Mariya Tsebrikova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mariya Tsebrikova
rus. Мария Константиновна Цебрикова
Doğum tarixi 8 iyul 1835(1835-07-08)[1]
Doğum yeri
Vəfat tarixi 2 mart 1917(1917-03-02)[1] (82 yaşında)
Vəfat yeri
Fəaliyyəti yazıçı, ədəbiyyat tənqidçisi, redaktor[d], memuarçı, tərcüməçi, pedaqoq[d], redaktor

Mariya Konstantinovna Tsebrikova (rus. Мария Константиновна Цебрикова; 8 iyul 1835[1], Kronştadt[d], Sankt-Peterburq quberniyası[d][1]2 mart 1917[1], Qaspra[d]) — Rus yazıçısı, ədəbiyyatşünası. Maarifçilik fəaliyyəti və qadınların bərabər hüquqları uğrunda mübarizə aparan fəal.[2][3]

Mariya Tsebrikova 8 iyul 1835-ci ildə Kronştadt şəhərində hərbi zabit Konstantin Romanoviç Tsebrikovn ailəsində anadan olub.

Sosial-siyasi baxışlarının inkişafına töhfə verən dekabrist Nikolay Romanoviç Tsebrikovun qardaşı qızıdır. O, bu haqda xatirələrində belə yazırdı: "Dekabrist əmim mənə siyasi təhsil verdi, amma mən öz fəlsəfəmi inkişaf etdirməli oldum. Yazıçının haqqı döyüş yolu ilə alınmalı idi".[4]

Mariya Konstantinovnanın ədəbi fəaliyyətinin başlanğıcı 1860-cı ilə təsadüf edir. Onun ilk əsəri olan "Səhvdən sonra səhv" hekayəsi "Rus xəbərçisi" jurnalında N. R. təxəllüsü ilə dərc edilmişdi. Hekayələr, povestlər, esselər və xatirələr dərc etməyə davam etsə də daha çox publisistikaya üstünlük verirdi. Bu illərdə onun "Hansı yaxşıdır?", "Müdirənin qeydləri", "Köhnə bir kənd", "Atam" və s. əsərləri nəşr olunub. Lakin tədricən ədəbi fəaliyyətində tənqid və jurnalistika irəli keçməyə başlayıb. Nikolay Nekrasov "Oteçestvennıe Zapiski" jurnalının baş redaktoru olduqdan sonra o, digər jurnallarda da işləməklə onların fəal əməkdaşı oldu. O, xeyli sayda bir sıra tənqidi eskizlərə, Qərbi Avropa yazıçılarının ədəbi portretlərinə, qadın problemlərinə dair məqalələrə, publisistik və bədii esselərə malikdir. Onlardan ən yaxşıları "Yalançı qəhrəman" (İvan Qonçarovun "Uçurum" romanı haqqında), "Gənc Almaniyanın qəhrəmanları" (Fridrix Şpilhagenin "Çöldə tək döyüşçü deyil", "Çəkic və Örs" romanları haqqında) əsərləridir. "Bizim nənələrimiz" məqaləsində Mariya "Müharibə və Sülh" romanının qadın obrazlarını təhlil edərək yazır:"Sevgi, qarşılıqsız sədaqət, fədakarlıq, cazibədarlıq bacarığı, qonaq otaqları dünyası və ailə dünyası — nənələrimizin həyatı bundan ibarət idi, qızlarına vəsiyyət etdikləri budur. Analarımız aldıqları mirasa məyus intizarın acı bir təbəssümü ilə qarşılamadılar; müqəddəs bir şey kimi qəbul edib toxunulmaz şəkildə bizə təhvil verdilər… Biz də öz növbəmizdə analarımızın mirasını acı bir təbəssümlə qarşılamadıq — heç bir məyus gözləntimiz yox idi. Biz bu mirasın bütün yoxsulluğunu, qadına əbədi asılılığın bütün pozucu təsirini anladıq və həyatımızı öz əlimizdə tutmaq hüququmuzu dərk etdik… Bu şüurda güclü olaraq yeni bir yola giririk."[5]

Onun oçerklərindən N. R. imzası ilə nəşr edilmiş "Baba Yeqor" hekayə çox məşhur idi. Ayrıca nəşr olunan hekayə xalq arasında böyük populyarlıq qazanaraq, böyük tirajla satıldı. O, həmçinin Aleksey Pisemskinin "Qadın hüquqlarının humanist müdafiəçisi" (A. F. Pisemskinin "Qırxıncı illərin adamları" romanı haqqında), Mixail Avdeyev, Fyodor Reşetnikov, Nikolay Zlatovratski, Pabel Zasodimskinin, Nadejda Xvoşinskaya və başqa yazıçıların əsərlərini təhlil edib. Ədəbi tənqidi məqalələrində Mariya Konstantinovna daha çox ədəbi deyil, jurnalist problemlərini həll edirdi. Onun üçün əsərlərin təhlili çox vaxt tənqidin vəzifələri, yeni qəhrəman və vətəndaş yazıçı missiyası haqqında fikirlərini ifadə etmək üçün bir bəhanə idi.

Onun pedaqoji mövzularda ilk məqalələri 1868-ci ildə M. Artemyeva təxəllüsü ilə "Uşaq bağçası" jurnalında çıxıb. Jurnalın müntəzəm biblioqrafik şöbəsinə rəhbərlik edirdi. Burada uşaqların oxu siyahısına daxil edilmiş kitablara rəylər dərc olurdu. Mariya Tsebrikova bir müddət sonra adı dəyişdirilərək Təhsil və Təlim adlı bu jurnalın redaktoru və naşiri oldu. Onun bir çox məqalələri, tənqidi qeydləri və bədii əsərləri burada imzasız və təxəllüslərlə çap olunurdu.

1872-ci ildə o, İsveçrədə tibb kurslarında təhsil alıb. Burada inqilabi mühacirətin bəzi nümayəndələri ilə görüşüb və polis mənbələrinə görə, rus kitabxanasının və qadın sosial-demokrat cəmiyyətinin yaradılmasında iştirak edib. Tsebrikova qadınların hüquqlarının müdafiəsi üçün çox işlər görürdü. Qadın kursları olan "Alarçin" və "Vladimir"in təşkilində və işində çox fəal iştirak edib. O, həmçinin 1878-ci ildə açılmış Ali (Bestujev) Qadın Kurslarında fəaliyyət göstərib. Mariya Tsebrikova kursları dəstəkləyən cəmiyyətlər komitəsinin üzvü olub.[6]

Mariya Konstantinovna qadın hüquqları mübarizəsinə böyük töhfə verib. Yevgeniya Konradi kimi başa düşərdü ki, kursların açılması ilə bağlı Rusiyada qadınların həqiqi ali təhsil alması, xüsusən də "qadın məsələsi"nin hərtərəfli həlli ilə bağlı ümidləri şişirtmək lazım deyil". O, "Qadın məsələsi"nin hərtərəfli həlli ilə bağlı Con Stüart Millnin "Qadın tabeliyi" kitabına ön sözdə bu barədə bunları yazır: "Qadınlarımız… ilk addımı atdılar, özlərinə elmə dar bir yol qoydular… bu addım heç bir şişirdilmiş ümid doğurmamalıdır… onun məqsədi — azadlıq və bərabərlik hələ çox uzaqdadır və qadınlarımız buna nail olmaq üçün çoxlu işlərə dözmək və mübarizə aparmaq lazımdır".[7]

1881-ci ildə o, vəzifəsindən istefa vermək məcburiyyətində qalır. "Təhsil və Təlim" jurnalında bundan sonra onun müəllifi olduğu məqalələr qeyri-müntəzəm dərc olunur.[8] 1882-ci ildə artıq məşhur yazıçı olan Mariya Konstantinovna Tsebrikova rus qadınlarına müraciət dərc etdirərək, "qadın məsələsinin" köklərini bir tərəfdən kəndlilərin təhkimçilikdən azad edilməsi və "yeni iqtisadi tələbələrlə" və digər tərəfdən, cəmiyyətin qadınların özlərinə qoyduğu tələblərlə izah edir.[9]

Onun məqalələri digər jurnallarda da dərc olunub, məsələn, 1883-cü ildə "Pedaqoji siyahı"da "Hədəfdən keçmiş", elə həmin il "Delo"da "Uşaq ədəbiyyatı", 1888-ci ildə "Rus düşüncəsi"ndə "Yüzillik uşaq kitabı" əsəri işıq üzü görüb.[8]

Sürgün olunması

[redaktə | mənbəni redaktə et]

Mariya Tsebrikovanın ideoloji baxımdan düşüncələri inqilabçılarla üst-üstə düşürdü, lakin onların mübarizəsinin zorakı üsullarını heç vaxt qəbul etmirdi. Onun fikrincə bu zorakı yollarla Rusiya gəncliyinin ən yaxşı və ən istedadlı hissəsini itirir. Eyni zamanda, o, Rusiyada özbaşınalığın passiv şahidi olaraq qala bilməzdi. Tsebrikova yazıçıların kollektiv etirazını təşkil etmək üçün uğursuz cəhdlərdən sonra baş verən hər şeyə çarın "gözlərini açmağa" qərar verdi.

1889-cu ildə o, Rusiyanı təhkimçilik sisteminə qaytaran Rusiya hökumətinin siyasi rejimini pislədiyi "III Aleksandra məktub" adlı ən mühüm əsərlərindən birini yazdı. Məktubun özü çox dəyərlidir, çünki o, Mixail Saltıkov-Şedrinin "zamansızlıq" dövrü adlandırdığı bu illərdə insanların nə yaşadıqlarını anlamağa kömək edir. Mariya Konstantinovna məktubda III Aleksandrın torpaq və maliyyə siyasətini tənqid edir, yarıac insanlardan və onların yaşayışından, yüksək ölüm faizindən, dəhşətli iş şəraitindən bəhs edir.

Müraciət məktubunda Mariya Tsebrikova yazırdı: "Bilirsinizmi, əlahəzrət, iş vaxtı üçün bir neçə rubl ödənmədiyinə görə kəndli ailəsi necə rahat yaşaya bilər. Etiraz etməsi isə həbs olunmaq kimi əhəmiyyətsiz bir cəza nəzərdə tutur. Məktəblərə və xəstəxanalara, anası işdə olarkən atılmış uşaqlar üçün sığınacaqların tikintisinə, evsiz qocalar üçün sədəqə evlərinin tikintisinə vəsait yoxdur. Amma çoxlu səmərəsiz xərclər üçün vəsait var: məsələn, möhtəşəm binaları olan Dövlət Şurası üçün Mariinski Sarayını almaq üçün milyonlar tapıldı və milyonlar saray nazirliyinə, hökmranlıq edən sülalənin mülklərinin idarə olunmasına xərclənir."[10]

Tsebrikova Parisdə çara məktubunu və "Katorqa və sürgün" broşürlərini nəşr etdi. Nadejda Konstantinovna Rusiyaya qayıtdıqdan sonra nəzarət altına alındı. 1890-cı il fevralın 17-də o, həbs edildi. Sonra Mariya Tsebrikova məhkəmə qərarı olmadan üç il müddətinə Voloqod quberniyasının şimal-şərq şəhərlərinə (Yarensk, sonra Solvıçeqodsk) sürgün olundu. 1892-ci ildə ona polis nəzarəti altında Smolensk quberniyasının Krasninski şəhərinə köçməyə icazə verildi. Burda Tsebrikova mütərəqqi naşir O. N. Popovaya məxsus olan Vorobyev mülkündə məskunlaşdı. Popovanın mülkündə o, müxtəlif təxəllüslərlə əsərlərini nəşr etdirərək ədəbi fəaliyyətlə məşğul olmağa davam edirdi.

Mariya Tsebrikova 1906-cı ildən Smolenskdə yaşamağa başladı. O, 25 il Rusiya imperiyasının paytaxtlarına gəlmək hüququ olmadan əyalətlərdə yaşadı.[11] Bütün bu illər ərzində Tsebrikova maarifləndirmə fəaliyyətini davam etdirmiş, Lev Tolstoy, Vladimir Stasov, Semyon Vengerov, Etel Lilian Voyniç, Sergey Stepnyak-Kravçinski və başqaları ilə fasiləsiz yazışmalar aparıb.[2][3][12]

Həkimlərin məsləhəti ilə Mariya Tsebrikova ömürünün son illərini Krımda Qaspra şəhərində əmisi oğlu Nikolay Nikolayeviç Tituşkinin Barbo-Kristo malikanəsində keçirib. O, burada 2 mart 1917-ci ildə vəfat edib. Mariya Tsebrikova burada, ölümündən bir müddət əvvəl, mütləqiyyətin devrilməsi xəbərini alıb.[13]

Povest və hekayələri

[redaktə | mənbəni redaktə et]
  • "Səhvdən sonra səhv" (1860);
  • "Analar" (1868);
  • "Səfehlər" (1873);
  • "Bir müdirliyin qeydləri" (1873);
  • "Yeqor baba" (1873);
  • "Köhnə Pafnutiy" (1875);
  • "Köhnə dövrdə kənd" (1891).

Ayrı-ayrılıqda nəşr olunan əsas əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Çarlz Dikkensin uşaqlığı" (Sankt-Peterburq, 1877);
  • "Uşaq hekayələri" (1875);
  • "Qubernatorun qeydləri" (1875);
  • "XVIII əsrin Amerika qadınları" (1871);
  • "Fikir və iş", hekayələr (1883);
  • "Məhəbbət və onun əxlaqı məsələsi haqqında" (1884).
  1. 1 2 3 4 5 6 WeChangEd.
  2. 1 2 ЦЕБРИКОВА Мария Константиновна [ölü keçid]
  3. 1 2 ЭСБЕ/Цебрикова, Мария Константиновна  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  4. A. П. Могилянский. Новые данные о М. К. Цебриковой // Русская литература. № 1. — 1971. yanvar. — 102—110.
  5. "Lib.ru/Классика: Цебрикова Мария Константиновна. Наши бабушки". az.lib.ru. 2023-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-02.
  6. Цебрикова М.К. К вопросу о любви и ее морали // Библиограф. Вестник литературы, науки и искусства. № 01. — 1884. yanvar. — 46—47.
  7. "Lib.ru/Классика: Цебрикова Мария Константиновна. Предисловие к книге Дж. Ст. Милля "Подчиненность женщины"". az.lib.ru. 2023-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
  8. 1 2 Сергиенко Инна Анатольевна. Мария Константиновна Цебрикова: строгий критик // Историко-педагогический журнал (журнал). 2017. 145—153. ISSN 2304-1242. 2023-03-02 tarixində arxivləşdirilib.
  9. М. К. Цебрикова. Внутреннее обозрение: о воззвании М.К. Цебриковой // Дело. № 9. 1882. 6.
  10. "Lib.ru/Классика: Цебрикова Мария Константиновна. Письмо к Александру Третьему". az.lib.ru. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-03.
  11. Цебрикова М. К.: Биобиблиографическая справка 1990 Arxivləşdirilib 2013-12-14 at the Wayback Machine Е. И. Меламед
  12. Вл. А. Луков. "Цебрикова Мария Константиновна". Электронная энциклопедия «Французская литература от истоков до Новейшего периода». 2018-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-23.
  13. Ирина Корнелюк. "От имения до санатория". Крымские известия. 2023-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-25.