Debat
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Debat — özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də Parlamentdə və ya hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətidir.[1]
Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debat yalnız nəticəni analiz edən deduktiv əsaslandırmadan, yalnız nəyinsə doğru olub olmadığını müəyyən edən faktual mübahisədən və yalnız inandırma taktikalarından ibarət ritorikadan fərqli olaraq, daha geniş anlayışı özündə əks etdirir. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandıra bilən tərəf digərini üstələyir. Debatda faktlardan daha çox tərəflərin öz aralarında gəldiyi konsensus və ya birgə formal nəticəyə gəlmə əsas rol oynayır. Formal debat yarışlarında, tərəflərin hər biri üçün keçərli müəyən qaydalar və çərçivə mövcud olur.
Debatlar həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentlərdə, həm də elmi və yaradıcılıq məqsədləri ilə keçirilir. Bir incəsənət metodu kimi debatın əsas məqsədi istənilən mövqedə opponentlə bərabər şərtlər altında rasional şəkildə müzakirə aparmaq bacarığının aşılanmasıdır.
Debatın müxtəlif formalarının tarixi qədim Yunanıstana gedib çıxsa da, müasir formada debat cəmiyyətlərinin yaranması XVIII əsrdə baş vermişdir. Debat Cəmiyyətləri XVIII əsrin əvvəllərində Londonda yaranmış və tezliklə milli həyatın məşhur armaturuna çevrilmişdir. Bu cəmiyyətlərin necə yaranması haqqında dəqiq məlumat olmasa da, XVIII əsrin ortalarında Londonda artıq aktiv debat cəmiyyəti mədəniyyəti formalaşmışdı. Debat mövzuları dövlət siyasətindən tutmuş sevgi və evlilik məsələlərinə qədər geniş sahəni əhatə edirdi. Bu Debat Cəmiyyətləri öz sıralarına cinsindən və sosial mövqelərindən asılı olmayaraq hər kəsi qəbul edir və o İntibah dövrünə ictimai sferada öz töhfəsini verirdi. Bu cəmiyyətlər hər kəsə öz fikirlərini bildirməyə və tənqid etməyə imkan verən, yeni ideyalara qucaq açan müzakirə sferası formalaşdıra bilmişdilər.
1726-cı ildə ruhani Con Henli ictimai təqdimat bacarığının təkmilləşdirilməsi məqsədilə Natiqlik qurumu təsis etmiş, bu qurumun tədbirləri barədə vaxtaşırı elanlar vermiş və bu tezliklə Londonda ictimai sferanın ayrılmaz hissəsi halına gəlmişdir. Henli həmçinin ilk debat klub məkanının yaradıcısı hesab olunur, belə ki, o öz otağında iki platforma təşkil etmiş və girişi qəbul üçün yararlı şəkildə qurmuşdur. Sonradan Henli öz müəssisəsini Lincoln’s İnn Field-ə köçürdükdən sonra bu işini bir az da təkmilləşdirmişdir. Artıq insanlar bunun üçün pul ödəməyə belə hazır idilər. Beləcə 1770-ci illərdə debat cəmiyyətləri London ictimaiyyətində möhkəm əsaslarda yaradılmağa başlanılmışdı.
1780-ci ildə 35 müxtəlif debat cəmiyyəti 650–1200 insan arasında debatlar üçün elanlar verdilər. Debatlarda müzakirə olunacaq mövzu xüsusi seçilmiş moderator tərəfindən təqdim olunurdu, bəzi cəmiyyətlərdə bu, prezident adlanırdı. Bu şəxs həmçinin oyunda qaydaları müəyyənləşdirirdi. Spikerlər onlara verilmiş müəyyən vaxt çərçivəsi daxilində öz mövqelərini əsaslandırır, sonda isə qalibi müəyyən etmək üçün səsvermə keçirilir və ya nəticənin daha bir debatdan sonra müəyyən lunması barədə qərar qəbul edilirdi. Spikerlərə qarşı tərəfə iftira atmağa və təhqir etməyə, eləcə də mövzudan kənara çıxmağa icazə verilmirdi.
İlk tələbə debat cəmiyyəti 1794-cü ildə yaradılmış San Andreas Debat Cəmiyyəti olmuşdur. Bu günə qədər davamlı şəkildə fəaliyyət göstərən ilk tələbə debat cəmiyyəti isə 1815-ci ildə əsası qoyulmuş Kembric Birlik Cəmiyyətidir. Kembric Cəmiyyəti sonradan digər universitətlərdə də Oksford Birliyi, Yale Siyasi Birliyi kimi belə cəmiyyətlərin yaradılması üçün model rolunu oynamışdır.
Təhsildə debat
[redaktə | vikimətni redaktə et]- Yarış xarakterli debatlar. Belə debatlarda komandalar yarışır və bunlardan biri hər hansı kriteriyaya görə qalib elan olunur. Yarış xarakterli debatların müxtəlif mövzulu və reqlamentli növləri mövcuddur. Burada əsas məqsəd gəncləri gələcəkdə əhəmiyyətli müzakirələr aparma və problemlərin həlli üçün qərar qəbul etmə bacarıqlarına alışdırmaqdır. Yarış debatları lokal, ümumxalq və beynəlxalq səviyyədə keçirilir. Orta və ali məktəblərdə debatlar müəyyən edilmiş reqlamentə uyğun aparılır və onlara bir və ya bir neçə hakim tərəfindən nəzarət edilir. Hər bir tərəf qalib gəlməyə çalışır. Tərəflər ya verilən bəyanatın tərəfində, ya da əleyhində dayanır. Təsdiq edən tərəf öz təkliflərini müdafiə üçün debat aparır, inkar edən tərəf isə verilən arqumetləri təkzib etməyə çalışır.
Debatın növləri
[redaktə | vikimətni redaktə et]Parlament debatı
[redaktə | vikimətni redaktə et]Parlament debatının reqlamenti ingilis parlamentindəki qaydalar üzrə qurulmuşdur, burada tərəflər hökumət və opponent olur. Parlament debatları hazırda bir çox ölkələrdə oynanılır və Birləşmiş Krallıq, Hindistan, Yunanıstan kimi ölkələrdə əsas oynanılan debat növüdür. Bu növ özü də alt növlərə ayrılır:
- Britaniya Parlament debatı. Bu debat formasında dörd komanda olur, ikisi hökumət (biri açılışda, biri bağlanışda iştirak edir) və eyni qayda ilə iki opponent komandası. Bağlanışda çıxış edən tərəflər ya öz mövqelərinin gücləndirilməsi üçün yeni arqumentlər verir, ya da açılış komandaları tərəfindən verilən arqumentləri gücləndirirlər. Yarış raundunda komandalar birinci yerdən dördüncü yerə kimi sıralanırlar, birinci yeri tutan komanda 3 xal, ikinci yer 2 xal, üçüncü yer 1 xal, dördüncü yer isə 0 xal qazanır. Adətən birinci və ikinci yeri tutan komandalar eyni mövqedən olurlar. Bu debat növü beynəlxalq çempionatlarda müraciət edilən növdür.
- Kanada Parlament debatı. Bu yarış növündə bir hökumət komandası və bir opponent komandası olur. Komandaların hər birində iki nəfər iştirak edir. Hökumət komandada bunlardan biri Baş nazir, digəri isə hökumət üzvü adlanır, opponent komandada isə müvafiq olaraq opponent lideri və opponent üzvü anlayışları mövcuddur. Belə debatlarda hökuməti təmsil edən komanda oyuna əvvəlcədən hazırlıqlı gəlsə də, opponent komandanın hansı gedişi edəcəyi oyun zamanı müəyyənləşir.
Oksford debatı
[redaktə | vikimətni redaktə et]Bu debat növündə də təsdiq və inkar olmaqla iki komanda iştirak edir. Qalib isə auditoriya arasında səsvermə yolu ilə seçilir. Oyundan qabaq auditoriya arasında mövzunun lehinə, əleyhinə və ya bitərəf olma haqqında sorğu keçirilir. Sonradan hər bir panelist (spikerlər belə adlanır) öz mövqeyinə dair yeddi dəqiqəlik çıxış edir , bunun ardıyca isə moderator vasitəsilə auditoriya panelistlərə öz suallarını ünvanlayır. Sonda isə hər bir panelist iki dəqiqəlik son çıxışı edir və auditoriya arasında yekun səsvermə keçirilir.
Meys debatı
[redaktə | vikimətni redaktə et]Debatın bu növü İngiltərədə məktəblilər arasında məşhurdur. Oyunda iki komanda və hər komandada iki oyunçu olur. Təsdiq tərəf hər hansı bir təkliflə çıxış edir (Məsələn, bu palata hesab edir ki, məhbuslara səsvermə hüququ verilməlidir), inkar tərəf isə bunun əleyhinə çıxmalıdır. Müəyyən edilmiş ardıcıllıqla (Təsdiq 1, İnkar 1, Təsdiq 2, İnkar 2) spikerlər hər biri yeddi dəqiqəlik çıxış edir. Hər çıxışın beşinci dəqiqəsindən sonra opponent komanda üzvləri spikerə sual vermək hüququna malikdirlər, təbii ki spikerin də buna razılığı olmalıdır. Belə suallar adətən komandanın zəif nöqtəsindən vurmaq, ya da spikerin dediyi hər hansı fakta qarşı çıxmaq üçün verilir. Yuxarıda xatırladılan dörd çıxış bitdikdən sonra auditoriya komandalara öz suallarını ünvanlayır. Sualların ardıyca hər komandadan bir spiker (bu adətən 1-ci spiker olur) 4 dəqiqəlik çıxış edir. Bu yekun çıxışda auditoriyanın verdiyi suallara cavablar, eləcə də mövqeyin yekun əsaslandırılması öz əksini tapır. Debatın bu formatında analitik bacarıqlar, xüsusi tərz, arqumentlərin güclülüyü əsas götürülür.
Ces debatı
[redaktə | vikimətni redaktə et]Debatın bu formatı İrlandiyada orta məktəb səviyyəsində keçirilir. Yarışda 5 spiker iştirak edir. Bunların dördü iki-iki komanda şəklində, biri isə hər iki tərəfdə yarışır. Çıxışlar 4 dəqiqə, 30 saniyə çəkir, son 30 saniyə ərzində opponentin sual istəkləri qəbul olunmur.
İctimai debat
[redaktə | vikimətni redaktə et]Beynəlxalq İctimai Debat Assosiasiyası 1997-ci il, fevralın 15-də Texasda St. Mary Universitetində yaradılmışdır və hazırda ABŞ-nin Arkanzas, Luiziana, Kanzas, Alabama, Texas, Missisipi, Vaşinqton, Oreqon, Florida və Oklahoma ştatlarında məşhurdur. Bu assosiasiya universitetlər arasında ən sürətlə yayılan debat cəmiyyətidir. Bu formatda faktlardan çox ictimai təqdimat bacarıqları əsas rol oynayır və hər spiker hakimi öz mövqeyinə inandırmağa çalışır, hər turnirin sonunda ən yaxşı spikerlər mükafatlandırılır. Belə debatlar həm komanda şəklində, həm də individual şəkildə olur. Mövzu siyahısı oyundan 30 dəqiqə qabaq spikerlərə təqdim olunur, birgə danışıqlar nəticəsində mövzulardan biri seçilir. Tərəflər təsdiq və inkar olmaqla ikiyə bölünür, oyun spikerlərin açılış nitqləri ilə başlayır, çarpaz suallarla müşayiət olunur və yekun nitqlə bitir. Debatın bu formatı universitet səviyyəsində keçirilir.
Avstralasiya debatı
[redaktə | vikimətni redaktə et]Debatın bu növündə də iki komanda iştirak edir. Mövzuların tipi regiondan regiona fərqlənir, aktual və hamını maraqlandıran mövzulara üstünlük verilir. Hər komanda 3 spikerdən ibarət olur və hər spikerin komandada öz mövqeyi olur. Məsələn, 3-cü spiker Komandanın Kapitanı adlanır və opponentin arqumentlərini bir-bir təkzib etmək səlahiyyəti var. Sonda isə 1-ci spikerlər yenidən çıxış edirlər, lakin yeni fakt təqdim edə bilməzlər. Bu format adətən məktəb səviyyəsində keçirilir.
Asiya debatı
[redaktə | vikimətni redaktə et]Birləşmiş Asiya Debat Çempionatı Asiyada ən böyük debat turniridir və burada Orta Şərqdən tutmuş Yaponiyaya kimi bütün ölkələrdən komandalar iştirak edir. Əsas iştirakçılar Cənub-Şərqi Asiya ölkələrindən olduğu üçün turnirlər də əsasən bu ölkələrdə keçirilir.
Asiya debatı Avstralasiya debatı ilə oxşarlıq təşkil edir. Yeganə fərq ondadır ki, spikerlərin çıxış müddəti 7 dəqiqədir , eləcə də 1-ci və 7-ci dəqiqələrdə spikerə sual vermək qadağandır. Oyun "Baş Nazir"in çıxışı ilə başlayır və Opponent liderinin çıxışı ilə müşayiət olunur. Sonuncu çıxışda isə əvvəlcə opponent üzvü, daha sonra isə hökumət üzvü çıxış edir. Hökumət üzvünün çıxışı 4 dəqiqə davam edir və bu çıxış zamanı ona sual verilmir.
Siyasət debatları
[redaktə | vikimətni redaktə et]ABŞ-da keçirilir və həm də çarpaz suallar debatları da adlandırılır, belə ki, hər çıxışdan sonra 3 dəqiqəlik çarpaz suallar roundu olur. Təsdiq komanda layihə hazırlayır, inkar isə sübut etməyə çalışır ki, layihə yararsızdır və yaxşı təşkil olunmayıb, ya da çox baha başa gəldiyi üçün həyata keçirilə bilməz.
Hazırlıqsız çıxışlı debatlar
[redaktə | vikimətni redaktə et]Burada hər biri iki nəfərdən ibarət iki komanda iştirak edir və oyuna əvvəlcədən hazırlıq olmur. Çıxışlar ardıcıl olaraq təsdiq 1, inkar 1, təsdiq 2, inkar 2 şəklində sıralanır. Bu çıxışların hər biri 6 dəqiqəlikdir və hər çıxışdan sonra çarpaz suallar raundu baş tutur. Daha sonra yenidən birinci spikerlər, ardıyca isə ikinci spikerlər 4 dəqiqəlik təkzib çıxışı edirlər. Təkzib zamanı yeni arqumentlər verilmir.
Linkoln-Duqlas debatı
[redaktə | vikimətni redaktə et]Bu debat formatı ABŞ ali məktəblərində keçirilir. Yarışda bir nəfər bir nəfərə qarşı yarışır və müzakirə əsasən real ümumdünya problemlərinə fəlsəfi nəzəriyyələrin cəlb olunması üzərinə fokuslanır. Tərəflərdən biri qətnaməni hazırlayır, digəri isə bu qətnaməyə "hücum edir". Bu format siyasət debatlarına alternativ olaraq yaradılsa da, onun bir çox taktikalarını mənimsəmişdir, lakin burada yazılı fakt təqdim olunması Siyasət Debatlarına nisbətən az tələb olunur. Siyasət və Linkoln-Duqlas debat turnirləri adətən eyni universitetlərdə ardıcıl keçirilir.
Ümumdünya Karl Popper Debatı Çempionatları
[redaktə | vikimətni redaktə et]Hər il Beynəlxalq Debat Təhsil Assosiasiyası (İDEA) Gənclər Forumları təşkil edir və bu Forumlarda Karl Popper Debatı çempionatları keçirilir. Dünyanın müxtəlif ölkələrindən gənclər bu turnirlərdə iştirak edirlər. Məşhur filosofun şərəfinə adlandırılmış Karl Popper debatları Şərqi və Mərkəzi Avropa ali məktəblərində geniş yayılmış formatdır. Bu format tənqidi düşüncə bacarıqlarını və müxtəlif mövqelərə tolerantlığı aşılayır. Komandalar 3 nəfərdən ibarət olur və hazırlıq prosesi zamanı hər komanda hər iki mövqe üçün hazırlaşır. Oyun zamanı 1-ci spikerlərin çıxış müddəti 6 dəqiqə, digər spikerlərin çıxış müddəti isə 5 dəqiqədir. Çıxışlar zamanı mövqe arqument və faktlarla əsaslandırılır. Həmçinin hər çıxışdan sonra 3 dəqiqəlik çarpaz suallar raundu baş tutur.
Simulyasiya debatları
[redaktə | vikimətni redaktə et]Belə debat yarışları ali məktəblərdə keçirilir və bunlara Konqres Debatı, BMT Modeli, Avropa Gənclər Parlamenti və s. tipli tədbirlər daxildir.
Bədahətən debat
[redaktə | vikimətni redaktə et]Digər formatlara nisbətən bu debat formatı daha sərbəstdir və möhkəm reqlament üzərində qurulmayıb. Mövzu iştirakçılara oyundan 15–20 dəqiqə əvvəl təqdim edilir. Daha sonra oyun göstərilmiş ardıcıllıqla aparılır: Hər spiker 5 dəqiqəlik çıxış edir; 10 dəqiqəlik müzakirə raundu ; çarpaz suallar raundu; beş dəqiqəlik fasilə, hər komanda üçün 4 dəqiqəlik təkzib çıxışı.
Paris Debatı
[redaktə | vikimətni redaktə et]Bu, nisbətən yeni fransız formatıdır. Oyunda hər biri 5 nəfərdən ibarət iki komanda iştirak edir və verilmiş mövzu üzrə müzakirə aparırlar. Formatda əsas üstünlük verilən faktorlar arqumentlərin güclülüyü, güclü ritorika bacarığı, spikerin özünün xarizması və yumor hissi və ən əsası, komanda işinin yaxşı təşkilidir. Hər spiker 6 dəqiqə çıxış edir, çıxışın ilk və son dəqiqəsi istisna olmaqla, çıxış zamanı opponent komanda spikerə sual və ya şərh verə bilər.
Debatın digər formaları
[redaktə | vikimətni redaktə et]Onlayn debatlar
[redaktə | vikimətni redaktə et]İnternetdə xüsusi təşkil olunmuş müzakirə saytları mövcuddur ki, bunlara onlayn forumları misal göstərmək olar. İndiyə kimi iki onlayn debat çempionatı baş tutmuşdur ki, bunları Debatewise və Beynəlxalq Debat Təhsil Assosiasiyası təşkil etmişdir.
İstinad
[redaktə | vikimətni redaktə et]- ↑ Debat nədir? Debat Haqqinda Hərşey (2020)