Diana Arbüs
Diana Arbüs | |
---|---|
ing. Diane Arbus | |
Doğum tarixi | 14 mart 1923[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 26 iyul 1971[1][2][…] (48 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Janr | portret fotoqrafiyası[3], portret[4] |
Vikianbarda əlaqəli mediafayllar |
Diana Arbüs (14 mart 1923[1][2][…], Nyu-York, Nyu-York ştatı[3][4] – 26 iyul 1971[1][2][…], Qrinviç Villic[d], Nyu-York ştatı[5]) — fotoqraf.
Həyatı
[redaktə | mənbəni redaktə et]Rus-yəhudi əsilli amerikalı fotoqraf Diana Arbüsün də həyat və yaradıcılığının çiçəklənən vaxtları ikinci dünya müharibəsi və faşizmin meydan suladığı zamanlara düşüb. Əsl soyadı Nemerov olan Diana Arbüs 1923-cü ildə Nyu-Yorkun Qrinviç rayonunda doğulub, Park-Avenyu rayonunda isə böyümüşdü. Onun atası ticarət maqnatı idi, vaxtının çoxunu biznesinə və kənardakı eşq macəralarına sərf edirdi. Elə anası da telefon danışıqlarından uşaqlarına ayırmağa vaxt tapmırdı. Buna görə də Diana və qardaşını hərəsinin öz dayəsi tərbiyə etməli olmuşdu. Və bacı-qardaş — gələcəyin məşhur fotoqrafı (Diana Arbüs) ilə gələcəyin məşhur şairi (Hovard Nemerov) dostcasına bir yerdə böyümüşdülər. Dianadan beş yaş balaca bacıları Rene isə anaları kimi dizayner olmuşdu.
1937-ci ildə Diana gələcəyin məşhur aktyoru Alan Arbüslə tanış olur və ona ərə getmək istəyir. Valideynləri bunun qarşısını ala bilmək üçün Diananı Kaminqton İncəsənət məktəbinin yay kurslarına göndərirlər. Diana burada Aleks Eliotla ("Time" jurnalının gələcək redaktoru) ilə tanış olur. 1941-ci ildə Diana valideynlərinin iradəsinə xilaf çıxaraq, Alan Arbüsə ərə gedir. Ərə getmək onun üçün valideynlərinin təsirindən, nəzarətindən çıxmaq üçün yeganə çıxış yolu idi. Alanla Diananın iki qızı dünyaya gəlir. Diana vaxtının çoxunu qızları ilə keçirir. Alan isə ailəni dolandırmaq üçün iki yerdə satıcı işləyir, çox az qalan boş vaxtlarında isə foto ilə məşğul olur. Əslində Alanın ən böyük arzusu teatr və kino aktyoru olmaq idi, amma o, ailəsinin xatirinə bu arzusundan əl çəkir. 1941-ci ildə Alan hərbi fotoqrafiya kursunu bitirir. 1946-cı ildə isə ərinin təsiri altına düşən Diana moda fotoqraflığına başlayır.
İlk sifarişləri Dianaya atası verirdi. Elə ilkin fotoləvazimatı əldə etməkdə də ona atası kömək elədi. 1947-ci ildə ər və arvad işlərini Konde Hast nəşriyyatına təqdim elədilər. Burada onlara "Vogue" və "Glamour" jurnalları üçün geyim fotoları çəkmək sifariş olundu.
Birlikdə işlədikləri vaxtlar ərzində Alan həmişə fotoçəkmə prosesi və işin texniki tərəflərini boynuna götürürdü, Diana isə fotonun konsepsiyası və üslubuna cavabdeh idi. Bir-biriylə rahat və harmonik dil tapan ər-və arvadı görənlər, onları xalaoğlu-xalaqızı bilirdilər.
Xoşbəxt cütlük birlikdə o vaxtların dəb fotosunun sərhədlərini sındırmağa çalışırdı. 1950-ci illərdə Diana əri ilə birlikdə "Vogue" jurnalı üçün materiallar hazırlamağa başladı. Elə bu vaxt da Diana fotoqraf Riçard Avedonla tanış oldu. Onların dostluğu illərlə davam etdi. Avedon onun işlərini tərifləsə də, Diana özündən razı qalmırdı. Bu, onu depressiyaya salırdı. Gərgin münasibətlər, depressiya o yerə aparıb çıxardı ki, Alan Diana ilə işləmək istəmədi. Halbuki studiyaları yenə də müştərək idi. Təbii ki, belə şərtlər altında ailə də dağıldı. Amma dostluq qaldı.
Dianaya məşhurluq gətirən əsərləri — onun naturaları oldu. Uzun müddət fotoqrafiyasının mövzusunu axtaran fotoqraf qadın nəhayət, Lizetta Modellə tanış oldu. Və Model ona nəsə ekstravaqant bir şey çəkməyi təklif etdi. Ekstravaqantlıq isə bundan ibarət oldu — Diana Arbüs transtfestitlərin yığışdığı gey-klublara baş çəkməyə başladı və ilk modellərini tapdı.
Qeyri-adi adamlarla işləmək Diananın gizli istedadını açdı. O, cırtdanları, əlilləri, ağıldankəmləri, fahişələri çəkməyə başladı. Diana foto çəkərkən heç vaxt bu adamları hansısa pozada dayanmağa, özlərini olduqlarından fərqli göstərməyə məcbur etmədi.
Diana Arbüsü maddi cəhətdən bəlkə də ən bəxti gətirmiş qadın fotoqraf hesab etmək olar. Jurnallar onun fotolarını göydə alırdılar, bahalı dərgilər Diananın səfərlərinin, yaşayış yerlərinin xərcini öz üzərlərinə götürürdülər… Diana Arbüs dünya foto tarixində ən çox "satılan" fotoqraf hesab olunur. Buna baxmayaraq, 1976-cı ildə Diana Arbüs damarlarını doğrayaraq intihar etdi…
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Diane Arbus (nid.).
- ↑ 1 2 3 Artnet. 1998.
- ↑ 1 2 3 RKDartists (nid.).
- ↑ 1 2 https://www.independent.co.uk/life-style/woman-s-studies-1236593.html.
- ↑ 1 2 Museum of Modern Art online collection (ing.).
- ↑ 1 2 https://www.workwithdata.com/person/diane-arbus-1923.
- Pages using the JsonConfig extension
- 14 martda doğulanlar
- 1923-cü ildə doğulanlar
- Nyu-Yorkda doğulanlar
- 26 iyulda vəfat edənlər
- 1971-ci ildə vəfat edənlər
- 48 yaşında vəfat edənlər
- Manhettendə vəfat edənlər
- Əlifba sırasına görə fotoqraflar
- ABŞ fotoqrafları
- XX əsr fotoqrafları
- Küçə fotoqrafları
- Narkotiklər ilə bağlı intiharlar
- Qadın fotoqraflar
- Portret fotoqrafları