Spa konfransı
Spa konfransı | |
---|---|
Keçirilmə tarixi | 1920 |
Keçirildiyi yer | Spa (şəhər), Belçika |
Spa konfransı — Ali Müharibə Şurası ilə Almaniya arasında Belçikanın Spa şəhərində 1920-ci ilin 5-16 iyul tarixlərində keçirilmiş konfrans.[1][2] Əsas müzakirə mövzusu Almaniyanın hərbsizləşdirilməsi, müttəfiqlərə kömür göndərilməsi və Almaniyanın qalib dövlətlərə ödəməli olduğu təzminat məsələsi olmuşdur.
İştirakçılar
[redaktə | vikimətni redaktə et]Spa konfransı Almaniyanın müharibədən sonra dəvət edildiyi ilk beynəlxalq konfrans idi.[1] Müttəfiqlər düşünürdü ki, mübahisəli məsələlərdə məktublar və digər diplomatik vasitələrlə həll yolu tapmaqdansa, görüşüb müzakirə aparmaq daha məhsuldar olar. Buna görə konfransa Almaniya da dəvət edilmişdi. Konfransa İngiltərənin baş naziri David Lloyd Corc, Fransanın baş naziri Aleksandr Milyeran, Almaniyanı kansleri Konstantin Feyrenbax, həmçinin Britaniyanın və Fransanın Almaniyadakı səfirləri də qatılmışdı.[3] Səfirlərə Berlində yerləşən Təzminat Komissiyası işlərinə nəzarət etmək tapşırılmışdı.[4]
Danışıqlar
[redaktə | vikimətni redaktə et]Versal sülh müqaviləsi imzalandıqdan sonra Avropada dövlətlərarası münasibətlərdə başlıca məsələ Almaniyanın tərksilah edilməsi və təzminat alınması idi. Spa konfransı da bu məqsədlə çağırılmışdı. Müttəfiqlər Almaniyadan Versal sülh müqaviləsinin şərtlərini yerinə yetirməyi tələb edərək onun qarşısında aşağıdakı şərtləri irəli sürürdülər:[5]
- Könüllü hərbi dəstləri tərksilah etmək,
- Ayrı-ayrı adamlardan silahları yığmaq,
- Ordunu könüllülük prinsipi əsasında qurmaq,
- Hərbi əmlakı təhvil vermək,
- Müqavilənin digər şərtlərinə əməl etmək.
Razılaşma
[redaktə | vikimətni redaktə et]Ordu məsələsi
[redaktə | vikimətni redaktə et]Almaniya bu şərtləri qəbul etsəydi, onda 1920-ci ilin oktyabr ayının 1-dək 150 min ordu saxlaya bilərdi. 1921-ci ilin yanvar ayını 1-dən isə ordu 100 min nəfər olmalı idi. Almaniya bu şərtləri yerinə yetirmədikdə isə müttəfiqlər Almaniyanın yeni ərazilərini işğal edə bilərdilər. Almaniya şərtləri qəbul edərək 1920-ci ilin iyul ayının 9-da müvafiq protokolu imzaladı.[5]
Təzminat məsələsi
[redaktə | vikimətni redaktə et]Konfransda təzminat məsələsi də müzakirə olundu. Lakin kəskin ixtilaflar ucbatından iştirakçı dövlətlər alınacaq təzminatın ümumi məbləği barədə yekdil rəyə gələ bilmədilər. Bununla belə, təzminatı alacaq dövlətlərin payı aşağıdakı kimi müəyyənləşdi: Fransa 52 faiz, İngiltərə 22 faiz, İtaliya 10 faiz, Belçika 8 faiz, Yunanıstan, Rumıniya, Yuqoslaviya 6,5 faiz, Yaponiya, Portuqaliya 0,75 faiz. Həmçinin, ABŞ-nin da təzminat almaq hüququ saxlanıldı. Lakin ABŞ senatı Versal sülh müqaviləsini təsdiq etmədi və ABŞ hökuməti də təzminatı almaqdan imtina etdi. ABŞ təzminat məsələsində Almaniyanın çətinliyə salınmasının Almaniyada qısasçılıq hisslərini artıracağından narahat idi.[5]
Azərbaycan nümayəndə heyəti konfransda
[redaktə | vikimətni redaktə et]Konfransda artıq bolşevik işğalı nəticəsində süqut etmiş və mühacirətdə qalmış Ə.M.Topçubaşov başda olmaqla AXC-nin nümayəndə heyəti də iştirak edirdi. Nümayəndə heyəti müharibədə vurulan ziyana görə Azərbaycana təzminat verilməsi və bolşevik işğalına son verilməsi ilə bağlı məsələ qaldırsa da, istəyinə çata bilmədi.[5]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Shuster, Richard J., German disarmament after World War I: the diplomacy of international arms inspection, 1920-1931, Cass series / Strategy and history, 14, Psychology Press, 2006, ISBN 978-0-415-35808-8
- Steller, Verena, Diplomacy between Versailles and Locarno // The Transformation of Foreign Policy: Drawing and Managing Boundaries from Antiquity to the Present, Oxford University Press, 2016, ISBN 978-0-19-878386-2, İstifadə tarixi: 2017-10-17
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Shuster, 2006. səh. 45
- ↑ Steller, 2016. səh. 180–179
- ↑ Steller, 2016. səh. 180
- ↑ Steller, 2016. səh. 180–181
- ↑ 1 2 3 4 Musa Qasımlı. Avropa və Amerika ölkələrinin müasir tarixi (I hissə). Bakı: Bakı Dövlət Universiteti nəşriyyatı. 2003. səh. 20.