50°56′05″ şm. e. 1°23′45″ q. u.HGYO

Sausempton Universiteti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sausempton Universiteti
Loqonun şəkli
Xəritə
50°56′05″ şm. e. 1°23′45″ q. u.HGYO
Əsası qoyulub 15 oktyabr 1862
Tip Dövlət
Tələbə sayı 25000
Şəhər Sauthempton şəhəri
Ölkə
Sayt southampton.ac.uk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sausempton Universiteti (ing. The University of Southampton) — İngiltərədə, Sauthempton şəhərində yerləşən ali təhsil müəssisəsi. Böyük Britaniyanın ən nüfuzlu təhsil ocaqlarından biridir.

Universitet tədrisə, təhsilə, tələbə təcrübəsinə əsaslanan əlverişli mühitdə əsasən beş sahəyə - fərqli təhsilə, tələbənin istedadına önəm verməyə, qlobal problemlərin öyrənilməsinə diqqət ayırmağa, gənclərin gələcəyini təmin etməyə və əvəzolunmaz sosial təcrübə bəxş etməyə diqqət yetirir.

Sausempton Universitetinin tarixi 1862-ci ildə xeyriyyəçi Henri Robinson Hartlinin yardımı nəticəsində yaradılmış Hartli təhsil müəssisəsi ilə başlayır. Belə ki, 1850-ci ildə Hartli ölüm ayağında olarkən elmin inkişafı və öyrənilməsi mərkəzinin yaradılması üçün Sauthempton şəhərinin Hay stritdə yerləşən malikanəsini və 103000 funt-sterlinq məbləğdə vəsaitini vəsiyyət edir. Həmin dövrdə, adətən kolleclər yaradıldığı halda, qeyri-adi xarakterə malik Hartli isə mərkəz yaradılması haqqında qərar verir. Onun vəfatından sonra vəsiyyətnaməyə dair uzunmüddətli məhkəmə çəkişmələri və kütləvi debatlardan sonra Sauthemptonda institut yaratmaq qərara alınır.

1862-ci il oktyabrın 15-də baş nazir Lord Palmerstonun iştirakı ilə Hartli İnstitutunun açılış mərasimi keçirilir. 1883-cü ildə institut Hartli Kolleci adlandırılır. Buna tələbələrin və müəllimlərin sayının artması, yataqxanaların və digər obyektlərin çoxalması səbəb olur.

1902-ci ildə Hartli Kolleci Hartli Universitet Kolleci adlandırılır və London Universitetinin filialına çevrilir. Bu proses kollecdə aparılan tədrisin, maliyyələşmənin və digər işlərin yoxlanılmasından sonra baş tutur. Ali məktəbdə tələbələrin sayının çoxalması yeni vəsaitin toplanılmasına, Hayfild ərazisində yeni torpaqların alınmasına səbəb olur. 1914-cü il iyunun 20-də ölkənin baş naziri Vikont Holdeynin təşəbbüsü ilə ali məktəb Sauthempton Universitet Kolleci adlandırılır.

Birinci Dünya müharibəsi başladıqdan 6 həftə sonra kollecin binası hərbi hospitala çevrilir, ali məktəbin binalarının arxasında taxta daxmalar tikilir.

1920-1930-cu illərdə xeyriyyəçilərin kollecə etdikləri yardım nəticəsində kitabxanalar, universitet yolunun hər iki kənarında binalar tikilir. İkinci Dünya müharibəsi dövründə şəhərə atılan bombalar ali məktəbin binalarına xəsarət yetirir. Kollecin yataqxanaları isə Fransa, Amerika və Polşa hərbçilərinə verilir.

Müharibədən sonra elektronika üzrə mütəxəssis, alman əsilli Erix Zeplerin səyi nəticəsində kollecin Elektronika bölməsi, Səs və Vibrasiya İnstitutu yaradılır. 1952-ci il aprelin 29-da kraliça II Yelizavetanın hakimiyyətinin ilk həftələrində Kraliça xartiyasına əsasən Sauthempton Universitet Kolleci Sausempton Universiteti adlandırılır və elmi dərəcə vermək hüququ qazanır. Universitetdə 6 fakültə yaradılır:

  • İncəsənət fakültəsi;
  • Dəqiq elmlər fakültəsi;
  • Mühəndislik fakültəsi;
  • İqtisadiyyat fakültəsi;
  • Pedaqogika fakültəsi;
  • Hüquq fakültəsi.

Hersoq Vellinqton universitetin kansleri təyin edildikdən sonra 1953-cü il iyulun 4-də burada ilk elmi dərəcələr verilir, tələbə və müəllimlərin sayı sürətlə artır, ali məktəbin kampusu genişlənir. 1961-ci ildə universitetə şəhər şurası yaxınlığında yerləşən 200 binanı almaq icazəsi verilir, burada Tibb və Okeanoqrafiya fakültələri yaradılır. 1960-1970-ci illərdə Çaylvort malikanəsi, Qlen Eyr və Montefiore binaları əldə edildikdən sonra universitetin yeni yataqxanaları tikilir.

1987-ci ildə Universitet Qrantları Cəmiyyəti ölkə üzrə ali məktəblərin maliyyələşməsini azaldır, nəticədə bu universitet də bir qədər böhran yaşayır. Universitetin Alt Komitəsi daha çətin vəziyyətə düşməmək məqsədilə müəllimlərin sayını azaltmağı təklif edir. Bu təklif universitetin kampuslarında nümayişlərlə qarşılanır və nəticədə universitetin Senatı tərəfindən rədd edilir. 1980-ci ilin ortalarından 1990-cı illərədək universitet Hayfilddə ərazisini genişləndirir, konfransların keçirilməsi üçün malikanə və elmi park, Milli Okeanoqrafiya Mərkəzi, idman meydançaları və digər məkanlar tikilir.

Vitse-kansler Hovard Nyubinin dövründə universitet daha məqsədəuyğun fəaliyyətə başlayır və yüksək keyfiyyətli tədqiqatlar aparır. 1990-cı illərdə Sausempton Universiteti daha iki yeni kampus əldə edir, Vençester İncəsənət Məktəbi və Le Sainte Birləşmiş Kolleci Sausempton Universitetinə birləşdirilir. Mərkəzi-cənubi İngiltərədə Tibb bacısı və mamalıq məktəbi yaradılır və mütəxəssis hazırlığına başlanılır. Universitetin Beysinqstok, Vinçester, Portsmut və Nyuport subkampuslarında tələbələrinin sayı sürətlə çoxalır.

1997-ci ilin payızında Böyük Britaniyada kütləvi meningit xəstəliyi yayılır və 3 nəfərin ölümünə səbəb olur. Sausempton Universiteti bu xəstəliklə mübarizə üsulu olaraq kütləvi vaksinasiya proqramını həyata keçirir.

2002-ci il yanvarın 22-də Sausempton Universiteti qızıl yubileyini qeyd edir. Həmin dövrdə universitetin tədqiqatlardan əldə etdiyi vəsait ümumi gəlirlərinin əsas hissəsini təşkil edir. Son illər universitetin Elektronika və Kompüter Elmləri Məktəbi, Optoelektronika Elmi-Tədqiqat Mərkəzi, İnkişaf Elmləri İnstitutu, yeni idman zalı tikilərək istifadəyə verilib.

Müasir vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Sausempton Universitetinin 5 kampusu mövcuddur. Onlardan 4-ü Sauthempton, 1-i isə Vinçester şəhərində yerləşir. Hayfild kampusunun yaxınlığında hazırda yeni kampus - Dəniz Qabaqcıl Təcrübə Mərkəzi tikilir.

Universitetin əsas kampusu Hayfild rayonunda yerləşir. 1914-cü ildə açılmış kampus memar Cayls Hilbert Skottun layihəsi əsasında yaradılıb. 1956-cı ildə ser Bezil Spensə universitet şəhərciyinin genişlənməsi üzrə ümumi plan hazırlanması tapşırılıb. Spens beton, şüşə və mozaikadan istifadə edərək müasir görünüşlü binaların tikintisinə nail olub. Hayfild şəhərciyinin ən yeni planı isə 1998-ci ildə memar Rik Mather tərəfindən hazırlanıb. O, əsasən kampusun yaşıllaşdırılması layihəsi ilə məşğul olub, həmçinin Zepler və Qauer binalarını tikib.

Hayfild kampusunda böyük park yerləşir, park boyu heykəltəraşlar Barbara Hepvortun, Castin Noulzun, Nik Poupun və Con Edvardsın əl işləri yerləşdirilib. Kampusda Con Hansard Qalereyası, Nuffield teatrı, Terner Sims konsert zalı mövcuddur.

Avenyu kampusu

Sausempton Universiteti Avenyu kampusunu 1993-cü ildə 2 milyon funt-sterlinqə alıb. Əvvəllər həmin ərazidə Riçard Tonton Kolleci və Sauthepmton Tramşeds binası fəaliyyət göstərib. Hazırda bu kampusda Humanitar elmlər fakültəsinin binaları, Dil Tədqiqatı Mərkəzi, 2006-cı ildə xüsusi dizaynla tikilmiş Arxeologiya binası, viktorian üsluba aid Əsas Bina, Bercess, Krouford binaları yerləşir.

Sauthemptondakı Milli Okeanoqrafiya Mərkəzi

Milli Okeanoqrafiya Mərkəzi universitet tərəfindən xüsusi tikilmiş mərkəzdir. 1995-ci ildə açılmış mərkəzdə 4 tədqiqat institutu fəaliyyət göstərir. Burada elmi-tədqiqat məqsədlərinə xidmət edən RRS Discovery, RRS Ceyms Kuk gəmiləri mövcuddur. Milli Okeanoqrafiya Mərkəzində dəniz dibinin, səviyyəsi, sahil tədqiqatları və s. öyrənilir.

Sauthempton xəstəxanaları universitetə məxsus böyük xəstəxanaların yerləşdiyi ərazidən ibarətdir. Burada Tibb fakültəsinin binaları, xəstəxanalar, laboratoriyalar, tədqiqat mərkəzləri yerləşir.

Boldervud kampusu Hayfild şəhərciyinə yaxın ərazidədir. 2010-cu ilədək bu ərazidə universitetin Tibb fakültəsinin binaları və bioloji elmlər üzrə tədqiqat mərkəzləri yerləşirdi. Sonradan bu binalar Sauthempton xəstəxanaları ərazisinə köçürüldükdən sonra burada Dəniz Qabaqcıl Təcrübə Mərkəzinin tikintisinə başlanılır və görülən işlərin 2014-cü ildə tamamlanması nəzərdə tutulur. Kampusda Lloyld Registr Mərkəzi və Dəniz İnstitutunun yerləşməsi nəzərdə tutulur.

Sausempton Universitetində onlarla bakalavr, magistr və doktorluq proqramları təklif edən 8 fakültə fəaliyyət göstərir:

  • Biznes və hüquq fakültəsi İnternet, dəniz, ekologiya hüququ, strategiya, marketinq, idarəetmə, dizayn, tekstil, qrafika, moda və digər bu kimi sahələr üzrə təhsil proqramları təklif edir. Fakültənin apardığı tədqiqatların əhəmiyyətli hissəsi ixtisaslaşmış mərkəzlərdə - Dəniz Hüququ, Sauthempton Qanun və Şəbəkə institutlarında, Bank işi, Maliyyə və Davamlı İnkişaf, Əməliyyat Tədqiqatları, İdarəetmə Elmləri və İnformasiya Sistemləri, Risk Tədqiqatları mərkəzlərində həyata keçirilir. Fakültənin akademik binaları Hayfild əsas kampusunda və Vinçester universitet şəhərciyində yerləşir.
  • Mühəndislik və ətraf mühitin mühafizəsi fakültəsində akustik, aerokosmik, sənaye, biotibb, vətəndaş, hesablama, elektromexanika, ekologiya, mühəndislik-geologiya, mühəndislik, gəmiçilik və nəqliyyat sahələri üzrə geniş spektrdə tədqiqatlar həyata keçirilir. Bu, Böyük Britaniyada aviasiya və maşınqayırma texnologiyaları, tikinti, elektrotexnika, ətraf mühit və maşınqayırma sahələrində ən yaxşı təhsil verən fakültələrdəndir. Fakültə Hayfild əsas kampusunda fəaliyyət göstərir.
  • Sağlamlıq elmləri fakültəsi reabilitasiya və aktiv həyat tərzi, təşkilatçılıq və tibbi yardım göstərilməsi, xərçəng, palliativ əlac və tibbi xidmət, eləcə də digər məsələlər üzrə tədqiqatlar aparır. Fakültənin əsas elmi fəaliyyət hissəsi Hayfild kampusunda yerləşsə də, cənubi Hempşir ərazisi böyu da forpostları mövcuddur.
  • Tibb fakültəsində respirator tibb, tibb elminin inkişafı, xərçəng tədqiqatları, sümük və oynaq xəstəlikləri, ümumi tibbi təcrübə, immunologiya və gövdə hüceyrələri, regenerativ tibb sahələri əsas tədqiqat istiqamətlərindəndir. Tibb fakültəsi Xərçəng, Kliniki neyroelmlər, Birləşmiş kliniki elmlər, Sağlamlığın və xəstəliyin mənşələri, İnfeksiya, iltihab və immunitet, Tibbi təhsil departamentlərindən ibarətdir. Fakültənin əsas fəaliyyət mərkəzi Hayfild kampusundan kənarda yerləşən Sauthempton xəstəxanaları ərazisindədir. Sausempton Universitetinin Tibb fakültəsi xərçəng xəstəliyinin tədqiqatları və ilkin tibbi yardımın təşkili üzrə ölkədə yüksək yerləri tutur.
  • Humanitar elmlər fakültəsində arxeologiya, ingilis dili, film, tarix, müasir dillər, musiqi və fəlsəfə sahələrini əhatə edən geniş çeşidli ixtisas proqramları mövcuddur. Fakültə Yəhudi/Qeyri Yəhudi Əlaqələri İnstitutuna, Tətbiqi Dillər Tədqiqatları, Orta Əsrlər və İntibah Mədəniyyəti, Transmilli Tədqiqatlar, Meksika- Sauthempton Əməkdaşlığı, Çeuton Kitabxana evi ilə birgə işləyən XVIII əsr Sauthempton Tədqiqatları mərkəzlərinə sahiblik edir. Fakültənin əsas fəaliyyət mərkəzləri Avenyu və Hayfild kampuslarıdır.
  • Təbiət elmləri və ekologiya fakültəsi geokimya, farmakologiya, kataliz, elektrokimya, okean dinamikası, paleokeanoqrafiya, paleoklimatologiya, ekologiya, molekulyar biologiya və digər sahələri əhatə edən proqramlar təklif edir. Fakültənin Sauthempton Milli Okeanoqrafiya və Yer Elmləri Mərkəzi mövcuddur. Təbiət elmləri və ekologiya fakültəsinin akademik bölmələri Hayfild, Uoterfront kampuslarında, Sauthempton Baş xəstəxanasında yerləşir. Kimya və geologiya sahələrinin inkişafına görə universitet ölkənin ali məktəbləri arasında birinci yerləri tutur.
  • Fizika və tətbiqi elmlər fakültəsində astronomiya, informatika, elektroenergetika, elektronika, nanotexnologiya, optoelektronika, fizika, fundamental sahələr üzrə tədqiqatlar həyata keçirilir. Fakültənin fotonika və nanomateriallar tədqiqatları həyata keçirən 100 milyon funtluq Maunbatten binası mövcuddur.
  • Sosial və insan elmləri fakültəsi demoqrafiya, iqtisadiyyat, pedaqogika, coğrafiya, gerontologiya, beynəlxalq münasibətlər, operativ tədqiqatlar, siyasət, psixologiya, riyaziyyat, sosiologiya, sosial siyasət, sosial fəaliyyət və statistika sahələrini əhatə edir. Fakültə Hayfild kampusunda fəaliyyət göstərir və sosial elmlər üzrə dünyanın ən aparıcı tədqiqat mərkəzlərindən biridir. Sosial və insan elmləri fakültəsinin Pedaqogika, Coğrafiya, Riyaziyyat, Psixologiya, Sosial Elmlər, Müasir Çin mərkəzləri, Sauthempton Statistika Elmləri İnstitutu mövcuddur.

Sausempton Universitetinin kampuslarında 5 kitabxana fəaliyyət göstərir. Əsas Hartli kitabxanası Hayfild kampusunda yerləşir və ölkənin ən zəngin kitabxanalarındandır. Hartli kitabxanasının sakit oxu zalı, tədqiqat otaqları, kafeləri tələbələrin xidmətindədir. Əlil və sağlamlıq imkanları məhdud tələbələr üçün kitabxanada lazımi şərait yaradılıb. Universitetə qəbul olan tələbə avtomatik olaraq kitabxanaya üzv seçilir.

Universitet kitabxanasının kolleksiyasına ümumilikdə 1,6 milyon cild kitab, 6 milyon əlyazma, 8000 dövri nəşr, 5000 elektron jurnal daxildir. Bu rəqəmlər mütəmadi olaraq artmaqdadır. Sausempton Universiteti çox zəngin əlyazmalar və nadir kitablar kolleksiyasına, ilahiyyat və yəhudi dininə aid 4500 cilddən artıq kitaba, "İlahi komediya"nın 6 nadir nəşrinə malikdir. 1983-cü ildə kitabxanaya I Vellinqton hersoqu Artur Uelslinin yazışmaları daxil olub. Eyni zamanda ali məktəbdə Palmerston və Mountbatten kimi sənədlərin də saxlandığı Broadlands arxivi fəaliyyət göstərir.

Sausempton Universitetində kansler vəzifəsi formal xarakter daşıyır və bu vəzifəni xanım Helen Aleksandr icra edir. O, universitetin ilk qadın kansleridir. Ali məktəbin vitse-kansleri isə professor, ictimai səhiyyə üzrə dünya şöhrətli ekspert Don Nutbeamdır. Fakültələrə dekanlar rəhbərlik edir. Sausempton Universitetinin idarəedici orqanları Universitet Şurası və Senatdır. Universitetdə ümumilikdə 5000-dən çox işçi çalışır.

Sausempton Universitetində 25000-dən çox tələbə təhsil alır. Onların 18000-ə qədəri bakalavr, qalanları isə magistr və doktorantlardır. Universitetdə dünyanın 130 ölkəsini təmsil edən əcnəbi tələbə oxuyur.

2009-2010-cu tədris ilində Sausempton Universitetinin illik gəlirləri 394177000 funt-sterlinq olub. Həmin vəsaitin 117897000-ni maliyyə şurası qrantları, 103018000-ni təhsil haqqı və təhsil sazişləri, 88343000-ni tədqiqat qrantları və sazişləri, habelə digər vasitələr hesabına əldə olunan gəlirlər təşkil edib.

Həmin tədris ilində ali məktəbin ümumi xərcləri 390135000 funt-sterlinq olub. Göstərilən məbləğin 227106000-ni əməkdaşların əməkhaqqı, 22999000-i amortizasiya, qalanlarını isə digər əməliyyat xərcləri təşkil edib.

2011-2012-ci tədris ilində Sausempton Universitetində bakalavr səviyyəsində təhsil haqqı 10820-25500 funt-sterlinq təşkil edir. Magistratura səviyyəsində təhsil haqqı 11440-14460, doktorantura səviyyəsində isə 11440-16120 funt-sterlinqdir.

Sausempton Universitetində 1 tədris ilində tələbəyə təhsil haqqını çıxmaq şərti ilə 7500-9000 funt-sterlinq lazım gəlir. Bu məbləğə yataqxana, qidalanma, Sauthempton daxili nəqliyyat, kitab, dəftərxana ləvazimatları, avadanlıq və digər lazımi əşyalar daxildir. Tələbənin seçdiyi həyat tərzindən asılı olaraq sərf olunan vəsait dəyişə də bilər.

Xarici əlaqələri

[redaktə | mənbəni redaktə et]

Sausempton Universiteti Rassell, Avropa Universitetləri, Birlik Ölkələri Universitetləri assosiasiyalarının, Beynəlxalq Universitetlər Şəbəkəsinin və Liman Şəhərlərinin Universitet Liqasının[1] üzvüdür.

Sausempton Universiteti hazırda Böyük Britaniyanın və dünyanın akademik nüfuza malik aparıcı ali məktəblərindən biridir.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Sausempton Universiteti Tayvan Milli Universiteti ilə birgə 100 ən yaxşı ali məktəb arasında 95-ci yerdə olmuşdur.

"Times Higher Education World University Rankings"in 2010-cu il üzrə dünyanın ən nüfuzlu universitetləri arasında apardığı araşdırmaya əsasən, Sausempton Universiteti 90-cı, "QS World University Rankings"in açıqlamasına görə isə 81-ci yerdə qərarlaşmışdır.

"QS World University Rankings"in 2011-2012-ci tədris ili üçün açıqladığı reytinq cədvəlinə əsasən Sausempton Universiteti 75-ci, "Times Higher Education World University Rankings"in cədvəlində isə 127-ci yerdə dayanmışdır.

Məşhur məzunları

[redaktə | mənbəni redaktə et]

Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:

  • Pehin Bin İbrahim – Bruney Darussalamın sabiq daxili işlər naziri;
  • Evan Enverem – Nigeriya Senatının sabiq sədri;
  • Məhəmməd Lütfi Fərhad – Şimali Afrika Parlamentinin sabiq vitse-prezidenti;
  • Adrian Fulford – Beynəlxalq Cinayət Məhkəməsinin hakimi;
  • Cerald Hovart – Beynəlxalq Təhlükəsizlik Strategiyası naziri;
  • Ceyson Hu – Çin Respublikasının sabiq xarici işlər naziri, Tayçjun şəhərinin meri;
  • Ebele Okeke – Nigeriya dövlət xidmətinin ilk qadın rəhbəri;
  • Artur Batton – Böyük Britaniya Kral Hava Qüvvələrində sabiq böyük komandan.
  1. Member Universities (As of 2014) Arxivləşdirilib 2021-09-16 at the Wayback Machine. pul.ynu.ac.jp  (ing.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]