Azərbaycanlı fəallar niyə Gürcüstandan sığınacaq istəyir? Gürcüstan niyə rədd edir?

Sevinc Sadıqova, Əfqan Sadıqov, media azadlığı, İlham Əliyev, məhkəmə, söz azadlığı, Azərbaycan, Gürcüstan

Şəklin mənbəyi, SEVİNC SADIQOVA

Şəklin alt yazısı, Əfqan Sadıqovun Azərbaycana ekstradisiya olunacağı gözlənilir.
  • Müəllif, Fərid Həsənov
  • Vəzifə, BBC Azərbaycanca

Gürcüstanda həbsdə olan jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova iddia edir ki, Azərbaycanda yaşayanda telefon zəngləri vasitəsilə təhdid olunub və ona həyat yoldaşının "qırmızı xətti" keçdiyinə dair xəbərdarlıq ediblər.

"Məni təhdid edirdilər ki, bilirsən də, yoldaşının "qırmızı xətti" keçməsi hara aparıb çıxarır? Uşaqlarımız da bu təhdidlərin qorxusu ilə yaşayırdılar. Qorxurdum ki, birdən yenə Əfqanı həbs edərlər, ona görə də Azərbaycandan çıxdıq", - hazırda Gürcüstanda həbsdə olan jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova deyir.

Gürcüstan Əfqan Sadıqovun siyasi sığınacaq istəyini rədd edib və o, Bakıya ekstradisiya olunacaq.

Öz yazılarında və çıxışlarında Azərbaycan hökumətinə qarşı tənqidlər səsləndirən Azel TV internet kanalının qurucusu jurnalist Əfqan Sadıqov ailəsi ilə birlikdə 2023-cü ildə ölkəni tərk edib.

Lakin Sadıqovlar Azərbaycanı tərk edən və Gürcüstanda siyasi sığınacaq müraciətinə rədd cavabı alan yeganə ailə deyil.

Bu həftə Gürcüstan hökuməti həbs edilmiş azərbaycanlı siyasi fəal Samir Aşurovun ailəsinin siyasi sığınacaq müraciətini də ləğv edib. Aşurovun həyat yoldaşı və iki azyaşlı uşağı 2023-cü ilin yayından bəri Gürcüstandadırlar. Onlar Azərbaycanda həyatlarına təhlükə olduğunu əsas gətirərək, Gürcüstandan sığınacaq istəməyə qərar veriblər.

Samir Aşurov Azərbaycana Almaniyadan deportasiya olunub. 20 gün sonra o, Bakıda həbs olunaraq, 6.5 il həbsə məhkum edilib. Müdafiəçiləri ona qarşı ittihamların "uydurma olduğun" bildirir və onu "siyasi məhbus" hesab edirlər.

Gürcüstan bundan əvvəl Azərbaycandan olan jurnalist Əfqan Sadıqova da siyasi sığınacaq verməyib və o da Bakıya ekstradisiya olunacaq.

Son 10 il ərzində çox sayda azərbaycanlı ictimai fəalın, jurnalist və hökumət tənqidçilərinin Azərbaycanı tərk edərək müxtəlif ölkələrə getdiyi müşahidə olunur.

Onların, demək olar ki, hamısı ilk olaraq, Gürcüstana, çox az qismi isə daha sonra üçüncü ölkəyə gedib.

Bəs ictimai fəallar, araşdırmaçı jurnalistlər, eləcə də hökumət tənqidçiləri ölkəni niyə tərk edirlər? Onlar niyə Gürcüstana üz tuturlar? Gürcüstan onlar üçün nə dərəcədə təhlükəsizdir? BBC Azərbaycanca onların bir neçəsi ilə söhbət edib və bu suallara cavab tapmağa çalışıb.

Hökumət tənqidçiləri Azərbaycanı niyə tərk edir?

İlham Əliyev, media azadlığı, söz azadlığı, ifadə azadlığı, siyasət, Azərbaycan, Əfqan Sadıqov, Əfqan Muxtarlı, Daşqın Ağalarlı, Cəsur Sümərinli, ABŞ, AŞPA

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Azərbaycan Prezidenti ölkədə insan haqlarının pozulmadığını çıxışlarında şəxsən təsdiq edib.

"Azərbaycanda həbs edilən araşdırmaçı jurnalistlərin, siyasi fəalların və hökumət tənqidçilərinin sayı, insanların ölkədən niyə qaçdıqlarını açıq şəkildə göstərir".

Jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqovanın sözlərinə görə, Əfqan Sadıqov Azərbaycanda həbsdə olarkən fiziki zorakılıqlara və işgəncələrə məruz qalıb. Azərbaycanda hakimiyyət həbsxanalarda işgəncə hallarına dair iddiaları rədd edir.

AzelTV internet kanalının rəhbəri Əfqan Sadıqov ilk dəfə 2016-cı ildə "xuliqanlıq" ittihamı ilə həbs edilib və 2018-ci ildə cəzası bitdikdən sonra azadlığa çıxıb. Daha sonra, 2020-ci ildə "hədə-qorxu gəlməklə külli miqdarda əmlak tələb etmə" ittihamı ilə həbs olunub və 2 il sonra əfv edilib. Lakin jurnalistin həyat yoldaşı onun həbslərini peşə fəaliyyəti ilə əlaqələndirib.

"Bunlardan əlavə, Əfqan Sadıqov 3 dəfə inzibati həbs alıb, birində isə oğurlayıb aparmışdılar "bandotdel"ə və oranın zirzəmisində onun bədəninə tok vermişdilər", - Sevinc Sadıqova yoldaşının məruz qaldığı işgəncələri həyəcanla, titrək səslə danışır.

Onun sözlərinə görə, 2022-ci ildə əfv olunduqdan sonra, hökumətə qarşı tənqidlərini davam etdirdiyi üçün Əfqan və ailəsi yenidən təqib və təhdidlərə məruz qalıb.

"Elə bu siyasi təhdid və təqiblər səbəbindən Azərbaycandan çıxdıq, çünki istəmirdim Əfqan yenidən həbs olunsun", - Sevinc Sadıqova BBC Azərbaycancaya müsahibəsində bildirib.

Vəzifələrindən biri məhkumların və istintaq təcridxanalarında saxlanılan şəxslərin hüquq və azadlıqlarını qorumaq olan Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti BBC Azərbaycancaya həbsxanalarda işgəncə halları ilə bağlı iddiaların həqiqətə uyğun olmadığını deyib.

Bu ilin yanvarında Avropa Şurası Parlament Assambleyası Azərbaycan da daxil olmaqla, bəzi ölkələrin həbsxanalarında baş verən "işgəncə və qəddar rəftarla" bağlı qətnamə qəbul edib.

Qurum açıqlamasında "elektrik cərəyanı vermək, dırnaqları çıxarmaq, suda boğmaq, gözləri bağlamaq, cinsiyyət orqanlarının dartılması, zorlama, başqalarının yanında ailə üzvlərini zorlamaqla hədələmək" və digər işgəncə üsullarından "dəhşətə gəldiyini" bəyan edib.

Hərbi jurnalist, hazırda Almaniyada yaşayan Cəsur Sümərinli Azərbaycanda hüquq mühafizə orqanlarının bu işgəncə üsullarından daha əvvəllər də istifadə etdiyini iddia edir.

O, özünün sözlərinə görə, 2013-2014-cü illərdə hökumətin ölkədəki "müstəqil media və qeyri-hökumət təşkilatlarına qarşı başlatdığı aqressiv hücumdan" sonra Azərbaycanı tərk edənlərdən biridir.

Özünün bildirdiyinə görə, ölkədəki əsgər ölümlərini araşdırdığı və ordudakı korrupsiya hallarını ifşa etdiyi üçün bir neçə dəfə o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinə (ləğv olunub və artıq Dövlət Təhlükəsizlik Xidmətidir – red.) "məcburi şəkildə" aparılıb.

"Orada mənə deyirdilər ki, fəaliyyətim ölkənin təhlükəsizliyinə zərbə vurur. Deyirdilər, mənim araşdırmalarımı Ermənistan mediası da oxuyur və yayımlayır. Mənə həm fiziki, həm də mənəvi təzyiq göstərib fəaliyyətimi dayandırmağı tələb edirdilər. Hər sorğu-sual 6-7 saat çəkirdi, bura fiziki və mənəvi zorakılıqları da aid edirəm", - Cəsur Sümərinli bildirib.

Onun sözlərinə görə, ötən bir il ərzində Azərbaycanda həbs edilən araşdırmaçı jurnalistlərin, siyasi fəalların və hökumət tənqidçilərinin sayı, insanların ölkədən niyə qaçdıqlarını "açıq şəkildə göstərir".

BBC Azərbaycanca açıq mənbələrdən hazırda 24 jurnalistin Azərbaycanda həbsdə olduğunu təsdiq edə bilib. Hökumət onları maliyyə qaçaqmalçılığında ittiham edir və buna görə onları həbs etdiyini deyir.

Jurnalistlər isə həbslərini peşə fəaliyyətləri, hökuməti tənqid etmələri və yüksək vəzifəli şəxslərin korrupsiya əməllərini üzə çıxarmaları ilə əlaqələndirirlər.

Beynəlxalq təşkilatların illik hesabatlarında da son 10 ildə Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı vəziyyətin 3 dəfəyədək pisləşdiyi qeyd olunur.

Belə ki, əgər azadlıq göstəricisinə görə Azərbaycan 2014-cü ildə 100 baldan 20 bal toplamışdısa, 2024-cü il üzrə bu rəqəm 7-dir.

Azərbaycan hökuməti isə dəfələrlə bildirib ki, ölkədə bütün azadlıqlar təmin olunur, heç kəs fikrinə görə təqib edilmir. Rəsmi Bakı Freedom House kimi beynəlxalq institutların, eləcə də AŞPA-nın hesabatlarını qərəzli və əsassız sayır.

Təqib olunanlar ən çox hansı ölkələrə gedirlər?

"Son illər isə hökumətin təzyiq və təhdidlərindən yaxa qurtarmağa çalışan fəalların əsasən Gürcüstana üz tutduğu müşahidə olunur".

Azərbaycanda təqib olunduğunu deyən və ölkədən gedən ictimai fəalların, araşdırmaçı jurnalistlərin və hökumət tənqidçilərinin hazırda, əsasən, Gürcüstan, Almaniya, Norveç, Fransa və ABŞ-da yaşadıqları məlumdur.

Hazırda Norveçdə yaşayan siyasi fəal Daşqın Ağalarlı deyir ki, o özü Azərbaycan hökumətinin təhdidləri və həbs olunma təhlükəsi ilə 2013-cü ildə Ukraynada olarkən üzləşib.

Onun sözlərinə görə, o vaxtlar Azərbaycandan gedən fəallar üçün Ukrayna və Türkiyə də ən çox üz tutulan ölkələr siyahısında idi.

Ağalarlı bunu Türkiyə və Ukraynaya gediş zamanı viza tələb edilməməsi ilə izah edib.

O deyir ki, Ukraynada olarkən bir neçə azərbaycanlı tanınmış fəal və jurnalistlərlə Milli Şuranın vahid namizədi ətrafında silsilə çıxışlar, debatlar və müzakirələr təşkil ediblər.

"Azərbaycan hökuməti də düşünürdü ki, guya bu çıxışların sponsorluğunu mən edirəm və mənə qarşı vergidən yayınma ittihamı ilə saxta cinayət işi qaldırıldı və axtarışa verildim", - Daşqın Ağalarlı qeyd edib.

Bundan sonra Ağalarlı Ukraynada bir müddət təqib olunub.

"O vaxt Ukraynada Azərbaycan hökumətinə yaxınlığı ilə seçilən Yanukoviç hakimiyyətdə idi. Sonra mənə bildirildi ki, məni Ukraynada həbs etmək üçün artıq Azərbaycandan xüsusi adamlar gəlib", - siyasi fəal BBC Azərbaycancaya müsahibəsində deyib.

Daha sonra Türkiyənin təhlükəsiz olduğunu güman edən Daşqın Ağalarlı bu ölkəyə gəlib. Lakin burada da təqiblərlə üzləşib və Gürcüstana gedib.

"2014-cü ildə Azərbaycan hökumətinin qanunsuz fəaliyyətini ifşa edən tənqidçi jurnalist Rauf Mirqədirovun Türkiyədən oğurlanaraq, Azərbaycana aparılmasından sonra artıq Ukrayna ilə yanaşı, Türkiyənin də azərbaycanlı mühacirlər üçün təhlükəli olduğu bilindi", - Daşqın Ağalarlı əlavə edib.

Son illər isə hökumətin təzyiq və təhdidlərindən yaxa qurtarmağa çalışan fəalların, əsasən, Gürcüstana üz tutduğu müşahidə olunur, o deyir.

Niyə Gürcüstan?

"Vizasız tez bir zamanda gedilə biləcək və əvvəllər demokratik hesab etdiyimiz ölkə ora idi".

Araşdırmaçı jurnalist və vaxtilə Azərbaycan hökumətinin ciddi təqib və real təhlükələri ilə üzləşdiyini deyən Əfqan Muxtarlı çox sayda azərbaycanlı fəalın Gürcüstana üz tutmasını başqa seçimin olmaması ilə izah edir.

"Vizasız tez bir zamanda gedilə biləcək və əvvəllər demokratik hesab etdiyimiz ölkə ora idi", - Muxtarlı bildirib.

Beş ildən çox Gürcüstanda yaşamış və hazırda Almaniyada mühacirətdə olan Muxtarlının sözlərinə görə, Azərbaycanda təqiblər başlayanda bəzi jurnalistlər Gürcüstana gedirdilər və ara sakitləşəndə yenidən qayıdırdılar.

"Bəziləri isə orada fəaliyyətlərini davam etdirirdilər. Digərləri isə üçüncü ölkəyə çıxıb gedirdilər. Çünki Azərbaycandan birbaşa Avropa ölkəsinə gəlmək mümkün deyil. Misal üçün, Azərbaycandan Avropa ölkəsinə getmək üçün viza almaq lazımdır. Bunun üçün isə müəyyən müddət tələb olunur, bu isə Azərbaycanda həyatı təhlükədə olan və canını qurtarmağa çalışan birisi üçün böyük riskdir", - Əfqan Muxtarlı BBC Azərbaycancaya deyib.

Lakin Muxtarlı hesab edir ki, 2016-cı ildən sonra Gürcüstanda vəziyyət də azərbaycanlı mühacirlər üçün təhlükəli olmağa başlayıb.

Araşdırmaçı jurnalist buna nümunə kimi 2017-ci ildə özünün "Azərbaycan və Gürcüstan xüsusi xidmət orqanları tərəfindən Tbilisidə oğurlanaraq Bakıya gətirilməsini" göstərir.

2018-ci ildə "qaçaqmalçılıq, dövlət sərhədini qanunsuz keçmə və dövlət qulluqçusuna xəsarət yetirməkdə" ittiham olunan Muxtarlı 6 il müddətinə həbs edilmişdi.

2020-ci ildə keçirilən təkrar məhkəmədə isə "cəzasının müəyyən hissəsini çəkdiyi üçün qalan müddətdə daha yüngül cəza ilə əvəz olunmasına" qərar verilib.

"Türmədən çıxarıb, 15 dəqiqəyə təyyarəyə əyləşdirib Almaniyaya göndərdilər", - Əfqan Muxtarlı Azərbaycandan son çıxışını bu cür xatırlayır.

Gürcüstan nə dərəcədə təhlükəsizdir?

"Burada da, Azərbaycanda da qanun ölüb. Ölkədə qanun ölürsə, vətəndaş qanundan qabaq ölür"

Gürcüstan

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Gürcüstanda yüzlərlə insan nümayişlərdə həbs olunub, təhlükəsizlik qüvvələrinin xəsarət yetirdiyi şəxslər arasında jurnalistlər də var.

Daşqın Ağalarlı hesab edir ki, Gürcüstanda 2017-ci ildə baş verən "Əfqan Muxtarlı hadisəsi" Türkiyədə 2014-cü ildə yaşanan "Rauf Mirqədirov hadisəsi"nin bənzəri idi.

"Əgər Rauf Mirqədirovun Türkiyədə oğurlanaraq Azərbaycana gətirilməsi, bu ölkənin azərbaycanlı mühacirlər üçün təhlükəli olduğunun göstəricisi idisə, Əfqan Muxtarlının da Tbilisi şəhərinin mərkəzində oğurlanması Gürcüstanın artıq azərbaycanlı fəallar üçün təhlükəli olduğuna işarə edirdi", - Ağalarlı bildirib.

Lakin müsahiblərimin bəhs etdiyi bütün təhlükələrə baxmayaraq, azərbaycanlı fəallar 2017-ci ildən sonra da Gürcüstana gedirlər.

Sevinc Sadıqova bunu əlacsızlıqdan etdiklərini deyir.

"Sağ qalmaq üçün ən asan və ucuz başa gələn variant Gürcüstana getmək idi", - bu yaxınlarda Gürcüstanda barəsində Azərbaycana ekstradisiya qərarı çıxarılan jurnalist Əfqan Sadıqovun həyat yoldaşı bildirib.

Sadıqovlar ailəsi Gürcüstana 2023-cü ildə, bu ölkənin də təhlükəsiz olmadığını bildikləri halda gəlib.

Bu ilin iyulunda Gürcüstandan başqa ölkəyə getmək istəyərkən Əfqan Sadıqov Tbilisi aeroportunda Gürcüstanın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

"Orada sərhəd xidmətinin əməkdaşı Əfqana dedi ki, sən başqa ölkəyə gedə bilməzsən, amma öz ölkənə qayıda bilərsən", - həyat yoldaşı Sevinc Sadıqova deyir.

Daha sonra ailə məsələnin həlli ilə bağlı bir çox təşkilatlara, səfirliklərə, eləcə də Avropa İttifaqı və BMT-nin Gürcüstan nümayəndəliyinə müraciətlər edib.

"Elə həmin müraciətlərdən 20 gün sonra Əfqan Sadıqovu Azərbaycan hökumətinin yoldaşım barəsində qaldırdığı qondarma "kimisə şantaj etmə" maddəsi ilə Gürcüstanda həbs etdilər. Mənə elə gəlir, artıq Azərbaycan hökuməti bildi ki, Əfqan üçüncü ölkəyə keçməyə hazırlaşır, ona görə də Azərbaycan hökumətinin sifarişi ilə yoldaşım Gürcüstan polisi tərəfindən həbs edildi", - Sadıqova bildirib.

Jurnalist həbsini peşə fəaliyyəti ilə əlaqələndirir və həbsinə etiraz olaraq sentyabrın 21-dən etibarən aclıq aksiyası keçirir.

"Əfqan çox arıqlayıb. Onu artıq əlil arabasında hərəkət etdirirlər", - Sevinc Sadıqova həyat yoldaşının sağlamlıq vəziyyəti haqqında danışır.

Onun etirazlarına baxmayaraq, Tbilisi şəhər məhkəməsi noyabrın 28-də Sadıqovun Azərbaycana ekstradisiya edilməsi ilə bağlı qərar çıxarıb.

Sevinc Sadıqova ərinin həbsi, eləcə də Azərbaycana ekstradisiya edilməsi barədə qərarla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu ilə görüşməyə çalışsa da, buna nail ola bilmədiyini deyir.

"Dəfələrlə daxili işlər və baş prokurorluq rəsmiləri ilə görüş istəmişəm, amma təmin etməyiblər. Çünki onların yoldaşımı niyə həbs etdikləri və Azərbaycana göndərmək istədikləri ilə bağlı heç bir hüquqi əsasları yoxdur", - Sadıqova vurğulayıb.

O, Gürcüstan hüquq mühafizə orqanlarını qanunlarla yox, Azərbaycan hökumətinin sifarişi ilə işləməkdə ittiham edib.

"Burada da, Azərbaycanda da qanun ölüb. Ölkədə qanun ölürsə, vətəndaş qanundan qabaq ölür", - Sevinc Sadıqova əlavə edib.

Gürcüstanda hüquq müdafiəsi təşkilatı olan "Sosial Ədalət Mərkəzi"nin həmtəsisçisi Tamta Mikeladze də BBC Azərbaycancaya müsahibəsində son illər ərzində hakim "Gürcü Arzusu" partiyasının Azərbaycan hökuməti ilə "aktiv şəkildə birgə fəaliyyət göstərməyə başladığını" qeyd edib.

"Gürcüstanda "Rusiya qanunu" adlandırdığımız xarici agentlər haqqında qanunun qəbul edilməsi müxtəlif səbəblərdən dolayı digər ölkələrdən, o cümlədən Azərbaycandan Gürcüstana sığınan dissidentlərin həyatı və müstəqil fəaliyyətləri üçün böyük təhlükə yaratmağa başlayıb", - təşkilatın nümayəndəsi bildirib.

Azərbaycan hökuməti Gürcüstana necə təsir edə bilir?

"İvanişvili hökuməti azərbaycanlı mühacirləri öz ərazisində görmək istəmir və İlham Əliyevin bütün xahişlərini canla-başla yerinə yetirir"

Araşdırmaçı jurnalist Əfqan Muxtarlı hesab edir ki, Azərbaycanla Gürcüstan hakimiyyəti arasında "xüsusi isti münasibətlər" var və bu əlaqələr 2016-cı ildə hakim "Gürcü Arzusu" partiyasının Gürcüstanda təkbaşına hakimiyyətə gəlməsindən sonra daha qabarıq görünməyə başlayıb.

"Bu, həm İlham Əliyevin ailəsinin Gürcüstana çoxmilyonluq investisiya yatırımı, həm də Gürcüstanın Azərbaycandan neft və qaz asılılığı ilə bağlıdır. Ona görə də İvanişvili hökuməti azərbaycanlı mühacirləri öz ərazisində görmək istəmir və İlham Əliyevin bütün xahişlərini canla-başla yerinə yetirir", - Əfqan Muxtarlı vurğulayıb.

Bidzina İvanişvili Gürcüstanın milyardlarla dollar sərvətə malik ən varlı biznesmenidir. O, 2012-ci ildə koalisiya hökuməti quraraq, əvvəlki prezident Mixail Saakaşvilini hakimiyyətdən uzaqlaşdırıb. Rusiyaya loyallığı ilə seçilən gürcü milyarder hazırda hökumətdə birbaşa post tutmasa da, onun maliyyəsi və təşəbbüsü ilə yaradılan "Gürcü Arzusu" partiyasının fəxri sədridir.

Daşqın Ağalarlı İvanişvili və Əliyev arasında olan əlaqələrin daha dərininə gedərək enerji müqavilələrində tranzit ölkə kimi Gürcüstana düşən payı xatırladır.

"2016-cı ildən başlayaraq Azərbaycanla Gürcüstan arasında neft-qaz müqavilələri, Bakı-Tbilisi-Qars layihəsi və digər layihələr yenidən baxışdan keçirilirdi. Həmin vaxt Azərbaycan hökuməti İvanişvili hakimiyyətinə birbaşa güzəştlər etdi və Azərbaycanın oradakı biznes ortaqları, yəni vaxtilə biznesə rəhbərlik edən şəxslər dəyişdirildi və İvanişviliyə yaxın olan şəxslər təyin olundu. Beləliklə, Gürcüstanın təkcə neft və qaz müqavilələrindən illik qazancı təxminən 230 milyon avroyadək artırıldı", - Ağalarlı bildirib.

Onun fikrincə, məhz bundan sonra Gürcüstanda azərbaycanlı mühacirlərə qarşı münasibət tamamilə dəyişdi.

Əfqan Muxtarlı isə hesab edir ki, burada məsələ təkcə İvanişvili və Əliyev arasında olan münasibətlər fonunda dəyişmir.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti təkcə azərbaycanlı fəalları, bütün digər ölkələrin, o cümlədən Rusiyadan, Ukraynadan, Belarusdan olan fəalları və hökumət tənqidçilərini də hədəf alıb.

"Söhbət Gürcüstan hökumətinin insan haqlarına olan münasibətindən gedir. Misal üçün, ötən üç il ərzində Gürcüstan hökuməti ölkəsində olan 2 rusiyalı fəalı Tbilisidən oğurlayıb aparıb və Rusiyada təhvil verib. Bu, Vəfa Şevkiyev adında rusiyalı müxalifətçidir. O, 2023-cü ilin oktyabrında oğurlanıb. Digəri isə İlkin Məlikov adında rusiyalı müxalifətçidir ki, o da 2023-cü ilin aprelində oğurlanıb və Rusiyaya təhvil verilib", - Əfqan Muxtarlı bildirib.

O, hazırda adaşı Əfqan Sadıqovun da Gürcüstan hökumətinin bu siyasətinin qurbanı olduğu qənaətindədir.

Gürcüstan hökumətindən bu iddialarla bağlı reaksiya almaq, hələ ki, mümkün olmayıb.

İki həftədən çoxdur ki, Gürcüstanda hakim Gürcü Arzusu partiyasına etirazlar davam edir - hökumət ölkənin Avropa İttifaqına üzvlüyünü 2028-ci ilədək təxirə salıb. Yüzlərlə insan nümayişlərdə həbs olunub, təhlükəsizlik qüvvələrinin xəsarət yetirdiyi şəxslər arasında jurnalistlər də var.

İki övladı ilə Gürcüstanda 31 kvadrat metrlik kirayə evə sığınan Sevinc Sadıqova isə ümidini itirmədiyini və həyat yoldaşının azad olunması üçün apardığı mübarizəni davam etdirəcəyini deyir:

"Mənə ən çox təsir edən bizə yaşadılanların övladlarımıza vurduğu zərbədir. Amma mübarizəmi dayandırmayacam. Ölsək də sonadək gedəcəm. Qoy hər kəs bir ailənin necə məhv olduğunu görsün!"