40°31′43″ şm. e. 50°00′37″ ş. u.HGYO

Maştağa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Maştağa
40°31′43″ şm. e. 50°00′37″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Sabunçu rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 19 m
Əhalisi
Əhalisi
  • 43.700 nəf. (2013)
Maştağa xəritədə
Maştağa
Maştağa
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MaştağaBakının Sabunçu rayonunda şəhər tipli qəsəbə.[1] Bir sıra tarixi fərziyyələrə görə,[2][3] qəsəbə sakinlərinin soykökündə Böyük Kiri döyüşdə məğlub edən və V–VI əsrlərdə Xəzər sahillərində məskunlaşan qədim köçəri türk tayfası durur.

Bakı şəhərinin ən böyük yaşayış məskənlərindən biri hesab olunan, 6 min hektara qədər əraziyə malik[4] Maştağa kəndi (sonralar qəsəbəyə çevrilib) qədim bir tarixə malikdir. Burada Azərbaycanın qədim adət və ənənələri, inam və etiqadları, mifoloji təsəvvürləri, şifahi ədəbiyyatı qorunub saxlanmaqdadır. Daha doğrusu, kəndin əhalisi bütün bunları nəsilbənəsil bir-birinə ötürür və ən gözəl ərmağan kimi bu gün də yaşadır.

Maştağa kəndi öz tarixini burada ucaldılmış, tarixin daş yaddaşına çevrilmiş memarlıq abidələri ilə də təsdiqləyir. Lakin təəssüflər olsun ki, kənddə geniş arxeoloji qazıntılar aparılmadığından, tarixi faktların elmə töhfəsi qənaətbəxş deyildir. Maştağanın orta əsrlərdən bəri 27 hamamı, 21 ovdanı, müdafiə qalası, 20 məscidinin inşaası, tarixi ərazisinin irimiqyaslı ictimai tikililərlə zəngin olması onu Bakıdan sonra ikinci yerə qoyurdu. Bir məhəllədə 5 məscidin, 7 hamamın, 5 ovdanın olması Abşeronda istisna hal idi.[5]

"Maştağa" sözü, bu kəndin özündən əvvəl yaranıb. Bəzi mənbələrə görə kəndin adı "Məşqətə" olmuş, 5000 illik tarixi olan dövlət olmuşdur. Digər bir məlumata görə isə görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov "Gülüstan-i İrəm" əsərində "Maştağa" toponiminin "massaget" sözündən yaranması fikrini irəli sürmüşdür. Azərbaycan xalqının soykökündə mühüm rol oynayan bu tayfa eramızdan əvvəl VI–V əsrlərdə mövcud olub. Bu toponimin digər mənasını da Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində "Məşədi ağa" kimi vermişdir. Bakı xanı Mirzə Məhəmməd xan vaxtilə burada möhtəşəm bir qala tikdirmişdir. Hətta qalanın yanında məscid də olub. Ötən əsrin 20-ci illərində dağıdılmışdır. Kəndin ətrafında aparılan qazıntılar zamanı mis sikkələr aşkar edilmişdir. Tədqiqatçılar bildirirlər ki, kəndin qədim tarixi var. Təəssüf ki, yadelli işğalçıların basqınına məruz qalan Maştağa dəfələrlə dağıdılmışdır. Stepan Razindən tutmuş (1668) Stepan Şaumyana kimi (1915–1918) bu qədim kəndə kimlər divan etməmişdir.[6]

Maştağa Bakının memarlıq mərkəzlərindən biri olub. Maştağa həm də görkəmli ruhanilərin, elm, mədəniyyət və sənət adamlarının vətəni olmuşdur.

AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə təxminən 43.7 min nəfər əhali yaşayır.[7]

Tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə bu kəndin əyalət şəhəri olması ehtimal olunur. Maştağa əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, bu kəndin əhalisi orta əsrlərdə dəfələrlə çox olmuşdur. Maştağada evlərin sayı 1849-cu ildə 854, 1886-cı ildə 1137 və 1921-ci ildə 1260 idi. Əhali sayı 1842-ci ildə 3619 nəfər idi və Bakı kəndləri arasında bu saya görə 1-ci olsa da, sonrakı illərdə daha sürətlə artmış, 1886-cı ildə 6179, 1904-cü ildə 7784, 1913-cü ildə 8730, 1926-cı ildə 8220 və 1939-cu ildə 11642 nəfər olmuşdur. 1913-cü ildə Bakı kəndləri arasında mədən-zavod rayonu ərazisinə aid olan kəndləri saymasaq, əhali sayına görə yenə 1-ci yerdə idi. Sovet dövrü quruculuq-abadlıq işləri kənddə məskunlaşmanı sürətləndirmiş, burada ən sürətli artım olmuşdur. Əhali sayı 1959-cu ildə 16,9 min, 1970-ci ildə 22,2 min, 1979-cu ildə 31,9 min, 1989-cu ildə 40,2 min, 1999-cu ildə 38,9 min, 2009-cu ildə 43,7 min və 2016-cı ildə 45,1 min nəfər olmuşdur.[5]

İqtisadiyyatı

[redaktə | vikimətni redaktə et]

Əkinçilik, ticarət.

İnfrastrukturu

[redaktə | vikimətni redaktə et]

Qəsəbədə parklar, olimpiya kompleksi, mədəniyyət və gənclər evi, 7 saylı şəhər xəstəxanası, poliklinika, 1 saylı ruhi xəstəxana, internat, peşə və musiqi məktəbləri, 2 ATS, poçt məntəqəsi, 2 kitabxana, şadlıq sarayları, kafe, restoranlar, müasir ticarət mərkəzləri və d. sosial binalar fəaliyyət göstərir. Qəsəbədə 8 məktəbdə 7542 şagird təhsil alır və 6 uşaq bağçasında 446 uşaq tərbiyə alır (2011). Savalan ərazisində yeni məktəb və bağça tikilmişdir. Məktəblərin çoxu qəsəbənin köhnə hissəsində yerləşdiyi üçün yeni salınan məskənlərdə məktəb və uşaq bağçalarına böyük ehtiyac vardır. Qəsəbədə istehsalat müəssisələrindən zeytun yağı istehsal edən müəssisə (hazırda Gilan Holdinqə məxsusdur), ticarət avadanlığı və metal konstruksiyalar zavodu, yeyinti sənayesinə aid olan ət kəsimi, kənd təsərrüfatı emal müəssisəsi, çörək sexi, qadın geyimlər fabriki fəaliyyət göstərir; kiçik müəssisələr vardır. Maştağada məşğulluq probleminin həlli üçün buranı beynəlxalq əhəmiyyətli turizm mərkəzinə çevirmək imkanları vardır. Tarixi abidələrin çoxluğu, təkrarlanmayan memarlıq abidələri, məscidlər, pirlər, hamamlar, ovdanlar və d. buranı İcərişəhərdən sonra 2-ci böyük turizm məkanına çevrilməsi üçün geniş imkanlar aça bilər. Qəsəbədə xalq sənətkarlıq mərkəzinin, xalçaçılıq, aqro-sənaye və d. müəssisələrin açılması problemlərin həllində geniş imkanlar yaradar.[5]

Tanınmış şəxsləri

[redaktə | vikimətni redaktə et]
  1. Azərbaycan Respublikasının inzibati — erazi bölgüsü. Məlumat toplusu. Bakı — 2013. 488 səh.
  2. Bakıxanov, Abbasqulu Ağa (1951). Gülüstani-Irəm. Bakı: Elmlər Akademiyası Nəşriyyatı.
  3. Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti. Maştağa qəsəbəsi. http://sabunchu-ih.gov.az/page/236.html Arxivləşdirilib 2022-03-15 at the Wayback Machine
  4. "Tribuna", 10 mart 2001-ci il.
  5. 1 2 3 R. Əliyeva, E. Bədəlov "Abşeronda məskunlaşma və memarlıq". Bakı — "Avropa" — 2016.264 səh.
  6. Bakı kəndləri [ölü keçid]
  7. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine: 2013-cü ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine (min nəfər)

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  • "Maştağa məscidinin axundu: "Belə getsə, məscid tamamilə sıradan çıxacaq" - VİDEO" (az.)). islamazeri.az. 2017-03-03. 2017-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-03.
  • Qoçuları və qəhrəmanlıqları məşhur Maştağa
  • Təkrarı olmayan tarixi abidə məhv edilir – Sakinlər qədim abidəni "zibil qutusuna"çevirib