Adıge Respublikası
Adıge Respublikası | |
---|---|
Адыгэ Республик | |
|
|
Ölkə | |
İnzibati mərkəz | Maykop |
Dövlət Başçısı | Murad Kumpilov |
Dövlət şurasının sədri | Vladimir Narojnı |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1991 |
Sahəsi |
|
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | RU-AD |
Telefon kodu | 877 |
Avtomobil nömrəsi | 1 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır. İqtisadiyyatında neft və qaz üstünlük təşkil edir.[2]
Dövlət quruluşu
[redaktə | mənbəni redaktə et]Dövlət hakimiyyəti orqanları sistemi Adıge Respublikasının Konstitusiyası (1995) ilə müəyyənləşir. Dövlət hakimiyyətini respublikanın prezidenti, respublikanın Dövlət şurası (Xase) – parlamenti, hökuməti (Nazirlər kabinəsi) və respublika Konstitusiyasına uyğun olaraq formalaşan digər dövlət hakimiyyət orqanları həyata keçirir. Dövlətin və icraedici hakimiyyətin başçısı – Adıgenin ali vəzifəli şəxsi olan prezidentdir; ona RF Prezidentinin təqdimatına əsasən Dövlət şurası səlahiyyət verir. Dövlət şurası – respublikanın ali qanunverici (təmsil edici) orqanıdır və əhali tərəfindən 5 il müddətinə seçilir. O, iki palatadan – nümayəndələr şurasından (respublikanın inzibati-ərazi vahidlərinin maraqlarını təmsil edən, üçmandatlı seçki dairələri üzrə, hər şəhər və rayondan 3 nümayəndə olmaqla 27 deputat) və Respublika Şurasından (birmandatlı seçki dairələrindən seçilən 27 deputat) ibarətdir. Nazirlər kabinəsi – kabinənin işinə rəhbərliyi həyata keçirən prezident tərəfindən formalaşdırılır. Prezident Baş naziri Dövlət şurasının razılığı ilə təyin edir.[2]
Tarixi məlumat
[redaktə | mənbəni redaktə et]Adıge ərazisində ilk insan izləri Erkən Paleolit dövrünə aiddir. E.ə. 1-ci minilliyin ortalarına aid yazılı abidələrdə adıqların əcdadları meotlar, sindlər, kerketlər və s. adlarla məlumdur. Hunların ardınca 4–9-cu əsrlərdə Şimali Qafqaz avarların, Bizansın, bulqarların və xəzərlərin hücumlarına məruz qalmışdı. 6-cı əsrin sonlarından 630-cu ilədək Adıgeya Göytürk xaqanlığının nəzarəti altında olmuşdur. Adıgeya Dneprboyu slavyanlar, Qafqaz xalqları və Yaxın Şərq ölkələri ilə ticarət aparırdı. 13-cü əsrin 2-ci yarısından 15-ci əsrin 1-ci yarısınadək Qara dəniz sahillərində yerləşən Genuya şəhər-koloniyaları Adıgeyanın tarixi-mədəni inkişafında və ticarətində mühüm rolu olmuşdur.
Əsasən çörək, meyvə, kürü, mis, mum, xəz və qul ixrac olunur, duz, parça, silah və bəzək əşyaları idxal edilirdi. 13-cü əsrdə Adıgeya Qızıl Ordaya tabe oldu. 16–18-ci əsrlərdə Osmanlı imperiyası və Krım xanlığının Adıgeya ilə müharibələri nəticəsində burada islam dini yayılmağa başlamışdı. 16-cı əsrdə Adıgeya Rusiyanın himayəsinə sığındı. 19-cu əsrin 60-cı illərində adıgelərin kütləvi surətdə Osmanlı imperiyasına köçürülməsi nəticəsində Adıgedə onların ancaq 5%-i qaldı. 1888-ci il martın 21-də III Aleksandr Kuban və Tersk vilayətləri və Çernomorsk quberniyasında idarəçiliyin təsisi haqqında yeni əsasnamə imzaladı. Əsasnaməyə görə, inzibati-ərazi vahidlərində mülki idarələr ləğv edilərək hərbi-kazak idarəçiliyi yaradıldı. 1918-ci ilin yanvarında Adıgedə Sovet hakimiyyəti quruldu. Həmin ilin mayında Kuban-Qara dəniz Sovet respublikasına daxil oldu.
1918-ci ilin payızında ağqvardiyaçılar Kuban və Adıgeni ələ keçirdilər. 1920-ci ilin martında Adıgedə Sovet hakimiyyəti bərpa olundu. 1922-ci il 27 iyulda Çərkəz (Adıge) MV yaradıldı. 1922-ci il avqustun 24-dən Adıge (Çərkəz) MV, 1928-ci il avqustun 13-dən isə Adıge MV adlandırıldı. 1923–24-cü illərdə Cənub-Şərq vilayəti, 1924–34-cü illərdə Şimali Qafqaz ölkəsi, 1934–37-ci illərdə Azov–Qara dəniz ölkəsi, 1937–91-ci illərdə isə RF-nin Krasnodar diyarına daxil idi. Vilayətin mərkəzi əvvəlcə Krasnodar, 1936-cı ildən isə Maykopdur. 1991-ci il iyunun 28-də Adıgenin dövlət müstəqilliyi haqda bəyanat qəbul edildi. RSFSR-in 1991-ci il 3 iyul qanununa əsasən RSFSR tərkibində Adıge SSR yaradıldı. 1992-ci il martın 24-də müasir adı qəbul edildi.[2]
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Təbii şərait əhalinin həyat fəaliyyəti, istirahəti , eləcə də kənd təsərrüfatının inkişafı baxımından olduqca əlverişlidir. Respublika ərazisində neft-qaz, tikinti materialları, mineral su mənbələri və s. ehtiyatlar mövcuddur. Respublikanın şimal hissəsi Kubansahili düzənlikdə, cənubu isə Böyük Qafqazın yamaclarında yerləşir. Ərazisi Kuban və onun qolu olan Laba çayları ilə şimaldan və şimal şərqdən əhatələnir. Iqlimi mülayim kontinentaldır. Respublikanın şimalı mülayim isti və rütübətlidir. Yanvarın orta temperaturu -2 °S, iyulun orta temperaturu isə 22 °S-dir. Ildə 700 mm yağıntı alır. Bütün çaylar Kuban hövzəsinə aiddir ( Laba, Belaya, Çoxrak və s.). Bir neçə su anbarı yaradılıb. Ərazi enliyarpaqlı meşə zonasında yerləşir. Torpaqları əsasən qaradır, həmçinin şabalıdı və dağ-meşə torpaqları da yayılıb. Meşələr ərazinin 40%-ni əhatə edir və əsasən dağlıq hissədə yerləşir. Kuban vadisində kiçik palıd, söyüd və ağcaqayın meşələri yayılıb. Yüksəkliklərə getdikcə iynəyarpaqlı meşələrə də rast gəlinir.[2]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Adıge RF-nin Şimali Qafqaz iqtisadi rayonu tərkibindədir. Sənaye məhsullarının həcmi dəyərinə görə kənd təsərrüfatı məhsullarının həcmini 1,2 dəfə üstələyir. Adıgey Respublikasının ərazisində bir çox faydalı qazıntı yataqları aşkar edilmişdir. Bütün sənayesi, demək olar ki, Maykopda cəmləşmişdir. Adıgenin enerji ehtiyatları tələbatının 50%-dən azını təmin edir. Maykop rayonunda neft, qaz yataqları, mineral bulaqlar yayılmışdır. Adıgey Respublikası aqrar-sənaye ölkəsidir. Burada müxtəlif dağ-mədən, meşə sənayesi, yeyinti və yüngül sənaye əsasən yerli faydalı qazıntılar, meşə materialları və kənd təsərrüfatı məhsulları əsasında yaradılmışdır.
Adıgey, Xoytunay, Xapsk və Maykop iri şəhərləridir. Meyvə-tərəvəz konserv zavodları və ət-süd kombinatları fəaliyyət göstərir. Adigey Respublikasının sənaye müəssisələrinin yarıya qədəri onun paytaxtı olan Maykop şəhərində cəmlənib. Maykop meşə sənaye kombinatı, mebel-kibrit, şərab üçün çəllək və digər məhsullar istehsal olunur. Bu şəhərdə ağac emal edən dəzgahlar, damkratlar və soba üçün prokatlar istehsal olunur. Şəhərdə 4 maşınqayırma zavodu, ət və süd kombinatı, konserv, şərab kombinatı və b. müəssisələr yerləşir.
Adıgey Respublikasının əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Əsasən düzənlik Kuban çayı boyunca və dağlıq hissədə yerləşir. 400 min ha, yəni bütün yararlı torpaqların yarısına qədərini əkin yerləri otlaqlar, örüşlər, üzümlüklər və bağlar tutur. Respublikada aşağıdakı kənd təsərrüfatı məhsulları istehsal olunur: taxıl , şəkər çuğunduru, günəbaxan, tərəvəz, meyvə, giləmeyvə. Respublikada 100 min baş iribuynuzlu mal-qara, 100 min baş qoyun, keçi, xeyli quş və donuz var. Çoxlu heyvandarlıq məhsulları istehsal olunur. Quşçuluq, donuzçuluq inkişaf etdirilib.
Adıge RF-nin subyektləri arasında üzüm şərabı (6-cı yer), emallıq ağac-oduncaq (7-ci yer), karton (9-cu yer), şəkər tozu (15-ci yer), tərəvəz şirələri və meyvə-tərəvəz konservi istehsalında seçilir. Respublikanın ümumi məhsulunda ticarət və kommersiya fəaliyyəti 14,5%, kənd təsərrüfatı 14,1%, sənaye 13,5%, tikinti 9,6%, nəqliyyat 2,7% paya malikdir (2002). İqtisadi cəhətdən fəal əhalinin (200 min nəfər) 16,9%-i sənaye sahələrində, 20,3%-i kənd təsərrüfatında çalışır. İşsizlik səviyyəsi 13,5% – RF üzrə orta səviyyədən 1,7 dəfə yüksək, ayda adambaşına düşən pul gəliri isə 45% azdır.
Yeyinti, taxta-şalban, ağac emalı və sellüloz-kağız, maşınqayırma və metal emalı, tikinti materialları sənayesi aparıcı sahələrdir. Respublikaya gətirilən məhsullar içərisində qənnadı istehsalı üçün xammal, makaron və tütün məmulatları, gübrə və zəhərli kimyəvi maddələr əsas yer tutur. Adıgenin kənd təsərrüfatında bitkiçilik məhsulları üstünlük təşkil edir. Kənd təsərrüfatı torpaqlarının 80%-i (3,3 min km2-dən çox) şumlanır (yarıdan çoxunda dənli bitkilər). Taxıl (332,7 min t), texniki (raps, günəbaxan, şəkər çuğunduru, tütün) və yemlik bitkilər yetişdirilir; üzümçülük, meyvəçilik inkişaf etmişdir. Otlaq heyvandarlığı (63,4 min baş iribuynuzlu qaramal) ət-süd yönümlüdür; donuz (36,2 min baş) qoyun və keçi (22,2 min baş), at, quş saxlanılır; həmçinin arıçılıq inkişaf etdirilir. Kənd təsərrüfatı məhsulları istehsalı: süd 102,4 min t, kəsilmiş mal-qara və quş əti 15,1 min t, yumurta 50,6 mln. ədəd (2002).
Bərkörtüklü avtomobil yollarının uzunluğu 1,5 min km, ərazisindəki dəmiryolunun uzunluğu 148 km-dir. Maykop dəmiryol magistralları qovşağıdır. Maykop–UstLabinsk, Maykop–Tuapse, Maykop–Armavir qaz kəmərləri; Maykopda aeroport fəaliyyət göstərir.[2]
Əhali
[redaktə | mənbəni redaktə et]Respublika əhalisinin ümumi sayı 447, 0 mindir (2002). Ümumi əhalinin 53,7%-i şəhərlərdə yaşayır, sıxlıq isə hər km2-də 58,5 nəfərdir. Əsas şəhərləri Maykop (paytaxtı) və Adıgeyskdir. O cümlədən 5 şəhər tipli qəsəbə mövcuddur. Rəsmi dil rus və adıgeydir. Adıgedə 80-dən çox millət yaşayır. Respublikda adıgeylər 108,1 min (2002), ruslar (64,5%), ukraynalılar (2%), kürdlər (0,9%), tatarlar (0,6%) beloruslar, tatarlar və s. xalqlar yaşayırlar. Adıgeylər qeyd etdiyimiz kimi Qafqaz ailəsinin abxaz-adıgey dil qrupuna aid olan adıgey dilində danışırlar. Dindarları müsəlman və xristiandır.[2]
Milli tərkib
[redaktə | mənbəni redaktə et]Siyahıya almanın ili | 1979[3] | 2002[4] | 2010[5] |
---|---|---|---|
Bütün əhali | 404 390 | ▲ 447 109 | ▼ 439 996 |
Milliyyəti göstərmiş şəxslər | 404 390 (100 %) | ▲ 445 306 (100 %) | ▼ 425 386 (100 %) |
Ruslar | 285 626 (70,6 %) | ▲ 288 280 (64,7 %) | ▼ 270 714 (63,6 %) |
Adıgeylər | 86 561 (21,4 %) | ▲ 108 757 (24,4 %) | ▲ 109 699 (25,8 %) |
Ermənilər | 6 359 (1,6 %) | ▲ 15 268 (3,4 %) | ▲ 15 561 (3,7 %) |
Ukraynalılar | 12 078 (3,0 %) | ▼ 9 091 (2,0 %) | ▼ 5 856 (1,4 %) |
Kürdlər | 2 (0,0 %) | ▲ 3 631 (0,8 %) | ▲ 4 528 (1,1 %) |
Tatarlar | 2 415 (0,6 %) | ▲ 2 904 (0,7 %) | ▼ 2 571 (0,6 %) |
Qaraçılar | 1 109 (0,3 %) | ▲ 1 844 (0,4 %) | ▲ 2 364 (0,6 %) |
Azərbaycanlılar | 274 (0,1 %) | ▲ 1 399 (0,3 %) | ▲ 1 758 (0,4 %) |
Yunanlar | 1 021 (0,3 %) | ▲ 1 726 (0,4 %) | ▼ 1 385 (0,3 %) |
Beloruslar | 2 244 (0,6 %) | ▼ 1 934 (0,4 %) | ▼ 1 253 (0,3 %) |
Başqa milliyyətlər | 6 701 (1,7 %) | ▲ 10 472 (2,4 %) | ▼ 9 697 (2,3 %) |
Milliyyəti göstərməmişlər | 0 | ▲ 1 803 | ▲ 14 610 |
Səhiyyə
[redaktə | mənbəni redaktə et]Adıgedə 250-yə qədər tibb müəssisəsi (o cümlədən 4663 çarpayısı olan 21 xəstəxana), 1600-dən artıq həkim, 4600-ə yaxın orta tibb işçisi olmuşdur (2002). 2001-ci ildə ümumi xəstələnmə göstəricisi əhalinin hər 1000 nəfərinə görə 962,1 olmuşdur (tənəffüs orqanları xəstəlikləri 15,7%, qan dövranı xəstəlikləri 13,5%, göz xəstəlikləri 8,6%). Ölümün əsas səbəbləri – qan dövranı sistemi xəstəlikləri (62,3%), travmalar, bədbəxt hadisələr və zəhərlənmələr (11,7%), şişlərdir (11,5%) (2002). 2001-ci ildə səhiyyəyə qoyulan xərc 128 mln. 700 min rubl təşkil etmişdir.[2]
Təbiəti
[redaktə | mənbəni redaktə et]Respublikanın şimal hissəsi zəif dalğavarı Kubanboyu maili düzənliyindən, cənub hissəsi Böyük Qafqazın dağətəyi (hünd. 300 m-ə qədər) və yamac (ən hünd. nöqtəsi 3238 m, Çuquş d.) hissələrindən ibarətdir. Neft, qaz, müxtəlif tikinti materialları və fosforit yataqları, həmçinin Masesta tipli müalicəvi mineral su bulaqları var. İqlimi mülayim kontinental, isti və rütubətlidir. Orta temperatur yanvarda –2,4˚C, iyulda 22,2˚C-dir. İllik yağıntı təqribən 700 mm. İlin 180 günü şaxtasız olur.
Çayları (Laba, Belaya, Çoxrak, Pşiş, Psekups və s.) Kuban çayı hövzəsinə aiddir. Kuban çayında axını nizamlamaq məqsədilə Krasnodar, Tşik, Şapsuq və Oktyabr su anbarları yaradılmışdır. Bəzi çayların aşağı axınları ciyilliklərdir. Respublikanın ərazisinin xeyli hissəsini qaratorpaqlar təşkil edir; şabalıdı və dağ-meşə torpaqları da var. Dağətəyi sahələr sənaye əhəmiyyətli enliyarpaqlı meşəliklərdir (ərazinin təqribən 40%-i); palıd, fıstıq, vələs, ağcaqayın, göyrüş, şam, yabanı meyvə ağacları və s. bitir. Yuxarı qalxdıqca bunlar ağ şam, şam və küknar ağaclarından ibarət iynəyarpaqlı meşələrlə əvəz olunur. Yüksək dağlıqda subalp çəmənləridir. Heyvanları: qonur ayı, vaşaq, qaban, cüyür, tülkü, safsar, dovşan, gəmiricilər və s. Ümumdünya irsi siyahısına daxil edilmiş Qafqaz qoruğunun dağlıq hissəsi Adıge Respublikası ərazisindədir.[2]
Turizm və rekreasiya
[redaktə | mənbəni redaktə et]“Qafqaz” dağ sanatoriyası, 1600 m yüksəklikdə yerləşən dağ-xizək, deltaplaner və s. yarışlarının keçirildiyi “Laqo-Naki” turist bazası; Böyük Aziş və Göl mağaraları, Xacoxkanyonu və Qranit dərəsi əsas turizm obyektləridir.[2]
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]Adıgelərin xalq poeziyası (nart dastanları, qəhrəmanlıq, əmək və mərasim nəğmələri) zəngindir. 19-cu əsrin ortalarında Adıge dilində maarifləndirmə səciyyəli mətnlər meydana gəlmişdir (Ş.B.Noqmov, Umar Bersey, P.Tambiyev). Adıge dilində peşəkar ədəbiyyat 1920-ci illərdə meydana gəlmişdir. Banisi xalq şairi S.A.Teuçej (1855–1940) olmuşdur. Şairlərdən Ə.Xatkov (1901–37), H.Andruxayev (1921–41), M.Paranuk (1912–70), yazıçılardan T.M.Keraşev (1902–88), D.Kostanov (d.1912), Ə.Yevtıx (d.1915), Y.Tlüsten (d.1913) və b. Adıge ədəbiyyatının görkəmli nümayəndələrindəndir. 20-ci əsrin 2-ci yarısından ədəbiyyatşünaslıq (A.Sxalyaxo, K.Q.Şazzo, U.M.Paneş, T.N.Çamokov və b.) inkişaf etmişdir.[2]
Təsviri sənət və memarlıq
[redaktə | mənbəni redaktə et]Çoxlu dolmenlər, Maykop kurqanından tapılmış qızıl və gümüş qablar, və s. Tunc dövrünə (e.ə. 4-cü əsrin sonu) şamil edilir. Kurqanlardan və yaşayış yerlərindən tapılmış məişət əşyaları e.ə. 4–3-cü minilliyə, skif–meot zərgərlik məmulatları (heyvani üslubda) isə 7–5-ci əsrlərə aiddir. Qızılı tikmələr, keçə xalçalar, daş, ağac üzərində bədii oyma qədimdən geniş yayılmışdır. 20-ci əsrdə peşəkar təsviri sənət (K.K.Sidaşenko, İ.V.Sokolov, V.M.Mexeda), 70-ci illərdən isə qrafika növü (Y.Q.Kiriçenko, F.N.Petuvaş, T.M. Kat, M.Q.Tuquz) inkişaf etmişdir. Maykopda çoxmərtəbəli evlər və ictimai binalar, kinoteatrlar tikilmiş, “Dostluq” monumenti (tunc, 1968, heykəltəraşlar M.Q. və O.M.Manizer) və s. qoyulmuşdur.[2]
Musiqi
[redaktə | mənbəni redaktə et]Folklordan qaynaqlanan ilk peşəkar musiqi nümunələri 19-cu əsrdə yaranmış və yazıya (A.A.Alyabyev, M.A.Balakirev, S.İ.Taneyev) alınmışdır. Əsas yeri müxtəlif xarakterli və məzmunlu mahnılar, rəqs musiqisi tutur. Kamıl (nəfəs aləti), şiçepşin (kamanlı alət), pxaçiç (zərb aləti) əsas musiqi alətləridir. 19-cu əsrdən qarmon geniş yayılmışdır. Peşəkar musiqi 20-ci əsrdə təşəkkül tapmışdır. Bəstəkarlar: U.Txabisimov, A.Nexay, A.Qotov, M.Xurov, K.Tuko və b. Maykopda respublika filarmoniyası (1971-ci ildə yaradılmışdır), filarmoniyanın simfonik orkestri (1993), Dövlət rus xalq çalğı alətləri orkestri (1993), Maykop bələdiyyə nəfəsli orkestri (1976), Adige Bəstəkarlar İttifaqı (1992) fəaliyyət göstərir. “Şimalı Qafqaz musiqi baharı”, “Qafqaza sülh” (Maykop); Adıge musiqisi festivalları (2000, 2003, Maykop) keçirilir.[2]
Teatr
[redaktə | mənbəni redaktə et]Adıge teatr sənəti 20-ci əsrin əvvəlində təşəkkül tapmışdır. 1933-cü ildə Krasnodarda Adıge teatr texnikumunun açılışı ilə peşəkar teatrın təməli qoyulmuşdur. 1936-cı ildə Dövlət Teatr Sənəti İnstitunda ilk Adıge Studiyası (L.M. Leonidov və M. M. Tarxanovun rəhbərliyi ilə) açılmışdır. 1936-cı ildə Maykopda rus dram teatrı, 1937-ci ildə Adıge teatrı təşkil edilmişdir. 1941-ci ildə hər iki truppa A.S. Puşkin adına vilayət dram teatrında birləşdirilmişdir. Teatr bir il fəaliyyət göstərdi: rus truppası (1943), Adıge truppası (1957) yenidən fəaliyyətə başlamışdır. 2000-ci ildə iki müstəqil kollektiv yarandı: Adıge Dram Teatrı, və A.S. Puşkin adına Rus Dram Teatrı. Müharibədən sonrakı illərdə Adıge teatrının təşəkkül tapmasında rejissor M.S.Axedcakovun böyük rolu olmuşdur. Maykopda “Nalmes” (1936) və Dövlət akademik rəqs ansamblları fəaliyyət göstərir.[2]
Təhsil və mədəni-maarif müəssisələri
[redaktə | mənbəni redaktə et]Adıgedə 124 məktəbəqədər təhsil müəssisəsi (12,7 min uşaq), 188 ümumtəhsil məktəbi, o cümlədən 39 ibtidai məktəb (68,2 mindən çox şagird); zəif inkişaf etmiş uşaqlar üçün 112 sinif var (2004). 8 axşam məktəbində 2 minə qədər şagird oxuyur. Məktəbdənkənar təhsil müəssisələrinə (8 uşaq yaradıcılıq və estetik tərbiyə mərkəzi, 2 texniki yaradıcılıq mərkəzi, 3 uşaq-gənclər turizm mərkəzi, ekoloji tərbiyə mərkəzi, 10 uşaq-gənclər idman mərkəzi (9 min uşaq; məktəbyaşlı uşaqların 13,9%-i) cəlb edilmişdir. 12 ibtidai peşə təhsili (14 mindən çox şagird), 6 orta peşə təhsili müəssisəsi, Respublika İxtisasartırma İnstitutu, 2 ali məktəb: Adıge Dövlət Universiteti (1993-cü ildə Pedaqoji İnstitutun bazasında yaradılmışdır; 6,7 min tələbə) və Maykop Dövlət Texnologiya Universiteti (1993), Maykop incəsənət məktəbi, RF-nin dövlət ali məktəblərinin 6 filialı, 159 klub-müəssisə, 150 kütləvi kitabxana, 28 muzey, həmçinin Milli Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.[2]
Kütləvi informasiya vasitələri
[redaktə | mənbəni redaktə et]Respublikada 20-dən artıq qəzet çıxır. “Adıqe Mak” (“Adıgenin səsi”) iri qəzetdir. Dövlət teleradio verilişləri proqramları adıge və rus dillərində yayımlanır. Maykopda iki bələdiyyə televiziyası fəaliyyət göstərir.[2]
Şəhərləri
[redaktə | mənbəni redaktə et]- Maykop
- Xoytunay
- Xapsk
- Adıgey
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Official website of the Republic of Adygea Arxivləşdirilib 2011-05-15 at the Wayback Machine
- Адыгэ Республикэм и Лъэпкъ театр Arxivləşdirilib 2017-10-11 at the Wayback Machine
- The Voice of Circassians(Adyghe Language) Arxivləşdirilib 2017-08-08 at the Wayback Machine
- Overview of the Republic of Adygea
- Official Website of the Adyghe State University
- Official Website of the National Museum of the Republic of Adygea
- Scenery
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://www.gks.ru/storage/mediabank/PrPopul2021.xls.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 89–91. ISBN 978-9952-441-02-4.
- ↑ "reg=44 Ümumittifaq əhalinin siyahıya alınması 1979-cu il". 2019-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-27.
- ↑ "reg=30 Ümumrusiya əhalinin siyahıya alınması 2002-ci il". 2011-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-27.
- ↑ "Ümumrusiya əhalinin siyahıya alınması 2010-cu il. Milli tərkib və dillərlə mülk (yiyələnmə), vətəndaşlıq. Rusiya Federasiyasının subyektləri üzrə (görə) milliyyət və rus diliylə mülk (yiyələnmə) üzrə (görə) əhali". 2013-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-27.