ABŞ Azərbaycandan nə istəyir? Hərbi yardımı niyə dayandırıb? 5 suala cavabda

James O’Brien

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi James O’Brien Konqres qarşısında Qarabağla bağlı çıxış edib.
  • Müəllif, İlkin Həsənov
  • Vəzifə, BBC News Azərbaycanca, Bakı

Çərşənbə günü ABŞ Dövlət Departamentinin diplomatı, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi James O’Brien Konqresdəki dinləmələrdə çıxış edib və Azərbaycan haqqında sərt tənqidlər səsləndirib.

James O’Brien deyib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi əldə edilməyənədək, Azərbaycanla münasibətlər əvvəlki səviyyədə olmayacaq.

Diplomat, Azərbaycanın sentyabrın 19-da Qarabağda keçirdiyi hərbi əməliyyatlardan sonra, ABŞ-ın Azərbaycana hərbi yardımı dayandırdığını və bir neçə yüksək səviyyəli görüşləri ləğv etdiyini deyib.

Rəsmi Bakı James O'Brien-ın hesabatını "birtərəfli və qərəzli" hesab etdiyini deyərək, onun fikirlərini "səmərəsiz, əsassız və qəbuledilməz" kimi qiymətləndirib.

Azərbaycan dinləmələrdən sonra, həmçinin Ermənistanla sülh danışıqlarının Washington platformasından imtina etdiyini və yüksək səviyyəli ABŞ rəsmilərinin Bakıya mümkün səfərlərini "yersiz" saydığını bildirib.

ABŞ uzun illər Azərbaycanı starteji tərəfdaş kimi gördüyü deyib. NATO və müttəfiqləri Əfqanıstanda hərbi əməliyyatlar üçün Azərbaycandan tranzit kimi istifadə ediblər.

Ceyhun Bayramov ABŞ-da Prezident Joe Bidenlə görüşüb

Şəklin mənbəyi, AZERTAG

Şəklin alt yazısı, Azərbaycan-ABŞ əlaqələri hər zaman pis olmayıb. Sentyabrda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov New-Yorkda ABŞ Prezidenti Joe Biden-in təşkil etdiyi rəsmi qəbulda iştirak edib

Dinləmələrdə nə danışılıb?

Dinləmələrdə ABŞ diplomatları deyiblər ki, Azərbaycana güc tətbiq etməməklə bağlı dəfələrlə xəbərdarlıq edilsə də, sentyabrın 19-da Qarabağda keçirilən hərbi əməliyyatlardan sonra, demək olar ki, bütün etnik ermənilər - 100 mindən çox adam ərazini tərk edərək Ermənistana sığınıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə deyib ki, belə açıqlamalar "regionda sülh və təhlükəsizliyi sarsıdır".

ABŞ rəsmiləri dinləmələrdə bildiriblər ki, ABŞ-da Azərbaycana birbaşa yardımları qadağan edən, "907-ci düzəliş" kimi tanınan qanunun tətbiqini dayandıran qərarın müddətini uzatmayacaqlar.

Azərbaycan bunu "bədxah addım" kimi qiymətləndirib və ABŞ-ın yadına "Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə" olduğunu salıb.

Birinci Qarabağ müharibəsindən sonra ABŞ Konqresinin "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi edilib ki, bu da bu ölkədən Azərbaycana birbaşa yardımları qadağan edir və hər il ABŞ Prezidentinin qərarı ilə bu sənədin tətbiqi müvəqqəti dayandırılırdı.

Dinləmələrdə Qarabağdan Ermənistana sığınan şəxslərlə bağlı ABŞ-ın bu ölkəyə 11,5 milyon dollar yardımından əlavə, daha 6 milyon dollar məbləğində əlavənin də olacağı danışılıb.

Diplomatlar deyiblər ki, etnik ermənilər üçün ayrılacaq yardım ərzaq, gigiyena, sığınacaq və yeni gələnlərin yaşadığı ərazilərin yerli idarələrinə sərf ediləcək.

Bundan başqa, bildirilib ki, sülh olarsa, regional dövlətlər regional kommunikasiya xətlərini açmaqla müstəsna imkanlar əldə edə bilərlər, amma sülhün olmaması buna mane olur.

ABŞ dipomatları deyiblər ki, regionda Rusiya və İranın iştirakı ilə təhlükəsizlik təminatı stabil deyil və Ermənistan və Azərbaycan üçün arzuolunan deyil.

James O’Brien deyib ki, indi hər iki ölkə fərqli imkanlar seçmə şansları əldə ediblər.

Bundan başqa, dinləmələrdə çıxış edənlər ABŞ-ın tərəfləri sülhə çağırdığını təkrarlayıblar və sentyabrdan bəri ABŞ-ın yüksək səviyyəli rəsmilərinin Yerevan və Bakıya 13 səfər etdiyini deyiblər.

Dinləmələrin məqsədi nədir?

ABŞ Konqresində olan dinləmələrdə Azərbaycan bir neçə məsələdə tənqid olunub.

Bunların arasında 19 sentyabr "antiterror" əməliyyatları, Azərbaycanın "gücdən istifadə" etməsi, Laçın dəhlizinin bağlanmasının Qarabağ ermənilərində "stres və xəstəliklər" yaratması iddiaları da var.

"Dinləmələri və səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndiririk", - Azərbaycan XİN deyib.

Siyasi təhlilçi Fuad Şahbazovun fikrincə, dinləmələdən belə görünür ki, ABŞ Azərbaycanı regionda “iddialı siyasətdən” çəkindirmək, onu sakitləşdirmək üçün Azərbaycana təzyiq etmək qərarına gəlib, o, BBC Azərbaycancaya bildirib.

Fuad Şahbazova görə, ABŞ-dakı bu dinləmələrin əsas məqsədi regionda Rusiya və İranın iştirakını tənqid etmək olub və Azərbaycana yönəldilən tənqidlər də, əsasən onlara istiqamətlənib.

Onun fikrincə, ABŞ Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən daha çox Rusiyanın Qafqazdakı rolundan narahatdır.

Son vaxtlar ABŞ və Avropa İttifaqı rəhbərliyindən səslənən bəyanatlarda Ermənistanın demokrarik seçilən hakimiyyətinin gücləndirilməsinə, iqtisadi müstəqilliyin təmin olunmasına, ordu quruculuğuna, ticarətin saxələndirilməsinə və siyasi islahatların aparılmasına dəstək ifadə edilir.

Ermənistana bu istiqamətlərdə maliyyə, təlim, planlaşdırma sahələrində kömək vəd edilir, siyasi dəstək dilə gətirilir.

Fuad Şahbazovun fikrincə, bu dinləmələr vasitəsilə və Avropalı diplomatların bəyanatları ilə Ermənistan siyasi cəhətdən motivasiya olunur "və bu, çox güman ki, Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsinə töhfə verəcək və birincini Moskva ilə qarşıdurmaya razı salmaq təbliğ edilir".

ABŞ nə istəyir?

Konqresdəki dinləmələrdə çıxış edənlər deyiblər ki, ABŞ Qafqazda sülh istəyir və tərəfləri sülhə çağırmaqda davam edir.

Siyasi təhlilçi Fuad Şahbazova görə isə, ABŞ Rusiyanın Qafqazdan çıxmasını istəyir.

"Rusiyanı Qafqazdan çıxarmağın indi ən yaxşı yolu Ermənistanla Rusiya münasibətlərinin korlanmasına daha çox töhfə verməkdir. Son vaxtlar ABŞ və Avropa rəsmilərinin Ermənistana tərif dolu komplimentlər yağdırması ondan irəli gəlir ki, onlar Ermənistanın Rusiya ilə münasibətlərinin daha da korlanmasına nail olsunlar", - Fuad Şahbazov deyib.

Onun sözlərinə görə, ABŞ Qafqaza girib buradan Mərkəzi Asiyaya getmək və qısa yol olaraq, Cənubi Qafqazdan istifadə etmək istəyir.

Təhlilçi hesab edir ki, buna görə də ABŞ Qafqazda əsas oyunçular olan Rusiya və İranın təsirlərinin olmamasını və ya minimum olmasını istəyir.

Azərbaycana təsiri nə ola bilər?

Son üç idir ki, Ermənistan etiraz etdiyindən, Azərbaycanın "Zəngəzur dəhlizi" dediyi marşrutun İrandan keçən digər bir marşrutla əvəzlənməsi işləri başlayıb.

Fuad Şahbazovun fikrincə, ABŞ-dakı son dinləmələrdən belə məlum olur ki, bu ölkə son Azərbaycan-İran tranzit marşrutu müqaviləsindən narazıdır.

ABŞ dövlət katibinin köməkçisi James O’Brien Konqresdə deyib ki, sülhün iqtisadi faydaları ola bilər və bu, region ölkələrinin beynəlxalq ticarət yoluna çıxışına şərait yaradar. O bu yolun İrandan keçməsini uğurlu saymayıb və sadəcə seçimlərdən biri kimi qiymətləndirib.

Azərbaycan XİN bu bəyanata sərt reaksiya verib və deyib ki, İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə "Azərbaycanın suveren hüququdur".

Fuad Şahbazovun sözlərinə görə, Azərbaycan-İran tranzit marşrutunun elə də böyük strateji əhəmiyyəti yoxdur, bu, Azərbaycan-İran arasında "diplomatik münasibətləri normallaşdırmaq üçün atılan adımdır və daha çox İrana sərf edir".

Təhlilçi hesab edir ki, Azərbaycan hökuməti, çətin ki, James O'Brien-in bəyanatlarını ciddi qəbul etsin.

Onun sözlərinə görə, ABŞ-ın Azərbaycana hərbi yardımı dayandırmasının da ciddi təsiri olmayacaq.

Fuad Şahbazov izah edir ki, hərbi yardım ən həssas dövr olan 1991-ci ildən 2001-ci ilə qədər ayrılmayıb və 2023-cü ildə də onun dayandırılmasının rəsmi Bakı üçün ciddi nəticələri olmayacaq.

"Nəticədə, Azərbaycan Çin istiqamətinə üz tutmağa başlaya bilər və Washington formatında Ermənistan ilə sülh danışıqlarına yenidən qoşulmaq çağırışlarına məhəl qoymaya bilər", - Fuad Şahbazov deyib.

Sülh danışıqlarına təsiri ola bilərmi?

Dinləmələrdə səsləndirilən fikirlər Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına birbaşa təsir edib - rəsmi Bakı deyib ki, noyabrın 20-də Washington-da keçirilməsi təklif olunan Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün baş tutmasını mümkün hesab etmir.

Ermənistan və Azərbaycan arasında 2020-ci ildən sonra Moskva, Brüssel və Washington formatında sülh danışıqları aparılıb.

Bundan başqa, Azərbaycan Gürcüstanın vasitəçiliyi ilə ikitərəfli görüşlər təklif edib, amma Ermənistandan bu təklifə reaksiya bəlli deyil.

Təhlilçilər hesab edirlər ki, Ermənistan Rusiya ilə münasibətlərinin soyuqluğu və etimad əksikliyinə görə Moskva formatında sülh danışıqlarından boyun qaçırır.

Brüssel formatında isə Azərbaycan Fransanın iştirakına görə könülsüz davranır.

Azərbaycan Fransanın Ermənistanı silahlandırmasını və Azərbaycana qarşı siyasi addımlarını əsas gətirərək onun neytral mövqeyini qəbul etmədiyini bildirir.

Sülh danışıqları üçün Washington platforması bu dinləmələrdən sonra ən azı hələlik mümkünsüz görünür.

Siyasi təhlilçi Fuad Şahbazovun sözərinə görə, Washington platformasında irəliləyiş üçün Azərbaycan hökuməti bundan öncə də ABŞ-a hiss etdirib ki, bu ölkənin rəsmiləri Qarabağın Azərbaycan ərazisi olduğunu açıq bəyan etmədiyi təqdirdə bu formatda da pauza yaranacaq.

"İndi Azərbaycan tələb edir ki, Avropa və ABŞ rəsmiləri bəyanatlarında və nitqlərində açıq-aşkar desinlər ki, bəli, Qarabağ Azərbaycan ərazisidir, yalnız ondan sonra Azərbaycan Washington formatına yenidən maraq göstərə bilər, amma James O’Brien-ın indiki ritorikası onu göstərir ki, bu platformada da bir müddət pauza yaranacaq", - Fuad Şahbazov deyib.

Onun fikrincə, ABŞ rəsmlərinin indiki ritorikası altında Azərbaycanın ora gedib Washington formatında sülh danışıqlar aparması zəif ehtimaldır.