Qazaxıstanda AZAL-a məxsus təyyarə qəzası: Hələlik cavabsız suallar
- Müəllif, Pavel Aksyonov
- Vəzifə, BBC Rusca Xİdməti
Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğramasından üç gün keçməsinə baxmayaraq, hələ də aydınlaşdırlması vacib olan bir neçə mühüm hal var.
Dekabrın 25-də "Embraer"-E190 təyyarəsi J28243 nömrəli reyslə Bakıdan Qroznıya uçub. Sərnişinlərin dediyinə görə, təyyarəni endirmək cəhdi iki dəfə uğursuzluqla nəticələnib, üçüncüsündə partlayış təsəvvürü yaradan səs eşidiblər.
Bundan sonra idarəetməsində problemlər yaranan təyyarə Qazaxıstanın Xəzər sahilində yerləşən Aktau şəhərinə uçub, orda yerə çırpılıb və parçalanaraq alovlanıb.
Göyərtədə 67 nəfər olub, onlardan 38-i, o cümlədən təyyarənin hər iki pilotu həlak olub.
İnternetdə ən çox müzakirə olunan versiya təyyarəyə Qroznıdakı zenit qurğusundan atəş açılması və quyruq hissəsinin zədələnməsidir.
"Reuters" agentliyinin Azərbaycandakı mənbələri, o cümlədən qəzayla bağlı təhqiqatın ilkin nəticələrindən xəbərdar olan şəxslər deyirlər ki, bu, ən çox inanılan versiyadır, Azərbaycanda məhz belə olduğunu düşünürlər və məsələylə bağlı Rusiyadan rəsmi açıqlama gözləyirlər.
"Heç kim bunun qəsdən edildiyini iddia etmir. Amma təsdiqlənmiş faktlara əsasən, Bakı Rusiyadan təyyarəni vurduğunu etiraf etməsini gözləyir", – agentliyə danışan mənbə belə deyib.
Cümə axşamı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərdən xahiş edib ki, istintaqın nəticələri təsdiqlənənə qədər heç bir fərziyyə irəli sürməsinlər.
Rusiya mediasında hadisənin başqa versiyaları - quşlarla toqquşma və ya təyyarədə nasazlıq olması müzakirə edilir.
BBC Rusca xidməti hələ ki cavabı verilməmiş sualları bir araya gətirib.
Təyyarə yerdənmi vurulub?
Sözügedən qəzayla bağlı əsas sual budur. Təyyarənin salamat qalmış quyruq hissəsindəki izlərin xarakteri atəş versiyasını dəstəkləyir.
Gövdədə və hündürlük tənzimləyicilərində aydın görünən çoxsaylı dəliklər zenit raketindəki döyüş başlığının zədələyici elememtlərinin izlərini xatırladır.
Eyni zamanda, sağ qalmış sərnişinlər deyirlər ki, Qroznı aeroportuna enən zamanı partlayış səsi eşidiblər.
Onlardan biri, Sübhonkul Rəhimov RT-yə bildirib ki, Qroznıda pilotlar üç dəfə təyyarəni endirməyə cəhd ediblər, üçüncü dəfə nəsə partlayıb: "Partlayış oldu. Təyyarənin içində olduğunu deməzdim. Təyyarənin mənim oturduğum hissəsindəki üst örtüyü uçub getdi".
Qroznı hava limanı bağlı olubmu?
Dekabrın 27-də, günün ikinci yarısında "Rosaviasiya" bəyanat yayaraq bildirib ki, təyyarə Qroznı hava limanına enməyə cəhd etdiyi dəqiqələrdə orda "Xalça" rejimi qüvvədə oldub.
"Həmin vaxt Ukrayna dronları Qroznı və Vladiqafqaz şəhərlərində mülki infrastruktura terror hücumları həyata keçirib. Bununla əlaqədar, Qroznı hava limanının ərazisində "Xalça" rejimi tətbiq edilib. Bu, bütün təyyarələrin qeyd olunan ərazidən dərhal uzaqlaşmasını nəzərdə tutan rejimdir. Bundan başqa, Qroznı hava limanı ərazisində qatı duman olub. 500 metr yüksəklikdə yer səthi görünməyib" – "Rosaviasiya"nın rəhbəri Dmitri Yadrov belə deyib.
Onun sözlərinə görə, komandir təyyarəni Qroznıya endirmək üçün iki dəfə cəhd edib, amma hər ikisi uğursuz olub: "Komandirə başqa hava limanları təklif olunub. O, Aktau aeroportuna uçmağa qərar verib".
Amma dekabrın 25-də Qroznıda "Xalça" rejiminin planının tətbiq edilməsinə dair heç bir məlumat yoxdur.
Rusiya mətbuatında və Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artyom Korenyakonun rəsmi "Telegram" kanalında paylaşılan xəbərlərə görə, dekabrın 25-nə keçən gecə Ukrayna dronlarının yaratdığı təhlükə səbəbindən Kazan hava limanı bağlanıb.
Səhər saatlarında Rusiya hərbçiləri Bryansk, Belqorod, Voronej, Kursk və Tambov vilayətlərində, o cümlədən Azov dənizi üzərində gecə boyu 59 dron vurduqlarını açıqlayıblar.
Bundan başqa, Qroznıda, İnquşetiyanın Malqobek şəhərində və Vladiqafqazda da dronlar olduğu bildirilib.
Amma nə Rusiyanın xəbər agentliklərində, nə də Artyom Korenyakonun "Telegram" kanalında bu hava limanlarının bağlanması barədə məlumat olub.
"Regnum" agentliyi Qroznının "Severnı" aeroportunun baş direktoru Alvi Şahgiriyevə istinadən yazır ki, "Xalça" rejimi Azərbaycan təyyarəsi geri dönəndən sonra tətbiq edilib.
"O təyyarə bizdə "Xalça" rejimi hələ tətbiq olunmamış uçub getdi. Təyyarə bizim aeroportun ərazisinə daxil oldu və enmək üçün üç dəfə cəhd etdi, amma pis hava şəraitinə görə - dumana və aşağı buludluluğa görə enə bilmədi. Komandir özü alternativ aerodroma getməyə qərar verdi, bizim dispetçerlərə bildirdi ki, Bakıya doğru istiqamət götürür. Sonra fikrini dəyişərək Aktauya uçdu" – Şahgiriyev belə deyib.
Baş direktor hava hücumundan müdafiə sistemindən atılan raketlər və vurulan dronlar barədə heç nə danışmayıb. Onun "Xalça" rejimiylə bağlı dediklərini isə digər mənbələr təsdiqləmir.
Bu rejim səmada arzuolunmaz uçan obyektlər aşkar edildikdə və ya belə obyektlərin peyda olması təhlükəsi yarananda elan edilir.
Rejimin tətbiq olunduğu ərazidəki bütün təyyarələrdən oranı tərk etmələri və ya alternativ aerodromlara uçmaları, ya da başqa ərazidə gözləmələri tələb olunur. Bundan başqa, bütün uçuşlar ləğv edilir.
Cavab verilməli olan ikinci vacib sual budur ki, Qroznıda hava hücumundan müdafiə sistemi fəaliyyət göstərdiyi vaxt aerodrom və hava məkanı qapadılıbmı? Dronlara qarşı hansı vasitələrdən istifadə olunub?
Onlardan birinin vurulduğu anı əks etdirən videoda yaxınlaşmaqda olan raket də görünür, amma görüntülər o qədər də aydın deyil.
ВЧК-ОГПУ "Telegram" kanalı ekipajın Qroznıdakı dispetçerlə danışıqlarının stenoqramını əldə etdiyini bildirir. Kanal iddia edir ki, təyyarə Qroznıda 3 dəfə enməyə cəhd edib, amma REM (Radioelektron müharibə - red.) qurğularının fəaliyyətinə görə bunu edə bilməyib və Bakıya qayıtmaq qərarına gəlib.
Daha sonra kanal yazıb ki, ekipaj quşlarla toqquşma və texniki nasazlığı barədə məlumat verib. Təyyarənin sonrakı uçuş trayektoriyasından da görünür ki, idarəetmədə həqiqətən problemlər olub.
Əgər hava limanı doğrudan da qapadılmamışdısa, bu o deməkdir ki, bölgədə dron hucumuyla bağlı effektiv xəbərdarlıq sistemi yoxdur.
Və əgər mülki aeroport fəaliyyətini davam etdirirdisə, nə üçün hava hədəflərini vurmağa icazə verilmişdi?
Yox, əgər aeroport bağlı idisə, onda izah etmək lazım gələcək ki, içində sərnişinlər olan təyyarə hava hücumundan müdafiə sistemlərinin fəaliyyət zonasına necə daxil ola bilib.
Təyyarə niyə Qazaxıstana uçub?
"Flightradar24" xidmətinin xəritəsindəki markeri itəndən Xəzər dənizinin üzərində görünənə qədər təyyarədə nə baş verdiyini sağ qalan sərnişinlərin dediklərindən, həmçinin ekipajın Qroznıda dispetçerlə danışdıqlarının bir hissəsi olduğu iddia edilən mətndən öyrənmək olur.
Sərnişinlərin partlayışa, ekipajınsa quşlarla toqquşmaya bənzətdiyi hadisədən sonra təyyarə Aktau istiqamətinə uçub. Amma ola bilsin ki, bu, dərhal baş verməyib.
Alvi Şahgiriev "Regnum" agentliyinə deyib ki, ekipaj əvvəlcə Bakıya uçmaq istəyib, amma sonra Aktauya doğru istiqamət götürüb. Onun dedikləri ВЧК-ОГПУ kanalının xəbərini təsdiqləyir.
Dispetçerlə söhbətin bu kanalda yayımlanan mətninə görə, ekipaj digər aeroportlardakı hava şəraitiylə bağlı suallar verib.
Ekipaj əvvəlcə Mineralnıye Vodı şəhərinin hava limanındakı vəziyyəti soruşub, sonra Mahaçqalaya yollanacaqlarını bildirib.
Bir azdan ekipaj daha bir nasazlıq haqqında məlumat verib, hidravlikanın sıradan çıxdığını bildirib. Kanalın dərc etdiyi mətndə qeyd olunur ki, bir müddət sonra ekipaj Rostovdakı dispetçerlə əlaqəyə keçib.
Bundan sonra nə baş verdiyi bilinmir, təyyarənin digər aeroportlara enmək cəhdləri barədə heç bir məlumat yoxdur.
Yuxarıda qeyd olunan Mahaçqala və Mineralnıye Vodı hava limanlarından başqa, Vladiqafqaz, Nalçik və Nazranda da hava limanları var. Buna baxmayaraq, təyyarənin komandiri Xəzər dənizin o biri tərəfində - 400 kilometr uzaqda olan Aktauya uçmağa üstünlük verib.
Onun bu variantı seçməsinin səbəbi məlum deyil.
"Euronews" Azərbaycan hakimiyyətindəki mənbəyə istinadən yazıb ki, ekipajın təcili eniş icazəsi tələb etməsinə baxmayaraq, zədələnmiş təyyarənin Rusiya hava limanlarına enməsinə icazə verilməyib.
Bu, mövcud praktikaya ziddir. Adətən, eniş yerini təyyarənin komandiri seçir və qəza vəziyyətində olan təyyarəyə bu imkan yaradılır.
Oksigen balonu partlayıbmı?
Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev cümə axşamı keçirdiyi brifinqdə bildirib ki, enməzdən əvvəl təyyarənin göyərtəsində oksigen balonu partlayıb. Onun sözlərinə görə, bu, Rostov dispetçerləri qəzalı təyyarəni Aktaudakı dispetçerlərə təhvil verdikdən sonra baş verib.
"On dəqiqə sonra, yerli vaxtla saat 10:53-də nəzarətçi-dispetçer "Rostov" Aktau uçuş dispetçerinə əlavə məlumat verərək bildirib ki, sərnişin salonunda qaz balonu partlayıb, onlar huşlarını itirirlər. Buna görə o, təyyarə enən zaman reanimasiya xidməti tələb edib" - nazir belə deyib.
Nazirin sözlərinə istinadən hazırlanmış bu xəbəri Rusiya agentlikləri yayıblar, amma onlar təyyarənin yerdən atəşə tutulması versiyası barədə heç nə yazmayıblar.
Əgər belə bir partlayış həqiqətən baş veribsə, bunun təyyarənin idarəetmə sisteminə nə dərəcədə mənfi təsir göstərdiyi hələ ki məlum deyil.
Təyyarənin markeri "Flightradar24" xidmətinin xəritəsində yenidən görünəndə o, artıq dənizin üzərindəydi və Aktauya doğru uçurdu.
Xidmətin məlumatlarından görünən odur ki, təyyarə hündürlüyü və uçuş istiqamətini davamlı olaraq dəyişib. Bu, idarəetmə sistemlərinin sıradan çıxması ucbatından ola bilərdi.
Qəza yerindən çəkilən fotolarda təyyarənin quyruq bölümündə çoxlu kiçik dəliklər olduğu görünür. Bu bölüm həm də qalxma və enməyə cavabdehdir, onun zədələnməsinə görə təyyarə idarəetməni itirə bilərdi.
Uçuşun son dəqiqələrinin trayektoriyası pilotların Aktau aeroportun enməyə çalışdıqlarını, buna nail ola bilmədiklərini və yenidən cəhd etdiklərini göstərir. Onlar üçüncü cəhdi başa çatdıra bilməyiblər - təyyarə yerə düşüb.
İstintaq
Qəzanı Qazaxıstanın hökumət komissiyası təhqiq edir. Hökumətin saytında yayılan bəyanatda deyilir ki, Qazaxıstan istintaq prosesində Azərbaycanla əməkdaşlıq edir.
Adətən, belə təhqiqatlarda qəzanın baş verdiyi ölkənin, təyyarənin məxsus olduğu ölkənin və təyyarəni istehsal edən ölkənin nümayəndələri iştirak edirlər. "Embraer"-E190AR Braziliyada istehsal edilib.
İnsident Rusiya ərazisi üzərində başladığı üçün araşdırmada rusiyalı mütəxəssislər də iştirak edəcəklər. Amma qəzanı əsasən Qazaxıstan rəsmiləri araşdıracaq.
"Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarına (Qazaxıstan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq) məhkəmə-tibbi ekspertizada iştirak etməyə icazə verilməyəcək, amma aviaqəzanın təhqiqatında iştiraka icazə veriləcək" - Qazaxıstanın Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev belə deyib ("Anadolu" agentliyi).
Təhqiqatın məqsədi qəzanın səbəblərini və baş vermə şəraitini öyrənməkdir; kimlərin günahkar olduğu və kimin nə qədər günahkar olduğu müəyyən edilməyəcək.
Artıq təyyarənin hər iki registratoru tapılıb - onlardan biri uçuşun müxtəlif parametrlərini, ikincisi isə ekipajın danışıqlarını qeyd edir.