Hisao Kanze

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hisao Kanze
yap. 観世寿夫
Doğum tarixi 12 noyabr 1925(1925-11-12)[1]
Doğum yeri
Vəfat tarixi 7 dekabr 1978(1978-12-07) (53 yaşında)
Vəfat yeri
Fəaliyyəti aktyor

Hisao Kanze (観世 寿夫, Kanze Hisao?, 12 noyabr 1925[1], Şitaya-ku[d]7 dekabr 1978, Tokio)Yaponiya no aktyoru. Hideo Kanzenin böyük qardaşı olmuşdur. Onu Yaponiyada "ikinci Zeami" adlandırırlar.[2]

Hisao Kanze 12 noyabr 1925-ci ildə Tokioda doğulmuşdur. Yaponiyanın aparıcı no aktyorlarından biri olmuş Qasetsu Kanzenin birinci oğlu idi. Atasından və babası Kasetsu Kanzedən rəqs dərsləri almışdır. Səhnə performansı debütünü üç yaşında "Şoco" adlı tamaşada gerçəkləşdirmiş, ilk baş rol təcrübəsini yeddi yaşında yaşamışdır.[3]

1946-cı ildə no dərsi qruplarından birinə qoşulmuş və Zeami Motokiyonun no mətnlərini oxumuşdur.[3] No dünyasının mühafizəkarlığının onu məhdudlaşdırdığını hiss etsə də, qardaşı Hideodan fərqli olaraq no dünyasından ayrılmamış və ortodoks nonu öz şərhləri ilə aşılamaq qərarına gəlmişdir. Bu məqsədlə 1950-ci ildə Kanze, KitaKonparu məktəblərinin no aktyorları ilə birlikdə No İntibahı Qrupunu qurmuşdur. 1953-cü ildə no dünyasını araşdırmaq məqsədilə qardaşları Hideo və Şizuo, eləcə də, Nomura qardaşları ilə "Hana no Kay" (hərf.Çiçək qrupu) adlı qrupu yaratmışdır. 1955-ci ildə Mansaku Nomura ilə birlikdə Arnold Şönberqin musiqisi üçün "Aylı Pyero" rəqs tamaşasında çıxış etmişdir. 1957-ci ildə İqor Stravinskinin "Əsgərin hekayəsi" tamaşasında rol almışdır.[4]

Kanze 1954-cü ildə Venesiya Beynəlxalq Teatr Festivalına dəvət olunan ilk no ansamblının üzvü olmuşdur. 1962-ci ildə Fransa hökumətindən qrant alaraq 6 ay Parisdə təhsil almış və Jan Lui Barronun təsiri altında teatr şirkətləri və teatr istehsalı haqqında məlumatlar əldə etmişdir. 1967-ci ildə Vilyam Batler Yeyts "Şahin quyusunda" əsərinin no versiyası olan "Takahime" tamaşasında rol almışdır.[4] "Mey no Kay" (hərf.Yeraltı qrupu) qrupunun üzvü kimi "Kral Edip" (1970), "Aqamemnon" (1972), "Qodonu gözləyərkən" (1973) və "Medeya" (1975) tamaşalarının səhnəyə qoyulmasında iştirak etmişdir. 1974-cü ildə Tadaşi Suzukinin "Vaseda Şoqekico" (hərf.Kiçik teatr) ansamblı tərəfindən səhnəyə qoyulan "Troyalı qadınlar" tamaşasında Menalay rolunda çıxış etmiş, 1978-ci ildə eyni ansamblın "Bakkalar" faciəsində Dionisi canlandırmışdır. 7 dekabr 1978-ci ildə Tokioda xərçəng səbəbilə ölmüşdür.[2]

1965-ci ildə Əhəmiyyətli Qeyri-Maddi Mədəni Mülk Daşıyıcısı adına layiq görülmüş və No Teatrı Assosiasiyasının üzvlüyünə namizəd göstərilmişdir. Lakin bu adları qəbul etməmişdir.[2]

  1. 1 2 Bibliothèque nationale de France Hisao Kanze // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 Cohen. səh. 652
  3. 1 2 Cohen. səh. 650
  4. 1 2 Cohen. səh. 651
  • Cohen, Selma Jeanne. Internation of Encyclopedia of Dance (ingiliscə). III. Oxford University Press. 1998. 650–652. ISBN 0-19-512307-7. İstifadə tarixi: 29 fevral 2024.