Külək enerjisi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Külək turbini

Külək enerjisiküləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Alternativ enerji (bərpa olunan) mənbələrindən biri hesab olunur. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər.

Külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir.

Küləyin gücündən çox köhnə illərdən bəri faydalanırlar . Külək gücündən ilk faydalanma şəkli olaraq yelkənli gəmilər və yel dəyirmanları göstərilə bilər. Daha sonra taxıl üyüdmə, su nasosla vurma, ağac kəsmə işləri üçün də külək gücündən faydalanılmışdır. İndiki vaxtda daha çox elektrik çıxarmaq məqsədiylə istifadə edilməkdədir.

Elektrik enerjisi istehsalı üçün daha səmərəli texnologiyalardan biridir. Külək qurğularının inşasına ənənəvi elektrik stansiyalarının qurulmasına nisbətən daha az vaxt sərf olunur. Bundan başqa, külək, əslində, istənilən ölkənin malik olduğu daimi təbii enerji mənbəyidir. Külək enerjisindən istifadə olunması energetikanın daha tez inkişaf edən sahələrindən biridir.

Azərbaycanda külək enerjisi

[redaktə | vikimətni redaktə et]

Azərbaycan ərazisində əsasən Bakı, Sumqayıt, Abşeron, Binə, Maştağa külək enerjisindən istifadə etmək məqsədəuyğun sayılır.

Azərbaycanın külək rejimi mürəkkəb xarakterə malikdir. Bu da ölkə ərazisinin 60%-nin dağlıq zonalardan ibarət olması ilə əlaqədardır. Dağların Respublikanın iqliminə və külək rejiminə təsiri böyükdür. Məsələn, Böyük Qafqaz dağları sədd rolunu oynayaraq ölkə ərazisinə şimaldan və şimal-şərqdən soyuq hava kütlələrinin daxil olmasına maneə törədir. Soyuq hava kütlələri Böyük Qafqaz dağlarının ətrafından keçərək Abşeron yarımadasından Respublika ərazisinə daxil olur. Buna görə də Zaqatalada küləyin orta illik sürəti 1.2 m/san. Abşeronda isə 8.6m/san.-dir.

Azərbaycan Elmi Tədqiqat Energetika İnstitutu Respublikanın Meteroloji stansiyalarında toplanmış bütün flüger müşahidələri materiallarını qruplara ayırıb, rayonların landışaftlarına görə külək sürətlərinin paylanması rejimlərinin aşağidaki tiplərini müəyyən etmişdir:

  • A tipli rejim-Abşeronda və Respublikanın şimal sərhədlərində Kür dilinə qədər Xəzərkənarı zonada olan yerlər üçün səciyyəvidir. Bu zonada küləyin orta illik sürəti 4m/san-dən böyük olur.
  • B tipli rejim-Kürkənarı düzənliyində olanyerlər üçün səciyyəvidir. Bu zonada küləyin orta illik sürəti 4m/san-dən 3m/san-dək olur.
  • V tipli rejim-Respublikanın dağ rayonları üçün səciyyəvidir. V zonasında küləyin orta illik sürəti 3m/san-dən kiçik olur.

Ona görə də bu zona külək enerjisindən istifadə üçün yararsız hesab edilir. Nəzərə almaq lazımdır ki, əsasən Vzonasını təşkil edən yüksək dağlıq ərazilərin iqlim xüsusiyyətləri hələ yaxşı öyrənilməmişdir.[1]

Hesablamalara görə Azərbaycan Respublikası özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda tullantıların, o cümlədən azondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir.

1999-cu ildə Yaponiyanın "Tomen" şirkəti Azərbaycan Elmi-tədqiqat Energetika və Enerjilayihə İnstitutu ilə birlikdə Abşeronda hündürlüyü 30 və 40 metr olan iki qüllə quraşdırmış, küləyin sürətinin orta illik qiyməti v = 7,9–8,1 m/san olması müəyyən edilmiş və Qobustan rayonu ərazisində ümumi gücü 30 MVt olan külək elektrik stansiyasının quraşdırılmasına dair texniki iqtisadi əsaslandırma hazırlanmışdır.

2002-ci ildə Azərbaycanın bərpa olunan enerji resurslarının qiymətləndirilməsi həyata keçirilmiş və aşkar olunmuşdur ki, Abşeron yarımadası iri həcmdə külək enerjisi potensialına malikdir. Uzunmüddətli küləyin orta sürəti 6 m/san-dan artıqdır ki, bu da külək enerjisi üçün əlverişli texniki-iqtisadi potensialın olmasını göstərir. Şimal DRES-nin yerləşdiyi ərazidən toplanılmış külək enerjisi üzrə statistik məlumatlar bir daha təqdim olunan göstəriciləri təsdiq etmişdir. Aparılmış bu tədqiqatlar zamanı Qobustan rayonu ərazisi üçün təqdim olunmuş göstəricilər külək enerjisi potensialının 4-cü sinfinə aid edilir ki, bu da yüksək potensial hesab olunur.[2]

  1. "Azərbaycanda külək enerjisi". 2011-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-26.
  2. "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-26.