DOS
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Fərdi kompüterlərın (PC) inkişafında xüsusi xidməti olan DOS əməliyyat sistemi bu gün də öz əhəmiyyətini itirməmişdir. DOS-un Windows və Linux kimi müasir əməliyyat sistemləri ilə müqayisədə bir çox çatışmazlıqlarına baxmayaraq hələ də istifadə olunmasının bir neçə səbəbi var. DOS çox sadədir və buna baxmayaraq çox səmərəlıdır. O, kompüter resurslarına qarşı çox qənaətcildir. Belə ki, DOS-u sərt disk olmadıqda, disketdən belə yükləmək mümkündür. Bununla yanaşı DOS üçün yazılmış tətbiqi proqramlar kiçik olur və çevik işləyirlər.
DOS-un qeyd olunan müsbət cəhətləri ilə yanaşı, müasir əməliyyat sistemləri ilə rəqabətə davamlı etməyən bir sıra çatışmazlıqları da var:
- DOS birtapşırıqlı əməliyyat sistemidir. O, eyni vaxtda yalnız bir proqramın icrasını təmin edə bilər;
- DOS təkprosessorlu əməliyyat sistemidir;
- O, mukroprosessoru real zaman rejimində (və ya real ünvanlama rejimində) işlədir.
- DOS tətbiqi proqramı yaddaşa yüklədikdən sonra idarəetməni ona verir. DOS əməliyyat sisteminin nüvəsi monolit arxitekturaya mənsub olduğundan o, istifadəçi (tətbiqi) proqramı ilə eyni ünvan məkanında yerləşir. Tətbiqi proqram kompüterin bütün resursuna nəzarət edir. Bu zaman o, giriş-çıxışı DOS-un, BIOS-un funksiyaları vasitəsilə və ya qurğulara birbaşa müraciət etməklə həyata keçirə bilər. Bu da əməliyyat sisteminin tətbiqi proqram xətalarından mühafizəsiz qalması deməkdir.
- DOS-da istifadəçi interfeysi əmr prinsipinə əsaslanır və ekranın (video-adapterin) mətn rejimindən istifadə edir.
DOS-un qeyd olunan çatışmazlıqları onun indi kütləvi istifadəsinə imkan verməsə də DOS xüsusi məsələlərin həllində müstəsna əhəmiyyət kəsb edir. O, proqramçıya və onun yazdığı proqrama sistem resurslarına tam nəzarət etmək imkanı verdiyindən spesifik məsələləri asan həll etməyə şərait yaradır.
Bundan başqa günümüzdə ən geniş istifadə olunan Windows əməliyyat sistemləri öz başlanğıclarını DOS-dan ğötürdüklərindən bir çox anlayışlar da ondan miras qalmışdır.
DOS qrupu
[redaktə | vikimətni redaktə et]Bəzı DOS (disk əməliyyat sistemi) ğurupuda yerləşlan və taninmiş əməliyyat sistemlari bunlardan ibarət'dir; MS-DOS (Microsoft), IBM-DOS (IBM), FreeDOS, DR-DOS; Novell DOS; OpenDOS (Digital Research), OSx16 (IKS16), Horizon OS (Ufuğ) və PTS-DOS (Rusya'dan bir OS).
DOS-un inkişaf mərhələləri və versiyaları
[redaktə | vikimətni redaktə et]DOS-un ilk variantlarından olan PC-DOS 1.0 (IBM şirkəti) və MS-DOS 1.0 (Microsoft şirkəti) əməliyyat sistemləri maksimum 64 kbayt yaddaşdan istifadə etməklə, yalnız 8 kbayt yer tuturdular.
İlk vaxtlar IBM PC 160 kbayt disketlər üçün disk sürücüsündən ibarət olduğundan PC-DOS 1.0 sistemi yalnız bu qurğular üçün nəzərdə tutulmuş idi.
1983-cü ilin martında IBM XT modeli üçün MS-DOS 2.0 (Microsoft korporasiyası) yaradıldı. Bu yeni əməliyyat sistemi 360 kB disket və 10 MB sərt disk qurğusuna malik olan XT-nin aparat resurslarından tam istifadə etməyə imkan verirdi; O zaman üçün böyük disk sahəsindən istifadənin əlverişli olması üçün MS-DOS 2.0-nin fayl sistemi kataloqlar vasitəsilə faylların qruplaşdırılması imkanına malik idi.
MS-DOS-un əsas inkişafı onun 3-cü versiyası ilə başlandı. 1984-cü ilin noyabrında MS-DOS 3.1, 1985-ci ilin dekabrında MS-DOS 3.2 və 1987-ci ilin aprelində isə MS-DOS 3.3 əməliyyat sistemləri meydana gəldi. Bu versiyalardan çox geniş yayılanı MS-DOS 3.3 oldu. MS-DOS 3.0 əməliyyat sistemi- Intel 80286 mikroprosessoru, 5,25 düym disk sürücüsü (1,2 MB disketlər üçün) və 20 MB sərt diski olan IBM AT kompüterləri üçün nəzərdə tutulmuşdur. MS-DOS 3.2 isə 720 kB 3 düymlük disketlər və məntiqi bölümləri olmaqla tutumu 32 MB olan sərt diskə malik sistem üçün nəzərdə tutulmuş idi. Bu sistemə milli valyutanın təsviri, vaxtı, simvollar cədvəli və klaviaturanın düzülüşünü nəzərə alan əlavələr edilmişdir.
MS-DOS 3.3 isə əvvəlkilərə nisbətən yeniləşdirilərək, 3,5 düymlük 1,44 MB tutumlu disketlərlə işləyə bilirdi.
1988-ci ildə yaradılan MS-DOS 4.0 və 4.1 — də demək olar ki, istifadəçiləri cəlb etmədi. İstifadəçilər əsasən MS-DOS 3.3-ə üstünlük verirdilər. Bu əməliyyat sistemi MS-DOS-un 4-cü versiyasına nisbətən operativ yaddaşda 10 kB az yer tuturdu.
MS-DOS-un prinsipial çatışmazlıqlarından biri də onun istifadə edə biləcəyi operativ yaddaş həcminin 64 KB-la məhdud olması idi. Bunu aradan qaldırmaq üçün Microsoft özünün yeni əməliyyat sisteminə HIMEM. SYS drayverini əlavə etdi.
1993–1994-cü illərdə MS-DOS-un bir neçə versiyaları satışa buraxıldı. Bunlardan ən əhəmiyyətlisi MS-DOS 6.0, çoxlu oriğinal və lisenziyalı proqramların, o cümlədən, məlumatların dinamik sıxılması ilə diskin tutumundan daha səmərəli istifadə etməyə imkan verən Microsoft Double Space proqramının olması ilə fərqlənirdi. MS-DOS 6.2 və MS-DOS 6.22 versiyalarında həmin proqram daha da təkmilləşdirildi.
DOS əməliyyat sisteminin strukturu
[redaktə | vikimətni redaktə et]DOS (Disk Operating System- Disk Əməliyyat Sistemi) disklə işləməyi, informasiyanı və özünü diskdə saxlamağı nəzərdə tutan əməliyyat sistemidir. O, x86 platformasında çalışır və 16 bitlidir.
DOS-un nüvəsi. DOS əsasən üç fayldan-
- COMMAND. COM,
- IO. SYS və
- DOS. SYS (Misrosoftun əməliyyat sistemində isə- MSDOS. SYS) faylarından ibarətdir.
Bu üç fayl DOS-un nüvəsini təşkil edir.
IO. SYS periferiya qurğularını (BIOS-un köməyi ilə), DOS. SYS (və ya MSDOS. SYS) isə diskdə fay sistemini idarə etməyə xidmət edir. DOS-un nüvəsi monolit nüvə tipinə aiddir. O, işə düşərkən INT 21h kəsilməsini fayl əməliyyatları məqsədilə sistem servisi kimi qurur. Məhz BIOS-un bu kəsilməsi DOS-da fayl əməliyyatlarını yerinə yetirir.
COMMAND. COM- DOS-un istifadəçi interfeysi, əmr prosessoru və ya əmr interpretatoru adlanır. Bu proqramın vəzifəsi istifadəçi əmrlərini yerinə yetirmək və ümumiyyətlə DOS-a məxsus istifadəçi interfeysini təşkil etməkdir. DOS-un istifadəçi interfeysi mətn istifadəçi interfeysidir və əmr sətri şəklindədir.
COMMAND. COM iki hissədən ibarətdir: rezident və tranzit hissə. Operativ yaddaşa qənaət etmək üçün tətbiqi proqram işlərkən COMMAND. COM-un çox kiçik bir hissəsi operativ yaddaşda saxlanılır və yaddaşda tətbiqi proqram üçün daha çox yer ayrılmış olur. COMMAND. COM-un bu hissəsinə rezident hissə deyilir və onun vəzifəsi tətbiqi proqram bitdikdən sonra COMMAN. COM-u yenidən yükləmək və əmr prosesorunun işini bərpa etməkdir. COMMAN. COM-un yaddaşdan pozulan və tətbiqi proqram bitdikdən sonra yenidən yüklənən hissəsi isə onun tranzit hissəsini təşkil edir.
DOS-da əmrləri iki qismə ayırmaq olar. Bunlardan birbaşa COMMAND. COM tərəfindən icra olunanlara daxili əmrlər və diskdən proqram olaraq yüklənən əmrlərə isə xarici əmrlər deyilir. İstənilən icra olunan proqram DOS üçün xarici əmrdir. DOS-da icra olunan proqramların uzantısı mütləq . EXE və ya . COM olmalıdır. Prinsip etibarilə bunların hər ikisi maşın kodlarından ibarət fayllardır. Lakin, . COM faylların uzunluğu 64 KB-ı aşa bilməz. Bu tip proqramlar yaddaşda yalnız bir seqmentdən istifadə etdiyindən onların diskdən yaddaşa yüklənməsi və yaddaşda yerləşməsi daha sadədir. Buna görə də . COM uzantılı proqramlar daha çevik icra olunur (yüklənir). Adətən kiçik utilitlər, o cümlədən də DOS-un əksər utilitləri bu cür struktura malik olurlar.
. EXE uzantılı proqramlar üçün ölçü məhdudiyyəti yoxdur. Bu tip proqramlar yaddaşda iki və daha artıq seqmentdə yerləşə bilərlər. . EXE proqramlarının yüklənməsi zamanı operativ yaddaşda düzgün yerləşməsini proqramın əvvəlində idarəedici kodların olması təmin edir. Buna görə də bu tip proqramlar nisbətən ləng yüklənirlər.
DOS-da . SYS uzantılı fayllar əlavə qurğu drayverləridir. Əlavə drayverlərin sistemə qoşulması üçün mətn formatlı CONFIG. SYS faylından istifadə olunur. kompüteri işə salarkən COMMAND. COM ilk növbədə CONFIG. SYS faylını təşkil edən əmrləri icra edir. CONFIG. SYS faylında qurğu drayverini yükləmək üçün istifadə olunan DEVICE əmridir. Məsələn, DEVICE= DRIVER. SYS sətri cari diskdən DRIVER. SYS faylının yüklənməsini təmin edəcək. DOS-da faylların adı maksimum 8, onun uzantısı isə 3 simvoldan ibarət ola bilər.
. BAT faylları. Qeyd olunduğu kimi istifadəçi DOS-da kompüteri əmrlər (Məsələn, DIR- cari direktoriyada faylların siyahısını göstərir və ya CD- cari direktoriyanı dəyişir) vasitəsilə idarə edir. Bu cür istifadəçi interfeysi heç də səmərəli sayıla bilməz. DOS-un istifadəçi interfeysinin səmərəliyinin artırılması üçün əmrlər paketindən istifadə etmək imkanı var. Əmrlər paketi uzantısı . BAT (Batch- paket sözündən) olan hər bir sətri bir əmr olan mətn (ASCII) formatlı fayldır. . BAT faylının icra edilməsi onun içərisindəki əmrlərin icra olunması deməkdir. . BAT faylları əmrlərin dövrü olaraq təkrarlanmasına da imkan verir. Bunun üçün şərt və keçid operatorlarından istifadə olunmalıdır.
AUTOEXEC. BAT faylı. kompüteri işə saldıqda COMMAND. COM yüklənən diskin kökündə yerləşən AUTOEXEC. BAT faylını avtomatik olaraq işə salır. AUTOEXEC. BAT faylı məzmununa görə adi . BAT faylıdır. Lakin DOS üçün bu ad "tanınır" və o yüklənərkən avtomatik bu faylın icrasını həyata keçirir. Qeyd etmək lazımdır ki, DOS-da drayverlər yalnız . SYS uzantısı ilə deyil . EXE və . COM proqramları şəklində də ola bilərlər. Sonuncular AUTOEXEC. BAT faylı vasitəsilə avtomatik yüklənirlər.
DOS-un fayl sistemi — FAT
[redaktə | vikimətni redaktə et]Fayl sistemi. Məlumatların informasiya daşıyıcısında saxlanmasını, onların adlandırılmasını və idarə edilməsinin təşkili üçün qaydalar toplusuna fayl sistemi deyilir. Fayl sistemi informasiyanın fiziki saxlanmasının formatını təyin edir. O, informasiyanı fayl şəklində qruplaşdırır. Konkret fayl sistemi faylın adının uzunluğunu, faylın maksimal mümkün ölçüsünü və onun atributlar toplusunu təyin edir. Bəzi fay sistemləri, faylın parolla qorunması və şifrələnməsi kimi imkanlar da verirlər.
Fayl sistemi- bir tərəfədən informasiya daşıyıcısını fayllarla, digər tərəfdən isə API ilə faylları (onlara müraciət etmək üçün) əlaqələndirir. Tətbiqi proqram fayla müraciət edərkən o, informasiyanın faylda hecə yerləşməsi və eləcə də hansı tip daşıyıcıda (CD, sərt disk, maqnit lenti və ya fləş-yaddaşın hansısa bloku) saxlandığı haqda heç bir təsəvvürə malik olmur. Bu zaman proqram sadəcə faylın adını, onun ölçüsünü və atributlarını bilir. Bu məlumatları o, fayl sistemi drayverindən alır. Məhz fayl sistemi faylın fiziki daşıyıcıda necə və harada saxlandığını təyin edir. Əməliyyat sistemi baxımından bütün disk ölçüsü 512 bayt və daha böyük olan klasterlərdən ibarətdir. Fayl sisteminin drayverləri bu klasterləri fayl və kataloqlar kimi təşkil edirlər. Həmin drayverlər bu klasterlərdən hansılarının istifadə olunduğunu, hansılarının sərbəst (boş) və hansılarının yararsız olduqlarını "bilirlər". Hər bir fay sistemi (təkistifadəçili sistemdə) aşağıdakı vəzifələri yerinə yetirməlidir: faylların adlandırılmasını təmin etməli:
- fayllarla işləmək üçün proqram interfeysini yaratmalı;
- məntiqi fayl sistemi modelinin məlumatların saxlanılmasının fiziki təşkilinə əks etdirməsi;
- fayl sisteminin aparat, proqram səhflərinə qarşı etibarlığını təmin etmək.
Çoxistifadəçili əməliyyat sistemlərində isə bu vəzifələrə informasiyadan istifadənin təhlükəsizliyini təmin edən digər funksiyalar da əlavə olunur.
Praktik olaraq, diskdə fayllar həmişə kataloqlar kimi qruplaşırlar. Ən sadə halda verilən diskdə bütün fayllar bir kataloqda saxlanırlar. Belə birsəviyyəli saxlama sxemi CP/M və MS-DOS-un ilk versiyalarında istifadə olunurdu. DOS, FAT fayl sistemindən istifadə edir.
Orıjınal DOS file sistemində 16 bitli məntiqi sektor nömrələrindən istifadə olunur. Buna görə də maksimum 65536 sektor, yəni 32 MB disk məkanı ünvana bilir. Bu baryeri aradan qaldırmağın sadə yolu diski iki və daha artıq bölümə ayırmaqdır. Bu bölümlərin hər biri maksimum 65536 sektora malik ola bilər və ayrı-ayrı disklər kimi istifadə oluna blərlər.
DOS 4.00 və onun daha sonrakı versiyaları 32 bit məntiqi sektor nömrələrindən istifadə edə bilir. Bu, daha böyük disk bölümlərindən istifadə etməyə imkan verir. Nəticədə DOS 4.00 maksimum 2 TB (2048 QB) həcmində disklə işləmək imkanına malik oldu.
Mənbə
[redaktə | vikimətni redaktə et]- M. A. Camalbəyov, R. Ə. Fərəməzov, "OSx16 Operating System" ğurupu. IBM PC tipli kompüterlərin arxitekturası, sistem proqram təminatı və əməliyyat sistemləri. Bakı, H. Əliyev adına AAHM, 2009. – 307 səh.