Azərbaycan Botaniklər Cəmiyyəti
Yaranması
[redaktə | vikimətni redaktə et]AMEA Botanika İnstitutu rəsmi bir qurum kimi 1936-cı ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan botanika bölməsinin bazasında təsis edilmişdir. Uzun illər Botanika İnstitutunda 3 cəmiyyət fəaliyyət göstərmişdir: Azərbaycan Botaniklər Cəmiyyəti, Azərbaycan Bitki Fizioloqları Cəmiyyəti, Azərbaycan Biokimyaçılar və Molekulyar Bioloqlar Cəmiyyəti.
Azərbaycan Botaniklər Cəmiyyəti 1999-cü ildən müstəqil fəaliyyətə başlamışdır. 2005-ci ildə Azərbaycan Botaniklər Cəmiyyətinin bütün özəklərində Cəmiyyətin Yeni Nizamnaməsi müzakirə edilmiş, ayrı-ayrı şöbələr üzrə say tərkibi müəyyənləşdirilmiş və ümumi forma üzrə cəmiyyətə üzvlük vəsiqələri hazırlanmışdır. Azərbaycan Botaniklər Cəmiyyətinin hər il ümumi və büro iclası keçirilmişdir. Bu iclaslarda ayrı-ayrı filialların sədrlərinin hesabatları, botaniki yeniliklər və dəyişiklər haqqında məlumatlar, o cümlədən xarici səfərlər barədə məruzələr dinlənilmiş və müzakirə edilmişdir. 22 iyun 2018-ci ildə Respublika botaniklərinin iştirakı ilə keçirilən Azərbaycan Botaniklər Cəmiyyətinin ümumi yığıncağında Cəmiyyətin Nizamnaməsinin II redaksiyasına dəyişikliklər layihəsi təqdim olunub.
7 aprel 2022 ci il tarixində AMEA-nın Botanika İnstitutunda Azərbaycan Botaniklər Cəmiyyəti ictimai birliyinin növbəti ümumi yığıncağı keçirilib. Yığıncaqda cəmiyyətin İdarə heyətinin yenidən seçilməsi, rəsmi internet səhifəsinin bərpası, loqosu və çap işlərinin formatına dair geniş müzakirələr aparılıb. Səsvermə yolu ilə ABC ictimai birliyinin sədri Botanika İnstitutunun icraçı direktoru, b.e.d. Şakir Qasımov, məsul katibi b.ü.f.d. Nuri Mövsümova seçilib. Maliyyə məsələləri isə b.ü.f.d. Gülnar Qasımovaya həvalə edilib.
İdarə heyəti
[redaktə | vikimətni redaktə et]Sədr: Botanika İnstitutunun icraçı direktoru, b.e.d. Şakir Qasımov
Həmsədrlər: AMEA-nın həqiqi üzvü Tariyel Talıbov
AMEA-nın müxbir üzvü: Elşad Qurbanov
AMEA-nın müxbir üzvü: Maqsud Qurbanov
AMEA-nın müxbir üzvü: Vaqif Novruzov
Məsul katib: b.ü.f.d. Nuri Movsümova
Nəşrləri
[redaktə | vikimətni redaktə et]Cəmiyyətin fəaliyyəti sayəsində 2006-cı ildə Botanika İnstitutunun elmi əsərlərinin XXVI cildi, 2007-ci ildə isə Botanika İnstitutunun 70 illiyinə həsr olunmuş XXVI cildi çapdan çıxmışdır. Cəmiyyət tərəfindən İnstitutun tarixində böyük rolu olmuş və onun ilk direktorlarından olan akademik H.Ə.Əliyevin 100-illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsinə dair təkliflər müzakirə olunmuş, Botanika İnstitutunun elmi əsərlərinin XXVII cildi həmin görkəmli şəxsiyyətə həsr olunmuşdur. 2008-ci ildə Cəmiyyətin 5 illik fəaliyyətinə həsr olunmuş konfrans keçirilmiş, onun yeni prezidenti və heyəti təsdiq olunmuşdur. Konfransda respublikanın müxtəlif elm ocaqları nümayəndələrinin iştirakı ilə botanikanın müasir istiqamətdə inkişafı yolları və onların həyata keçirilməsi üçün müvafiq tədbirlər müzakirə olunmuşdur. 2013-cü ildə Azərbaycan Botaniklər Cəmiyyətinin respublikanın müxtəlif elm ocaqları nümayəndələrinin iştirakı ilə Azərbaycanın Qırmızı Kitabının 2-ci nəşri həyata keçirilmişdir.
Xarici əlaqələri
[redaktə | vikimətni redaktə et]İlk dəfə olaraq Botanika İnstitutu OPTİMA (Aralıq Dənizi Ərazisi üzrə Fitotaksonomik Tədqiqatlar Təşkilatı) Avropa Botanika Cəmiyyətinə üzv olmuşdur. Bu, botaniklərimiz üçün müasir taksonomik tədqiqatlar aparılması istiqamətində xarici həmkarlarla əlaqələrin daha da genişləndirilməsi, mütəmadi olaraq keçirilən beynəlxalq botaniki elmi forumlarda iştirak və beynəlxalq elmi ədəbiyyatlardan istifadəyə geniş imkanlar açmışdır. Azərbaycan Botaniklər Cəmiyyətinin fəaliyyəti 2010-cu ildə daha intensiv olmuşdur. Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə birlikdə “Bitkilərin davamlı istifadəsi” kompaniyası çərçivəsində “Azərbaycanda geniş yayılmış dərman bitkiləri” adlı buklet və poster çap etmişdir. 2013-cü ildə Global bitki təşəbbüsü üzrə Anrey Mellon Fondu ilə müqavilə bağlanmışdır.