Xankəndidən mesaj: "Ruslar bizi geri çağırdı, bizə təhlükəsizlik vəd etdi, üç il kabus yaşatdılar. Niyə?"
Qarabağın ermənilər yaşayan hissəsində, Azərbaycanın bu həftə başladığı əməliyyatdan sonra çoxlu sayda itkin düşənlər var, oradakı tanınmamış hakimiyyət deyir.
Separatçı hakimiyyətin insan haqları ombudsmanı ofisi bildirib ki, onlara ailə üzvləri və qohumları itkin düşənlərdən 600-dək müraciət olub.
Azərbaycan hərbi əməliyyatlara başlayanda Xankəndi yaxınlığında yaşayan erməni sakinlər evini tərk edərək, Xocalı aeroportuna sığınıblar. Aeroport rus sülhməramlılarının nəzarətindədir.
Bir çox ailə üzvləri bir-birindən ayrı düşüb, bəziləri Xankəndidə, digərləri isə Xocavənddə qalıb, onların arasında isə hərbçilər var. Əlaqə olmadığından insanlar yaxınlarının sağ olub-olmadığını bilmir, BBC Rusca yazır.
Azərbaycan çörək və digər məhsullar, eləcə də gigiyena vasitələri olmaqla, sentyabrın 22-də Xankəndiyə yük maşınları dolu ərzaq göndərib.
Oğlu ilə əlaqəni itirmiş bir Qarabağ sakini BBC Ruscaya deyib ki, Azərbaycanın yardımını istəmir. "Öz yeməklərini özləri yesinlər", - qadın deyib.
Humanitar yardımın təşkilində iştirak edən bir nəfər isə deyib ki, "anlamıram, insanlar niyə çörəyi götürmür. Hansı ac çörəkdən imtina edər".
Bir Xankəndi sakini olan qadının mesajı belədir: "Bir şey aydın deyil. Biz 2020-ci ildə tərk etmişdik. Sülh şəraitində. Ruslar bizi geri çağırdı, bizə təhlükəsizlik vəd etdi, üç il kabus yaşatdılar, son ildə blokadada və aclıqda saxladılar, sonra yenə öldürməyə başladılar. Bu nə vəhşicə alçaqlıqdır. Biz ki getmişdik, bizim evlərimizə qayıtmağımız və tədricən qətl edilməyimiz onların nəyinə lazım idi?
Yerli jurnalist Siranuş Sargsyan dünən yazıb ki, "bu gün səhər saatlarında Xankəndi şəhərində eşidilmiş atəş səsləri dayanıb, lakin insanlar hələ də təşviş içindədirlər".
"Çoxları təşviş içində qohumlarından xəbər almağa çalışırlar", - Siranuş Sargsyan şəhərdəki vəziyyəti təsvir edib.
Azərbaycan ordusunun Xankəndinə girməsinə dair məlumatlar yaransa da, həm Azərbaycan hökuməti, həm də Ermənistan Baş naziri Nikol Paşinyan bu xəbərlərin doğru olmadığını bildirib.
Xankəndidən Arsen adlı istifadəçi Facebook hesabında Stepanakert aeroportuna yığılan qaçqınlara istinadla yazıb ki, erməni ailələrdən hər bir ailə üzvünün çıxarılması üçün 300 min dram (təxminən, 1320 manat; 780 dollar) tələb olunub.
"Su da vermirlər. Qaçqınlarla sanki itlə davranırmış kimi danışırlar.
PS: Bu arada isə quru yol bağlıdır, insanları girov saxlayırlar”, - o yazıb.
Azərbaycan sentyabrın 19-da Qarabağda "antiterror əməliyyatı" keçirdiyini açıqlayıb.
Növbəti gün atəşkəs elan olunub və Qarabağ erməniləri Azərbaycanın irəli sürdüyü şərtlər altında Yevlax şəhərində görüşə gəliblər.
Xankəndindən yayılan məlumatlara görə, erməni əhali Ermənistana köçmək istəyir. Baş nazir Paşinyan Azərbaycanın apardığı "etnik təmizləmədə" Ermənistanın iştirak etməyəcəyini deyib. Sosial mediada yayılmış iddialara görə, Qarabağda əhaliyə Ermənistanın onları qəbul etmək istəmədikləri deyilib.
Yerli jurnalist Siranuş Sargsyanın paylaşdığı bir videoda şəhərdə uşaqlı-böyüklü bəzi şəxslərin əllərində çantalar harasa getdikləri görünür.
Qarabağdan yayılan foto və videolarda sakinlərin toxunulmaz ərazi olan aeroport meydanına toplaşdığı görünür.
"Onlar daha yaxşı mühafizə və helikopterlə təxliyyə tələb edirlər", - separtatçı hakimiyyətin keçmiş ombudsmanı Artak Beglaryan X-də yazıb.
O, bu həftə hücumlar zamanı mülki şəxslər də daxil 200 nəfərin öldüyünü, azı 400 nəfərin yaralandığını", 10 mindən çox şəxsin evlərini tərk etdiyini yazıb. O bu rəqəmin artacağını istisna etməyib. Ölən və yaralananların böyük hissəsi silahlılardır.
Rusiya sülhməramlıları isə "Qarabağdan 5 minə yaxın mülki əhalini evakuasiya edib", cümə axşamı Rusiya Müdafiə Nazirliyinin saytında bildirilib.
"Azərbaycan 120 min etnik erməni əhalisinin yaşadığı Dağlıq Qarabağı tam nəzarəti altına götürməyə çalışır. Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır.
Ancaq ermənilər ehtiyat edirlər ki, Azərbaycanın nəzarəti ələ keçirməsi etnik təmizləməyə və Qarabağ ermənilərinin qaçmağa məcbur edilməsinə səbəb ola bilər", - BBC News-dan Michael Ertl yazır.
Ancaq Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü xalqa müracitində deyib ki, Qrabağda mülki əhaliyə toxunulmamasına dair orduya xüsusi göstəriş verib.
Azəbaycan həmçinin etnik təmizləmə iddialarını rədd edir və deyir ki, Qarabağ 1990-cı illərin əvvəlində ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb və azərbaycanlılar evlərini tərk etməli olublar.
Xankəndi şəhərindən olan erməni jurnalist Marut Vanyan “əhalinin gecəni sığınacaqlarda keçirdiyini, uşaqların yatdığını, anaların isə yatmağa yer olmadığı üçün səhərədək onların yanında oturduğunu” yazıb.
Dağlıq Qarabağdaki kəndlərdən birində tibb bacısı işləyən Sevan Mandjikyan Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində “Rusların uşaqları Laçın dəhlizindən keçirmək istədiklərini, lakin onların maşınlarına atəş açıldığını" - iddia edib.
Xankəndi şəhərindən olan digər bir jurnalist Siranuş Sargsyan çərşənbə səhəri X-da (keçmiş Twitter) “daha bir yaşayış binasının atəşə tutulduğunu” yazıb.
Siranuş Sargsyan paylaşdığı videoda atəşə tutulduğunu dediyi binadan bir neçə şüşəsi qırılıb-tökülmüş qapı şəkillərini, eyni zamanda atəşə məruz qalmış boz rəngli bir maşının görüntülərini paylaşıb. Bundan əvvəlki paylaşımında isə Siranuş Sargsyan zərbə nəticəsində ciddi zərər görmüş binanın görüntüsünü paylaşmışdı.
Jurnalist, həmçinin, bu səhər çörək və çay əldə edə bildiklərini də yazıb.
Qarabağın Mets Şen kəndindən olan tibb bacısı Sevan Mandjikyan Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində “partlayış başlayan kimi qadınlar və uşaqlar kənddən təxliyə edilərək Rusiya sülhməramlılarının postlarına aparıldığını” deyib.
Mandjikyan əri ilə birlikdə kənddə qalanlardandır. O, vurğulayıb ki, onlar yaralı olarsa, kömək etmək üçün qalmağa qərar veriblər.
Mandjikyanın sözlərinə görə, Rusiya sülhməramlıları qadın və uşaqları Laçın dəhlizi ilə, Həkəri körpüsündən keçərək Dağlıq Qarabağdan çıxarmağa cəhd ediblər, lakin azərbaycanlılar sülhməramlıların maşınlarını atəşə tutmağa başlayıblar.
“Saat 7 radələri olardı, uşaqları, qadınları Mets Şenə aparmaq istəyirdilər, azərbaycanlılar deyirdilər ki, yol açıqdır, kim getmək istəyirsə, getsin. Onlar uşaqları və qadınları Laçından, Həkəri körpüsündən keçirmək istəyirdilər, lakin hələ rus postundan bu kəndə çatmamış onlar [azərbaycanlılar] artıq rusların maşınlarını atəşə tutublar, ona görə də bir az gecikmə olub. O maşınlardaki qadın-uşaq Həkəri körpüsünə çıxmaq istəyirdi, maşınlara atəş açıblar, ona görə də ruslar uşaqları çıxara bilməyib, indi hamısı buradadır”, - Mets Şen kəndindən olan tibb bacısı Azadlıq Radiosunun erməni xidmətinə deyib.
Qarabağda əməliyyatlar başladıqdan sonra rəsmi Yerevan Bakını "etnik təmizləmədə" ittiham edib. Azərbaycan isə deyib ki, Qarabağda mülki əhali və mülki infrastruktur hədəfə alınmır, yalnız "legitim hərbi obyektlər" zərərsizləşdirilir.
“Laçına gedən yol boyu və digər istiqamətlərdə əhalinin təxliyyəsini təmin etmək üçün humanitar dəhlizlər və qəbul məntəqələri yaradılıb”, - deyə Azərbaycan hakimiyyəti bildirib.