Barbizon məktəbi
Barbizon məktəbi (fr. École de Barbizon) — fransız peyzaj-rəssamlar qrupu. Məktəb adını uzun müddət Teodor Russo, Jan-Fransua Mille və qrupun digər nümayəndələrinin yaşadıqları Fontenblo meşəsində yerləşən Barbizon kəndindən almışdır.
Nümayəndələri
[redaktə | mənbəni redaktə et]Məktəbin rəssamları, əsası holland (Yakov Van Reysdal, Yan Van Qoyen, Meyndert Xobbema) və fransız rəssamları (Nikola Püssen və Klod Lorren) tərəfindən qoyulan ənənələrə söykənirdilər. Onlar bilavasitə P. Yüe və R. Bonninqtonun varisləri idi. Barbizon məktəbinin nümayəndələrinə qrupa daxil olmayan — Jan-Batist Kamil Koro, Qustav Kurbe, Ejen Delakrua kimi müasirlərinin də birbaşa təsiri olmuşdur.
Tarixi
[redaktə | mənbəni redaktə et]XIX əsrin əvvəli fransız incəsənətində klassisizm və romantizmin mübarizəsi ilə qeyd edilmişdir. Akademistlər peyzaja münasibətdə onu əsasən mifoloji personajların hərəkət etdiyi fon kimi qəbul edirdilər. Romantiklər şişirdilmiş və zahirən gözəl peyzajlar yaradırdılar. Barbizon məktəbinin nümayəndələri vətənlərinin əməklə məşğul, sadə insanların iştirak etdiyi gündəlik adi motivlərlə zəngin real peyzaj təsvirinin tərəfdarı idilər. "Bu mükəmməl rəssamların yaratdıqları milli real peyzaj, nəinki fransız incəsənətinin inkişafında böyük mənaya malik idi, həmçinin realizm yolunu tutmuş digər milli məktəbləri üçün də əsas olmuşdur"[1] Barbizon məktəbinin əhəmiyyəti realistik peyzaj yaratması və Koro ilə birgə impressionizmin yaranmasına zəmin olmasıdır. Barbizon məktəbinin impressionizmi qabaqlamış səciyyəvi üsulu etüdün əvvəlcə planerdə yaradılıb növbəti mərhələdə son olaraq işin atelyedə bitirilməsi olmuşdur.
Russo, Jül Düpre və Narsisso Virgilio Dias de la Penyanın ilk işləri 1831-ci ildə Salonda 1830-cu il inqilabından dərhal sonra nümayiş etdirilmişdir. Lakin o zaman kütlənin əsas diqqətini Delakruanın "Azadlıq barrikadalarda" rəsmi özünə cəlb etmişdi. 1833-cü ildə Russo salonda proqramm işi "Qranvill ətrafları" (Ermitaj) rəsm əsərini təqdim etmişdir. Düpre rəsmi yüksək qiymətləndirmiş və bu zamandan onların məktəbinin yaranmasına zəmin olmuş möhkəm dostluqlarının əsası qoyulmuşdur.
Russo
[redaktə | mənbəni redaktə et]Məktəbin yaradıcısı və ilham vericisi Pyer-Etyen-Teodor Russo (1812—1867) olmuşdur. O, Fontenblo meşəsinə etüdlər çəkmək üçün ilk dəfə 1828-1829-cu illərdə gəlmişdir. Daha sonra o iki ilini ilk rəsmlərini ("Normandiyada bazar", Ermitaj) çəkdiyi Normandiyada keçirmişdir. Bundan sonra o beş il Fransa ərazisində səyahət etmiş, həm Barbizonda, həm Vandeydə olmuşdur. ("Şabalıd xiyabanı", 1837—1842, Luvr). Russo vaxtaşırı digər rəssamları az cəlb edən ucqar yerlərə baş çəkirdi. ("Landda bataqlıqlar" 1853, Luvr). 1848-ci il inqilabı ərəfəsində Jorj Sandın qardaşı qızı ilə uğursuz evlilik cəhdindən sonra Russo dostu tənqidci Torenin məsləhəti ilə onunla birgə Barbizonda kəndçi evində məskunlaşdı. Orada rəssam əsas şedevrlərini yaradır və vaxt keçdikcə dostlarını qrup halında ətrafına yığır. 1848-ci ildə o dövlət sifarişi alır və 1850-ci ildə "Fontenblo meşəsindən çıxış. Günbatımı" (Luvr) rəsmini tamamlayır. 1852-ci ildə "Apremonda palıdlar" (Luvr) rəsmini çəkmişdir. Salona Russonu "İnəklərin Yura dağının yüksək otlaqlarından enişi" (Haaqa) rəsmini qəbul etmədikdən sonra 1835-ci ildən başlayaraq on üç il ardıçıl buraxmamışdılar. Lakin 1855-ci ilin Ümumdünya sərgisi ona uğur və qızıl medal gətirir. 1866-cı ilin Salonunda jüri üzvü, 1867-ci ilin Ümumdünya sərgisində artıq jürinin rəhbəri olur. Rəssam 1863-cü ildə ağciyərin iltibahı ilə xəstələnir, 1867-ci ildə Barbizonda vəfat edir.
Düpre
[redaktə | mənbəni redaktə et]Yaradıcı məqsədlərdə Russoya ən yaxın olan Jül Düpre (1811—1889) idi. Onun yaradıcılığına İngiltərəyə səyahət etməsi və Konstebelin peyzajları ilə tanış olması, həmçinin Nikola Kaba ilə dostluğu təsir etmişdir. Russo ilə tanışlıqdan sonra onun yaradıcılığında realistik tendensiyalar güclənir və Düpreni daha Salona qəbul etmirlər. Russo ilə birlikdə 1849-cu ilədək onlar tez-tez bir yerdə tək Barbizonda deyil Fransanın digər məkanlarında da hər biri öz yaradıcılıq fərdiyyətini qoruyaraq işləmişlər. 1849-cu ildə Düpre Fəxri Legion ordeni ilə təltif edilir. Russo isə orden almır, bu onların birgə fəaliyyətinə son qoyan davanın başlanmasına səbəb olur. 40—50-ci illərdə Düpre özünün əsas şedevrlərini yaradır: "Kənd peyzajı" (1840—44, Ermitaj), "Axşam" (1840), "Land" (1845—1850, Luvr), "Qoca palıd" (1845—1850, Merilend), "Nohurda palıdlar" (1850—55, Orse). 1852-ci ildən 1867-ci ilədək o işlərini daha Salona yollamırdı. 1868-ci ildən başlayaraq Düpre hər il Kaye-sür-Merə gedir və dəniz peyzajları çəkirdi. ("Normandiyada dəniz çəkilməsi", 1870-ci illər).
Dias
[redaktə | mənbəni redaktə et]Narsis Verjil Dias de la penya (1807—1876) realistik peyzaja dərhal gəlməmiş və Russo ilə yaxın tanışlığı həyatının ikinci hissəsinə aid edilir. Əvvəlcə o romantizmlə maraqlanırdı, sevimli rəssamı Korredjo idi, bayram ruhlu və dekorativ rəsmlər yaradırdı. 1844-cü ilin Salonundan başlayaraq Diaz böyük populyarlığa malik idi. Lakin, rəsmləri əsasən şərq qadınları, qaraçılar, mifik personajlar, nimfalar, uşaqlar idi. Russo ilə birlikdə Fontenblo meşəsində işləməyə başladıqdan sonra onun üslubu dəyişdi. Onun tərəfindən: "Meşə cığırı" (1850-ci illər, Ermitaj), "Şamağacı ilə peyzaj" (1864, Ermitaj), "Meşədən keçən yol" (1865—70, Orse), "Fontenbloda meşə" (1867, Bordo) və s. peyzajlar aiddir.
Mille
[redaktə | mənbəni redaktə et]Jan-Fransua Mille (1814—1875) digər barbizon nümayəndələrinin əksinə olaraq o, kənd mühitindən çıxmışdır, o kəndci oğlu idi. Karyerasının başlanğıcında Mikelancelo və Pussenlə maraqlanır, peyzajla yanaşı digər janrlarla da məşğul olurdu. Şarl Emil Jak ona böyük təsir etmişdir. "Kəndli" mövzusunda ilk rəsmini Mille 1848-ci ildə yaratmışdır. 1849-cu ildə o Jakla birlikdə Barbizona gəlir, Russo ilə dostlaşır və Barbizon sakini olan rəssamlardan ən daimi sakinə çevrilir və burada da vəfat edir. "Səpici" (1850, Boston), "Sünbül yığanlar" (1857, Orse) və digər rəsmlərində o əmək prosesində kəndli peyzajları yaradır. "Anjelüs" (1857-59, Orse), "Kərki ilə insan" (1863, şəxsi kolleksiya) rəsmlərində əsas diqqət insanlarda çəmlənib. Rəssamın son işləri "Qarabaşaq yığımı" (1868—1870, Boston), "Tayalar: Payız" (1874, Metropolitan) çox maraqlıdır. "Bahar" (1868—1873, Orse) peyzajı çox qeyri-adi və gözəldir.
Dobini
[redaktə | mənbəni redaktə et]Şarl-Fransua Dobini (1817—1878) yaradıçılığa İtaliyaya səyahətdən başlayıb. Daha sonra süjet rəsmləri çəkib. 1840-cı ildə Salonda nümayiş etdirilmiş "Müqəddəs İeronim" uğur qazanmışdı. 40-cı illərdə Dobini Fransanın müxtəlif yazıçıları: Pol de Kok, Balzakın, Viktor Hüqonun, Ejen Süinin kitablarına illüstrasiyalar çəkir. Realistik peyzaja 40-ci illərin sonunda Koro ilə dostlaşdıqdan sonra gəlir. Barbizon məktəbinin digər nümayəndələrindən fərqli olaraq Dobini işığa böyük diqqət verirdi, bunda o impressionistlərə daha yaxındır. O, "Biçin" (1851, Orse), "Opteva vadisində bənd" (1855, Ruan), "Böyük Opteva vadisi" (1857, Orse) rəsmlərini yaradıb. 50-ci illərin sonunda o çoxdankı arzusu olan qayıq-emalatxana düzəltməyi həyata keçirir. Onunla Fransanın çaylarında səyahət edərək Dobini çoxlu sayda ofortlar və rəsmlər çəkir: "Luen çayının sahilləri" (1850-ci illər, Ermitaj), "Səhər" (1858), "Villervilldə qumlu sahil" (1859, Marsel), "Uaza sahilində kənd" (1868), "Villervilldə dəniz sahili" (1875, Ermitaj).
Barbizon məktəbinin digər nümayəndələri
[redaktə | mənbəni redaktə et]Konstan Troyon (1810—1865) həm Russo həm Düpre ilə dostluq edirdi. Lakin 1847-ci ildə Hollandiyaya səyahətdən sonra o Pauls Potterin yaradıcılığı ilə maraqlanır və peyzajdan heyvanların təsvirini çəkməyə keçir: "Öküzlər şuma gedir. Səhər." (1855, Luvr), "Bazara yoladüşmə (1859, Ermitaj).
Barbizon məktəbinin nümayəndələrinin dəqiq dairəsini cızmaq mümkün olmasa da onların sırasına həmçinin Nikola-Lui KabaК (1812—1893), Anri Arpini(1819—1916), İsidor Danyan (1794—1873), Ogüst Anastazi (1820—1889), Adolf Appian (1819—1898), Ejen Siseri (1813—1890), Fransua Franse (1814—1897), Leon-Viktor Düpre (1816—1879) və başqaları aid edilir. Barbizon məktəbinin əsas nümayəndələrinin çox saylı tələbələri müəllimlərini heç nədə kecə bilmədiklərinə görə onların rəsmləri kiçik fransız şəhərlərinin təsviri ilə məhdudlaşır və az tanınırlar.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Н. Яворская. Пейзаж барбизонской школы. Искусство. 1962.