Oxayy
Oxayy erm. Օխիկ | |
---|---|
| |
Yaşadığı yer |
|
Həyat yoldaşı | Bilinmir |
Uşaqları | Süsən (Qazax versiyasında) |
Sehrli gücləri |
Cild dəyişdirmə, canını hissələrə parçalama |
Şagirdləri |
Gülməmməd (əsas versiyada) Xanoğlan (Qazax versiyasında) Əhməd (tamaşada) |
Məlumat | |
Növü | İnsan |
Peşə | Sehrbaz |
Oxayy — eyniadlı Azərbaycan nağılında cadugər qəhrəman. Qazaxın Köçəsgər kəndindən toplanmış versiyasında cadugər Axvay, erməni versiyasında Oxik (erm. Օխիկ), abxaz versiyasında Xaytın adlanır.[1]
Nağılın Azərbaycan versiyasında Oxayy
[redaktə | mənbəni redaktə et]Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Oxayy nağılda saçı ağarmış, bığları çiyninə, saqqalı dizinə çatmış vəziyyətdə təsvir edilir. O, yanına götürdüyü şagirdlərə bir il cadu-sehr öyrətdikdən sonra onları öldürür. Heç bir şey öyrənə bilməyənləri qovur. Çünki onlar Oxayyın sirlərini başqalarına verə bilməzlər.[i 1] Nağılın Qazax versiyasında Axvay sehrbazlığı öyrədib qurtarana qədər şagirdlərini evində işlədirdi, onları öldürdükdən sonra isə meyidlərini damda saxlayırdı.[i 2]
Oxayy su altında yaşayır və o biri dünyanın təmsilçisidir. Yaşadığı qəsrin dörd bir tərəfi insan qanından dənizlərlə əhatə edilmişdir. Qəsrinin həyəti heyvan cildində insanlarla doludur. Qəsr əslində dibi dənizdə, başı göyün yeddinci qatında olan, insan kəlləsindən hörülmüş divarlarla əhatəli ölülər səltənətidir.[2]
Oxayyın cadu-sehr dərslərinə insan (sövdəgər, dərviş), heyvan (qırqovul, ceyran, qatır, ata, dəvə, şahin) və bitki (qızılgül çiçəyi) cildinə girmə daxildir. Heyvan cildləri yaralı və axsaq da ola bilər, padşahlarda və Məkkədə tapılmayacaq qədər mükəmməl vəziyyətdə də ola bilər. Cildə girilən zaman bir neçə hissəyə parçalananda (darılar, cücələr, ləçəklər) bütün hissələr məhv edilmədən sehri icra edən şəxs ölmür.[i 3]
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]SMOMPK. Tatar (azərbaycanlı) nağıllarında
[redaktə | mənbəni redaktə et]Gülməmməd atası ilə səyahət edəndə bir bulağa rast gəlir. Atası bulaqdan su içdikdən sonra "oxayy" deyir və birdən suyun içindən Oxayy adında bir qoca kişi çıxır. Gülməmmədin atası oğlunu birilliyinə Oxayyın yanına oğulluğa verir. Sehrbaz Gülməmmədi bulağın içindən yerin altındakı evinə aparır. Oxayyın qızı Gülməmmədə aşiq olur və onu qorumaq üçün Oxayyın cadu-sehr dərslərində bacarıqsız şagird kimi davranmasını istəyir. Gülməmməd Oxayyın təlimlərini və gizli sirlərini öyrənir, ancaq bacarıqlarını müəlliminə göstərmədiyi üçün bir il sonra atasının yanına göndərilir.[i 4]
Gülməmməd pul qazanmaq üçün heyvan cidlərinə girərək atasının onu dəfələrlə satmasına nail olur və daha sonra sahiblərinin əlindən qaçır. Ancaq sövdəgər cildinə girmiş Oxayy dəvə cildindəki Gülməmmədi yüyəni ilə birlikdə satın alıb, bulağına aparır. Oxayyın qızı atası Gülməmmədi öldürməsin deyə azad edir. Gülməmməd qırqovul şəklinə düşür, Oxayy isə şahin cildində yeddi gün onu izləyir. Gülməmməd padşah sarayında qızılgül kimi gizləndikdə Oxayy dərviş cildində qəsidə oxuyub, mükafat olaraq qızılgülləri alır. Gülmməd darıya çevriləndə Oxayy toyuq və cücələrə çevrilir. Ancaq toyuq və cücələr bütün darıları yemədiyindən son darı çaqqala çevrilib, toyuq və cücələri yeyir.[i 5]
Nağılın Qazax versiyasında
[redaktə | mənbəni redaktə et]Xanoğlan atası ilə səyahət edəndə bir çeşmənin yanında "axvay" edir. Çeşmənin yanında, zirzəmidə yaşayan Axvay bunu eşidib Xanoğlanı üç il şagirdi etmək üçün razılaşır. Üç il ərzində Axvaydan sehr öyrənən Xanoğlan özünü bacarıqsız göstərib azad olur. Ancaq sonra Xanoğlan özünü dəvə cildində satdırdığı zaman çodar (mal-qara alveri ilə məşğul olan adam) sürətindəki Axvayın əlinə düşür.[i 6]
Xanoğlan Oxayyın qızı Süsənin köməkliyi ilə Axvaydan qurtulur. İkisi müxtəlif cildlərə girərək bir-birlərini qovalayırlar. Axırda tülkü şəklindəki Xanoğlan toyuq və cücələr şəklindəki Axvayı yeyir.[i 7]
Mədəniyyətdə istifadəsi
[redaktə | mənbəni redaktə et]1991-ci ildə Azərbaycan Dövlət Kukla Teatrında Namiq Ağayevin "Oxay və Əhməd" tamaşası səhnələşdirilmişdir.[3] Arif Hüseynovun "Azərbaycan nağılları" seriyasındakı rəsmlərdən biri Oxayy və sehrbaz şagirdi Əhmədə həsr edilmişdir.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]İlkin mənbələr
[redaktə | mənbəni redaktə et]- ↑ SMOMPK: Azərbaycan folkloru materialları, 1-ci cild, 2018. səh 132–134.
- ↑ Azərbaycan nağılları, I cild, 2005. səh. 63–66
- ↑ SMOMPK: Azərbaycan folkloru materialları, 1-ci cild, 2018. səh 135–138.
- ↑ SMOMPK: Azərbaycan folkloru materialları, 1-ci cild, 2018. səh 132–134.
- ↑ SMOMPK: Azərbaycan folkloru materialları, 1-ci cild, 2018. səh 135–138.
- ↑ Azərbaycan nağılları, I cild, 2005. səh. 63–66
- ↑ Azərbaycan nağılları, I cild, 2005. səh. 67–68
İkinci dərəcəli mənbələr
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan nağılları, I cild, 2005. səh. 241
- ↑ Türk Mitolojisi Ansiklopedik Sözlük, Celal Beydili, 2003, Yurt Yayınevi (türk.).
- ↑ anl.az. "Azərbaycan Dövlət Kukla Teatrı. 1965-2010-cu illərdə səhnələşdirilən tamaşalar". 2023-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-23.
- ↑ Əliyev, Ziyadxan. "ARİF HÜSEYNOVUN YARADICILIGINDA MİNİATÜR ƏNƏNƏLƏRİ" (PDF). 2021. İstifadə tarixi: 21 avqust 2024.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- SMOMPK: Azərbaycan folkloru materialları, 1-ci cild. Bakı, Elm və təhsil, 2018, −232 səh.
- Azərbaycan nağılları. Beş cilddə. I cild. Bakı, Şərq-Qərb, 2005, 360 səh.