Ənvər Sadatın qətli
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
1973-cü ilin 6 oktyabrı Misirdə Qələbə günü sayılır. Dördüncü Ərəb-İsrail müharibəsi bu gündə başlamışdı. Qələbənin ildönümü həmişə Qahirənin ətrafındakı Mədinət-Nəsr meydanında hərbi rəsm-keçidlə qeyd olunurdu. Rəsm-keçidə tamaşa etmək üçün mərkəzi tribunada ölkənin prezidentindən başqa, dövlətin ali rütbəli məmurları, fəxri qonaqlar və xarici diplomatlar əyləşmişdilər. 1981-ci ilin 6 oktyabrında təşkil edilən tədbir əvvəlki rəsm-keçidlərdən bir o qədər də fərqlənmirdi. Həmişəki kimi, Misir ordusunun qüdrəti nümayiş etdiriləcəkdi. Amma bu dəfə hərbi nazir Əbu-Qəzəlin xüsusi göstərişi ilə təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Ciddi surətdə göstəriş verilmişdi ki, rəsm-keçiddə iştirak edənlərin avtomat və pistoletlərində bir patron da olmamalıdır. Təhlükəsizlik orqanları bunun üçün məsuliyyət daşıyırdılar. Rəsm-keçidə bir gün qalmış əsgərlərə kazarmalardan çıxmaq qadağan olundu, hətta xəstələnən də buraxılmırdı. Mühafizəçilərin sayı da artırılmışdı. Rəsm-keçid zamanı heç bir maşın əsas tribunanın qarşısında dayanmamalı idi, əks təqdirdə mühafizə xəbərdarlıq etmədən atəş açacaqdı.
Həmin gün prezident Ənvər Sadat baş tribunada birinci cərgənin ortasında oturmuşdu. Sağ tərəfində vitse-prezident Mübarək, solda da hərbi nazir Əbu-Qələz əyləşmişdi. Hava mülayim idi. Rəsm-keçid həmişəki kimi başladı. Ordu təlimlərdə əxz edib örəndiyini bacarıqla nümayiş etdirirdi. Diktor mərkəzi tribuna qarşısından keçən hissələr haqqında ərəb və ingilis dillərində reportaj aparırdı.
Rəsm-keçid sona çatan radələrdə, saat 11.40-da, meydana 130 mm. topları dartıb aparan maşınlar daxil oldular. Onlar o qədər də diqqəti cəlb etmədilər, çünki diktor "Miraj" qırıcı — bombardmançı təyyarələrin meydan üzərindən uçacağını xəbər verdi. Prezident və onun ətrafında olanlar buludsuz səmaya baxdılar. "Misirə eşq olsun! İrəli!" qışqırıqları eşidilirdi. Səmada "Miraj"lar guruldayanda, top daşıyan maşınların biri mərkəzi tribunanın qarşısında nəqafil dayandı. Sürücünün yanında oturmuş zabit sürücüyə dayanmağı əmr edir. Onun çaşdığını görən zabitin özü əl əyləcini çəkir. Zabit artilleriya qurğusunun komandiri Əl-İslambuli idi, o, kabinədən çölə çıxanda maşının kuzovundan iki hərbçi də yerə atılır. Kənardan baxan yəqin düşünərdi ki, onlar yerindən tərpənməyən maşını itələyib bir yana çıxarmaq istəyir. Amma hərbi formalı bu adamların əllərində avtomat vardı. Onlar bir saniyə də vaxt itirmədən irəliyə yüyürüb tribunaya atəş açdılar. Güllələrin əsas hədəfi prezident idi… Qəsdçilər eyni zamanda tribunaya əl qumbaraları da tullayırdılar (onların bir neçəsi partlamadı). Tamaşaçılar arasında vahimə başladı… Baş leytenant poqonlarını daşıyan zabit tribunaya yaxınlaşanda hərbi nazirə qışqırdı: "Kənara çəkilin, mənə bu köpək lazımdır."
Təhqiqat zamanı müəyyən edildi ki, sui-qəsdçilərin biri maşının kuzovunda olub və çox rahatlıqla dövlət başçısının özünü nişan alıb. Yəqin ki, onun atdığı güllələr də hədəfə dəyib. Sui-qəsdçilər üçün Ənvər Sadatı da vurmaq asan olub, deyilənə görə, o, qaçan hərbçiləri görəndə elə bilib ki, onlar onu salamlamaq üçün yaxınlaşır. Elə buna görə də ayağa qalxıb. Güllələr onun sinəsinə və qarın nahiyyəsinə dəymişdi. Cangüdən bədəni ilə prezidenti qorumaq istəyəndə artıq gec idi. Cangüdənin özü də ölümcül yaralananda ağır bədəni ilə prezidentin üzərinə yıxılır. İndi isə fikir verin ki, ancaq birinci güllənin açılmasından 45 saniyə sonra cangüdənlər cavab atəşi açıblar. Sui-qəsdçilərin bir neçəsi öldürülür, qalanları saxlanılır, rəsm-keçid isə dayandırılır. Qələbə rəsm-keçidindən veriliş aparılarkən, hər şey görünürdü, dağılmış oturacaqlar, qana bələnmiş fəxri qonaqlar, o yan — bu yana qaçışan mühafizəçilər…
Ənvər Sadatın özü bir neçə ölümcül yara almışdı. Hərbi nazir Əbu-Qəzəl də həlak olmuşdu, onun ayağı altına düşmüş birinci qumbara partlamasa da, lap yanına düşən ikinci qumbara partlamışdı. Həlak olanlar arasında prezidentin kamerdineri Həsən Əldam, şəxsi fotoqrafı Məhəmməd Raşvan, kopt yepiskopu Samuel də vardı. Vitse-prezident Mübarək və prezidentin ən etibar etdiyi adam Sadey Marey də yaralanmışdı. Bunlardan başqa, Kuba və Belçikanın səfirləri, Astraliyanın diplomatik missiyasının katibi, ABŞ-nin üç hərbi müşaviri də yara almışdı. Bu üç amerikalı hərbçi birgə keçiriləcək hərbi təlimlər barəsində danışıqlar aparmaq üçün Qahirəyə dəvət olunmuşdu.
Prezidentə sui-qəsd işi üzrə istintaq həmin saatda başlandı. Rəsmi məlumata görə, sui-qəsdi dörd nəfərdən ibarət qrup həyata keçirib: baş leytenant Əl-İslambuli və üç əsgər. Onların hamısı təməlçi islamçıların "Əl-təkfir vəl-Hicrə" təşkilatına mənsub olublar.
Müəyyən edilmişdir ki, sui-qəsd bilavasitə Əl-İslambulinin başçılığı altında həyata keçirilib. O, tabeliyində olan əsgərləri istirahətə buraxandan sonra, terrora getməyə razılıq vermiş şəxsləri işə cəlb edib. İstirahətə buraxılmış əsgərlərin mundirləri, hətta silahları belə həmin adamlara verilib. Baş leytenant qrupu döyüş patronları, əl qumbaraları, tüstü buraxan şaşkalarla da təmin edib. Prezident Ənvər Sadatın ölümü ilə bağlı istintaq gedəndə qeyri-leqal sağ ekstermist dini təşkilat "Əl-təkfir vəl-Hicrə" haqqında faktlar üzə çıxdı. İslam təməlçiləri hələ 1977-ci ildə Ənvər Sadata meydan oxumağa başlamışdılar. Onlar prezidentin yaxın adamlarından biri, vəqf üzrə nazir şeyx Məhəmməd əl-Dəhəbi oğurlamışdılar. Onu əsl cani qanunlarına riayət etməklə öldürdülər: güllə onun sol gözündən dəyib beynini dağıtmşdı. Dövlətə, hakimiyyətə qarşı təhlükənin baş qaldırdığını Ənvər Sadat yaxşı görürdü. Payızın əvvəllərində prezidentin əmri ilə üsul-idarəyə müxalif olan 1536 nəfər həbs edildi. Onların içində qeyri-leqal təşkilatın 467 üzvü vardı. Ənvər Sadata sui-qəsddən sonra hakimiyyət orqanları "Əl-təkfir vəl-Hicrə"nin əlavə 533 üzvünü həbs etdi. Bir azdan bütün müttəhimlər məhkəmə salonunda dəmir barmaqlıqlar arxasında oturdular. Hökm çox sərt oldu… Elə bu da gözlənilirdi[1]
Hərbi paradın lap axırında növbəti keçidini edən hərbi hissədən ayrılan zirehli transportyor qəfildən dayanmış, onun içindən düşən leytenant Xalid əl-İslambuli prezidentin dayandığı tribunaya əl qumbarası atmış, sonradan desant formasında olan hərbçilər tribunanı atəşə tutmuşdular. Ənvər Sadat gizlənmək əvəzinə, "ola bilməz" deyə ayağa qalxmışdı və snayper onu sinəsindən və boynundan güllələmiş, prezident 20 saniyədən sonra ölmüşdü.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Siyasi qətllərin tarixindən..." 2012-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-14.
- ↑ "PATRİARXIN PALAZI". 2011-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-14.