Məzmuna keç

Bibliya/Paulun Filimona Məktubu

Vikimənbə saytından
Paulun Titə Məktubu Bibliya. Paulun Filimona Məktubu

İbranilərə Məktub


1 Qeydlər

Filimon Kolosse şəhərinin imanlı cəmiyyətinin mötəbər məsihçisi idi. O, Onisim adlı qulun sahibi idi. Bu qul öz sahibindən qaçıb Paulla tanış olmuşdu. Paul o vaxt zindanda idi. Paulun vasitəsilə Onisim məsihçi oldu. Paul məktubunda Filimondan xahiş edir ki, o, keçmiş qulu ilə barışsın, çünki Paul onu sahibinə geri göndərirdi. Paul Filimona tövsiyə edir ki, Onisimi bağışlasın, çünki o artıq qaçqın bir qul deyil, Məsihdə ona qardaşdır.

Kitabın məzmunu:

  • 1:1-3 Salamlar
  • 1:4-7 Şükür və dua
  • 1:8-22 Paulun Onisim üçün xahişi
  • 1:23-25 Xudahafizləşmə

1 Məsih İsa uğrunda həbs olunan mən Pauldan və Timotey qardaşdan sevimli əməkdaşımız Filimona, 2[1] bacımız Apfiyaya, birlikdə mübarizə apardığımız Arxipə və Filimonun evində toplaşan imanlılar cəmiyyətinə salam! 3 Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!

Şükür və dua

4 Dualarımda səni yada salıram və Allaha daima şükür edirəm. 5 Çünki Rəbb İsaya olan imanını və bütün müqəddəslərə bəslədiyin məhəbbəti eşidirəm. 6 Sən Məsihdə malik olduğumuz hər xeyirli şeyi dərk etdikcə imanını başqaları ilə paylaşmaqda fəal olmağın üçün dua edirəm. 7 Qardaşım, sənin məhəbbətin mənim üçün böyük sevinc və təsəlli qaynağı oldu. Çünki müqəddəslərin ürəyi sənin sayəndə təravətləndi.

Paulun Onisim üçün xahişi

8 Buna görə münasib olanı sənə buyurmağa Məsihdə böyük cəsarətim olsa da, 9 indi Məsih İsa uğrunda həbsdə olan mən – yaşlı Paul sənə məhəbbətlə yalvarıram. 10[2] Həbsdə ikən ruhani atası olduğum oğlum Onisimlə bağlı səndən bir xahişim var. 11 O bir vaxtlar sənə yararsız idi, amma indi həm sənə, həm də mənə yararlıdır.[3] 12 Onun özünü, yəni can-ciyərimi sənin yanına göndərirəm.[4] 13 Müjdə uğrunda həbsdə olduğum müddətdə sənin əvəzinə mənə xidmət etməsi üçün onu yanımda saxlamaq istəyirdim. 14 Amma sənin razılığın olmadan heç bir iş görmək istəmədim. İstədim ki, etdiyin yaxşılıq məcburi deyil, könüllü olsun.

15 Onisimin bir müddət səndən ayrılması bəlkə də bundan ötrü oldu ki, sən onu həmişəlik, 16 artıq qul kimi deyil, quldan üstün, sevimli bir qardaş kimi qəbul edəsən. O, xüsusilə, mənim üçün çox sevimlidir. Lakin həm cismən, həm də Rəbdə olaraq sənin üçün daha artıq sevimli qardaşdır.

17 İndi məni özünə şərik sayırsansa, onu da məni qəbul edəcəyin kimi qəbul et. 18 Əgər sənə hər hansı bir haqsızlıq etmişsə yaxud borcludursa, bunu mənim hesabıma yaz. 19 Mən Paul bunu öz əlimlə yazıram ki, əvəzini mən ödəyəcəyəm. Sənin öz həyatın üçün mənə borclu olduğunu demək istəmirəm. 20 Bəli, qardaş, Rəbdə mənə bir yardımın olsun. Ürəyimi Məsihdə təravətləndir.

21 İtaətkar olduğuna əmin olaraq bunu sənə yazıram. Bilirəm ki, istədiklərimi artıqlaması ilə yerinə yetirəcəksən. 22 Bununla yanaşı, mənə bir qonaq otağı hazırla. Ümidvaram ki, dualarınız vasitəsilə sizə bəxş olunacağam.

Xudahafizləşmə

23[5] Məsih İsada olub mənimlə birgə həbs olunan Epafra, 24[6] əməkdaşlarım Mark, Aristarx, Dima, Luka da sənə salam göndərir.

25 Rəbb İsa Məsihin lütfü sizin ruhunuza yar olsun!

Qeydlər

[redaktə]
  1. Kol. 4:17
  2. Kol. 4:9
  3. Onisim – yunan mətnində Onisimos sözü olub yararlı deməkdir.
  4. Onun özünü … göndərirəm – bəzi əlyazmalarda Onu sənin yanına göndərirəm. Sən də onu, can-ciyərimi qəbul et.
  5. Kol. 1:7; 4:12
  6. Həv. 12:12,25; 15:37-39; 19:29; 27:2; Kol. 4:10,14; 2Tim. 4:10-11

Yaradılış Kitabı • Çıxış Kitabı • Levililər Kitabı • Saylar Kitabı • Qanunun Təkrarı Kitabı • Yeşua Peyğəmbərin Kitabı • Hakimlər Kitabı • Rut Kitabı • Birinci Şamuel Kitabı • İkinci Şamuel Kitabı Birinci Padşahlar Kitabı • İkinci Padşahlar Kitabı • Birinci Salnamələr Kitabı • İkinci Salnamələr Kitabı • Ezra Kitabı • Nehemya Kitabı • Ester Kitabı • Əyyub Kitabı • Zəbur • Süleymanın Məsəlləri • Vaiz Kitabı • Nəğmələr Nəğməsı Kitabı • Yeşaya Peyğəmbərin Kitabı • Yeremya Peyğəmbərin Kitabı • Mərsiyələr Kitabı • Yezekel Peyğəmbərin Kitabı • Daniel Peyğəmbərin Kitabı • Huşə Peyğəmbərin Kitabı • Yoel Peyğəmbərin Kitabı • Amos Peyğəmbərin Kitabı • Avdıya Peyğəmbərin Kitabı • Yunus Peyğəmbərin Kitabı • Mikeya Peyğəmbərin Kitabı • Nahum Peyğəmbərin Kitabı • Habaqquq Peyğəmbərin Kitabı • Sefanya Peyğəmbərin Kitabı • Haqqay Peyğəmbərin Kitabı • Zəkəriyyə Peyğəmbərin Kitabı • Malaki Peyğəmbərin Kitabı • Mattanın Nəql Etdiyi Müjdə • Markın Nəql Etdiyi Müjdə • Lukanın Nəql Etdiyi Müjdə • Yəhyanın Nəql Etdiyi Müjdə • Həvarilərin İşləri • Paulun Romalılara Məktubu • Paulun Korinflilərə Birinci Məktubu • Paulun Korinflilərə İkinci Məktubu • Paulun Qalatiyalılara Məktubu • Paulun Efeslilərə Məktubu • Paulun Filipililərə Məktubu • Paulun Kolosselilərə Məktubu • Paulun Saloniklilərə Birinci Məktubu • Paulun Saloniklilərə İkinci Məktubu • Paulun Timoteyə Birinci Məktubu • Paulun Timoteyə İkinci Məktubu • Paulun Titə Məktubu • Paulun Filimona Məktubu • İbranilərə Məktub • Yaqubun Məktubu • Peterin Birinci Məktubu • Peterin İkinci Məktubu • Yəhyanın Birinci Məktubu • Yəhyanın İkinci Məktubu • Yəhyanın Üçüncü Məktubu • Yəhudanın Məktubu • Yəhyaya Nazil Olan Vəhy