Din fəlsəfəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Din fəlsəfəsi (ing. Philosophy of religion) — dinə yönəlmiş fəlsəfi baxışların məcmusu.

Fəlsəfi fikirlər

[redaktə | mənbəni redaktə et]

Din barədə ilkin fəlsəfi düşüncələr qədim dövrlərə təsadüf edir. Hələ E.ə. V əsrdə yunanlar öz etiqadları ilə bağlı əqli araşdırmalar aparırdılar. Xristian dünyasında dini-fəlsəfi araşdırmalar I–II əsrlərdə başlanmışdı və bu günə qədər davam etməkdədir. Müsəlmanlar arasında isə dini əqidələrin əql baxımından təhlili və şərhi Qurani-Kərimin özü ilə eyni vaxta başlamışdır. Quranda əql və təfəkkür əsas götürülür, insanlara məsələlərə məhz bu yolla yanaşmaq buyurulur. Bundan əlavə, VII əsrdə yaşamış altıncı əhli-beyt imamı Cəfər Sadiq tərəfindən təsnif olunmuş ilahiyyat elmləri bu istiqamətdə çalışmalara böyük təkan vermişdir. Həmin dövrdə ərsəyə gəlmiş Kəlam elmi sonralar təşəkkül tapmış "din fəlsəfəsi" elmindən forma və məzmunca bir qədər fərqlənir.

Din fəlsəfəsi

Din fəlsəfəsi geniş şəkildə isə XIX əsrin ortalarında tanınmağa başladı. Modernizm prosesini yaşayan Avropada din fəlsəfəsi elminin qədim kəlam elmindən xeyli fərqli şəkildə ərsəyə gəlməsi intibahdan sonrakı elmi-fəlsəfi cərəyanlara az da olsa tanış insanları təəccübləndirməməlidir. Bütün sahələr kimi ilahiyyat elmi də modernləşmə və ya insanmehvərlik hadisəsindən kənarda qalmamışdır. Onun araşdırmaları qədim kəlam elmində olduğu kimi ilahi varlığa yox, əsasən insana yönəlmişdir. Din fəlsəfəsini ümumi fəlsəfədən ayrılmış və dini-fəlsəfi tədqiqatları özündə ehtiva edən bir elm kimi səciyyələndirmək olar. Bu elmdəki metodlar klassik kəlam elmində mövcud deyil. Modernləşmə prosesi ilahiyyat elminin bir neçə yönümündə özünü göstərmişdir:

  • a) Dini əqidələrin tədqiqi və təlimində yeni elm və maarifdən istifadə;
  • b) Dinlə bağlı yeni sualların cavablandırılması;
  • c) Qədim kəlam elmindəki ifadə və məfhumlardan yox, müasir ifadə və məfhumlardan istifadə;
  • d) Dinin insan problemlərilə bağlı məqamlarına önəm verib, onları şərh etmək.

Din fəlsəfəsi elminin yeni çöhrə almasının əsas səbəbi məhz onun insanmehvərliyidir. Bu səbəbdən onun mövzuları ilk dövrlərdəkindən xeyli fərqlənir. İslam təlimlərində qədim ilahiyyat elmi yalnız tövhid (Allahın varlığı və yeganəliyi), Allahın sifətləri və adları, peyğəmbərşünaslıq, imanşünaslıq və məad-ölümdən sonrakı axirət həyatı kimi mövzular üzərində qurulmuşdu və onlarla bağlı bəhslərin tədqiqi, təlimi ilə məşğul olurdu. Din fəlsəfəsi elmində isə mövzular dəyişir və bəşər övladının qayğıları daha çox diqqətdə saxlanılır. Burada araşdırılan din və insan əqli, din və sekulyar əxlaq münasibətləri, din və insanın psixoloji problemləri kimi mövzuları misal göstərmək olar. Bununla yanaşı din fəlsəfəsi ilkin ilahiyyat elmindəki təlimləri də özündə cəmləşdirir. Nəticədə, hazırda dinə aid bəhsləri daha ətraflı şəkildə tədqiq etmək imkanı yaranır.

Din və fəlsəfə

[redaktə | mənbəni redaktə et]

Din fəlsəfəsinin müntəzəm və mütəşəkkil bir elm olaraq ətraflı və dəqiq tərifini bir neçə şəkildə vermək olar. Məsələn, Mehmet Aydın "Din fəlsəfəsi" əsərində yazır: "Din fəlsəfəsi dinin təməl müddəaları haqqında rasional, obyektiv, əhatəli və tutarlı bir tərzdə düşünmək və danışmaqdır".[1] Yəni dində olan təməl əqidələr tam əqli və fəlsəfi baxışlarla tədqiq olunur, müxtəlif nəzəriyyələr araşdırıldıqdan sonra düzgün yol seçilir.[1]

Hadi Sadiqi "Yeni kəlama müqəddimə" əsərində din fəlsəfəsi məfhumunun izahında deyir: "Din fəlsəfəsi, dinlərdə olan ümumi və müştərək məsələləri əqli baxımdan təhlil edir". Bu tərifdə din fəlsəfəsinin ümumi xarakterə malik olduğu qeyd edilir. Yəni bu elm müxtəlif dinlərin xidmətində ola bilər. Təbii ki, hər bir dinlə bağlı fəlsəfi araşdırmalarda müştərək mövzularla yanaşı yalnız həmin dinə məxsus əqidələr də nəzərdən keçirilir.

Müasir Amerika filosofu Devid Rey Qriffin isə din fəlsəfəsini ilahiyyat adlandırır və onun əhatəli olduğunu bildirir. O, "Postmodern dünyada Tanrı və din" kitabında yazır: "Mən ilahiyyat dedikdə müqəddəs saydığımız hər bir varlıq barədə əqli baxışlar məcmusunu nəzərdə tuturam. Başqa sözlə, son qayəsi elə özü olan həqiqət barədə fəlsəfi düşünələr "ilahiyyat" adlanır".

Din fəlsəfəsi haqqında məqalələr

[redaktə | mənbəni redaktə et]
  • Din Fəlsəfəsi[2]
  • İslam və Fəlsəfə[3]
  • Din fəlsəfəsinin tarixi, tərifi və digər anlayışlarla fərqi[4]
  1. 1 2 Mert Aydın. Dinin felsefesi. I. Ankara: əl-Mustafa (s) Beynəlxalq Tərcümə və Nəşr mərkəzi. 2005.
  2. Məlikov, Ə. "Din Fəlsəfəsi". researchgate.net (az.). 2020-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-03.
  3. İslam və Fəlsəfə
  4. Məlikov, Ə. "Din fəlsəfəsinin tarixi, tərifi və digər anlayışlarla fərqi". researchgate.net (az.). 2020-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-03.