Blinken-Əliyev telefon danışığı: "907-ci düzəliş bu il də dayandırılıb"
ABŞ Konqresinin "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi bu il də müvəqqəti dayandırılıb, bu barədə Azərbaycan prezidentinin ofisi məlumat yayıb.
Bu xəbəri ABŞ Dövlət Katibi Anthony Blinken Prezident İlham Əliyevə telefon danışığı zamanı çatdırıb. Prezident İlham Əliyev "bununla bağlı minnətdarlıq bildirib."
Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına əsasən, aprelin 28-də ABŞ Dövlət Katibi Blinken Prezident İlham Əliyevə telefonla zəng edib.
Rəsmi Bakının bu danışıq barədə yaydığı məlumata əsasən, ABŞ Dövlət Katibi Azərbaycan-ABŞ ikitərəfli əlaqələrin "daha da möhkəmləndirilməsinin önəmini bildirmiş, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulamış, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirmişdir."
Məlumatda deyilib ki, Prezident Əliyev telefon zənginə görə minnətdarlığını bildirərək, "Azərbaycan-ABŞ əlaqələrinin zəngin tarixə malik olduğunu" qeyd edib, "Cənub Qaz Dəhlizi layihəsinin icrasına verilən dəstəyə görə" ABŞ hökumətinə təşəkkür edib.
"Regional təhlükəsizlik sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev Əfqanıstanda sülhməramlı missiyanın fəaliyyətə başladığı ilk mərhələdən Azərbaycanın oradakı iştirakının önəmini" vurğulayıb.
"Söhbət zamanı Ermənistan-Azərbaycan müharibəsindən sonrakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb," - məlumatda deyilib.
"Prezident İlham Əliyev bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini çatdırmış", Azərbaycanın "ermənilər tərəfindən dağıdılan ərazilərində bərpa işlərinin həyata keçirildiyini qeyd etmişdir."
Prezident Əliyev "regionda kommunikasiyaların açılmasının önəmini vurğulamış və uzunmüddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə" çatdırıb.
"Prezident İlham Əliyev və ABŞ dövlət katibi ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparmışlar," - Azərbaycan tərəfinin rəsmi məlumatında deyilib.
"Telefon danışığı zamanı tərəflər Azərbaycanda demokratik proseslərin inkişafı, insan haqlarının təmin olunması, siyasi plüralizmin qorunması və təmin edilməsinin önəmini vurğulamışlar, - Prezidentin Mətbuat Xidmətinin məlumatında qeyd olunub. - Azərbaycan Prezidenti, eyni zamanda, bu günlərdə ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatı ilə əlaqədar qeyd etmişdir ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanmışdır."
Əliyev-Blinken telefon danışığı barədə Ağ Evin məlumatı daha qısa olub.
ABŞ Dövlət Departamentinin 28 aprel tarixli press-relizində "Dövlət Katibi Anthony Blinken-in Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdiyi" qeyd olunub.
"Dövlət Katibi Blinken və Prezident Əliyev ABŞ və Azərbaycan arasında ikitərəfli tərəfdaşlığın davamlı əhəmiyyətini vurğulayıblar və bir sıra məsələləri müzakirə ediblər."
"Dövlət Katibi insan hüquqlarına və əsas azadlıqlara hörmətin vacibliyini vurğulayıb və ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli üçün danışıqlar aparmaq səylərini davam etdirməyin vacibliyini bildirib," - Ağ Evin məlumatında deyilib.