Tofiq Bəhramov
Tofiq Bəhramov | |
---|---|
Doğum tarixi | 29 yanvar 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 26 mart 1993 (68 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşaqları |
Bəhram Bəhramov Gülnarə Bəhramova |
Atası | Bəhram Bəhramov |
Anası | Sariyə Seyidbəyli |
Təhsili | |
Fəaliyyəti | futbolçu, futbol hakimi, Hakimin köməkçiləri |
Fəaliyyət illəri | 1976-cı ildən |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Tofiq Bəhram oğlu Bəhramov (29 yanvar 1925, Ağdam, Ağdam qəzası[1] – 26 mart 1993, Bakı) — Azərbaycanlı futbol hakimi, futbolçusu, Azərbaycan Futbol Federasiyası Assosiasiyasında hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışmışdır. 1966-cı ildə İngiltərədə keçirilən 1966 FİFA Dünya Kubokunun finalında Tofiq Bəhramovun İngiltərə milli futbol komandasının lehinə verdiyi obyektiv qərar Uembli stadionuna toplaşmış 98000 tamaşaçının yaddaşına həkk olmuş və dünya futbol tarixinin ən mübahisəli epizodlarından sayılır.
O, dünya futbol tarixində adına heykəl olan və adı stadiona verilən ilk hakimdir.[2][3]
Həyatı
[redaktə | mənbəni redaktə et]Erkən illəri
[redaktə | mənbəni redaktə et]Tofiq Bəhramov 1925-ci il 29 yanvarda Ağdamda[4] anadan olub.[5] Onun valideynləri 1918-ci il hadisələri vaxtı Zəngəzur qəzası, İncəvar kəndindən (1930-cu illərdə ləğv edilən kənd Ermənistan SSR, Qafan rayonunda yerləşib) didərgin düşmüşdü.[6]
Futbolçu karyerası
[redaktə | mənbəni redaktə et]Futbolçu karyerasına 1943-cü ildə başlayan Tofiq Bəhramov 6 ay "Spartak" cəmiyyətində məşq edəndən sonra Bakı birinciliyində "Burevestnik"-lə oyunda debüt etdi.[7] Bir il sonra Bəhramov artıq SSRİ çempionatının B qrupunda yarışan Bakı "Dinamo"suna yollandı.[7] Daha sonra isə "Neftyannik"ə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Müasirlərinin dediyinə görə, Bəhramov əsas oyunçu olmasa da, komandanın kapitanı olub və hakimlərlə daha çox mübahisə etməsinə görə digər oyunçulardan fərqlənib, lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb. Bilgəhdə keçirilən məşqlərin birində komanda yoldaşı Valentin Xlıstovla mübarizədə zədələnən futbolçu 25 yaşında karyerasını başa vurmalı oldu.[7] Bununla belə, futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib.
Futbol hakimi karyerası
[redaktə | mənbəni redaktə et]1951-ci ildə Bakı kuboku uğrunda "Dinamo" — "İnşaatçı" matçına hakim gəlib çıxmamışdı.[7] Nəticədə 26 yaşlı gəncə oyunu idarə etməyi təklif edirlər.[7] Bəhramovun ilk qarşılaşması qalmaqalla nəticələnib.[7] O, ilk sınaqdan üzüağ çıxmasa da, 6 aydan sonra Respublika birinciliyində baş hakim kimi debüt edir.[7] 1952-ci ildə Respublika dərəcəli hakim adını alan Bəhramov 2 il sonra Futbol üzrə SSRİ çempionatının aşağı liqasında Tbilisi və Daşkənd komandalarının oyununda ədaləti təmin edir.[7] Get-gedə ümidləri doğruldan referi həmin il "Neftçi" və Efiopiya yığmaları arasında yoldaşlıq oyununu da idarə edir.[7]
O, SSRİ çempionatının güclülər dəstəsində 34 yaşında debüt edib.[7] Daim prinsipiallığı, obyektivliyi ilə seçilən referi qısa müddətdə sovetlər birliyinin ən yaxşı hakimlərindən birinə çevrilir.[7] O, həmin dövrdə Avropanın ən güclülərindən hesab olunan SSRİ çempionatında 146 matçda meydana baş hakim kimi çıxıb.[7] Tofiq Bəhramov 1963-cü ildən etibarən 13 il (!) ardıcıl keçmiş ittifaqın 10 ən yaxşı hakimi sırasına düşüb.[7] Bu göstəriciyə görə, o, ümumilikdə yalnız moskvalı Kazakovdan (15 il) geri qalsa da, ardıcıllığa görə hamını qabaqlayır.[7]
Bəhramov 1965-ci ildə beynəlxalq dərəcəli hakim adını alır.[8] O, 1966-cı ildə İngiltərədə keçirilən 8-ci mundialda finala qədər bir oyunda (İsveçrə — İspaniya) baş hakim, 2 görüşdə (Argentina – İsveçrə və İngiltərə — Uruqvay) isə laysman kimi meydana çıxır.
O, SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi fərqlənir. İki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edir.[9] O, Nikolay Latışevdən sonra FİFA Dünya Kubokunun final mərhələsində hakimlik etmiş ikinci, UEFA Avropa Çempionatının final oyununu idarə edən birinci sovet hakimi olub. O, 15 il ərzində idarə etdiyi oyunların heç birində referi oyunçuya qırmızı vərəqə göstərməyib.[10]
1970-ci il Meksikada keçirilən dünya çempionatında da Bəhramov 3 oyunda hakimlik etdi.[7][9] 1971-ci il 25 mayda Lev Yaşinin vida matçında SSRİ dünya yığması ilə qarşılaşmış, həmin görüşü də Bəhramov idarə etmişdi.[8] O, 1968 və 1972-ci illərdə keçirilən Avropa çempionatlarında, həmçinin Qitələrarası Kubokda ("Estudiantes" — "Mançester Yunayted" oyununda laysman, "İndependyente" — "Ayaks" matçında baş hakim) ədaləti təmin edib.[9][11] 1972-ci ildə UEFA kubokunun final matçı ("Vulverhemton" — "Tottenhem") da ona tapşırılmışdı.[7][11]
Tofiq Bəhramov 1975-ci ildə hakimliklə vidalaşdı.[7]
1966-cı il Dünya çempionatının finalı
[redaktə | mənbəni redaktə et]1966-cı ildə FİFA Dünya Kubokunun futbol oyunları Tofiq Bəhramovun adını idmanın bu sahəsi ilə maraqlanan hər kəsə tanıtdı.[12] FİFA Dünya Kubokunun final oyununa düşmək üçün Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib.[12]
1966-cı ildə dünya çempionatında İngiltərə və Almaniya komandaları arasında keçirilən final oyunu yan xərt hakimi kimi idarə edib.[12] Oyun əsas vaxt heç-heçə (2:2) başa çatmışdı.[12] Qalibi müəyyənləşdirmək üçün 30 dəqiqə əlavə olundu. 110-cu dəqiqədə ingilislərin hücumçusu Ceff Herst topu almanların qapısına göndərir.[12] Top dirəyə dəyib yerə düşür. Oyunun baş hakimi, isveçrəli Qottfrid Dinst topun uçuş trayektoriyasını görmədiyindən özünü itirir.[12] Dinst özünün yan xətt köməkçisinə işarə edərək son sözü onun deyil, köməkçisi — sovet hakimi Bəhramovun deyəcəyini göstərir.[12] İki referi arasındakı jestlər (onlar eyni dildə danışa bilmirdilər) bir neçə saniyə çəkdi. Bəhramov həmkarına təmiz qol olduğunu bildirmək üçün əminliklə mərkəzi işarə etdi.[13] Bu ingilislərdə sevinc, almanlarda isə qəzəb doğurur.[12]
Sərhədsiz hiddət içində olan almanlar heç nəyi dəyişə bilmədilər.[11] Final fitinə az qalmış Herst hesabı 4:2 — yə çatdırmaqla het-triki etdi.[11] Lakin qalmaqal bununla bitmədi. Bütün futbol dünyası 2 düşərgəyə parçalandı.[11] Britaniya nöqteyi nəzərindən yanaşanlar Bəhramovun tərəfində durdu.[11] Bununla yanaşı, hadisənin episentrində olan ingilislərin hücumçusu Rocer Hant deyir ki, o, qayıdan topu qapıya vurmağa cəhd etmədi.[11] Çünki topun qapı xəttini keçdiyini açıq-aydın görmüşdü.[11]
Auditoriyanın alman hissəsi öz fikrində dururdu: əgər top həqiqətən də dirəyə dəysəydi və xətt üzrə aşağı ensəydi, dərhal qapı toru titrəyərdi.[11] Almaniya yığmasının oyunçuları əminliklə deyirdilər ki, havaya təbaşir hissələrinin uçduğunu görüblər.[11] Bu da onu deməyə əsas verir ki, az da olsa, top xəttə dəyib.[11] Bəhramova dərhal yarımfinalda sovet komandasını almanların dayandırmasını xatırlatdılar.[11] Onu almanlara qarşı İkinci dünya müharibəsindən qalma düşmənçilikdə də ittiham etdilər.[11] Tofiq Bəhramov sonuncu müsahibələrinin birində "qol olmuşdu?" sualına "Stalinqrad" cavabını verməklə bu qol ətrafında daha bir əfsanə yaratdı.[11][14]
Oyundan sonra Tofiq Bəhramov kraliça II Elizabetin şəxsən təqdim etdiyi "Qızıl ilahə" və "Qızıl fit" mükafatlarına layiq görülüb.[10] Qolun müəllifi Herst Bəhramova da borclu qalmadı.[11] O, məşhur hakimin oğlu Bəhram Bəhramovu evinə çağıraraq ona üstündə azərbaycanca "Çox sağ ol" yazılmış futbolkanı təqdim etdi.[11]
Öz memuarlarında Bəhramov topun dirəkdən yox, məhz qapı torundan sıçramasını gördüyünü etiraf edib.[11] O, yerə toxunma məqamını isə heç görmədiyini qeyd etmişdi.[11] Almaniya yığmasının kapitanı Uve Zeeler isə matçdan sonra baş tutan qəbulda Bəhramova yaxınlaşaraq üzrxahlıq etmişdi.[11] Alman qola görə mübahisə etməkdə haqlı olmadığını etiraf etdi.[11]
Bu qərar indəyədək futbol aləmində mübahisələrə səbəb olur. 1990-cı ildə Oksford universitetinin mütəxəssiləri kompyuterin köməkliyi ilə heç bir qolun olmamasını müəyyən etsə də, tədqiqatların nəticələrini çox adam qəbul etməmişdir.[11] 2016-cı ildə isə Britaniyanın "Sky Sports" telekanalında 1966-cı ildə İngiltərə və Almaniya yığmaları arasında keçirilən final matçında Tofiq Bəhramovun verdiyi qərar növbəti dəfə müzakirəyə çıxarılıb.[15] Müasir texnologiya ilə aparılan araşdırma Tofiq Bəhramovun qərarının haqlı olduğunu sübuta yetirib.[16] Bu barədə danışan İngiltərə millisinin və "Liverpulun" sabiq müdafiəçisi Ceymi Karrager deyib:
Nəhayət yan xətt hakiminin haqlı olduğu sübuta yetirildi. Ola bilər ki, Tofiq Bəhramov qərar anında əlverişli mövqedə olmasın. Lakin biz artıq əbədi olaraq sübut etdik ki, onun qərarı haqlı idi.[17] |
Hakimlikdən sonra
[redaktə | mənbəni redaktə et]1975-ci ildə yenidən "Neftçi"yə qayıdan Bəhramov 3 il komandada ikinci məşqçi kimi fəaliyyət göstərib.[7] Bəhramov "Neftçi"nin rəisi vəzifəsində də çalışıb.[7] Tofiq Bəhramov 1974-cü ildən ömrünün sonuna kimi Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bədən tərbiyəsi və idman kafedrasının müdiri işləyib.[18]
1992-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb.[9] 1992-ci ilin sentyabrında Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gələn Böyük Britaniyanın baş naziri Marqaret Tetçerlə Tofiq Bəhramovla da görüşmüşdü.[19] Təmkinli və gülümsəyən Bəhramov yüngül yerişlə Tetçerə tərəf yaxınlaşdı, İsa Qəmbər isə məmnuniyyətini gizlətmədən və ona məxsus yumor hissi ilə "Bax, bu insanın fiti olmasaydı, siz ingilislər 1966-cı ildə "Qızıl ilahə"ni görməzdiniz, madam Tetçer!", — o, barmağı ilə Bəhramova işarə etdi.[19] Bu tiradanın tərcüməsini dinləyən Tetçer də daha böyük emosionallıqla dedi: "Bəli! Bəli, xatırlayıram, çox sağ olun, sağ olun!".[19]
Ölümü
[redaktə | mənbəni redaktə et]1993-cü il martın 26-da Bakıda üçüncü dəfə infarkt keçirən Bəhramov dünyasını dəyişdi.[9]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Ailəli idi, Bəhram adlı oğlu, Gülnarə adlı qızı var. Tofiq Bəhramov dünyanın 52 ölkəsinə səfər etsə də, heç vaxt Almaniyada olmayıb.[9]
İrsi
[redaktə | mənbəni redaktə et]Bakıda yerləşən stadion onun adını daşıyır. Stadionun yaxınlığında isə dünyada ilk dəfə olaraq 2004-cü ilin 14 oktyabrında futbol hakiminin xatirəsinə heykəl qoyulub.[18] Dünya futbolunun ulduzları Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş seçmə oyunlarda Azərbaycan və İngiltərə yığmasının oyununu izləmək üçün Bakıda olub.[18] Bundan başqa, dünyanın hakimləri sırasında ilk dəfə məhz onun adına abidə ucaldılmışdı.[18] Mərasimdə FIFA-nın prezidenti Yozef Blatter, icraiyyə komitəsinin üzvü Mişel Platini, Ceff Herst və digər görkəmli futbolçular da iştirak edirdilər.[18] Blatter çıxış edərək, ürək sözlərini dilə gətirdi:
Bakıda olmağıma və böyük idmançının heykəlinin açılışında iştirak etməyimə çox şadam. Hələ indiyə qədər heç bir yerdə hər hansı bir hakimin adını daşıyan stadionun açılışında iştirak etməmişəm. Bu qonaqpərvər mühiti yaratdıqlarına görə bütün Bakı sakinlərinə minnətdarlığımı bildirirəm.[18] |
London şəhərindəki futbol muzeyində Tofiq Bəhramovun bürünc heykəlciyi var.[10] 1997-ci ildə Azərmarka Tofiq Bəhramova həm də poçt markaları həsr etmişdir. 2007-ci ildə Britaniya sakinləri arasında aparılmış sorğuya əsasən, Bəhramovun qərarı "bəşəriyyət tarixində ən məşhur stop-kadr" nominasiyasında ikinci yerdə qərarlaşdı.[11] Sorğu "hansı epizod zamanı düyməni basıb, lenti geri fırladıb dəfələrlə baxmısız" sualı ətrafında aparılmışdı.[11]
-
Tofiq Bəhramov. 1997-ci il
-
Tofiq Bəhramov. 1997-ci il
2010-cu ildə İngiltərə hakimi Qrem Poll Tofiq Bəhramovu özünün "Ən yaxşı 50 futbol hakimi" siyahısına salmışdır.[20] Siyahıda Tofiq Bəhramov 38-ci yeri tutmuşdur.[20]
2021-ci ildə AFFA-nın İcraiyyə Komitəsi "Tofiq Bəhramov mükafatı" təsis olunması ilə bağlı qərar qəbul edib.[21]
Ədəbiyyatda
[redaktə | mənbəni redaktə et]İngilis yazıçısı Artur Hopkraft "Futbol adamı" kitabında Tofiq Bəhramova xüsusi yer verilib:[22]
Bəhramov bayrağını qaldıranda təkcə "Uembli" deyil, bütün İngiltərə onun ayaqları altında idi. Hamı fikirləşirdi: Bu rus nə istəyir? Ancaq üstündən 10 illərlə vaxt keçəndən sonra hamı başa düşdü ki, o, rus deyil, möcüzəli bir ölkənin, Azərbaycanın oğludur. Sonradan futbolçular mənə etiraf edirdilər ki, onlar özlərini yan xətt hakimini qaçıb qucaqlamaqdan zorla saxlamışdılar. Onlara verilən bu hədiyyəyə görə yox, öz işini peşəkarcasına yerinə yetirdiyinə görə.[23] |
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]O, 2006 FİFA Dünya Kubokuna həsr olunan cizgi filminin də qəhrəmanı olub.[18] 1966-cı ildə "Hakim", 2009-cu ildə "Hakim mərkəzi göstərir" filmi ona həsr olunub.[24]
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]- 1966 — "Qızıl Fit" mükafatı[9]
- 1966 — "Qızıl İlahə" mükafatı (kiçik)[9]
- 1966 — "Qırmızı əmək bayrağı" ordeni[25][26]
Biblioqrafiya
[redaktə | mənbəni redaktə et]Əsərləri
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 https://news.milli.az/sport/402432.html.
- ↑ "Tofik Bakhramov: the only referee with a statue". www.dutchreferee.com. www.dutchreferee.com. Archived from the original on 2022-03-30. İstifadə tarixi: 3 oktyabr 2016.
- ↑ İnterAz. "Azərbaycanlı hakim Tofiq Bəhramovun doğum günüdür" (az.). Youtube.com. 28.01.2019. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-29.
- ↑ Uşaq Bilik Portalı. "Əfsanəvi futbol hakimi - Tofiq Bəhramov" (az.). Uşaq Bilik Portalı. 09.10.2018. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-12.
- ↑ "Tofiq Bəhramov - 90". oxu.az. oxu.az. Archived from the original on 2021-10-20. İstifadə tarixi: 3 oktyabr 2016.
- ↑ Akif Muradverdiyev. "Zəngəzur. Tariximizin yaddaşı", Bakı, "Xəzər" nəşriyyatı, 2007. səh. 409.Orijinal mətn (az.)
1930-cu illərdə kənd ləğv edilmiş, əhalisi Xələc kəndində məskunlaşmışdır. İdman aləmində öz prinsipiallığı ilə tanınmış beynəlxalq dərəcəli futbol hakimi, 1966-cı ildə dünya çempionatının final görüşündə yüksək hakimlik məharəti göstərdiyinə görə "Qızıl fit" mükafatına layiq görülmüş Tofiq Bəhramovun valideynləri də İncəvar kəndindən didərgin düşmüşlər.
Akif Muradverdiyev - ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 "Hakimlik zirvəsi - Tofiq Bəhramov". www.azerisport.com. www.azerisport.com. Archived from the original on 2021-10-18. İstifadə tarixi: 4 oktyabr 2016.
- ↑ 1 2 "MR FAIR PLAY". www.visions.az. www.visions.az. Archived from the original on 2022-03-30. İstifadə tarixi: 2 oktyabr 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 "Tofiq Bəhramov - "Qızıl Fit" sahibi". azens.az. azens.az. 2 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2016.
- ↑ 1 2 3 "Bu gün Azərbaycan futbolçusu və tanınmış futbol hakimi Tofiq Bəhramovun ad günüdür. O, 1925-ci ilin 29 fevralında Bakıda anadan olub". www.buro247.az. www.buro247.az. 2016-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 "Dünyaya səs salmış qərar - Tofiq Bəhramov adına qol". publika.az. publika.az. 2 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 "Dünya futbolunun unudulmazları arasında yer alan azərbaycanlı". www.anl.az. www.anl.az. Archived from the original on 2022-03-30. İstifadə tarixi: 2 oktyabr 2016.
- ↑ Wright, Joe. "Tofiq Bahramov - the story of football's most famous linesman". www.goal.com. www.goal.com. Archived from the original on 2021-10-21. İstifadə tarixi: 2 oktyabr 2016.
- ↑ "The top 10 controversies that rocked the World Cup". www.independent.ie. www.independent.ie. Archived from the original on 2021-01-29. İstifadə tarixi: 2 oktyabr 2016.
- ↑ "Geoff Hurst's crucial second goal in the World Cup final comes under the MNF microscope". www.skysports.com. www.skysports.com. Archived from the original on 2022-08-23. İstifadə tarixi: 2 oktyabr 2016.
- ↑ "Sky Sports prove Geoff Hurst's 1966 World Cup final goal DID cross the line - but Germans deny it". www.mirror.co.uk. www.mirror.co.uk. Archived from the original on 2022-01-28. İstifadə tarixi: 2 oktyabr 2016.
- ↑ ""Sky Sports" Tofiq Bəhramovu haqlı çıxardı (FOTO)". musavat.com. musavat.com. Archived from the original on 2022-08-13. İstifadə tarixi: 2 oktyabr 2016.
- ↑ 1 2 3 4 5 6 7 "Azərbaycan futbolunun sönməyən ulduzu". www.anl.az. www.anl.az. Archived from the original on 2022-03-30. İstifadə tarixi: 2 oktyabr 2016.
- ↑ 1 2 3 "Marqaret Tetçer: "Azərbaycana növbəti mövsümdə gələcəyəm"". www.contact.az. www.contact.az. 2013-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2016.
- ↑ 1 2 "THE LIST: Graham Poll's top 50 football referees". www.dailymail.co.uk. www.dailymail.co.uk. Archived from the original on 2016-03-23. İstifadə tarixi: 2 oktyabr 2016.
- ↑ ""Tofiq Bəhramov mükafatı" təsis olundu". 2022-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-10.
- ↑ Demchenko, Anna. "Legend in black". vestnikkavkaza.net. vestnikkavkaza.net. Archived from the original on 2021-10-20. İstifadə tarixi: 2 oktyabr 2016.
- ↑ ""Bütün İngiltərə onun ayaqları altında idi..."". modern.az. modern.az. Archived from the original on 2021-10-17. İstifadə tarixi: 3 oktyabr 2016.
- ↑ 1 2 ""Hakim mərkəzi göstərir" - Tofiq Bəhramov haqqında film". 2017-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 oktyabr 2016.
- ↑ "Tofiq Bəhramovun oğlu: "50 il əvvəl atam tarixə düşüb"". arxiv.az. arxiv.az. 3 oktyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2016.
- ↑ "Tofiq Bəhramovun oğlu: "50 il əvvəl atam tarixə düşüb"". www.bbc.com. BBC. Archived from the original on 2017-06-30. İstifadə tarixi: 3 oktyabr 2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 29 yanvarda doğulanlar
- 1925-ci ildə doğulanlar
- Ağdamda doğulanlar
- 26 martda vəfat edənlər
- 1993-cü ildə vəfat edənlər
- 68 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- II Fəxri Xiyabanda dəfn olunanlar
- Bakı şəhəri 6 nömrəli tam orta məktəbin məzunları
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- Tofiq Bəhramov
- Azərbaycan futbol hakimləri
- Azərbaycan futbolçuları
- Poçt markalarında şəxslər
- Bakı Slavyan Universitetinin müəllimləri
- Azərbaycan SSR əməkdar məşqçiləri
- Ağdamda doğulmuş idmançılar
- Azərbaycanın kişi futbolçuları
- Azərbaycan memuarçıları
- Neftçi PFK oyunçuları
- SSRİ futbol hakimləri