Bataklar (xalq)
Bataklar (İndoneziya dilində oranq-batak, oranq tapanuli) İndoneziyada etnik birlik.
Etnik birliyə daxil olan xalqlar
[redaktə | mənbəni redaktə et]Bataklar ənənəvi olaraq Batak yastı dağlığında və ondan cənubda yerləşən Sumatra adasında (Şimali Sumatra əyaləti) məskunlaşmışlar. Cənubi Bataklardan -tobalar (Sumaşir adasında və Toba gölündən şərqdə, cənubda və qərbdəki ərazilərdə 2,5 milyon nəfər, XXI əsrin əvvəlləri), anqkolalar, yaxud anakolalar (tobalardan cənubda, Sipirok şəhəri yaxınlığında 924 min nəfər), mandaylinqlər (anqkolalardan cənubda 470 min nəfər);[1][2] şimali Bataklardan — dairilər (Sidikalanq şəhəri yaxınlığında, Toba gölündən şimal-qərbdə pakpak yarımqrupu da daxil olmaqla 1,6 milyon nəfər), karolar (Toba gölündən şimalda 740 min nəfər), alaslar (Kutaçane şəhəri yaxınlığında və Taraktuan şəhərindən şimalda və və şimal-şərqdə 94 min nəfər; qayoların təsiri altındadırlar); həmçinin simalunqunlar, simalunqanlar, yaxud timurlardan (Toba gölündən şimal-şərqdə 1,2 milyon nəfər) ibarətdirlər. XX əsrdə tobalar Sumatra və Yava adalarındakı şəhərlərdə geniş yayılmışlar. Batak dilləri Avstoneziya dillərinin Malayya-Polineziya yarımailəsinin qərb qoluna aiddir. Yazıları latın qrafikası əsasındadır; palma yarpaqları üzərində Cənubi hind əlifbası əsasındakı ənənəvi yazıları (Filippin, bugi-makasar və recanq yazılarına yaxındır) qorunub saxlanılır.
Bataklar arasında geniş yayılmış dinlər
[redaktə | mənbəni redaktə et]Tobalar, dairilər, karolar, simalunqunlar və pakpakların əksəriyyəti xristiandır, alaslar, mandaylinqlər və anqkolaların əksəriyyəti müsəlmandır; ənənəvi etiqadlarını saxlayanlar da var.
Şimali Sumatranın yerli əhalisi olan Bataklar qədim İndoneziya (protomalayya) mədəniyyətinin tipik nümayəndələridir; Yava və Sumatranın hinduist dövlətlərinin (Şrivicaya, Macapahit və s.) təsirinə məruz qalmışdır. XIX əsrədək Batakların xarici əlaqələri zəif olmuşdur. XIX əsrin əvvəllərində mandaylinqlər minanqkabauların təsirilə islamı qəbul etmişlər, XIX əsrin ortalarından tobalar və anqkolalar arasında protestant missiyaları fəaliyyət göstərmişdir; yalnız 1930-cu illərdə karolar xristianlaşmağa başlamışlar. Simalunqunlar və mandaylinqlər XIX əsrdə formalaşmış icma birlikləri Hollandiya müstəmləkəçiliyinə qarşı qəti müqavimət göstərmişlər (1933–1908). XIX əsrin sonları — XX əsrin əvvəllərindən Bataklar Ümumindoneziya və Avropa mədəniyyətini mənimsəmişlər. XX əsrin ortalarında Bataklar sosial cəhətdən ən fəal və inkişaf etmiş İndoneziya xalqlarından birinə çevrilmişlər; onların arasında ziyalılar, siyasətçilər və din xadimləri çoxdur.
Ənənəvi məşğuliyyətləri
[redaktə | mənbəni redaktə et]Batakların əsas ənənəvi məşğuliyyətləri şum əkinçiliyidir. Toba gölünə yaxın dərələrdə suvarma çəltik əkinçiliyi, yastıdağlıqda və dağ yamaclarında quru dərə əkinçiliyi); həmçinin qaramal və at yetişdirilməsi, balıqçılıq, sənətkrlıq (ağac üzərində oyma, dəmir və mis emalı, qayıq və keramika hazırlanması, hörmə, qadınlar qara, yaxud göy rəngli parça (ulos) toxuyurlar, ayinlərlə bağlı daş heykəltəraşlıq məlumdur) yayılmışdır, Sumatranın şimal sahilləri ilə ticarət aparılır.
Etnoqrafik xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Ata xətti ilə liniclər qohum qruplarda (marqalar) birləşir; icma (xuta) orada yaşayan marqaların nümayəndələrindən ibarət seçkili şura (şura eyni zamanda adət hüququna əsaslanan məhkəmə funksiyasını yerinə yetirir) tərəfindən idarə olunur. ilk məskunların lider qrupunun (marqa-raca) nümayəndəsi ona başçılıq edir. Kahin-datular da (rəmzləri sehrli əsadır) onlara mənsub idi. Ənənəvi ailə patrilokaldır. İri evlərdə yaşayan böyük ailə icmaları, levirat, sororat, krosskuzen nikahları, tobalarda fratriya bölgüsü (Sumba və Lontunq) saxlanılır. Sumba və Lontunq tobalarının qeyri-ekzoqam fratriyalarında dual bölgünün izləri qalmaqdadır. 1920-ci ilədək patriarxal quldarlıq, kannibalizm mərasimi, öldürülmüş düşmənin başının qənimət kimi götürülməsi adəti, meyitlərin dəfn qülləsində yandırılması (karolarda), təkrar dəfn mövcud olmuşdur. Ənənəvi yaşayış məskənləri 5–20 böyük evdən (karkaslı, yortaclı, yəhərvari damı olan; yortacları və tirləri oymalarla bəzədilmişdir; daxili arakəsmələri həsirdəndir) ibarətdir, icma evi (soro) var. Ənənəvi kultları əcdadlara və ruhlara sitayişdir. Tatuirləmə, dişlərin qaraldılması və mişarlanması, qurbanvermə. nikah bağlayan liniclər arasında tortor ayin rəqsləri ilə müşayiət edilən hədiyyələrin mübadiləsi mərasimi mövcud olmuşdur; adları hinduistlədirilmiş allahların geniş panteonu saxlanılmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bungaran Antonius Simanjuntak. Konflik Status dan Kekuasaan Orang Batak Toba: Bagian Sejarah batak. Yayasan Pustaka Obor Indonesia. 1994. səh. 149. ISBN 60-243-3148-7.
- ↑ B.A. Simanjuntak, Hasmah Hasyim, A.W. Turnip, Jugat Purba & E.K. Siahaan. Sistim Gotong Royong Dalam Masyarakat Pedesaan Daerah Sumatera Utara. Direktorat Jenderal Kebudayaan. 1979. səh. 25.