Rüfət Səfərov ABŞ-dan mükafat alıb, XİN ABŞ-ın bəyanatını pisləyib
Çərşənbə axşamı günü Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ dövlət katibi Antony Blinkenin ölkədəki insan hüquqları və azadlıqları ilə bağlı tənqidi fikirlərini pisləyib və "rədd edib".
XİN-nin saytı yazıb ki, Antony Blinkenin sözləri "mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanat"dır.
Azərbaycanlı hüquq müdafiəçisi Rüfət Səfərov ABŞ-da insan hüquqları ilə bağlı mükafata layiq görülüb və mükafatlandırma mərasimində Antony Blinken Azərbaycan hökumətini ədalətsiz həbs olunan hər kəsi azad etməyə çağırıb.
Azərbaycan tərəfi ABŞ Dövlət Departamentini son dörd ildə Azərbaycanın daxili işlərinə müdaxilədə ittiham edib, həmin dövrü ikitərəfli münasibətlərdə "itirilmiş illər" adlandırıb.
"Yeni ABŞ administrasiyası dövründə Azərbaycan və ABŞ arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri yenidən bərpa olunacaq", - XİN bildirib.
Bir gün əvvəl Azərbaycanda həbsdə olan tanınmış hüquq müdafiəçisi Rüfət Səfərov ABŞ Dövlət Departamentinin İnsan Hüquqları Müdafiəçisi mükafatına laiq görülüb.
Müdafiə Xətti təşkilatının icraçı direktoru Rüfət Səfərov mükafatı almaq üçün ABŞ-ə getməyə hazırlaşarkən, dekabrın 3-də saxlanılıb.
Rüfət Səfərov sağlamlığa qəsdən az ağır zərər vurma, dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə və xuliqanlıq maddələri ilə istintaq müddətinə 4 aylıq həbs edilib.
Rüfət Səfərov ittihamları qəbul etmir, həbsini fəaliyyəti ilə əlaqələndirir.
Mükafatın təqdimetməsində Rüfət Səfərov haqda danışan ABŞ dövlət katibi Antony Blinken Azərbaycan hökumətini Səfərovu və ədalətsiz həbs olunan hər kəsi azad etməyə çağırıb.
O, Rüfət Səfərovun mükafatının təqdim edərkən, onun boş qalmış stuluna yaxınlaşıb.
Azərbaycan hökuməti ölkədə siyasi motivlə həbs olunanların olmadığını bildirir.
Videoya YouTube kanalımızda baxın.