Ubasute
Ubasute (姥捨て?), obasute və ya oyasute (親捨て?) – Yaponiyada yaşlı və ya xəstə qohumları kimsəsiz yerdə ölümə tərk etmək adəti.[1]
Ubasute əfsanələşmiş adət hesab olunur, geniş yayılıb-yayılmadığı mübahisə mövzusudur.[1] Müasir Yaponiyada bu adətin müxtəlif formalarda canlandırıldığı müşahidə olunur.[1]
Yerlər
[redaktə | mənbəni redaktə et]Fuci dağının şimal-qərb yamacındakı sıx meşələrin, xüsusilə, Aokiqahara meşəsinin ubasute adəti üçün populyar yer olduğu düşünülür.[1] Naqano prefekturasında yerləşən Obasute dağının adı bu adətdən yaranmışdır, çünki qədim zamanlarda insanlar yaşlı və ya xəstə yaxınlarını bu dağda ölümə tərk edirdilər.[2]
Əfsanələr
[redaktə | mənbəni redaktə et]Ubasute bir çox əfsanənin və hekayənin mövzusu olmuşdur.[1] Bu hekayələrin çoxu valideyni tərk etmək haqqında olsa da, ailə sevgisini də təsvir edir. Məsələn, "Ubasuteyama" hekayəsində oğul öz anasını ölümə tərk etmək üçün dağın zirvəsinə aparır, lakin anası oğlunun geri qayıtmasını asanlaşdırmaq üçün yolu sümüklərlə işarələyir.[1] Bu hekayə ananın hər şeyin fərqində olmasına baxmayaraq, oğlunu hələ də sevdiyini təmsil edir.[1]
Hindistandan gələn bir hekayə isə yaşlıları sevməyən bir hökmdar haqqındadır.[1] Hökmdar 70 yaşından yuxarı bütün yaşlıların sürgünə göndərilməsini əmr edir, lakin saray əyanlarından biri öz anasını gizlədir.[1] Bir gün rəqiblərdən biri verdiyi tapmacaları həll edə bilmələri müqabilində ölkələrini işğal etməyəcəyini bildirir.[1] Saray əyanı yaşlı anasından tapmacaların cavabı soruşur və rəqibi müttəfiq olmağa qərar verir. Hökmdar həqiqəti öyrənəndən sonra sürgün qərarını ləğv edir.[1]
Müasir dövr
[redaktə | mənbəni redaktə et]2015-ci ildə Yaponiyada 63 yaşlı bir adam xəstə bacısını 2011-ci ildə dağda ölümə tərk etməklə ittiham olunmuşdur.[1] 2018-ci ildə isə bir qadın yaşlı atasını ölümə tərk etdiyi üçün həbs olunmuşdur.[1] Bəzi yaşlı yaponların "ailələrinə yük olmaq istəmədiklərini" bildirərək intihar etdikləri hallar da qeydə alınır.[3]
Populyar mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]- XV əsrə aid olan "Ubasute" no tamaşası ubasute adətinə həsr olunub.[4] Bu no əsasında Ellen Maklohlin "Qanlı ay" operası üçün libretto yazmışdır.[4]
- 1956-cı ildə Şiçiro Fukazava tərəfindən yazılmış "Narayama balladası" novellası ubasute adətinin geniş yayıldığı kənd haqqındadır.[4] Bu novella əsasında 1958 və 1983-cü illərdə eyniadlı iki film çəkilmişdir.[4] 1983-cü ildəki film Kann kinofestivalında Qızıl palma mükafatına layiq görülmüşdür.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Ubasute: Yaşlıları Ormana Bırakma Geleneği". Nereye (türkcə). 28 yanvar 2021. 12 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2022.
- ↑ "Aging through the ages". Japan Times (ingiliscə). 12 sentyabr 2010. 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2022.
- ↑ "Suicide 'epidemic' among Japan's elderly". BBC News (ingiliscə). 19 mart 2003. 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2022.
- ↑ 1 2 3 4 5 "Ubasute: Abandoning the Grandmother". Tricycle (ingiliscə). 26 avqust 2020. 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2022.