Firudin Haşımzadə
Firudin Haşımzadə | |
---|---|
Doğum tarixi | 7 dekabr 1935 |
Doğum yeri | |
Vəfat tarixi | 28 sentyabr 2018 (82 yaşında) |
Milliyyəti | Azərbaycanlı |
Elm sahələri |
Nəzəri fizika Yarımkeçiricilər və dielektriklər fizikası |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Firudin Məmməd Əli oğlu Haşımzadə (7 dekabr 1935, Bakı – 28 sentyabr 2018) — Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (2001).[1][2]
Həyatı
[redaktə | vikimətni redaktə et]Firudin Məmməd Əli oğlu Haşımzadə 1935-ci il dekabrın 7-də Bakı şəhərində, Azərbaycanın ilk fiziklərindən biri olan Məmməd Əli Uğur oğlu Haşımzadənin ailəsində anadan olmuşdur.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir.
F. M. Haşımzadə 1962-ci ildə fizika-riyaziyyat elmləri namizədi və 1972-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1974-cü ildə isə professor elmi adını almışdır, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.
F. M. Haşımzadə elmi işə Leninqrad (hazırda Sankt-Peterburq) Fizika-Texnika İnstitutunda başlamışdır (1957–1963). 1963-cü ildən ömrünün sonuna qədər AMEA Fizika İnstitutunda işləyib. Aspiranturanı (1957–1960) bitirdikdən sonra kiçik elmi işçi (1961–1963), böyük elmi işçi (1963–1968), "Yarımkeçiricilərin nəzəriyyəsi" laboratoriyasının müdiri (1968–1993), Fizika İnstitutunun direktoru vəzifəsini icra etmiş (1993–2000), "Aşağı ölçülü və nizamsız sistemlər fizikası" probleminin rəhbəri (2002-ci ildən) vəzifəsində çalışmışdır. Baş elmi işçidir.
F. M. Haşımzadə "Fizika elmi" jurnalının yaradıcısıdır və bu periodik məcmuənin təşəkkül tapması, yayılması və təkmilləşməsi üçün daim fəaliyyət göstərir. Elmi fəaliyyəti ilə yanaşı o, 30 ildən artıq müddətdə Bakı Dövlət Universitetində nəzəri fizikanın və bərk cisim nəzəriyyəsinin müasir problemlərindən bəhs edən mühazirələr oxumuşdur.
- Elmi əsərlərinin sayı — 150
- Xaricdə dərc olunan əsərlərinin sayı — 100
- Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus) dərc olunan əsərlərinin sayı — 77
- Elmi-pedaqoji fəaliyyəti — 30 il, BDU-nun fizika fakültəsi, bərk cisimlər fizikası.
- Dil bilikləri — Azərbaycan, Rus, İngilis
Elmi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]F. M. Haşımzadə bərk cismin nəzəriyyəsi sahəsində tanınmış alimdir. O, Keyn tipli yarımkeçiricilərin və yarımmetalların kinetik, optik və maqnit xassələrinin ardıcıl nəzəriyyəsini yaratmış, onların volt-amper xarakteristikasının qeyri-xəttiliyinin yeni mexanizmini aşkar etmiş, həmin tip yarımkeçiricilərin anomal maqnit xassələrinə malik olmasını göstərmişdir.
F. M. Haşımzadə psevdopotensial metodu ilə yarımkeçirici birləşmələrin zona quruluşunu və rəqs spektrlərini ilkin prinsiplərdən hesablamışdır. O, aşağı ölçülü kvant sistemlərində yükdaşıyıcıların enerji spektrini müəyyənləşdirmiş, parabolik potensiallı yarımkeçirici kvant çuxurunda elektrik keçiriciliyinin, termoelektrik, qalvanomaqnit və termomaqnit effektlərin nəzəriyyəsini qurmuş, mənfi maqnitomüqavimətin əmələ gəlməsinin yeni mexanizmini aşkar etmişdir.
Laylı və zəncirvarı quruluşa malik yarımkeçirici kristalların zona quruluşunun hesablanması, onlarda faza keçidlərinin nəzəriyyəsinin qurulması da onun əsas elmi nəticələrindəndir.
Əsas elmi əsərləri
[redaktə | vikimətni redaktə et]- Energy spectra of narrow-and zero-gap-semiconductor quantum dots //J. Phys.:Condensed Matter, 2000, v.12,7923
- Negative magnetoresistance of an electron gas in a quantum well with parabolic potential // Phys. Rev B, 2006, v.73,235349
- Interband electron Raman scattering in a quantum wire in a transverse magnetic field // Phys. Rev. B, 2005, v.71, 165331
- Electronic structure of the chain-like compound TlSe // Phys. Rev. B,2004, v.70, 195118
- Lattice dynamics of layered semiconducting compound TlGaS2 // Phys. Stat. Sol. B,2011, v.248, 181
Yetirmələri
[redaktə | vikimətni redaktə et]11 fizika-riyaziyyat elmləri doktoru və 22 elmlər namizədi hazırlamışdır.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- "Antiferromaqnitlərin optik spektroskopiyası"na dair işlər silsiləsinə görə Elm və Texnika sahəsində Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür (Y. M. Seyidov, M. N. Abdullayev və V. V. Yeremenko ilə birlikdə) — 1986
- Azərbaycan elminin inkişafında xidmətlərinə görə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür — 2015[3]
- Yarımkeçiricilərin zona strukturu və rəqs spektrlərinin hesablanması, darzolaqlı və Keyn spektrli yarımkeçiricilərin nəzəriyyəsinin yaradılması üzrə silsilə əsərlərinə görə AMEA-nın Nəsirəddin Tusi adına mükafatı ilə təltif olunub — 2016
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
- ↑ http://www.science.gov.az/forms/deystvitelnyie-chlenyi/43 Arxivləşdirilib 2018-10-02 at the Wayback Machine.
- ↑ "Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.
- 7 dekabrda doğulanlar
- 1935-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- 28 sentyabrda vəfat edənlər
- 2018-ci ildə vəfat edənlər
- 82 yaşında vəfat edənlər
- Fizika-riyaziyyat elmləri doktorları
- Professorlar
- AMEA Fizika İnstitutunun alimləri
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- Azərbaycanın əməkdar elm xadimləri
- Əlifba sırasına görə alimlər
- AMEA-nın həqiqi üzvləri