Duz (kimya)
Duzlar — metal atomlarından və turşu qalıqlarından ibarət olan mürəkkəb maddələrə duzlar deyilir.
Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərkən metal kationları və turşu qalığı anionları əmələ gətirən elektrolitlərə duzlar deyilir: KCl → K+ + Cl¯; Na3PO4 → 3 Na+ + PO4¯
Tərkibindən asılı olaraq duzlar aşağıdakı növlərə bölünür: normal, turş, əsasi, ikiqat, qarışıq, kompleks duzlar. Turşu molekulunda hidrogen atomlarının hamısının metal atomları ilə əvəz olunmasından alınan duzlara orta və ya normal duzlar deyilir: Na3PO4, Al(NO3)3 və s.
Turşu molekulunda hidrogen atomlarının bir qisminin metal atomları ilə əvəz olunmasından alınan duzlar turş duzlar (hidroduzlar) adlanır. Na2HPO4, Ca(HS)2 və s.
Tərkibində metal ionları və turşu qalığından başqa hidroksid qrupu olan duzlar əsasi duzlar (hidroksoduzlar) adlanır: Mg(OH)Cl, Fe(OH)2Cl və s.
Turşu molekulunda hidrogen atomlarının iki müxtəlif metal atomları (həmçinin NH4+ ionu ilə) ilə əvəz olunmasından alınan duzlara ikiqat duzlar deyilir: NaKCO3, KAl(SO4)2 və s.
Metal atomunun eyni vaxtda iki müxtəlif turşunun hidrogen atomlarını əvəz etməsi nəticəsində əmələ gələn duzlara qarışıq duzlar deyilir: CaCl(OCl), BaCl(NO3) və s.
Kristal qəfəsinin düyün nöqtələrində kompleks ionlar saxlayan duzlara kompleks duzlar deyilir: K3[Fe(Cn)6], Fe3[Fe(Cn)6]2 və s.
Duzların alınması
[redaktə | vikimətni redaktə et]Duzları aşağıdakı üsullarla almaq olar:
1. Metallarla qeyri-metalların qarşılıqlı təsiri:
Fe + S → FeS; 2Na + Cl2 → 2NaCl
2. Metallarla duzların qarşılıqlı təsirindən:
Zn + CuSO4 → ZnSO4 + Cu; Zn +FeCl2 → ZnCl2 +Fe
Bu reaksiya götürülən metal elektrokimyəvi gərginlik (aktivlik) sırasında duzun tərkibindəki metaldan əvvəldə durduqda gedir.
3. Qeyri-metalların duzlarla qarşılıqlı təsirindən:
Cl2 + 2KJ → 2KCl + J2
4. Turşuların metallarla qarşılıqlı təsirindən:
Fe + 2HCl → FeCl2 + H2
5. Turşuların əsasi və amfoter oksidlərlə qarşılıqlı təsirindən:
2HCl + Na2O → 2NaCl + H2O; 2HNO3 + MgO → Mg(NO3)2 + H2O
6. Turşuların duzlarla qarşılıqlı təsirindən:
HCl + AgNO3 → AgCl + HNO3
7. Turşuların əsaslarla qarşılıqlı təsirindən (neytrallaşma reaksiyası).
Birəsaslı turşu ilə birturşulu əsas qarşılıqlı təsirdə olduqda hər zaman normal duz verir. Birəsaslı turşu turş, əsasi və ikiqat duz vermir.
8. Qələvilərin turşu oksidləri ilə qarşılıqlı təsirindən.
9. Qələvilərin qeyri-metallarla qarşılıqlı təsirindən.
10. Qələvilərin duzlarla qarşılıqlı təsirindən.
11.Qələvilərin amfoter xassəli metallarla qarşılıqlı təsirindən.
12. Qələvilərin amfoter oksidlərlə qarşılıqlı təsirindən.
13. Duzların duzlarla qarşılıqlı təsirindən:
NaCl + AgNO3 → AgCl + NaNO3
14. Əsasi oksidlərlə turşu oksidlərinin qarşılıqlı təsirindən.
15. Duzlarla turşu oksidlərinin qarşılıqlı təsirindən.
16. Duzların parçalanmasından:
2KNO3 → 2KNO2 + O2
Duzların xassələri
[redaktə | vikimətni redaktə et]Duzlar müxtəlif rəngli, əsasən yüksək ərimə temperaturuna malik bərk, kristal maddələrdir. Nitrat və sirkə turşularının bütün duzları suda həll olur. Xlorid turşusunun AgCl və PbCl2 duzlarından başqa qalan duzları suda həll olur. Na+, K+, NH4+kationlarının duzlarından başqa qalan karbonatlar, silikatlar və fosfatlar suda həll olmur. Turş duzların molekulunda hidrogen atomlarının sayı çox olduqca onlar bir o qədər yaxşı həll olur (NaHCO3 istisnadır). Duzların kimyəvi xassələri onların metallarla, turşularla, qələvilərlə, turşularla və duzlarla qarşılıqlı təsiri ilə müəyyən olunur.
1. Elektrokimyəvi gərginlik sırasında hər bir metal (qələvi və qələvi-torpaq metallardan başqa) özündən sağda duran metalları onların duzlarının məhlullarından sıxışdırıb çıxarır.
2. Duzlar qələvi məhlulları ilə qarşılıqlı təsirdə olur. Bu zaman əksər hallarda yeni duz və yeni həll olmayan əsas əmələ gəlir.
3. Duzlar turşularla qarşılıqlı təsirdə olur.
4. Əksər həll olan duzlar bir-birilə qarşılıqlı təsirdə olur. Reaksiya həll olmayan duz əmələ gəldikdə baş verir.
5. Bəzi duzlar qızdırıldıqda parçalanır.
CaCO3 → CaO + CO2
6. Duzlar qeyri-metallarla qarşılıqlı təsirdə olur.
7. Duzlar turşu oksidləri ilə qarşılıqlı təsirdə olur.
8. Bəzi duzlar su ilə kristalhidratlar əmələ gətirir.