Hüseyn Seyidzadə
Hüseyn Seyidzadə | |
---|---|
Doğum tarixi | 15 oktyabr 1910[1] |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyun 1979 (68 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | kinorejissor |
Təhsili | |
Mükafatları | |
IMDb | ID1150930 |
www.iravan.info |
Hüseyn Əli oğlu Seyidzadə (15 oktyabr 1910[1], İrəvan, İrəvan quberniyası, Rusiya imperiyası – 2 iyun 1979, Bakı) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1970).[2] Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifidir.
Həyatı
[redaktə | vikimətni redaktə et]Hüseyn Mirəli oğlu Seyidzadə 1910-cu il, oktyabrın 15-də İrəvanda anadan olmuşdur. Həsən Seyidovun kiçik qardaşıdır. 1927-ci ildə Bakıda tikiş fabrikində əmək fəaliyyətinə başlamış, sonra fəhlə teatrına daxil olmuş, aktyor köməkçisi kimi fəaliyyət göstərmişdir. Bir ildən sonra o, Gənc işçi teatrının aktyoru olmuşdur. 1930-cu ildə Leninqradda rejissorluq kursunu bitirmiş və Bakıya qayıtmışdır. 1936-cı ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. 1938-ci ildə "Bakılılar", "Böyük şəfəq", 1939-cu ildə "Ayna" filmlərinin çəkilişində rejissorluq etmişdir. Sonra o, "Lenfilm" studiyasında öz peşəsini təkmilləşdirmişdir. 1943-cü ildə rejissor Niyazi Bədəlovla birgə müharibəyə sovqat göndərən insanların vətənpərvərlik duyğularından söhbət açan "Sovqat" filmini çəkmişdir. 1956-cı ildə Bakının kinoteatrlarında ekrana Hüseyn Seyidzadənin "O olmasın, bu olsun" filmi çıxarıldı. Azərbaycanda elə bir kino əsəri yoxdur ki, "O olmasın, bu olsun" qədər məşhur aktyor ansamblı toplaya bilsin. Dünyanı dolaşan bu film Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Hüseyn Seyidzadə 1969-cu ildə İsmayıl Şıxlının eyniadlı romanı əsasında yazdığı "Dəli Kür" ssenarisini ekranlaşdırıldı. "Yenilməz batalyon" (1965), "Koroğlu" (1960), "Var olun qızlar" (1972), "Qayınana" (1978) bədii filmləri H. Seyidzadənin ən yaxşı rejissor işlərindəndir. Hüseyn Seyidzadə mübariz sənətkar idi. O, sözünü açıq deməyi xoşlayırdı. O, 1970-ci ildə Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. Son vaxtlar Natəvan haqqında film çəkmək istəyirdi. Ancaq amansız ölüm buna imkan vermədi. Hüseyn Seyidzadə 1979-cu il iyunun 2-də vəfat etmişdir. Bakıda küçələrdən biri onun adını daşıyır.
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Hüseyn Seyidzadə Azərbaycan milli kino sənətinin görkəmli nümayəndələrindən biri kimi yüksək peşəkarlığı, işinə böyük məhəbbəti, son dərəcə təvazökar ziyalı nümunəsi ilə seçilən sənət adamlarından idi. Korifey sənətkarın yaradıcı irsi əsl mənada böyük məktəbdir. Onun fəaliyyətinin dərindən araşdırılıb öyrənilməsi bir tərəfdən kino tariximizin tədqiqi, digər tərəfdən xalqın mənəvi yaddaşının yeni nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. H. Seyidzadə daim düşünən, axtarışda olan rejissor idi. O, çəkdiyi filmlərin üzərində yaradıcılıqla işləyir, hər kadra məna verməyə çalışırdı. Belə olmasaydı təbii ki, onun filmləri ümumxalq məhəbbəti qazanmazdı.
Hüseyn Seyidzadə qısa bir müddət Bakı kinostudiyasında rejissor köməkçisi işləyir. 1931-ci ildə isə Moskvaya yola düşür. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alır.[3] Kuleşov və Eyzenşteynin rejissorluq emalatxanasında, "Lenfilm", "Mosfilm", Maksim Qorki adına kinostudiyada təcrübə keçir, bu studiyalarda istehsal olunan filmlərdə rejissor assistenti, ikinci rejissor işləyir. Sovet ekranının adlı-sanlı ustaları Petrovun, Aleksandrovun, Lyudkeviçin rəhbərliyi altında çalışır. 1936-cı ildə institutu qurtarıb Bakıya qayıdan gənc mütəxəssis kinostudiyada "Bakılılar", "Bir ailə" bədii filmlərində dublyaj rejissoru, rejissor assistenti işləyir.
Hüseyn Seyidzadənin müstəqil rejissor kimi kino həyatı 1939-cu ildə "Ayna"yla başlayır, amma elə ilk dəfədən də uğursuzluğa düçar olur. Niyazi Bədəlovla birgə çəkdiyi film məlum olmayan səbəblərdən yarımçıq dayandırılır. Bundan sonra yarımçıq qalan "Ayna"nın materiallarından istifadə edərək müharibə mövzusunda yeni bir film çəkirlər. İmran Qasımovun ssenarisi əsasında 1943-cü ildə hazır olan film bu dəfə "Sovqat" adlandırılır. Baş rolu Leyla Bədirbəyli ifa edir.
1953-cü ildə kinostudiyada "Doğma xalqıma" bədii-sənədli filminin istehsalı başlayır. Filmin quruluşu rejissor Yan Fridə tapşırılır. Görkəmli rus kinorejissoru M. Rommun xahişindən sonra isə Hüseyn Seyidzadəyə Yan Fridlə birgə bu filmi çəkməyə icazə verilir. Beləliklə, 1954-cü ildə Azərbaycanda ilk rəngli bədii-sənədli film müvəffəqiyyətlə çəkilib ekranlara buraxılır. Məhz bundan sonra Hüseyn Seyidzadəyə müstəqil olaraq tammetrajlı bədii film həvalə olunur.
H. Seyidzadənin "O olmasın, bu olsun" filmi Azərbaycan kinosunda bir inqilab idi. 1956-cı ildə Bakının kinoteatrlarına tamaşaçı əlindən ayaq basmaq olmurdu. Uzun növbələrə yaxın düşmək mümkün deyildi. O, dahi Üzeyir Hacıbəylinin eyniadlı operettasını Sabit Rəhmanın ssenarisi əsasında ekranlaşdırır. Bununla da "O olmasın, bu olsun" onun quruluşunda Azərbaycan kino tarixində ilk rəngli bədii film kimi daxil olur. İlk rəngli film dahi Üzeyir bəyin geniş tamaşaçı auditoriyasına təqdim olunan ikinci böyük əsəri idi.
"O olmasın, bu olsun" Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Filmin yaranma tarixi haqqında çox yazılıb. Film ekranlara çıxarılanda ona qarşı müəyyən tənqidi münasibətlər olsa da, onun müvəffəqiyyətinə kölgə sala bilmədi. Məsələn, bazarda qoçuların davası, Rüstəm bəyin evindəki qalmaqal, hamam səhnəsi və s. nöqsan kimi göstərilirdi.
Ancaq bu film sevildi və öz rejissoruna böyük şöhrət gətirdi. Azərbaycanda elə bir kino əsəri yoxdur ki, "O olmasın, bu olsun" qədər məşhur aktyor ansamblı toplaya bilsin. Bu, Azərbaycan aktyorlarının "kino qalereyası" idi. Təxminən ekrana çıxdığı iki-üç il ərzində artıq dünyanın 40-dan çox ölkəsində göstərilən bu film Azərbaycan kinosunun şöhrətini dünyaya yaydı. İran, İraq, Yaponiya, Avstriya, ABŞ, İsveçrə, Macarıstan və digər ölkələrin tamaşaçıları filmə böyük maraqla baxırdılar və elə bu gün də "O olmasın, bu olsun" dünyanı dolaşmaqdadır.
Hüseyn Seyidzadənin ikinci filmi "Koroğlu" olur. Belə bir qəhrəmanlıq dastanını ekrana çıxarmaq (1960), bədii kinomuzda ilk genişekranlı film yaratmaq rejissorun cəsarətinin təzahürü olsa da, ssenari Moskvada əsaslı dəyişikliklərə məruz qalır. "O olmasın, bu olsun" filmindəki o qeyri-adi, bənzərsiz aktyor ansamblı ilə müqayisədə bu ifaçılar sönük görünürdülər. Aktyor seçimi obrazın xarakteri, fərdiyyəti ilə üst-üstə düşmürdü. Bu da filmin yaradılması prosesində rejissorun təzyiqlərə məruz qaldığını göstərirdi. Nəticədə "Koroğlu" rejissorun 2–3 il ondan əvvəl çəkdiyi filmdən sənətkarlıq baxımından kəskin fərqlənirdi.
60-cı illərdə baş vermiş bir hadisə də Hüseyn Seyidzadəni xeyli sarsıdır. Belə ki, şair Novruz Gəncəli Alla Axundova ilə Hüseyn Seyidzadənin birgə yazdığı "Var olun, qızlar" ssenarisinin ona məxsus olduğunu iddia edirdi. O, məhkəməyə müraciət edərək, bu ssenarinin onun 1961-ci ildə "Azərbaycan" jurnalında dərc edilmiş "Bizim sahildə" adlı əsərindən oğurlandığını bildirir və ssenarinin çəkilişinin saxlanılmasını tələb edirdi. Uzun məhkəmə çəkişmələrindən sonra Alla Axundova Hüseyn Seyidzadənin iştirakı ilə ssenarinin müəllifi kimi təsdiq olunur. Ancaq filmi 1974-cü ildə rejissor Eldar Quliyev çəkir.
Bu çəkişmələr Hüseyn Seyidzadəni xeyli sarsıdır. Buna baxmayaraq o, yenə də öz sənəti uğrunda mübarizəni davam etdirir. Hüseyn Seyidzadənin müstəqil rejissor kimi sonrakı iki filmi — "Yenilməz batalyon" (1966) və "Dəli Kür" (1969) olur. "Yenilməz batalyon" istər peşəkarlıq, istərsə də nəzərdə tutulan dövrün pafosunu özündə əks etdirmək baxımından rejissorun mükəmməl işlərindən biridir.
Sənətkarın sonrakı mübarizəsi isə "Dəli Kür" filmi ilə bağlıdır. Bu filmin də taleyi Hüseyn Seyidzadənin öz taleyi kimi ağrılı olub. 1969-cu ildə İsmayıl Şıxlının eyniadlı romanı əsasında yazdığı ssenari ekranlaşdırıldı və 1970-ci ildə film ekranlara çıxarıldı. Film Moskvada senzuranın qəzəbinə tuş oldu. Aşağıda filmdən çıxarılan epizodları diqqətə çatdırırıq. Qubernator Cahandar ağaya deyir ki, canişin onun torpağında ov etmək istəyir. Ya torpağı satın, ya da bağışlayın. O isə cavab verir ki, torpağı nə satarlar, nə də bağışlayarlar. Cavabında qubernator deyir: "Baxarıq!" Sonra kazaklar Cahandar ağanın üstünə göndərilir.
Bundan başqa, digər bir epizod da filmdən kənar edilib. Nökərlər gəlib Cahandar ağaya deyirlər ki, kazaklar mal-qaranı aparıb, özümüzü də döydülər. Cahandar ağa isə kazaklara deyir ki, bu sizin ata-baba torpağınızdır? Onlar isə: "Deyəsən, könlündən Sibir keçir" — deyirlər. Cahandar ağa kazakların başçısını qamçı ilə döyür. Sonra atışma başlayır. O, kazakların beşini öldürür. Onu vururlar. Cahandar ağa özünü suya atır, bununla da film qurtarırdı. Və "Ana Kür" mahnısı oxunurdu. Bütün bunlar filmdən çıxarılmışdı. Rejissor çox səy göstərmişdisə də, filmi tam şəkildə xilas edə bilməmişdi. Çünki imperiya öz qaniçən xislətini göstərməyə imkan verə bilməzdi. Film uzun zaman bu epizodlarsız ekranlarda göstərildi, lakin xalq yazıçısı İsa Hüseynovun ciddi səyi nəticəsində 90-cı illərin ortalarında televiziya vasitəsilə həmin epizodlar ekranda canlandırıldı və filmin ilkin nüsxəsi tamaşaçılara təqdim olundu.
"Dəli Kür"dən düz 9 il sonra, 1978-ci ildə Hüseyn Seyidzadə sonuncu filmini çəkir – "Qaynana"nı. Həm ilk, həm də son bədii tammetrajlı filmi ilə Hüseyn Seyidzadə adını Azərbaycanın kino tarixinə həkk edir. Qarşısına çıxan, hətta çıxarılan maneələrə, haqsızlıqlara baxmayaraq. Bu 9 il ərzində Hüseyn Seyidzadə bir neçə dəfə böyük haqsızlığa düçar olur. Xüsusən də "Qatır Məmməd" filmi ilə bağlı yaranan problem ona mənən böyük zərbə vurur. İlkin variantda "Gəncəbasarlı qisasçı" adlanan bu film studiyanın 25 oktyabr 1970-ci il tarixli əmri ilə Hüseyn Seyidzadəyə verilir. Filmi çəkilməyə başlayanda H. Seydzadə açıq demişdi ki, bizim ssenarini niyə ruslar yazmalıdır. Çünki 1970-ci ildə rejissorluğu H. Seyidzadəyə verilən bu filmin ssenarisi moskvalı kinodramaturqlar Mixail Maklyarski və Kirill Rapoporta həvalə olunmuşdu.
Elə ilk oxunuşdaca Hüseyn Seyidzadə ssenaridəki kəm-kəsiri aydın görür və iclasda öz fikirlərini açıqca söyləyir. Ssenari müəlliflərinə məsləhətlərini vermək məqsədilə 3 dəfə Moskvaya ezam olunur. Müəlliflər də əvvəlcə onunla razılaşırlar. Ancaq sonradan Hüseyn Seyidzadənin süjeti tamam dəyişdirməsinə qəti etiraz edirlər. 7 may 1972-ci ildə Moskvadan Bakıya — kinostudiyanın direktoru Adil İsgəndərovun adına məktub ünvanlayırlar: "Hüseyn Seyidzadə rejissor ssenarisinin, eləcə də Respublika və İttifaq Kinematoqrafiya komitələrinin təsdiq etdiyi ssenarilərin bizim ədəbi ssenarimizə qətiyyən dəxli yoxdu. Buna görə də rejissorun düzəlişləri üzərində işləyə bilmərik. Seyidzadə təsdiq edir ki, onun rejissor konsepsiyası milli xarakterlər ruhundadır. Xahiş edirik, Bədii Şurada rejissor ssenarisini müzakirə edəsiniz".
Kinostudiyanın Bədii Şurası ssenarini müzakirə edir. Nəticədə rejissor haqlı çıxır və ssenaridəki çatışmazlıqlar aşkar olur. Uzun mübahisələrdən, çəkişmələrdən, yazışmalardan sonra filmin çəkilişinə icazə verilir. Yeni ssenari müəllifləri cəlb olunur. Hüseyn Seyidzadə ssenariyə öz əlavələrini etməklə çəkilişi başa çatdırır. Hətta film barədə o dövrün mətbuatında da məlumatlar yer alır, lakin kimlərinsə gizli oyunu nəticəsində film 1974-cü ildə Hüseyn Seyidzadədən alınır. Səbəb kimi ssenari üzərində öz bildiyi əməlləri həyata keçirib, filmi istədiyi kimi lentə alıb, 1973-cü il dövlət planını pozub, filmi vaxtında təhvil verməyib və s. göstərilir. Beləcə, 4 illik əziyyəti heç sayıb, filmi başqa bir rejissora verirlər.
Bu, Hüseyn Seyidzadənin kino taleyində aldığı ən böyük zərbə idi. Növbəti zərbə "Dərviş Parisi partladır" filmilə bağlı olur. Bu kinolent də bizə məlum olmayan səbəblərdən Hüseyn Seyidzadənin əlindən alınır. Bütün bu haqsızlıqlar, mənəvi zərbələr onu yormağa, sağlamlığını zədələməyə başlayır. Ürəyi ağrı tapır. Elə bu dərd-qəmlə dolu ürək ağrıları da onun həyatına son qoyur. O,1979-cu il iyunun 2-də bu dünyasını dəyişdi.
H. Seyidzadə universal intellektə malik, işgüzar, zəhmətkeş bir istedad idi. Onun yaratdığı filmlər çox sınaqlardan çıxsa da ənənəvi qiymətdən, axından seçilən, sıçrayışlı, sərbəstliyə nümunə olan sənət inciləri idi. Sənətkarın ürəyindən vətəndaş müharibəsinin milli qəhrəmanı "Qatır Məmməd", "Dərviş Parisi partladır", Xan qızı Natəvan haqqında filmləri çəkib kino tariximizə bəxş etmək keçirdi. Hətta bu filmlərin çəkilişlərinə başlansa da, naməlum səbəblərdən yarıda saxlanılırdı və alınıb başqasına verilirdi. Özü deyirdi ki, "insan dünyaya ona görə gəlir ki, yaşasın, çalışsın, nəyinsə naminə mübarizə aparsın. Xoşbəxt olsun, amma mən anadan olandan taleyimlə əlbəyaxadayam…"
Hüseyn Seyidzadənin əmisi nəvəsi, Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi – Prezidentin köməkçisi Dilarə Seyidzadə ustad sənətkarı sadə, xeyirxah, ürəyiaçıq bir insan kimi xatırlayır:
Hüseyn Seyidzadə çox gözəl insan idi. Ad günlərdə, məclislərdə biz bir yerə toplaşırdıq, onun maraqlı söhbətlərinə qulaq asırdıq. O gələn kimi məclisdə ayrı bir mühit yaranırdı. Biz onunla dost idik. Həqiqətən aktyor seçiminə böyük önəm verirdi və ciddi yanaşırdı. Sözün əsl mənasında sənətkar idi. Ümumiyyətlə, Seyidzadələr ailəsi nəsilli-nəcabətli ailə olub. 19-cu yüzilliyin sonunda qədim Qəmərli kəndində yaşayıblar. Onların vaxtilə İrəvanda yaşadıqları ev indi uşaq bağçasıdır. Hüseyn müəllimin bacısı Həqiqət xanım Şərqdə ilk xanım ortoped-travmatoloqdur. O biri bacısı Zəhra xanım mühəndis idi. Qardaşları Həsən Seyidov Mərkəzi Komitədə kənd təsərrüfatı üzrə müavin, atam Bağır Seyidzadə görkəmli jurnalist, diplomat, nazir, İbrahim Seyidov təyyarə mühəndisi olub. Ümumiyyətlə, o nəslə "Qara seyidlər" deyirdilər. Bu da onların ağır seyid olmaları ilə əlaqədardır. Ancaq təəssüf ki, belə bir ailənin üzvü, həm də əsl sənətkar, ustad olan Hüseyn Seyidzadə çox böyük haqsızlıqlara, ədalətsizliklərə düçar oldu. Ürək ağrısı tapdı. Həm də təəssüf ki, ömrünün sonuna qədər tək-tənha yaşadı
.
Dilarə Seyidzadə deyir ki, Hüseyn Seyidzadə xoşbəxt yaşamaq istəyirdi. Ancaq nə həyatda, nə də sənətdə onu xoşbəxt adlandırmaq olmazdı. O, ömrünü sonuna qədər ailə sahibi olmadı. Baxmayaraq ki, sevdiyi qadın və bir oğlu vardı. Onunla Moskvada oxuyub işlədiyi zaman tanış olmuşdu. Elə o xanımdan da bir oğlu dünyaya gəlmişdi. Uşağa atasının adını vermişdi – Əli. Onların hansı səbəblərdən bir yerdə yaşamadıqları məlum olmasa da, Bakıya qayıdandan sonra da əlaqələrinin itməməsi dəqiqdi. Oğlu Bakıya gəlib-gedirdi, amma sonralar hansısa səbəblərdən əlaqə itdi. Hətta nə sevdiyi qadın, nə də oğlu ölümündən xəbər tutmadı, yasına, məzarı üstünə gəlmədi. İndi də onların harada yaşadıqları, sağ olub-olmamaları bilinmir. Hüseyn Seyidzadənin vəfatından xəbər tutmayanlardan biri də anası Ruqiyyə xanım oldu. Bu qara xəbərə dözə bilməyəcəyindən qorxub qoca anadan oğlunun ölümünü gizlədirlər. Ancaq bu ayrılıq da uzun çəkmir. Az sonra ana da haqq dünyasına qovuşur…
O, həqiqətən də bütün qəlbi ilə sənətinə, xalqına bağlı idi. Belə olmasaydı, Rac Kapurun dəvətini qəbul edib Hindistana gedər, vəd edildiyi kimi, filmləri dünyaya çıxarılardı. O, bu təklifi qəbul etmir. Doğma vətənini, Azərbaycanını başqa ölkəyə dəyişmir. Burda qarşılaşdığı haqsızlıqlara, ədalətsizliklərə, maneələrə, ağrılara baxmayaraq. Millətinə, xalqına, vətəninə bağlı bir sənətkar kimi yaşayır və həyatını bu cür başa vurur.
- Aktrisa Zəhra Seyidzadənin qardaşıdır.
- Aktrisa Ruqiyyə Seyidzadənin oğludur.
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Bakılılar (film, 1938)
- Bir ailə (film, 1943)
- Bütün qadağaların fövqündə (film, 2002)
- Dəli Kür (film, 1969)
- Doğma xalqıma (film, 1954)
- Əbədi odlar ölkəsi (film, 1945)
- Əlsiz adamlar (film, 1932)
- Fəallıq (film, 1975)
- İlk komsomol buruğu (film, 1930)
- İşgüzar adamlar (film, 1977)
- Kinoya böyük sevgilərlə... Hüseyn Seyidzadə (film, 2012)
- Koroğlu (film, 1960)
- Qayınana (film, 1978)
- Qədəmlərin mübarək (film, 1976)
- O olmasın, bu olsun (film, 1956)
- Sovqat (film, 1942)
- Var olun, qızlar... (film, 1972)
- Yenilməz batalyon (film, 1965)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 IMDb (ing.). 1990.
- ↑ Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. səh.440. ISBN 5-8020-0852-0
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
Mənbə
[redaktə | vikimətni redaktə et]- "Bolqar jurnalı yazır…" //Ədəbiyyat və incəsənət.- 1964.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 383.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Kinomuzun yorğun sərkərdəsi — Aydın Dadaşovun yazısı
- "Hüseyn Seyidzadə 100. Ağrılı taleyi olan korifey sənətkar" miniatür kitabı çapdan çıxmışdır
- Sevgilisindən, oğlundan və anasından xəbərsiz ölən tənha dahi — HƏYAT HEKAYƏTİ Arxivləşdirilib 2017-06-07 at the Wayback Machine
- Milli kinomuzun incilərini yaradan böyük sənətkar [ölü keçid]
- Kinoya böyük sevgilərlə… Hüseyn Seyidzadə (film, 19.10.2012)
- Hüseyn Seyidzadə (film, 13.11.2013)
- NƏHƏNG İNSAN, NƏHƏNG REJİSSOR
- 15 oktyabrda doğulanlar
- 1910-cu ildə doğulanlar
- İrəvanda doğulanlar
- 2 iyunda vəfat edənlər
- 1979-cu ildə vəfat edənlər
- 68 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Əlifba sırasına görə film sənətçiləri
- Hüseyn Seyidzadə
- Azərbaycan film rejissorları
- Azərbaycan aktyorları
- Rejissor assistentləri