Tənqidlərdən sonra Azərbaycanın COP29 siyahısına qadınlar da əlavə edilib

İlham Əliyev COP29 Azərbaycan İqlim iqlim dəyişikliyi ətraf mühitin qorunması

Şəklin mənbəyi, President.az

Şəklin alt yazısı, COP29-un gələn il Azərbaycanda keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədən şəkil
  • Müəllif, Aygül Mehman
  • Vəzifə, BBC Azərbaycanca

Azərbaycan 28 üzvdən ibarət COP29 İqlim Komitəsi üzvlərinin sayını artırıb, heyətdə 12 qadın da təmsil olunacaq.

Bundan əvvəl COP29 komitəsinə yalnız kişi namizədlərin təyin edilməsi tənqidlərə səbəb olmuşdu.

She Changes Climate” (Qadın iqlimi dəyişir) adlı hərəkat komitənin tərkibinə qadınların daxil edilməməsini “geriləyici qərar” adlandırıb.

Xarici mediada bu həftə barədə tənqidi yazılar yazılıb.

Azərbaycan Prezidenti İlham Əliyev bu gün yeni sərəncamla komitənin tərkibinə qadın təmsilçilər də əlavə edib.

Nə baş vermişdi?

Bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29-un 28 nəfərdən ibarət və yalnız kişilərdən təşkil olunmuş Təşkilat Komitəsinin tərkibini Azərbaycan Prezidenti İlham Əliyev dekabr ayında elan etmişdi.

Guardian yazıb ki, “She Changes Climate” (Qadın iqlimi dəyişir) adlı təşviqat kampaniyası qrupu komitənin tərkibinə qadınların daxil edilməməsini “reqressiv qərar” adlandırıb.

“Bunun əksinə, ötən ay Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilmiş COP29 iqlim sammitində təşkilat komitəsinin 63 faiz üzvü qadınlardan təşkil olunmuşdu. COP29 komitəsinin demək olar ki, bütün üzvləri, aralarında Dövlət Təhlükəsizlik Xidməti rəhbərinin də yer aldığı nazirlər və ya rəsmilərdir. Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri də komitəyə daxildir”, - Guardian yazır.

Yazıda “She Changes Climate”-ın yaydığı bəyanatdan çıxarışda bildirilirdi:

“Bu, iqlimdə gender bərabərliyi yolunda reqressiv (geriyə) addımdır. Lakin hələ də dəyişiklik üçün vaxt var. Biz bu ilin iqlim müzakirələrində idarəetmədə bərabər iştirakçılıq istəyirik, çünki iqlim dəyişikliyi bütün dünyaya təsir edir, onun yarısına deyil”.

Yeni tərkibdə daha 1 kişi və 12 qadın

COP29-un Təşkilat Komitəsinin yeni tərkibinə təhsil naziri Emin Əmrullayev və 12 müxtəlif vəzifələrdə təmsil olunan qadın daxil edilib.

"28 kişi, sıfır qadın". Climatechangenews saytı Azərbaycanın COP29 komitəsinin ilkin tərkibini belə təsvir edib. Sayt yazmışdı ki, Azərbaycanın hökumət və dövlət təşkilatlarında əsas vəzifələri kişilər tutur.

Sayt həmçinin yazıb ki, siyahıdakı bəzi "rəsmilərin ailələri mübahisəli ofşor maliyyə sxemlərində iştirakda ittiham olunur".

Böyük Britaniyada fəaliyyət göstərən Qadınların Bərabərliyi Partiyası da komitədə yalnız kişilərin olması qərarına qarşı çıxanlardan olub.

"Dünya alov içərisindədir, iqlimimiz böhrandadır, qadınlar qeyri-proporsional seçilib. COP29 komitəsinin planeti xilas etmək üçün inqilabi ideyası nədir? Əlbəttə ki, qadınları qərarların verilməsindən uzaqda tutmaq!", - partiya X hesabında yazıb.

Komitədə kimlər var?

nazir müavini, məmur, millət vəkili qadınlar

Şəklin mənbəyi, Azertag

Şəklin alt yazısı, Prezidenti İlham Əliyevin sərəncamıyla COP29-un təşkili komitəsinin tərkibinə əlavə olunmuş bəzi qadın məmurlar və millət vəkilləri

Komitənin Azərbaycan Prezidentinin saytında dərc olunmuş əvvəlki siyahısı belədir:

  • Samir Nuriyev - Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının rəhbəri
  • Muxtar Babayev – ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti
  • Ceyhun Bayramov – xarici işlər naziri
  • Mikayıl Cabbarov – iqtisadiyyat naziri
  • Vilayət Eyvazov – daxili işlər naziri
  • Anar Ələkbərov – Prezidentin köməkçisi
  • Hikmət Hacıyev – Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
  • Kəmaləddin Heydərov – fövqəladə hallar naziri
  • Teymur Musayev – səhiyyə naziri
  • Rəşad Nəbiyev – rəqəmsal inkişaf və nəqliyyat naziri
  • Arif Səmədov – Prezidentin Protokol xidmətinin rəisi
  • Pərviz Şahbazov – energetika naziri
  • Samir Şərifov – maliyyə naziri
  • Şahin Bağırov – Dövlət Gömrük Komitəsinin sədri
  • Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
  • Ruslan Əliyev – Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru
  • Eldar Əzizov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı
  • Vüsal Hüseynov – Dövlət Miqrasiya Xidmətinin rəisi
  • Anar Quliyev – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
  • Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi
  • Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru
  • Ülvi Mehdiyev – Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
  • Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri
  • Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
  • Əli Nağıyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
  • Fuad Nağıyev – Dövlət Turizm Agentliyinin sədri
  • Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
  • Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti.

Komitəyə sonradan əlavə olunan şəxslər:

  • Emin Əmrullayev – elm və təhsil naziri
  • Fərəh Əliyeva – Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
  • Nigar Arpadarai – Milli Məclisinin deputatı
  • Aygün Əliyeva – Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru
  • Səbinə Əliyeva – İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
  • Sevinc Fətəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputat
  • İlhamə Qədimova – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
  • Bahar Muradova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
  • Zəkiyyə Mustafayeva – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
  • Firuzə Sultanzadə – “EkoSfera” Sosial Ekoloji Mərkəzi İdarə Heyətinin sədri
  • Umayra Tağıyeva – ekologiya və təbii sərvətlər nazirinin müavini
  • Mariana Vasileva – gənclər və idman nazirinin müavini
  • Səadət Yusifova – mədəniyyət nazirinin müavini

Qadınlarsız. "Təbii ki!"

Euronews Azərbaycanın COP29-da təşkilat komitəsində yalnız kişilərin təmsil olunmasını “qadınların qərar qəbuletmə prosesindən kənar qalması” adlandıraraq kampaaniya aparanların bunu pislədiyini yazıb.

Nəşr COP tarixinə nəzər salaraq, qadınların əsas iqlim danışıqlarında kifayət qədər təmsil olunmamasını xatırladır və tədbirin keçirildiyi 29 il ərzində yalnız beş qadının prezident təyin edildiyini vurğulayır.

Nəşr COP29-un təşkilat komitəsinin üzvlərini “qalmaqallı heyət” adlandırır və bunun qınaq doğurduğunu yazıb.

"Beləliklə, COP29 komitəsinin planeti xilas etmək üçün inqilabi ideyası nədir? Qadınların qərar qəbul etmə prosesindən kənarda qalması… təbii ki!”, - Böyük Britaniyanın Qadın Bərabərliyi Partiyası X-da yazıb.

COP29 komitəsi sammitin təşkili və keçirilməsini tənzimləyən Fəaliyyət Planının hazırlanmasına və həyata keçirilməsinə cavabdehdir.

Euronews yazır ki, Azərbaycan mədən yanacağından çox asılıdır və dünyanın ən qədim neft hasil edən regionudur.

BƏƏ 63 faiz qadınları seçmişdi

BƏƏ cop28

Şəklin mənbəyi, Getty Images

"Qadınları qərarların verilməsinə yaxın buraxmamaq: Kampaniyaçılar Azərbaycanın kişilərdən ibarət Komitəsini X-də tənqid edir" - Euronews saytında belə başlıqla yazı dərc edib.

Qadınlar əsas iqlim danışıqlarında hər zaman az təmsil olunublar və bu tədbirin 29 illik tarixində cəmi beş prezident qadın olub.

Kampaniyaçılar gender balansının pozulduğu bu qərarı geriləyici adlandırıblar, onlardan biri deyib ki, "iqlim dəyişikliyi bütün dünyaya təsir edir, yarısına yox", Euronews yazır.

Keçən il COP28 tədbirində Birləşmiş Ərəb Əmirliklərinin təşkilat komitəsinin 63 faizi qadın idi, sayt xatırladır.

Siyahıya 12 qadının əlavə edilməsiylə Azərbaycanın COP29 Təşkilat komitəsində qadınların nisbəti təxminən 30 faiz təşkil edib.

Komitə nə ilə məşğul olacaq?

Preizdent İlham Əliyev COP29 Təşkilat Komitəsinə noyabr ayında keçiriləcək sammit üçün fəaliyyət planı hazırlamaq tapşırığı verib.

Komitəyə həmçinin tədbirin təşkilatçılığına məsul şirkət yaratmaq işi həvalə olunub.