Diplomatik protokol

Vikipediya, azad ensiklopediya
(Protokol (diplomatiya) səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç

Diplomatik protokol - beynəlxalq ünsiyyətdə dövlətlər, hökumətlər, xarici işlər nazirlikləri, diplomatik nümayəndəliklər və rəsmi şəxslər tərəfindən icrası zəruri sayılan, beynəlxalq təcrübədə qəbul olunmuş qaydalar, ənənələr və şərtlərin toplusu. Lakin bütün sadalananlar heç bir dövlətin özunəməxsus adətlərini və milli ənənələrini inkar etmir.

Beynəlxalq təşkilatlarda üzvlük, zirvə toplantıları, beynəlxalq konfranslar və s. diplomatik prokolsuz keçinə bilməz.

"Protokol" - yunan dilindəki protokollon sözündən götürülüb, "protos" - birinci, "kollo" - yapışdırmaq deməkdir. Etimoloji mənada "protokol" sözü Bizans diplomatiyasında təntənəli mərasimlərdə tərtib edilən sənədin 1-ci hissəsini bildirirdi, bu hissədə iştirakçıların siyahısı göstərilirdi. Orta əsrlərdə protokol dedikdə sənədlərin tərtibatı və arxivləşdirilməsi qaydası başa düşülürdü. Sonralar isə diplomatiya və diplomatik xidmət anlayışlari ilə əlaqəli şəkildə işləməyə başladıqda, sənədlərin tərtibatı ilə yanaşı özündə etiket və mərasim məsələlərini də əks etdirməyə başladı.

Diplomatik protokolun tələblərinə erinasızlıq, ən xırda ehtiyatsızlıq bəzən dövlətlər arasındakı əlaqələrin kəsilməsi, hətta müharibə şəraitinin yaranması ilə müşahidə oluna bilir.

Diplomatik protokolda hər bir dövlətin rəmzlərinə hörmətlə yanaşılması birbaşa dövlətin suverenlik hüququna hörmətin təzahürüdür. İkinci tərəfdən dövlətin bərabərhüquqlu olduğu diplomatik protokolun demək olar ki, əksər elementlərində təsbit olunur. Xüsusilə qəbullar zamanı diplomatik nümayədəliklərin başçılarının və diplomatik heyətin üzvlərinin müvafiq ardıcıllıqla əyləşməsinin müəyyənləşdirilməsi qaydaları, diplomatik korpusda başçılıq (duayen), beynəlxalq müqavilələrin imzalanması zamanı növbəlilik (alternat) qaydası, eləcə də beynəlxalq konfranslarda sədrlik buna misal ola bilər.

Dövlətin aktiv və passiv səfirlik hüququ da diplomatik protokolla tənzimlənir. Səfir təyin olunması zamanı aqreman tələbi, etimadnamə təqdim olunması mərasimi, səfərlərin təşkili qaydaları ikitərəfli razılıq əsasında baş verir.

18 mart 1815-ci imzalanmış Vyana Reqlamenti diplomatik protoklun ümumi qaydalarını müəyyənləşdirən ilk sənədlərdən biri hesab olunur. Bir qayda olaraq həmin vaxtdan ağsaqqallığın növbəli şəkildə, diplomatik nümayəndəliyin başçısının öz funksiyalarını icra etməyə başladığı gündən həyata keçirilməsi qərara alındı. Vyana Reqlamenti ilk dəfə diplomatik nümayəndələrin vahid beynəlxalq dərəcələrini unifikasiya etmiş və dövlətlərin diplomatik praktikasına daxil etmişdir.