Mahpeykər xanım Sultan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mahpeykər xanım Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 17 may 1917(1917-05-17)
Doğum yeri Beşiktaş sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 3 aprel 2000(2000-04-03) (82 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Dəfn yeri Zəncirliquyu məzarlığı, İstanbul
Atası Ənvər Paşa
Anası Əminə Naciyə Sultan
Həyat yoldaşı Fikrət Ürqüp
Uşağı Həsən Ürqüp
Ailəsi Osmanlı xanədanı

Mahpeykər xanım Sultan və ya Mahpeykər Ənvər (17 may 1917, İstanbul3 aprel 2000, İstanbul) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.

Mahpeykər xanım Sultan 17 may 1917-ci ildə Beşiktaş sarayında dünyaya gəldi. Atası İttihaq və Tərəqqi cəmiyyətinin görkəmli nümayəndəsi Ənvər Paşa, anası isə Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndinin qızı Naciyə Sultandır. Hələ 1 yaşında ikən atası Ənvər Paşa vəzifədən alındı və ingilislərin İttihad və Tərəqqi üzvləri haqqında həbs qərarı çıxarmasının ardından da ölkədən qaçmağa məcbur qaldı. Ancaq o əsnada anası hamilə idi və bu səbəblə Mahpeykər xanım anasıyla birlikdə İstanbulda qaldı. Bacısı Türkan xanımın dünyaya gəlişindən bir neçə ay sonra anası və azyaşlı bacısıyla birlikdə Berlinə getdi (1920). Ancaq çox keçmədən atası Sovet Rusiyasına qaçdı, Mahpeykər xanım və digər ailə üzvləri əmiləri Mehmed Kamil bəyin himayəsində Berlində qaldı. Cəmi 2 il sonra - 4 avqust 1922-ci ildə atasının vəfatının ardından dul qalan Naciyə Sultan övladlarını da yanına alaraq İstanbula döndü və ərinin vəsiyyətinə əsasən, ertəsi il 30 oktyabr 1923-cü ildə qaynı Mehmed Kamil bəylə nigahlandı. Mahpeykər xanımın bu nigahdan bir bacısı daha - Rəna xanım dünyaya gəldi. Ancaq çox keçmədən 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Mahpeykər xanım da ailəsiylə birlikdə sürgünə göndərildi. İlk öncə Parisdə yaşayan Mahpeykər xanım və ailəsi daha sonra Nitsaya köçdü. Burada bacısı və qardaşıyla, eləcə də Fərrux Əfəndinin qızları Nəslişah Sultan, Xanzadə SultanNəcla Sultanla birlikdə ögey atası olan əmisi Mehmed Kamil bəy tərəfindən Osmanlı türkcəsini öyrəndilər.

1931-ci ildə son xəlifə Əbdülməcid Əfəndi qızı Dürrüşəhvar Sultanı Heydərabad nizamı Mir Osman Əli xanın böyük oğluyla evləndirdi və Mahpeykər xanımı da nizamın kiçik oğlu Müəzzəm Cahla evləndirmək istəyirdi. Ancaq o əsnada Qahirədə yaşayan Fuad Əfəndinin səyləri nəticəsində, nizamın kiçik oğluyla Adilə Sultanın qızı Nilüfər xanım Sultan evləndirildi.

1939-cu ildə Ənvər Paşanın ailəsi üçün çıxarılan xüsusi əfv qanunuyla, Mahpeykər xanım, bacısı Türkan xanım və qardaşı Əli bəy Türkiyəyə qayıda bildi və İstanbulda yaşadılar. Soyadı qanunuyla Ənvər soyadı aldılar. Ancaq İkinci Dünya müharibəsinin başlaması ilə Nitsada tək qalan anaları Naciyə Sultanın yanına qayıtdılar və 1943-cü ilədək İsveçrədə yaşadılar. Bu müddət ərzində tibb təhsili alan Mahpeykər xanım psixiatriya sahəsində peşəkarlaşdı. 1946-cı ildə özü kimi həkim olan Fikrət Ürqüplə (d. 1914 - ö. 1977) evləndi və bu nigahdan bir oğlu dünyaya gəldi. 1954-cü ildə ABŞ, 1959-cu ildə Birləşmiş Krallıq1961-ci ildə Türkiyədə çalışdı.

3 aprel 2000-ci ildə İstanbulda vəfat edən Mahpeykər xanım Zəncirliquyu məzarlığında dəfn olundu.