bu təklifə etiraz edilir, bildirilir ki, bütün silahlı insanlar hərəsi hansısa bir klana tabe olurlar, bu klanlara qarşı çıxmaq lazım deyil, əks halda o da Şuşanın keçmiş icra başçısı Gözəlov kimi öldürülə bilər. Bu müşavirədə şəhər ətrafındakı Daşaltı kəndində erməni quldurlarının atəş nöqtələrinin məhv edilməsi üzrə əməliyyat keçirmək qərarı qəbul edilir.
Plan
[redaktə | mənbəni redaktə et]İki gün ərzində kəşfiyyat aparılır, bu zaman təyin edilmişdi ki, Daşaltıda ermənilərin 50-60 nəfərlik silahlı dəstəsi var, qalanları isə mülki əhali idi. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 insan ayrıldı. T.Mehdiyev polkovnik Zaur Rzayev, podpolkovnik Nurəddin Abdullayev, MTN və Daxili İşlər Nazirliyi bölmələrinin müdirləri və zabitləri yığıb vəzifələri bölür. Həmin gün Mehdiyev telefonla Ş.Musayevə göstərişini verir ki, cəbhənin müxtəlif sahələrində eyni zamanda müxtəlif zərbələr vurulmalıdır, əsas zərbə bu halda Əsgərana endirilməli idi. Həmin gecə N.Abdullayev təxminən 30 nəfərlik dəstəsiylər Nəbilər kəndində kəşfiyyat keçirir və təyin edir ki, kənddə heç kəs yoxdur. Kənddə 10 nəfərlik nəzarətçi dəstə qoyulur. Səhər N.Abdullayev T.Mehdiyevə bildirir ki, milli ordunun Şuşa batalyonundan 10 nəfər bələdçi onlar tərəfindən əməliyyata götürülmüşdür. Əməliyyatın keçirilməsi üçün 5 vzvod və R.Əhmədovun rəhbərliyi altında 10 nəfərlik ayrı bir qrup formalaşdırılır. Bu qrup ən peşəkar dəstə idi, onun üzvləri yalnız Əfqanıstanda xidmət keçmiş, döyüş mükafatlarına və yüksək əlbəyaxa döyüş qabiliyyətinə malik əsgərlərdən ibarət idi. Əməliyyat planı belə idi. Birinci vzvod Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxmalı və oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsməli idi. İkinci vzvod birinci vzvodun köməyi ilə Daşaltıdan Şuşakəndə aparan yolu kəsməli idi. Bu vzvodlardan irəlidə, yoldan 400-500 metr məsafədə, sağda və solda üçüncü və dördüncü vzvodlar yerləşməli və hücum əmrini gözləməli idilər. Xüsusi Təyinatlı Milis Dəstəsinin döyüşçülərindən ibarət olmuş 5-ci vzvod ehtiyatda olmalı idi. Nəzərdə tutulmuş yerə çatdıqdan sonra bizim birinci dəstə Nəbilər kəndi istiqamətindən Daşaltını atəşə tutmalı idi. Cavab olaraq ermənilər bizim mövqelərimizə atəş açmağa başlayırdılar. Bu zaman üçüncü və dördüncü vzvod kəndə yaxınlaşmalı və rəqibin atəş nöqtələrini təyin edərək onları məhv etməli idilər. Bu vzvodların arasında gedən Riad Əhmədovun kəşfiyyat-diversiya dəstəsi bundan sonra 3-cü və 4-cü vzvodların atəş dəstəyi zamanı Daşaltıya girməli və kənddəki erməni dəstələrinin bazasını məhv etməli idi. Bundan sonra 3-cü və 4-cü vzvod kəndə girməli və rəqibin sağ qalmış əsgərlərini məhv etməli idilər. Şuşakənddə yolda durmuş ikinci vzvod, dinc əhalinin Daşaltıdan Şuşakəndə doğru çıxışını təmin etməli idi. Əsas qüvvələrə dəstək üçün, kəndin ətrafındakı bəzi yüksəkliklərdə snayperlər yerləşdirilmişdi. Bu vzvodların hərəkət taktikası belə olmalı idi: 1 kilometr irəlidə iki bələdçidən və iki kəşfiyyatçıdan ibarət olan patrul getməli idi, onlar arxalarında qrupu aparmalı idilər. Bütün komandirlər bələdçilərin göstərdiyi yol ilə diqqətlə getmək tapşırığı alırlar. Ancaq T.Mehdiyevin dediklərinə görə, hər qrupda sonradan əlavə 1-2 bələdçi meydana çıxdı. Bundan başqa, guya 1-ci vzvodun əsgərlərinin bir hissəsi əməliyyatın keçirilməsinə başlanan zaman sərxoş vəziyyətdə idilər. Hər iki amil zabitlərin məsuliyyətsizliyinin nəticəsi idi.[2]
Döyüş
[redaktə | mənbəni redaktə et]1992-ci il yanvarın 25-dən 26-na keçən gecə əməliyyat başlanır. Birinci vzvod Nəbilər kəndinə gəlir, burada onlar 10 insandan ibarət patrul dəstəsiylə görüşür. Bu dəstənin döyüşçüləri birinci vzvoda Siğnaxa gedən ən qısa yolu göstərirlər. Ancaq bələdçilər bildirirlər ki, bu yol üzrə getmək təhlükəlidir, pusquya düşmək ehtimalı yüksəkdir. Buna görə birinci vzvod daha uzun yolla gedir, qət olunan yolun uzunluğu 3 kilometr əvəzinə 15 kilometrə qədər böyüyür. Nəticədə vzvod lazım olan məntəqəyə təyin edilmiş vaxtdan daha gec gedib çıxır. Burada qeyd etmək lazımdır ki, əməliyyat zamanı hava çox sərt idi, hər yerdə dərin qar örtüyü vardı, yüksək dağlar, güclü şaxta hərəkətə mane olurdu, bundan başqa əsgərlər özüylə böyük miqdarda silah və döyüş sursatı aparırdılar. Həmçinin hərbi əlaqənin çox pis təşkil olunmasını qeyd etmək lazımdır: vzvodların və əməliyyatın komandanlığının arasında, həmçinin qarşılıqlı fəaliyyət göstərən bölmələrin arasında informasiya mübadiləsi üçün möhkəm əlaqə təmin edilməmişdi. Hərbi əlaqənin pis təşkil olunması nəticədə bölmələrin hərəkətlərində uyğunsuzluğa gətirib çıxardı, həmçinin komandanlığı vaxtında informasiya almaq imkanından məhrum etdi. Komandanlıq öz əsgərlərinin harada olmalarından, nə etmələrindən, nəyə ehtiyacları olduqlarından xəbərsiz olmaqla bərabər, həm də döyüşün gedişinə təsir etmək üçün lazımi qərarları verə bilmirdilər. Mövcud olan radioaparatlar çox köhnə idi və müasir tələblərə cavab vermirdi. Azərbaycan Ordusunun bölmələri arasında olan danışıqların gedişatı zamanı ermənilər tez-tez danışıqları yaxalayırdılar, hətta onlar bəzən efirə də çıxaraq danışıqlara müdaxilə edir və danışıq aparan azərbaycanlı əsgərləri təhqir etməyə başlayırdılar. 1-ci vzvod Sığnax kəndindən Daşaltıya tərəf gələn yol boyunca nəzərdə tutulmuş mövqelərə çataraq kiçik fasilə üçün dayanır. Bu zaman bələdçilər vzvod komandirini inandırmağa başlayırlar ki, burada durmaq əhəmiyyətsizdir, Sığnaxdan ermənilər gəlməyəcəklər, birbaşa Daşaltıya hücum etmək lazımdır. Naməlum səbəblərdən komandir onların dediklərinə inanır. Altı əsgər Daşaltı-Sığnax yolunun ətrafında mövqelərdə qalır, vzvodun qalan hissəsi öz mövqelərini tərk edir və Daşaltıya tərəf gedir. Səhər saat altı radələrində Sığnax kəndi tərəfdən erməni əsgərləriylə dolu bir Kamaz yük avtomobili gəlir. Mövqedə qalmış 6 əsgər bu avtomobilə atəş açırlar və demək olar ki, orada olan erməni əsgərləriylə birlikdə bu "Kamazı" tamamilə məhv edirlər. Bu zaman erməni əsgərləriylə dolu ikinci "Kamaz" yük avtomobili yaxınlaşır. Onların arasında və mövqedə dayanan 6 əsgər arasında döyüş başlanır. Döyüşün gedişatında 2 Azərbaycan əsgəri həlak olur, 1 əsgər yaralanır. Sağ qalmış 3 əsgər, ölüləri və yaralıları götürərək geri çəkilirlər. Bizim əsgərlərimizin geri çəkilməsindən sonra, erməni dəstəsi Sığnaxdakı yolda olan mövqeləri tutur və bununla da 3-cü və 4-cü vzvodların arxasına çıxırlar.[2]
Şuşakəndə gedən yolu kəsməli olan ikinci vzvod isə ermənilərin pusqusuna düşür. Ermənilər bu vzvodu mühasirəyə alırlar və demək olar ki, vzvoddakı bütün əsgərlərin hamısını məhv edirlər. Yalnız iki yaralanmış əsgər sağ qalaraq qaça bilir. Onlardan biri olan Azər adlı əsgərin sözlərinə görə, döyüşdən sonra o, ermənilərin ratsiya vasitəsilə vzvodu pusquya doğru aparan Maxış adlı bələdçiylə necə danışıqlar apardığını eşidirdi. Bu danışığın gedişatında bələdçi ona söz verilmiş mükafatı ermənilərdən tələb edirdi. Ermənilər isə cavabında ona deyirdilər ki, get həlak olmuşların avtomatlarını yığ və onları sat, bu da sənin mükafatın olacaq. Üçüncü və dördüncü vzvodlar isə təyin olunan yoldan kənara çıxıb, nəzərdə tutulmuş mövqelərdən 2 kilometr daha uzaqda mövqe tuturlar. Buna görə onlar Sığnaxda və Şuşakənddə yollarda döyüşən əsgərlərə yardıma gələ bilmirlər.[2]
Uğursuz başlanğıca baxmayaraq, əməliyyat nəzərdə tutulmuş plan üzrə davam etdirilir. Nəbilər kəndində olan dəstə Daşaltıya doğru atəş açmağa başlayır, qarşılığında erməni dəstələri cavab atəşi açırlar. 3-cü və 4-cü vzvodların atəş dəstəyi altında Riad Əhmədovun dəstəsi kəndin içərilərinə doğru irəliləməyə başlayır. Amma "Kələmlik" adlı yerin yaxınlığında Qurban adlı bələdçinin satqınlığı nəticəsində dəstə pusquya düşür və bütün üzvləri ermənilər tərəfindən öldürülür. Riad Əhmədov özü isə itkin düşür[3]. Bir müddətdən sonra 3-cü və 4-cü vzvod kəndin kənarlarından Daşaltıya daxil olurlar və erməni dəstələriylə döyüşə başlayırlar. Lakin bu zaman, Sığnaxda yolda mövqeləri özbaşına tərk etmiş birinci vzvodun əsgərləri "ura" qışqırıqlarıyla 3-cü və 4-cü vzvodların arxalarıyca kəndə girirlər. Kənddə olan azərbaycanlı əsgərlər əlaqənin olmaması səbəbindən gələn vzvodu düşmən əsgərləri olaraq qəbul edirlər və onların arasında atışma başlanır. Nəticədə hər üç vzvod itki verir və həm Daşaltı istiqamətindən, həm də Sığnax istiqamətindəki mövqelərdən erməni dəstələrinin şiddətli atəşi altına düşürlər. Bundan başqa, Sığnax kəndi istiqamətindən gələn erməni dəstəsi Azərbaycan bölmələrinin mövqelərinə arxadan zərbə vurur. Azərbaycan əsgərləri hər tərəfdən sıxılmasına, həmçinin Daşaltı və Sığnax istiqamətindən düşmənin çarpaz atəşi altına düşməsinə baxmayaraq, əsgərlərdən heç biri döyüş meydanından qaçmadı. Mühasirəyə düşmüş əsgərlər döyüşməyə davam edirdilər. Azərbaycanlı əsgərlərin döyüşdə şücaət göstərdiyinə dair çoxlu faktlar var. Bir çox azərbaycanlı əsgər əsir düşməmək üçün intihar etməkdən çəkinmirdilər. Belə ki, hər tərəfdən ermənilərin əhatəsinə düşmüş Elşən Xəlilov F-1 qumbarasıyla özünü partlatdı, həmçinin Zaur Cəfərov əsir düşməmək üçün son gülləsini özünə vurdu.[4]
Daşaltıda vəziyyətin kritik olduğunu görən T.Mehdiyev Xüsusi Təyinatlı Polis Dəstəsinin döyüşçülərindən ibarət 5-ci vzvodu kənddəki döyüşçülərə kömək üçün göndərir. Lakin cəmi 500-600 metr irəlilədikdən sonra ermənilərin güclü müqavimətiylə qarşılaşan 5-ci vzvod da dayanmağa məcbur olur. Əməliyyatın iflasa uğradığını başa düşən T.Mehdiyev güclü dumanın çökməsindən istifadə edərək Şuşaya doğru geri çəkilmək əmri verir. 1992-ci il 26 yanvar günü Milli Ordunun sağ qalmış döyüşçüləri Daşaltıdan Şuşaya doğru geri çəkilirlər.
Nəticə
[redaktə | mənbəni redaktə et]Azərbaycan mənbələrində
[redaktə | mənbəni redaktə et]Bu əməliyyata çox diqqət ayrılır, çünki bu əməliyyatda uğursuzluq müharibənin gedişinə ciddi təsir etdi. Daşaltı əməliyyatının gedişatında qələbə müharibənin gedişatını dəyişdirə və bizim qoşunlarımıza strateji təşəbbüsü ermənilərdən almağa və erməni qoşunlarını müdafiəyə keçməyə məcbur etməyə imkan verirdi. Amma əməliyyatın uğursuzluğundan sonra, Azərbaycan qoşunları uzun müddət faktiki olaraq hücum əməliyyatlarını həyata keçirmədilər və bununla da erməni qoşunları müharibədə təşəbbüsü ələ aldı. Daşaltıda məğlubiyyət həmçinin Azərbaycan qoşunlarının və əhalinin döyüş ruhunda ciddi təsir etdi. Lakin eyni zamanda Daşaltıdakı döyüş bizim əsgərlərimizin bir çox qəhrəmanlıq və cəsarətinin nümunəsi kimi yada salınır. T.Mehdiyevin sözlərinə görə, sonradan sağ qalmış bələdçiləri tapmaq cəhdləri heç nəyə gətirib çıxarmadı. O, yanvarın sonuna kimi Şuşada qaldı, amma bu vaxt ərzində bələdçilərdən heç birini tapmadılar. Bir neçə gün sonra Azərbaycan əsgərləri vaxtından gec göndərilmiş zirehli texnikadan və artilleriyadan istifadə edərək Daşaltını güclü atəşə məruz qoydular.[2]
Əməliyyatdan sonra Azərbaycan tərəfi təhqiqata başlayır, bir neçə nəfərə qarşı cinayət işi açılır. MN-in Baş Qərargah Rəisinin müavini polkovnik-leytenant Şikar Şikarov Daşaltı əməliyyatının iştirakçıları və şahidlərinin ifadələri əsasında fevralın 6-da aşağıdakı əməliyyatın uğursuz olmasının səbəblərinə dair məruzə hazırladı. Məruzədə deyilir:
- Düşmənin və ərazinin kəşfiyyatı dərindən aparılmayıb. Düşmənin bilavasitə ehtiyat qüvvələrinin yeri, onların (döyüş yerinə) gələn yolları və mümkün hərəkət üsulları müəyyən olunmamışdı.
- Əməliyyatda iştirak edən tərəflərin (bizimkilərlə düşmənin) qüvvə və vasitələrinin nisbəti tam (lazımınca) nəzərə alınmamışdı.
- Qüvvə və vasitələrin hesablanması aparılmayıb.
- Top və zirehli texnika kifayyət qədər deyildi. Texnika və silahlar döyüş əməliyyatlarına hazır deyildi.
- Hücum aparılmasının əsasları pozulmuşdu. Şəxsi heyət əvvəldən artilleriya atəşi aparılmadan hücuma keçmişdi.
- Döyüş gedərkən kəşfiyyat aparılmayıb.
- Döyüş bölmələri arasında idarəolunma yox idi.
- Yerli əhali arasından seçilmiş bələdçilər ərazini hərbi nöqteyi nəzərdən zəif tanıyırdılar.
- Ehtiyat qüvvəsi üçün müəyyən qüvvə və vasitələr ayrılmamışdı.
- Əməliyyat planı, döyüş əmrləri və sərəncamları sənədləşdirilməmişdi.[5]
Erməni mənbələrində
[redaktə | mənbəni redaktə et]Erməni tərəfinin verdiyi məlumata əsasən bu əməliyyat Azərbaycan ordusu üçün həlledici və strateji bir döyüş idi. Həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa başçılıq edirdi. Əməliyyatda Azərbaycan Ordusunun ilk yaranmış könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edirdi. Daşaltı əməliyyatının uğursuzluqla bitməsi ermənilərin Daşaltını Azərbaycan Ordusu üçün "Qanlı Dərə" adlandırmasına səbəb oldu. Vahan Arseyanın sözlərinə görə həmin gün Hadrut Eçmiədzin dəstəsinin vahid nəzarəti altına alındı, dəstənin tərkibindəki döyüşçülər xəndəklər, səngərlər, sığınacaqlar və yarımqazamalar qazaraq vacib işlər gördülər. Lakin onları həmin fəaliyyətləri Daşaltıda həyata keçirmək üçün çağırdılar. Bu olanlar erməni tərəfinin Əsgərana ediləcək hücumla əlaqədar ciddi hazırlaşmasını bir daha sübuta yetirirdi. Tacəddin Mehdiyev isə telefonla Şahin Musayevə göstəriş verir ki, cəbhənin müxtəlif istiqamətlərinə eyni vaxtda müxtəlif zərbələr vurmalı, həll edici və güclü zərbə Əsgərana vurulmalıdır. Ancaq, Daşaltı əməliyyatı zamanı cəbhənin digər sahələrində erməni qüvvələrinə heç bir zərbə endirilmədi. Əmrdən iki, üç gün sonra Şuşaya hərbi texnikanın heç biri gəlmədi. İki ədəd texnika yolda sıradan çıxaraq Laçında qaldı və daha iki zirehli texnika isə Qubadlıda qaldı. Sabir Cəfərov Şuşaya gəlib çıxmadı, silah-sursatlar isə Daşaltı əməliyyatı başa çatdıqdan iki gün sonra gətirildi. Əsgəran əməliyyat planının bütövlükdə hazır olmasına baxmayaraq, əməliyyatın baş tutmaması birbaşa həmin mövqedə yerləşən komandanlığın bir araya gəlməməsi, şəxsi istək və iddialarla hərəkət etmələri ilə sıx bağlı idi. Hadrutdan Daşaltıya göndərilən Arseyan bildirir:" Biz bildirdik ki, Daşaltıda rabitə vasitələri təmin edilməlidir, xəndəklər və yarımqazmalar ilə məşğul olurduq. Ərazidə bizə əsas vəzifəmiz göstərildi və biz hərəkətə keçdik. Xəndəklərin yarımqazmaların və saxta mövqelərin yerləri müəyyən edilmişdi. Biz tək deyildik, bütün kəndin adamları tək gecələri işləyir, günüzləri isə yatırdıq. Lakin bütün sübhü oyaq idik ki, hücum ola bilər. Kəndin dəstəsində güclə 50-80 nəfər olardıq. O günlər təklif edirdik ki, kəndən uşaqlar çıxarılsın. Onlar yox dedi, heç bir uşaq Daşaltıdan çıxmadı. "Manvel Qriqoryan Hadrutdan bizimlə əlaqə saxladı, lakin Arkadi İvaniç dedi ki, əhəmiyyətli döyüş gözlənilir, əgər biz məğlub olsaq çox şey itirəcəyik. Buna görədə biz Daşaltıda qalmağı üstün bildik. Yanvarın 26-sı səhər saat 06:00 radələrində biraz istirah edir, gecələri isə oyaq qalırdıq. Mən Hayron və Şmays evin həyətində dayandıq və daxildən atəş səsləri eşidildi. Bir də gördük ki, evlərin damlarında yerləşən heyvan yemlərini vurmağa başladılar və evlərdən yanğın çıxdı. Birinci dəfədən bütün mövqeləri tutduq, hər kəs bilirdi ki, öz mövqeyini və tərəfini müdafiə etmək lazımdır. Azərbaycanlılar dağdan endilər və Daşaltıya daxil oldular. Şuşa Daşaltının üzərindədir lakin, aşağıdan biz onları susdurmağa çalışdıq. Şmays AQS-lə bilmirdi haranı vursun, bir də gördük ki, 50 metrə qədər alov yüksəldi. Aydın oldu ki, qaz kəməri vuruldu. Sonra uşaqlar bildirdilər ki, müxtəlif mövqelərdən alov görürlər. Bu boru Gorus qaz təhcizatında idi, və biz bu qaz təchizatını kəsdik. Axşam vaxtı səssizlik idi. Bizim tərəfdən 22 döyüşçü, onlar tərəfdən səhv etmirəmsə ilk batalyondan 200 nəfər öldü ”- deyə Vahan Arseyan bildirir. Vahan Arseyanın dediklərinə görə ermənilər Azərbaycan tərəfinin hücumunu bilərək, azda olsa bu hücuma hazırlaşmışdılar. Azərbaycan Ordusu Şuşa istiqamətindən Daşaltıya enənə qədər erməni hərbi qüvvələri artıq hazır vəziyyətdə idi. “Döyüşdən sonra aydın oldu ki, azərbaycanlılar Daşaltıda 92 cəsəd və zirehlitexnika qoyub. Biz rabitə ilə əlaqə saxlayıb dedik ki, özlərinin cəsədlərinin arxasınca gəlsinlər -onlar 18-20 yaş arasında döyüşçülər idi- lakin onların arxasınca gəlmədilər...”- deyə Arkadi Ter-Tadevosyan bildirdi. İrs müxalifət partiyasından olan Larisa Alaverdiyan isə bildirir ki, Azərbaycan ölmüş əsgərlərin cəsədindən imtina edərək onları itkin elan edib. Onun sözlərinə görə həlak olan əsgərləri dəfn etmək məcburiyyətində qalıblar. Onlar əməliyyat zamanı 22 nəfər ermənin həlak olmasını, onlardan 12 nəfərinin isə Daşaltıdan olması haqqında məlumatlar verir. Araşdırmalara görə əməliyyatın axşamı bir neçə döyüşçünün cəsədi Cıdır düzünün alt tərəfindəki “Qayalıq” deyilən ərazidən çıxarılmış, bir neçə gün sonra isə Nəbilər kəndi istiqamətində pusquya düşmüş Azərbaycan tərəfinin cəsədləri götürülmüşdü. Ermənilər bildirir ki, azərbaycanlılar əməliyyata 500 nəfərdən artıq döyüşçü və 3 zirehli texnika cəlb edib. Daşaltıda erməni hərbi qüvvələrinin 60-70 nəfər olaraq Vağarşak Beybuti Aruşanyanın (Daşnaksutyun terror partiyasının üzvü) başçılığı altında olduğunu bildirən ermənilər, Vağarşakın öz dəstəsiylə Azərbaycan hərbi qüvvələrinə qarşı 12 saat ərzində “təkbaşına” döyüşməsini təbliğ edirlər. Aruşanyan özü həmin döyüşdə Azərbaycan əsgərləri tərəfindən məhv edildi. Nəbilər kəndində olan Azərbaycan hərbçiləri Daşaltıya doğru atəş açdıqda Vağarşakın dəstəsi tərəfindən atəşə tutulmuşdu. Erməni tərəfdən əməliyyata birbaşa Arkadi Ter-Tadevosyan nəzarət edirdi. Köməkçi qüvvələr 1959-cu il Bakı təvəllüdlü, 1-ci batareya komandiri Bekor Aşot (Gülyan), Şuşakənddən komandir S.Hayryan idi. Şuşakəndə gedən yolu kəsməli olan ikinci taqım məhz Hayryanın dəstəsinin pusqusuna düşmüş, taqımdakı bütün əsgərlərin hamısı mühasirəyə salınaraq öldürülmüşdü. Əməliyyat zamanı ermənilərə Sığnax, Aşağı Yemişcan (Siznek) və Qızıloba (Karmirqyuğ) kəndləri ərazisindən digər dəstələri də dəstək verirdilər. Bütün bunlarla yanaşı, Daşaltı əməliyyatında ordumuza qarşı Ermənistan Milli Qəhrəmanı Yuri Poğosyan, Daşaltıda silah mütəxəssisi kimi tanınan Alyoşa Vardanyan və Türk-Azərbaycan xalqına nifrətinə görə “Duşman” ləqəbi qazanmış, Xocalı və Şuşanın işğalında xüsusi fəallıq göstərmiş Vardan Stepanyan kimi şəxslər, Eçmiədzin, Daşnaksutyun kimi dəstələr iştirak etmişdi.[6]
Əməliyyat ilə bağlı açıqlamalar
[redaktə | mənbəni redaktə et]Əməliyyata rəhbərlik etmiş Tacəddin Mehdiyevin 2012-ci il tarixli əməliyyatla bağlı açıqlamaları:
Əməliyyatdan öncə biz kəşfiyyat əməliyyatları apardıq və batalyon komandiri Riad Əhmədovdan soruşdum ki biz Daşaltını erməni quldur dəstələrindən təmizləyə bilərik? Nurəddin Abdullayev mənə dedi ki, biz Şuşada olanda 30-50 əsgər ilə o kəndə girmişik və heç birdə itkimiz olmayıb. İndi isə bizim 180-200 döyüşçümüz var. Mən əminəm ki, biz bu döyüşdən qalib çıxacağıq. Məndə dedim ki, onda plan hazırla və əməliyyata başlayaq. Qış fəsli olduğu üçün şəxsən əmr verdim ki, 200-210 ədəd maska hazırlansın. Nurəddin Abdullayev əməliyyat planını hazırladı və mənə təqdim etdi. Əməliyyat planında bir çox düzəlişlər etdim. Batalyonu 6 hissəyə yəni 6 qrupa ayırdım. 5-ci qrupun vəzifəsi əməliyyatda iştirak etmək idi. 6-cı qrup isə ehtiyat qrup idi. Bir qrupu isə yüksəkliyə qoymuşduq ki, erməni əsgərləri mövqelərini atıb qaçanda yüksəklikdə ki, qrup onları məhv etsin. Planı qurduqdan sonra onu digər komandirlərə göstərdim. Vahid Bayramov dedi ki, Daşaltı Şuşa üçün böyük təhlükədir, sizin hazırladığınız əməliyyat düzgün tərtib edilib. Əməliyyat nəticəsində Daşaltını azad edəcəyik. Hər şey öz qaydasında idi. Hətta Vahid Bayramov dedi ki, Fərman Xəlilovun əmri ilə bizim polis idarəsinin xüsusi təyinatlıları biznən gəlib və əməliyyatda iştirak edə bilərlər.Hətta biz Şuşa batalyonundan bələdçilər seçdik ki, gecə vaxtı əməliyyatda hərbiçilərimiz itkin düşməsin. Vahid bayramov dedi ki, 150 ədəd top mərmisi gələcək və bununla biz erməni qüvvələrinə topdan zərbələr endirməli idik. Mən özüm qəsdən deyirdim ki, döyüş yanvar ayının 24-ü olacaq çaşdırmaq üçün sonra isə əməliyyatın yanvar ayının 25-də başlanacağını dedim. Nəbilər kəndinə biz qrup qoymuşduq, və qrup kəşfiyyat aparırdı. Oradan bütün qruplar keçirdi və yoxlanılırdı. Bir dənə keçməyən qrup Fərman Xəlilovun qrupu idi. Səhər saat 06:00 radələrində biz topdan atəş açmalı idik. Bu atəş hardasa yarım saat davam etməli idi və bu atəş bitdikdən sonra qruplar Daşaltıya daxil olmalı idi. Biz qruplara təlimdə keçmişdik. Kim nə edəcəyini yaxşı bilirdi.
Daşaltı əməliyyatında Azərbaycan tərəfinin itkiləri
[redaktə | mənbəni redaktə et]- Abbasov Məhərrəm Abbas oğlu
- Abdullayev Azad Yasər oğlu
- Abdullayev Nurəli Hacıbala oğlu
- Abdullayev Ramin Həbib oğlu
- Abutalıbov Eyvaz Cəmil oğlu
- Ağayev Rafiq Qəzənfər oğlu
- Ağayev Yusif Balasər oğlu
- Bayramov Kamil Canbala oğlu
- Bayramov Orxan Rauf oğlu
- Bayramov Vaqif Pirəli oğlu
- Bünyadzadə Ərəstün Mehdi oğlu
- Camalov Elman Hüseyn oğlu
- Cavadov Abbas Şəms oğlu
- Cəbrailov Həmid Yaşar oğlu
- Cəfərov Zaur Firuddin oğlu
- Dremaçon Vladimir Vasiliyeviç
- Əhmədov İmamqulu Soltan oğlu
- Əhmədov Riyad Fikrət oğlu
- Ələkbərov Arzu Bəhram oğlu
- Ələkbərov Zahid Vəliş oğlu
- Əlicanov Baxış Məmməd oğlu
- Əliyev Ağabala Mirzəbala oğlu
- Əliyev Bəkir İsa oğlu
- Əliyev Hidayət Məcid oğlu
- Əlizadə Faiq Əbdülhüseyn oğlu
- Əmirov Rəfail Mənsur oğlu
- Fətullayev Abbas Ağahüseyn oğlu
- Hacıbabayev Tofiq Arif oğlu
- Həsənquliyev Şirindil Cavad oğlu
- Həsənov Oleq Xasay oğlu
- Həsənov Sədrəddin Qardaşxan oğlu
- Həsənov Sərxan Altay oğlu
- Həşimov Pərviz Varaşil oğlu
- Hüseynov Gülverdi Ağahüseyn oğlu[7]
- Hüseynov Ramiz Allahverdi oğlu
- Hüseynov Telman
- Xəlilov Rövşən Allahverdi oğlu
- Xudayev Çingiz Elman oğlu
- Xudayev Füzuli Cəmil oğlu
- İbadov Şirzad Cavanşir oğlu
- İbrahimov Cavanşir Zeynal oğlu
- İsgəndərov Əliyar Hüseyn oğlu
- İsmayılov Elxan Nazim oğlu
- Kərimov Elxan Sunbay oğlu
- Qasımov Sərxan Lətif oğlu
- Qasımov Veysəl Qasım oğlu
- Qədiməliyev Nizami Gülməmməd oğlu
- Qədirov Taleh Ələkbər oğlu
- Qəhrəmanov Qəhrəman Qaçay oğlu
- Qiyasov İlqar Əsgər oğlu
- Quliyev Məhəmməd Fərrux oğlu
- Quliyev Oqtay Gülməmməd oğlu
- Qurbanov Nofəl Nəriman oğlu
- Məlikov Amil Əliheydər oğlu
- Mehtiyev Nazim Əli oğlu
- Məhərrəmov Nazim Tofiq oğlu
- Məmmədov Habil Qabil oğlu
- Məmmədov Elmar İnqilab oğlu
- Məmmədov Mahir Arif oğlu
- Məmmədov Müşfiq Yusif oğlu
- Mikayılov Baba Bilikişi oğlu[8]
- Mirzəyev Rizvan Bilal oğlu
- Musayev Vaqif Dursun oğlu
- Mustafayev Sabir İslam oğlu
- Namazov Azər Rəhim oğlu
- Nəcəfov Rəhman Hacı oğlu
- Nəcəfov Rövşən Hacı oğlu
- Nəsirov Arif Əmiraslan oğlu
- Nəsirov Zahid Rafael
- Niftalıyev Adil Kamal oğlu[9]
- Nuriyev Rafiq Əli oğlu
- Piriyev Ehtiram Bayram oğlu
- Rəsulov Atəş Hacı oğlu
- Rüstəmov Araz Bağı oğlu[10]
- Rüstəmov Sabir Gəray oğlu
- Səfərov Rövşən Qiyas oğlu
- Səfərov Şahverdi Bəhlul oğlu
- Soltanov Kazım Hacı oğlu
- Şamilov Sərraf Bakir oğlu
- Şirinov Elcan
- Tahirov Əlövsət Kamran oğlu
- Tahirov Vaqif Sabir oğlu
- Vəlicanlı Süleyman Məbud oğlu
- Zeynalov Sahib Əliheydər oğlu
- Zülalov İsfəndiyar Adil oğlu
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Daşaltı" əməliyyatı barədə film çəkilir
- ↑ 1 2 3 4 Daşaltıda məğlubiyyət satqınlığın nəticəsi idi Arxivləşdirilib 2012-01-27 at the Wayback Machine Vesti.az saytı
- ↑ Baku TV. ""Daşaltı əməliyyatı"ndan 31 il keçir" (az.). Youtube.com. 25.01.2023. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-26.
- ↑ "Əliyev T. Uğursuz Daşaltı əməliyyatı və onun acı nəticələri. Xalq qəzeti.- 2014.- 26 yanvar.- S. 5". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-26.
- ↑ "Arayış". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-23.
- ↑ Daşaltı əməliyyatı ermənilərin dili ilə Arxivləşdirilib 2022-01-23 at the Wayback Machine modern.az saytı
- ↑ "Arxivlənmiş surət". 2023-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
- ↑ "Arxivlənmiş surət". 2023-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
- ↑ "Arxivlənmiş surət". 2023-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
- ↑ "Arxivlənmiş surət". 2023-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
- ↑ Tural Həsənqarayev. "Daşaltı əməliyyatı (2020)". top-center.org (az.). 2023-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-06.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Mir Şahin, Ən Yeni Tarix - Daşaltı əməliyyatı, 2.02.2012. İzlə Arxivləşdirilib 2015-04-16 at the Wayback Machine; YouTubedan İzlə
- İradə Əlili. “Qarabağın Tutusu”. Bakı. “MBM”. 2015. 114 səh.
- Əliyev T. Uğursuz Daşaltı əməliyyatı və onun acı nəticələri. Xalq qəzeti.- 2014.- 26 yanvar.- S. 5.
- “Daşaltı” əməliyyatının iştirakçıları yad edilib. 525-ci qəzet.- 2011.- 27 yanvar.- S.2.
- Qələndər Xaçınçaylı, Vaqif Rüstəmov. Qan yaddaşımıza çevrilən Daşaltı harayı. Həftə içi.- 2014.- 28 yanvar.- S.7.
- Bəxtiyar QARACA. DAŞALTIDA - daş altında qalanlar. Azərbaycan.-2013.- 26 yanvar.- S.6.
- Sultan Laçın. Daşaltının daş altda yatan sirləri… Həftə içi.- 2014.- 25-27 yanvar.- S.4.