Biokimyəvi korroziya
Biokimyəvi korroziya – mikroorqanizmlərin metala təsiri ilə əlaqədar olan prosesdir. Bu proses iki səbəbdən baş verə bilər. Birinci metal özü mikroorqanizmlər üçün qida mənbəyi ola bilər. İkinci mikroorqanizmlərin həyat və fəaliyyəti zamanı əmələ gələn birləşmələrin təsirilə korroziya prosesi baş verə bilər. Mühitdən və şəraitdən asılı olaraq korroziya prosesinin özü də müxtəlif formalarda müşahidə olunur;
- bərabərqiymətli korroziya – metalın bütün səthi boyu eyni səviyyədə gedən korroziyaya deyilir.
- pittinq korroziyası – lokal tipli aşınmalara aid olub, adətən metalın bir sahəsində başqa sahələrə nisbətən daha dərin korroziya prosesi baş verir. Bu prosesə əsasən metal səthi ilə mayenin sürətlə axını olan yerlərdə rast gəlmək olar.
- kristallararası korroziya – metal dənəciklərinin səthləri boyu lokal korroziya aşınmalarıdır. Dənəciklərarası maddə anod kimi fəaliyyət göstərərək katod olan dənəciklərin özlərinin böyük səthi ilə kontaktda olur. Nəticədə sürətlə gedən korroziya prosesi metalın dərinliyinə işləyərək böyük problemlər yaradır.
- korroziya çatlaması ‒ səbəbləri metala korroziya prosesi ilə bərabər xarici təsirin də olması nəticəsində baş verir ki, bunu da korroziya yorğunluğu adlandırırlar. Korroziya proseslərinin nə qədər çoxşaxəli və təhlükəli olduğuna nəzər saldıqdan sonra bu prosesə qarşı yollar axtarılmasının vacibliyi heç bir şübhə doğurmur. Nəzərə almaq lazımdır ki, bu problem iqtisadiyyata vurduğu ziyanlarla bərabər ekologiyaya da ciddi ziyan vurur. Bu iki problem bir-biri ilə o qədər sıx bağlıdır ki, onları bir-birindən ayrılıqda həll etməyi təsəvvür etmək çətindir. Digər tərəfdən ekoloji problem kimi atmosferin çirklənməsi də öz növbəsində korroziya prosesinin sürətlənməsinə səbəb olur. Ona görə də hər iki problemin birgə həlli çox vacibdir.
Korroziya prosesinin qarşısını tam almaq mümkün olmasa da, onun sürətini nəzərə çarpacaq dərəcədə azaltmağın müxtəlif yolları vardır ki, bunun da ən səmərəli və asan tətbiq oluna biləni korroziyaya qarşı inhibitorlardan istifadə olunmasıdır. Korroziya inhibitorlarının geniş tətbiq sahələrindən biri də neftçıxarma və neft emalı sənayeləridir. Bu sahədə korroziya inhibitorlarından istifadə etməklə yüksək nəticələr əldə edilmişdir. Korroziya inhibitorlarından sənayedə geniş istifadə edilməsinin səbəbi təkcə onun effektivliyi yox, eyni zamanda universal xassəyə malik olması və iqtisadi cəhətdən səmərəliliyidir. Hazırda tərkibcə qeyri-üzvi və üzvi birləşmələrdən ibarət olan çoxlu miqdarda korroziya inhibitorları məlumdur.
İnhibitor – latın sözü olub "inhibeo", yəni prosesi dayandıran, qarşısını alan və ya yavaşıdan deməkdir. Inhibitorlar kimyəvi tərkibinə görə üzvi və qeyri-üzvi birlşmələrdən ibarət olur. Qeyri-üzvi birləşmələrdən ibarət olan inhibitorlara misal olaraq NaNO2, K2Cr2O7, Na2CrO4, Na2MoO4 və s. göstərmək olar. Tərkibcə üzvi birləşmələrdən ibarət olan birləşmələrə misal olaraq monoetanolamini, dietilamini, formaldehidi, benzoat dietilamini, alkilsulfonatları, ammonium duzlarını, neft turşularının duzlarını, aminləri, nitrobirləşmələri və s. göstərmək olar. Üzvi tərkibli inhiitorların təsir mexanizmi başlıca olaraq iki tip adsorbsiya prosesi ilə xarakterizə olunur: fiziki və kimyəvi.
- fiziki adsorbsiya inhibitor və metal arasında Van-Der Vaals qüvvələrinin olması ilə əlaqədardır və bu növ adsorbsiya olunmuş inhibitorların desorbsiyasını yuma və ya sürtmə yolu ilə əldə etmək olar.
- kimyəvi adsorbsiya və ya xemosorbsiya bəzən metal səthində kimyəvi birləşmənin əmələ gəlməsinə də səbəb olur. Bu qeyd olunan inhibitorların bir qismi suda, qalanları isə karbohidrogenlərdə həll olurlar. İnhibitorların həll olmalarına görə də onların tətbiq sahələri müəyyən edilir. Əgər inhibitor molekulları polyardırsa, onda onların korroziyadan müdafiə effekti daha az qatılıqlarda özünü göstərir. Bu zaman inhibitorun metal səthində yaratdığı örtük təbəqəsi həm anod, həm də katod sahələrini örtdüyündən hər iki korroziyanın sürətini aşağı salır. Müəyyən müddət keçdikdən sonra anod səthində adsorbsiya katod səthinə nisbətən daha sürətlə gedir. Nəticədə anod korroziyası daha da zəifləyir, katod korroziyası isə aktivləşməyə başlayır. Ümumiyyətlə ədəbiyyatdan məlum olan və sənayedə geniş tətbiq sahəsi tapmış çoxfunksiyalı korroziya inhibitorlarının tərkibləri haqqında ümumi məlumat aşağıda verilmişdir:
- imidozolinlər və amidlər
- müxtəlif quruluşlu aminlər
- C17-C25 tərkibli yağ turşuları
- piridinlər və onların törəmələri
- mühitdə səthi gərilməni aşağı salan tərkiblər. Göründüyü kimi tətbiq edilən birləşmələrin əksəriyyəti azotlu birləşmələr olaraq aminospirtlər, nitrobirləşmələr, imidozolinlər və s. birləşmələr şəklində mövcuddur. Neftdə həll olan bu tip birləşmələrin sintezi və sənayedə tətbiqi ilə AMEA NKPİ-də AMEA-nın müxbir üzvü V. M. Abbasovun rəhbərliyi altında geniş tədqiqatlar aparılaraq şərti olaraq Kaspi-2, Kaspi-4, Araz-1 adlandırılmış neftdə həll olan korroziya inhibitorları yaradılmışdır. Hidrogen-sulfid mühitində korroziyadan çox yüksək müdafiə qabiliyyətinə malik olan Kaspi-2 və Kaspi-4 inhibitorları Qazaxstanın Tengiz yatağında ən yüksək H2S mühitində müxtəlif inhibitorlarla eyni zamanda sınaqdan keçirilmiş və ən yüksək nəticə göstərmişlər. Bu inhibitorlar elektrokimyəvi korroziya ilə bərabər mikrobioloji korroziyanın da qarşısını maksimum dərəcədə ala bilirlər.