Samarra döyüşü
Samarra döyüşü | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1730–1736) və Nadirin yürüşləri | |||
| |||
Tarix | 19 iyul 1733 | ||
Yeri | Samarra, Bağdad vilayəti | ||
Səbəbi | İraqda hakimiyyət uğrunda mübarizə | ||
Nəticəsi | Osmanlı imperiyası qələbə qazandı.[1] | ||
Ərazi dəyişikliyi | Bağdadın mühasirəsi ləğv edildi. Səfəvi ordusu Osmanlı İraqını qısa müddətlik də olsa, tərk etdi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Samarra döyüşü — dövrünü iki böyük hərbçisi olan Nadir xanla Topal Osman paşa arasında Bağdadın mühasirəsinin sonlanması ilə nəticələnən döyüş. Döyüşün nəticəsində Bağdad da daxil olmaqla, İraq Osmanlı hakimiyyəti altında qalmışdır. Bundan başqa Samarra döyüşü Nadirin fəaliyyəti dövründə məğlub olduğu ilk döyüş kimi də tarixi əhəmiyyətə sahibdir. Döyüş nəticəsində ümumilikdə iki ordu 50 min itki vermiş, habelə qələbə qazanmış Osmanlı ordusu da ağır itkilərlə üzləşmişdir. Nadir bu döyüşdə məğlub olsa da, sonradan baş vermiş Ağ-Dərbənd və ya Kərkük döyüşündə Topal Osman paşanı məğlub etməyi bacarmış, elə həmin döyüşdə də Topal Osman paşa öldürülmüşdür.
Arxa plan
[redaktə | mənbəni redaktə et]1722-ci ildə Səfəvi imperiyasının əfqan üsyanı nəticəsində paytaxtının işğal edilməsindən istifadə edən Osmanlı ordusu imperiya ərazisinə daxil olaraq qərbdə böyük torpaqlar əldə etmişdilər. 1729-cu ildə Nadir xanın uğurlu döyüşləri nəticəsində Səfəvi hökmdarı II Təhmasib paytaxt İsfahanda taxta çıxarıldı və əfqanlar üzərində parlaq qələbə qazanıldı.[5] Növbəti hədəf isə qərbdə imperiya torpaqlarını ələ keçirmiş Osmanlı imperiyası idi. 1730-cu ildə başlayan müharibənin ilk dövründə Nadir Osmanlı ordusu üzərində parlaq qələbə qazanaraq müharibəni İraq bölgəsinə keçirməyi bacarmışdı. Əsas hədəflərdən biri isə İraqın əsas şəhəri hesab edilən Bağdad şəhəri idi. Bağdad şəhəri Osmanlı imperiyasının bölgədəki əsas siyasi, iqtisadi və hərbi mərkəzi rolunu oynamaqda idi.
Bağdadın mühasirəsi və Topal Osman paşanın gəlişi
[redaktə | mənbəni redaktə et]Bağdad əyalətinin hakimi Əhməd paşa ehtiyatla Dəclə çayının sol sahilini ələ keçirdi. O, bu mövqenin Səfəvi ordusunun qarısını almaqda nə qədər əhəmiyyətli olduğunu bilirdi. Nadir çayın şərq sahilində düşərgə saldı və adamlarının çox hissəsini düşərgənin içinə, ətrafına toplayaraq Osmanlılara qarşı hiylə işlətdi. Əslində isə, gecə vaxtı döyüşçülərin bir qrupu şimala doğru yola salındı.
15 fevralda Nadir 2.500 nəfərli döyüşçü ilə birlikdə Dəclə çayını keçərək, cənuba hərəkət edərək etməyə başladı. Onu daha bir 1.500 nəfərlik döyüşçü dəstəsi izləməkdə idi. Bu dəstə çayı keçən kimi körpü dağıdıldı. Nadirin Dəcləni keçdiyindən xəbər tutan Əhməd paşa dərhal qüvvələrini toplayaraq onu qarşılamağa yola düşdü. Nadirin kiçik döyüşçü dəstəsinə 3 min nəfərlik kürd, türkman və abdali döyüşçüləri daxil idi. Onlara qarşı gələn Osmanlı ordusuna isə, böyük artilleriya, süvari və yeniçəri qüvvələrindən təşkil edilmiş dəstələr daxil idi.[6]
Türkman və kürdlər geri çəkilsələr də, abdalilər şimaldan körpü dağıdılmamışdan əvvəl onu keşməyi bacaran 1.500 nəfərlik dəstənin gəlib çatmasına qədər mübarizə apara bildi. Nadir onları nizamla sıraya düzərək döyüşə atıldı və Əhməd paşanın qüvvələrini aramsız olaraq geri çəkilməyə, sonda isə, Bağdada girib gizlənməyə məcbur edə bildi. Kürdlərin və türkmanların geri çəkilmələrinə qəzəblənən Nadir onlardan bəzilərinin cəzalandırılmaları əmrini verdi, abdaliləri isə mükafatlandırdı.
Osmanlı ordusu Bağdadın içlərinə doğru geri çəkildikdən sonra şəhərin ətrafı Səfəvi ordusunun dəstələri ilə doldu və şəhər mühasirəyə alındı. Şəhər ətrafına gələn Səfəvi ordusu böyük səylə çalışaraq mühasirə üçün şəhər divarları boyunca 2700 ədədlik qüllələr ucaltdılar. Şəhər ətrafında 300 min Səfəvi ordusu mənsubu olduğu bildirilsə də, onlardan yalnız 100 mininin döyüşçü olduğu düşünülməkdədir.
Mühasirənin taleyi Bağdadda müəyyən edilmədi. Bağdaddan şimalda yerləşən Samarra şəhərində baş verəcək döyüşdə mühasirənin taleyinə qərar veriləcəkdi. Osmanlı dövləti Bağdadı mühasirədən xilas edə bilmək üçün toplaya biləcəyi ən böyük ordunu toplamış, əlində olan ən güclü general Topal Osman Paşanı da ona komandan təyin edərək Nadirlə döyüşə göndərmişdi. Nadir yardım ordusunu gözləyib, müdafiə döyüşü aparmaq əvəzinə, təkəbbürlə şimala doğru getməyə başladı.
Döyüş
[redaktə | mənbəni redaktə et]C. Hanveyə görə, Topal Osman paşanın qoşunu ilə gəlməsi xəbərini eşidəndə Nadir Mosulun Osmanlı hakiminə məktub göndərdi və həmin məktubda Topal Osman paşanın gəlməsinə münasibətini belə bildirdi:
Xəbər çatmışdır ki, Osmanlı sərkərdələrindən biri ahəstə yol gəlməkdədir (buradan anlayıram ki, o, igid adam deyil). Uzun müddətdir ki, yoldadır və mənim qələbələrimə mane olmaq istəyir. Ona xəbər çatdırıram ki, sürətlə gəlməsini istəyirəm və mən onun yolunu daha gödək etmək üçün qoşunumun bir hissəsi ilə onun qarşısına yollanıram. Bu kifayətdir ki, onu tələsməyə peşman edim. Mən onun həqir qoşununu nəinki əsir edəcəyəm, hətta özünü də südəmər uşaq kimi tutacağam[7] |
Nadirin göndərdiyi kəşfiyyatçılar böyük bir Osmanlı ordusunun Bağdada doğru gəldiyi xəbərini verdilər. İmamverdi xan Əfşar, Şahqulu bəy Qacar, Məhəmməd xan Qaracurlu kimi sərkərdələrin komandanlığı altında göndərilən ön dəstə Osmanlı ordusunun öndəki dəstələri ilə baş vermiş qısa toqquşma nəticəsində bir neçə Osmanlı döyüşçüsü əsr tutmağı bacardılar. Tutulmuş əsirlər də böyük bir ordunun Bağdada doğru gəldiyini təstiqlədilər.[8]
Nadirin sayı dəqiq müəyyən etmək üçün apardığı kəşfiyyat fəaliyyəti səmərəsiz qaldı. Ə. Sərdadvərin yazdığına görə, 4 kilometr eni olan cəbhədə yerləşən Osmanlı qoşunları 7 sütuna bölünmüşdü. C. Hanvey isə Osmanlı qoşunlarının beş dəstəyə bölündüyünü yazırdı. Mövcud olan məlumatlara görə, Osmanlı qoşunlarının hər sütununa 20 ədəd top verilmişdi və onların mühafizəsi yeniçərilərə tapşırılmışdı. C. Hanveyə görə, Osmanlı qoşunlarının sağ cinahı yeniçərilərə, sol cinahı isə kürdlərdən və digər döyüşçülərdən ibarət dəstəyə tapşırılmışdı. Topal Osman paşa da düzülüşün mərkəzi hissəsindəki dəstənin rəhbərliyini öz üzərinə götürməklə həmin dəstənin arasında mövqe tutmuşdu. Avropa mənbələrinə istinad edən Q. Müqtədir isə göstərir ki, Topal Osman paşa topları, rumeli piyadalarını və yeniçərləri döyüş düzülüşünün mərkəzində yerləşdirdi və mərkəzin rəhbərliyini öz üzərinə götürdü. Döyüş düzülüşünün cinahları süvarilərin himayəsi altına alındı və bir süvari alayı avanqard kimi Dəclə çayı boyunca irəli çıxarıldı.[9]
Nadir qoşunlarının döyüş düzülüşü haqqında da yekdil fikir mövcud deyildir. C. Hanveyə görə, Nadir döyüş meydanına gələndən sonra qüvvələrinin ciddi şəkildə qruplaşdırılması üçün kifayət qədər vaxta malik olmadı. Bununla belə, mövcud olan fürsətdən istifadə edib öz qoşunlarını 10 sütuna böldü. Avropalı tarixçi Şarl Pikletə istinadən Q. Müqtədir yazır ki, Nadirin qoşununda 10 min nəfər cəzayirçi və 30 min süvari var idi. Cəzayirçilər əsasən qaracurlu tayfasından, süvarilər isə əfşarlardan, türkmənlərdən və əfqanlardan ibarət idi. Topların və zənburəklərin sayı barədə məlumat verilməsə də onların da mövcudluğu və dəvələr üzərində daşınması haqqında məlumatlar vardır. Bunlardan başqa, Nadirin qoşununda ərəblərdən ibarət bir dəstə də var idi. "Aləm Araye Naderi"də daha geniş məlumat vardır. Burada bildirilir ki, Nadir qoşunları 50 min nəfər idi. Onlardan 30 mini cövşən geyinmişdi. Qalan 20 min nəfəri isə cəzayirçi idi. Yəni, belə güman etmək olar ki, piyada və süvarilərin əksəriyyəti soyuq silahlardan qorunmaq üçün əyinlərinə mühafizə təchizatı geyinmişdilər. Mənbənin məlumatına görə, qoşuna rəhbərlik İmamverdi xan Əfşara, Məhəmməd xan Beluca və başqalarına tapşırılmışdı. Eyni zamanda o da bildirilir ki, döyüşdən əvvəlki günün gecəsi Nadir öz qoşunlarını dəstələrə böldü və hər bir dəstəyə də təcrübəli bir sərkərdəni rəhbər təyin etdi. Bundan əlavə, Nadir 15 min nəfərdən ibarət ehtiyat dəstəsi yaratdı və bu dəstəyə əsasən cəzayirçilər daxil edildilər. Qoşunların önünə qacar, bayat və bəğayiri döyüşçüləri, arxa eşelona isə bəxtiyari və Herat döyüşçüləri yerləşdirildi. Cəbhənin sol cinahı Həsənəli xan və Rəcəbəli xanın rəhbərliyi altında olan İraq və Farsdan toplanmış qoşun dəstəsinə, sağ cinah isə əfqan dəstəsinə həvalə edildi. Cəbhənin mərkəzi hissəsində lur, fars, Sistan döyüşçüləri mövqe tutmuşdular. Ən qabaqda isə döyüşgənliyi ilə fərqlənən əfşarlar, qacarlar, Mərv və qaracurlu döyüşçüləri düşmən üzərinə hücuma başlamalı idilər. Qoşunun qruplaşdırılmasını başa çatdırandan sonra Nadir sərkərdələrini toplayıb qəti şəkildə tapşırdı ki, onun göstərişi olmadan kimsə atını yerindən tərpətməsin və Osmanlı qoşunu tərəfə nizə belə atmasın.[10]
Bağdadı xilas etmək üçün göndərilmiş və Osmanlı imperiyasının nə böyük sərkərdələrindən biri hesab edilən Osman paşa öz dəyərini meydana gələn kimi hiss etdirməyi bacardı. O, Nadirin topyekün hücumunu tezləşdirmək üçün öz irəliləyişini və arxadakı mühafizə qüvvələrini gözlə görünə biləcək qədər azaltdi. Lakin gecələr bu mövqelər müvafiq olaraq gücləndirildi. Nadir öz süvarilərindən böyük bir dəstəni Osmanlı ordusunun sol cinahına hücum etmək etmək üçün göndərsə də, bu dəstələrin hücumu dəf edildi, çünki buradakı Osmanlı dəstələri daha çox sayıya və artilleriya qüvvələrinə malik idilər. Nadir bundan sonra təxminən 50 min nəfərdən ibarət olan döyüşçülərini bir araya gətirmək və cəbhə hücumu edərək Osmanlıları məğlub etməyə çalışdı. İntensiv hücumlardan sonra Osmanlı ordusunun mərkəz bölməsi öz çadırlarının və düşərgələrinin kənarına qədər geri çəkilməyə məcbur oldular, hətta bu zaman silahlarının və sursatlarının bir qismi qızılbaş ordusunun əlinə keçdi. Bu əsnada 2 min nəfərlik kürd dəstəsinin smanlı ordusu sıralarını tərk edərək qaçması Osman paşa üçün qələbəni demək olar ki, qeyri-mümkün etdi, lakin o, rehtiyact birləşmələrdən 20 min nəfər gətirərək vəziyyəti öz xeyrinə dəyişə bildi. Bundan sonra irəliləyən Osmanlı ordusu əvvəlki mövqelərini bərpa etdi və itirdiyi silahları geri aldı.
Döyüş davamlı olaraq bir ordunun irəliləməsi, ardıyca digər ordunun əvvəlki itkilərini geri alması ilə davam etməkdə idi. Osman paşanın Osmanlı ordusunu ağıllı şəkildə arxaları Dəclə çayına doğru formada düzməsi nəticəsində onların suya ehtiyacları təmin olunmaqda idi. Lakin bu Səfəvi ordusuna aid edilə bilməzdi və onlar Mesopotamiyanın yandırıcı günəşi altında getdikcə daha çox suya ehtiyac hiss etməkdə idilər. Lakin onların bu ehtiyacının qarşılanması mümkün deyildi. Osman paşanın mövqe seçimini özünü bir daha doğruldur və küləyin üzü günəşə doğru əsməyə başması ilə qum və toz kütləsi qızılbaş ordusunun üzünə ələnməyə başlayır. Bununla eyni zamanda qızılbaşlar üçün daha bir talesizlik baş verir və Nadirin ordusundakı ərəb döyüşçüləri meydanı tərk edərək qaçmağa başlayır.
Nadirin ehtiyatda saxladığı 12 minlik güclü abdali süvarilərini döüşə daxil etməsi də, vəziyyəti dəyişə bilmədi, əksinə daha çox qarışıqlığa səbəb oldu. Ordunun tədricən dağıldığını görən Nadir döyüşçülərini ruhlandırmaq üçün özü şəxsən döyüşə daxil oldu və bir Osmanlı süvarisini öldürdü. Lakin atından yıxılması qızılbaş ordusu sıralarında guya Nadrin öldürülməsi şayiələrinin dolaşmasına səbəb oldu. Onsuzda ruhdan düşmüş ordunun bu şayiə döyüş qabiliyyətinə ölümcül zərbə vurdu. 9 saatlıq döyüşün ardınca qızılbaş ordusu geri çəkilməyə başladı. Nadir kimi istedadlı sərkərdənin bu geri çəkilişi durdurmağa çalışması belə sonda nəticəsiz qaldı. İki böyük sərkərdənin qarşılaşmasından Topal Osman paşa qalib ayrılmağı bacarsa da, qələbə ona baha başa gəlmiş və xeyli itki vermişdi. Bu məğlubiyyət Nadirin fəaliyyəti boyunca ilk və son məğlubiyyəti oldu.
Nəticə
[redaktə | mənbəni redaktə et]Qızılbaşlar demək olar ki, bütün qüvvələrinin yarısını döyüşdə itirmişdilər. Bundan başqa artilleriya bölməsinin hamısı itirilmiş, bunların böyük bir qismi də Osmanlı ordusunun əlinə keçmişdi. 30 min döyüşçü öldürülmüş və ya yaralanmış, 3500 döyüşçü əsir düşmüşdü (bunlardan 500-ü yerindəcə edam edilmiş). Qələbə Osmanlı ordusuna da baha başa gəlmişdi. Onlar bütün döyüşçülərinin 1/4 hissəsini itirmişdi. Şimalda Osman paşanın zəfərindən ürəklənən Bağdadın mühasirəyə alınmış valisi Əhməd paşa şəhər qapılarından hücum edərək onları mühasirəyə almış Nadirin sərkərdəsi üzərində qələbə qazandı.[11]
23 iyul 1733-cü ildə Topal Osman paşa triumfla Bağdada daxil oldu. Lakin bu qələbə Osmanlı ordusu üçün davamlı olmadı. 24–26 oktyabr 1733-cü ildə Kərkükün Ağ-Dərbənd vadisində baş vermiş döyüşdə Nadir Topal Osman paşadan intiqamını alaraq onun ordusunu darmadağın etdi.[12]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Maykl Eksvorti. Iran: Empire of the Mind Penguin. Penguin Books. 2007. səh. 156.
- ↑ 1 2 Axworthy, 2009. səh. 180
- ↑ Moghtader, 2001. səh. 56
- ↑ 1 2 Axworthy, 2009. səh. 183
- ↑ "The Cambridge History of Iran". 2017-12-01 tarixində arxivləşdirilib.
- ↑ Moghtader, Gholam-Hussein (2008). The Great Batlles of Nader Shah, Donyaye Ketab
- ↑ Süleymanov, 2001. səh. 228
- ↑ Süleymanov, 2001. səh. 230
- ↑ Süleymanov, 2001. səh. 230-231
- ↑ Süleymanov, 2001. səh. 231-232
- ↑ Michael Axworthy. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant. I. B. Tauris. 2009. ISBN 978-1-84511-982-9.
- ↑ Əliyarlı, Süleyman. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1996.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Mehman Süleymanov. Nadir şah (PDF). Pərvin Darabadi (elmi redaktor). 741.
- Maykl Eksvorti. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant. I. B. Tauris. səh. 180.