İlham və Fərizə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İlham və Fərizə Allahverdiyevlər
İlham Əjdər oğlu Allahverdiyev
Fərizə Çoban qızı Nəbiyeva
İlham və Fərizə Allahverdiyevlərin toyu
İlham və Fərizə Allahverdiyevlərin toyu
Doğum tarixi 12 iyun 1962(1962-06-12) və ya 11 avqust 1970(1970-08-11)
Doğum yeri Ağdam, Azərbaycan SSR, SSRİ
Saral, Spitak rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 20 yanvar 1990(1990-01-20)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri Şəhidlər Xiyabanı
Atası Əjdər Allahverdiyev
Çoban Nəbiyev
Anası Ofeliya Allahverdiyeva
Bağda Nəbiyeva
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Tokar
Tələbə

İlham və Fərizə Allahverdiyevlər (tam adları: İlham Əjdər oğlu Allahverdiyev (12.6.1962–20.1.1990)[1]Fərizə Çoban qızı Allahverdiyeva (11.8.1970–21.1.1990))[1]Qara Yanvarda şəhid olmuş azərbaycanlı ailə cütlüyü. Bakının Şəhidlər Xiyabanında dəfn olunublar. 2004-cü ildən onların toy günü (30 iyun) hər il Azərbaycanda qeyri-formal olaraq "Sevgililər Günü" kimi qeyd olunur.[2]

İlham Əjdər oğlu Allahverdiyev 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olmuşdur.[1] Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb.[3] 1972-ci ildə Bakıya köçüb.[4] Atası erkən yaşda dünyasını dəyişib.[4] Bundan sonra İlhamı Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndərirlər.[4] O, Ağdamda həm zavodda işləyir, həm də nənəsinin qayğısına qalırdı.[4] İlham 1980–82-ci illərdə Latviyada hərbi xidmət keçir.[4] Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tornaçı işləyirdi.[3] İşləyə-işləyə həm də Bakı Texniki Texnikumunu bitirir.

Fərizə Çoban qızı Nəbiyeva 1970-ci il avqustun 11-də Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndində anadan olmuşdur.[1] 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi idi.[1]

Ailə üzvlərinin sözlərinə görə, İlham və Fərizə də vətənpərvərlik hissi qeyri-adi dərəcədə yüksək idi.[4] Azərbaycan Xalq Cəbhəsinin mitinqlərinə də ikisi birlikdə gedirdilər.[4]

1989-cu ildə subay olan İlhamın evlənməsi məsələsi Allahverdiyevlər ailəsinin gündəminə gəlir.[3] İlham ailəsinin təklif etdiyi qızların heç birinə razı olmayıb, onun bacısı ilə bir sinifdə oxumuş Fərizənin adını çəkir.[3] 1989-cu ilin martın 19-da nişanı olur.[4] 1989-cu ilin 30 iyununda Fərizə İlhamla Bakıda təzə açılmış "Leyla" şadlıq evində saat 6-da toy mərasimini keçirir.[3][5]

İlham və Fərizənin dəfni, 1990-cı il

1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər.[3] Lakin yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasının yanına aparır.[3] Fərizənin təhlükəsizliyinə əmin olandan sonra, İlham əyninə qara paltar geyinib, qardaşı oğlu Əjdəri də öpüb, evdən çıxır.[3] Axşama yaxın İlham qardaşı Elxanla "Şamaxinka" deyilən ərazidə görüşürlər.[3] İşdən qara fəhlə paltarı ilə gəlmişdi.[6] İlham və onun dostları yardım üçün gedəndə indiki 20 Yanvar dairəsində atəş aça-aça gələn tanklarla qarşılaşırlar.[4] İnsanları qətlə yetirəcəklərini görən İlham silahsız insanlara güllə atmamaları üçün əlini qaldırıb tankın qarşısna çıxır.[4]

Sovet ordusunun əsgərləri İlhamı güllələyirlər.[4] İlhamla Fuad Babayevi bir yerdə telefon budkasının yanında vurmuşdular.[6] Güllə ona qabaqdan dəymişdi.[6] O, xəstəxanaya 00:10-da qəbul edildi.[5] İlham çoxlu qan itirdiyindən ona qan vurmaq lazım idi.[5] Həkimlər onun öz qanını yenidən özünə vurmuşdular.[5] Onun üzərində əməliyyat edən həkimin sözlərinə görə, İlhamı əməliyyat edəndə işıqlar sönmüşdü.[4] Həkimlər qəzet yandırıb onun işığında əməliyyatı aparsalar da, İlhamı xilas edə bilmədilər.[4] Əməliyyat vaxtı onun qaraciyəri parçalanmışdı.[6] Qarın boşluğu qanla dolu idi.[6] Həkimlər qaraciyəri imkan daxilində hemostatik tədbirlər görməklə, tamponada etməklə reanimasiyaya verdilər.[6] Amma 5–6 saatdan sonra o, keçindi.[6]

Səhər tezdən qardaşı Elxan anası ilə birlikdə yenə İlhamı axtarmağa çıxırlar.[3] O, daha sonra xatırlayır:

" Bakı müharibədən çıxmış şəhəri xatırladırdı. Anamla indiki "20 Yanvar" dairəsindən keçərkən yerdə bir qan gölməçəsi gördük. Anam dayanıb qana baxdı. Təəccüblə dedi ki, bu nə doğma qandır… Sonradan, lap sonradan öyrəndik ki, bu qan, doğrudan da çox doğma qan imiş…[3] "

Onlar İlhamı həmin günü Respublika Klinik Xəstəxanasında tapdılar.[4]

İlhamın vurulduğunu ilk hiss edən isə Fərizə olur, güllələr atılanda İlhamı vurduqlarını deyir.[4] Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib, "Hey, İlham, sənə özümü çatdıracağam" deyib, intihar etmək istəyirdi.[3] O, birinci dəfə özünü yandırmaq istəsə də, onun qarşısını aldılar.[3] Fərizə toy şəkillərini stolun üstünə tökür, onlara baxıb, yarımçıq məktub yazmışdı:

" Ana, mənim üçün ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da…[7] "

Təcili yardım maşını gəlib ona iynə vursa da, qərarında qəti olan Fərizə, gecə hər kəs yatandan sonra, bir qab sirkəni içərək, intihar edir.[3][4] İntihar zamanı o hamilə idi.[3] Onun bətnində 2 aylıq körpəsi vardı.[7] Fərizə həkimə çatmamış, təcili yardım maşınında vəfat etdi.[7]

Əvvəlcə İlhamı Xırdalandakı qəbiristanlıqda dəfn etsələr də, sonradan onu oradan çıxarıb, yanvarın 22-də hər ikisini Bakının Şəhidlər Xiyabanında dəfn etdilər.[3]

20 Yanvar abidə-kompleksi

2004-cü ildən İlham və Fərizənin toy günü olan 30 iyun tarixi hər il Azərbaycanda qeyri-formal olaraq "Sevgililər Günü" kimi qeyd olunur.[8][9] 2010-cu il yanvarın 20-də Bakının Yasamal rayonunun Qara Yanvar faciəsi qurbanlarının xatirəsinə ucaldılmış 20 Yanvar abidə-kompleksinin açılışı olub.[10] Kompleksin üzərində faciə zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub.[10]

2016-cı ildə şəhid İlham Allahverdiyevin şəxsi əşyaları qardaşı Elxan tərəfindən Azərbaycan İstiqlal Muzeyinə təhvil verilib.[11] 2017-ci ildə Azərbaycan Xalça Muzeyində Səməd Təbrizlinin İlham Allahverdiyev və Fərizə Nəbiyevaya həsr etdiyi "Sədaqət" xalçasının təqdimatı olub.[12] Xalçanın rəssamlıq işi 3 ay, toxunması 7 ay çəkib.[12] Toxunma zamanı 15 fərqli qayçıdan istifadə edilib ki, bu da xalçada rəsmlərin qabarıq forma almasına kömək edib.[12] Bu işə 2 ay vaxt sərf edilib.[12] Toxunuş üçün 182 yun sap boyansa da, qarışdırılan rənglərlə birgə xalçada 290-dan çox rəngdən istifadə olunub.[12] Ölçüsü 1.05 x 1.55 metr olan xalçada 100 kvadrat sm-də 532 ilmə var.[12] Bütün xalçada isə 8 yüz min ilmə yer alıb.[12] Uzun illər qalmasını təmin etmək üçün xalçanın ərişləri ipəkdəndir.[12] 2017-ci ildə Türkiyə yazıçısı Yurtsevən Şən İlham və Fərizə haqqında "Ferize" romanını yazıb.[13]

  1. 1 2 3 4 5 Kəngərli, Qulu. Qara Yanvar şəhidləri. Bakı: Gənclik. 1992. səh. 16. ISBN 4702060204. (#accessdate_missing_url)
  2. Portianko, Alexandra. "Lover's Day in Azerbaijan". en.theoutlook.com.ua. 2018-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2018.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 "İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi". milli.az. 2018-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2018.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 İbrahimova, Aygün. "İlham və Fərizə: 20 Yanvarın əbədi yaşayacaq qəhrəmanlıq və sevgi dastanı". report.az. İstifadə tarixi: 20 yanvar 2018.
  5. 1 2 3 4 "Bir məzarda uyuyan üç insan - 20 Yanvar faciəsinin qurbanları - FOTOLAR". publika.az. publika.az. İstifadə tarixi: 22 yanvar 2018.
  6. 1 2 3 4 5 6 7 "İlham və Fərizənin günü…". femida.az. femida.az. 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2018.
  7. 1 2 3 "Fərizə: "Ana, məni ağlama…" - Yarımçıq məktubun sirri". femida.az. İstifadə tarixi: 20 yanvar 2018.
  8. "ETERNAL LOVE UNCRUSHED BY SOVIET TANKS". www.visions.az. 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2018.
  9. "Как Ильхам и Фариза подарили Азербайджану День влюбленных". news.day.az. 2016-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2018.
  10. 1 2 "PREZİDENT İLHAM ƏLİYEV BAKININ "20 YANVAR" DAİRƏSİNDƏ ŞƏHİDLƏRİN XATİRƏSİNƏ UCALDILMIŞ ABİDƏ KOMPLEKSİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR". azertag.az. azertag.az. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2018.
  11. "Личные вещи жертв трагедии 20 Января — Ильхама и Фаризы переданы в музей". minval.az. 2016-11-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-05.
  12. 1 2 3 4 5 6 7 8 "İlhamla Fərizəyə 'Sədaqət' xalçası toxundu". www.azadliq.org. 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2018.
  13. "İlham və Fərizə haqqında roman yazan Türk qələm adamı Bakıya gəlib". qaziler.az. 2018-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 yanvar 2018.