Həbəşistan hicrətləri
Həbəşistan Hicrətləri — İslam tarixində ilk müsəlman səfərləridir.
Birinci hicrətin səbəbləri
[redaktə | vikimətni redaktə et]Müsəlmanların sayının və nüfuzunun artdığını görən Qureyş, artıq yalnız tənqidlə kifayətlənmir, təzyiq və zülmə də əl atırdı. Qəbiləsinin aman hüququndan məhrum etdiyi müsəlmanları müdafiə etməyə gücü çatmayan Məhəmməd peyğəmbər onların sığınması üçün ərəb qəbilələri arasında yer tapmadığı üçün Həbəşistana (Efiopiya) getmələrinə icazə verdi.
Sual yaranır ki, bəs nə üçün Həbəşistan?! Qeyd edək ki, Həbəşistanı "Nəccaşi" tutullu xristianlığı qəbul etmiş Kral Əshəmə adlı şəxs idarə edirdi. Bundan əlavə İslama qədərki dövürdə Kral Əshəmənin məkkəli tacirlərlə ticarət münasibətlərində ədaləti ilə tanınması, bölgəyə Məkkə yaxınlığındakı Şüybə limanından asanlıqla gedilə bilməsi kimi səbəbləri də qeyd edə bilərik.[1]
Birinci hicrət
[redaktə | vikimətni redaktə et]Müşriklərin tənqidinə tab gətirə bilməyən müsəlmanlar hicrət etmək üçün Məhəmməd peyğəmbərə müraciət etdikdə Allah rəsulu vəhy gəlmədiyi üçün hicrətə icazə vermirdi. Lakin aşağıdakı ayə nazil olduqdan sonra icazə verdi. Ayədə belə buyurur: "Ey mömin qullarım! Şübhəsiz ki, Mənim bu yerim genişdir. Elə isə yalnız Mənə ibadət edin."[2] İslam tarixində birinci hicrət olaraq bilinən bu səfər besətin beşinci ili miladi təqvimlə 615-ci ildə baş tutmuşdur.[3]
On biri kişi, dördü qadın olmaqla on altı müsəlman Qırmızı dəniz vasitəsilə Osman ibn Məzun başçılığında səfər etmişdir. Səfərdə iştirak edənlər: Osman İbn Məzun, Osman İbn Əffan, Məhəmməd peyğəmbərin qızı və Osman ibn Əffanın arvadı Ruqiyyə, Əbu Huzeyfə ibn Utbə və arvadı Səhlə, Zübeyr ibn Əvvam, Musab ibn Ümeyr, Əbdürrahman ibn Ovf, Əbu Sələmə Məhzumi və arvadı Ümmü Sələmə, Amir ibn Rəbiə və arvadı Leyla, Xətb ibn Əmr, Səhl ibn Beyza və Abdullah ibn Məsud olmuşdur.
Qureyş izə düşüb Qırmızı dəniz sahilinə çatdıqda artıq müsəlmanlar Həbəşistan torpaqlarında idilər. Amma çox keçmədi ki, mühacirlərə müşriklərin müsəlmanlarla sülh bağladığı xəbəri çatdı. Əvvəlki zülm-işgəəncənin başa çatdığını düşünüb Məkkəyə qayıtdılar, amma Məkkəyə çatmağa az qalmış kədərli həqiqət onları qarşıladı. Belə ki, müşriklərin ədavəti Məhəmməd peyğəmbər və müsəlmanlara azalmaq əvəzinə daha da artmışdı.[4]
İkinci hicrətin səbəbləri
[redaktə | vikimətni redaktə et]Həbəşistana hicrət edənlər qayıtdıqları zaman gördülər ki, zülm azalmayıb, əksinə, artıb. Buna görə də bəziləri Məkkədəki tanışlarının himayəsinə sığındı. Bəziləri də gizlənməli oldu. Çünki Qureyş gələnləri təqib etməkdə qərarlı idi. Bununla yanaşı başqa qəbilələri də müsəlmanlara əziyyət verməyə təşviq edirdi. Buna görə də Məhəmməd peyğəmbər müsəlmanları yenidən Həbəşistana hicrət etmələrini tövsiyə etdi.[4] Eyni zamanda müsəlmanlara Həbəşistanda xoş davranılması da bu səbəblər arasında idi. Xüsusilə Nəccaşi haqqında tarix yazır ki, xeyirxah, Allaha və İsa peyğəmbərin onun elçisi olduğuna inanan açıqfikirli biri olmuşdur. Hansı ki, birinci hicrətlə müqaisədə hicrət edənlərin sayının yüzdən çox olması bunun əyani sübutudur.
İkinci hicrət
[redaktə | vikimətni redaktə et]İkinci hicrət besətin altıncı ili miladi təqvimlə 616-cı ildə Məhəmməd peyğəmbərin göstərişi ilə Məkkədən Qırmızı dəniz vasitəsilə Həbəşistana edilmişdir. Cəfər ibn Əbu Talibin başçılığı altında olan bu hicrətdə 120-ə yaxın adam iştirak etmişdir.[3] Müsəlmanların özlərinə sığınacaq tapması müşriklərə yer eləmişdi. Buna görə Qureyş Əmr ibn As və Abdullah ibn Əbu Rəbiəni hədiyyələrlə Kral Nəccaşinin yanına göndərdilər. Lakin Kral müsəlmanları dinlədikdən sonra hədiyyələri Qureyş elçilərinə qaytararaq belə dedi: "Allah (mənə bu səltənəti qaytararkən) məndən rüşvət almadı ki, mən də sizdən alım. Bunu edərkən insanların dediyini etmədi ki, mən də onun işində (dinində) insanların dediyini edim". Bundan sonra müşriklər Məkkəyə qayıtdılar. Müsəlmanlar isə Nəccaşinin ölkəsində qorxusuz-ürküsüz yaşamağa başladılar.[4]
Lakin Məkkəyə əli boş qayıdan müşriklər Məhəmməd peyğəmbərin babası Qusey ibn Kilabın vaxtı ilə tikdirdiyi Darun-Nədvədə toplaşaraq qərara gəldilər ki, Məhəmməd peyğəmbəri öldürsünlər. Ancaq Allah rəsuluna vəhy edərək onların qurduğu hiyləni pozdu. Ayədə buyurur: "Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır".[5]
Beləliklə Həbəşistanda mühacirət həyatı yaşayan müsəlmanların bir qismi daha sonra Məkkəyə qayıtsa da qalan böyük qismi hicrətin yeddinci ili miladi 628-ci ildə Mədinəyə hicrət etmişdir.[1]