Ədalət Partiyası (Azərbaycan, 1916)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ədalət
Qurucu Seyid Cəfər Pişəvəri
Bəhram Ağayev
Ağababa Yusifzadə
Lideri Əsədulla Qafarzadə
Quruluş tarixi 1916
Dağılma tarixi 11-12 fevral 1920
Birləşən Əkinçi Partiyası
Hümmət
Sələfi İctimaiyyun-Amiyyun
Hümmət Partiyası
Xələfi Azərbaycan Kommunist Partiyası
İdeologiya Sosial demokratiya

Ədalət Partiyası, Ədalət İnqilabi Fəhlə Təşkilatı və ya Ədalət Firqəsi — 1916-cı ildə iranlı mühacirlər tərəfindən əsası qoyulmuş, 1916-cı ildə sosial demokrat təşkilat kimi formalaşmışdır.

Onun qurucuları arasında Əsədulla Qafarzadə, Bəhram Ağayev, Ağababa Yusifzadə və, sonradan Seyid Cəfər Pişəvəri kimi tarixə keçən, Cavadzadə Xalxali vardılar.[1]

Ədalət özünü İctimaiyyun-Amiyyunun varisi hesab edir, Cənubi Azərbaycanda müntəzəm surətdə fəal inqilabi iş aparırdı. Təşkilatın Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsində və Hümmətdə daimi nümayəndələri var idi.[2]

Ədalətin proqram və nizamnaməsi Azərbaycan və fars dillərində xüsusi kitabça şəklində nəşr edilmişdir, həmçinin, "Hürriyyət" qəzetində dərc olunmuşdu, hansınınki redaktoru partiyanın üzvü olan Mir-Cəfər Pişəvəri idi. Ədalət 1917-ci ildən Azərbaycan və fars dillərində "Bayraqi-ədalət" adlı jurnal nəşr etməyə başlamışdı. Burada, əsasən, İranın daxili siyasi vəziyyətinə dair problemlər, Qacar sülaləsinə qarşı mübarizə, şahlıq hakimiyyətinin devrilməsi və demokratik respublika qurulması tələbi işıqlandırılırdı.

1917–1918-ci illərdə təşkilat xeyli möhkəmləndi və Cənubi Azərbaycan fəhlələri içərisindən silahlı dəstə təşkil etdi. Bu dəstə 1918-ci ilin mart soyqırımı zamanı mədən-zavod rayonlarında asayişə nəzarət edir, burada qırğın düşməsinin qarşısını alırdı. 1919-cu ilin əvvəlində Əsədulla Qafarzadə başda olmaqla, partiyanın Mərkəzi Komitəsinin yeni tərkibi seçildi. Mərkəzi Komitəyə Bəhram Ağayev, Seid Cəfər Cavadzadə (Pişəvəri), R. Kərimov və başqaları daxil oldular. Ədalətin Bakıdan əlavə, Gəncədə, Lənkəranda, Astarada və Tiflisdə də komitələri var idı.

Ədalət 1919-cu ildən Rusiya Kommunist (bolşeviklər) Partiyası (RK(b)P) Bakı Komitəsi və Hümmətlə daha sıx əməkdaşlığa başladı. Həmin ilin iyunundan RK(b)P Qafqaz Ölkə Komitəsinin maliyyə yardımı ilə partiyanın qeyri-leqal "Hürriyyət" qəzeti nəşrə başladı. Azərbaycan kommunist təşkilatlarının 1920-ci il fevralın 11–12-də keçirilən birinci qurultayı Azərbaycan Xalq Cümhuriyyətini devirməklə hakimiyyəti ələ keçirmək məqsədilə "yerli şəraitdən və taktiki mülahizələrdən çıxış edib" RK(b)P Bakı Komitəsini, Hümməti və Ədaləti vahid Azərbaycan Kommunist (bolşeviklər) Partiyası (AK(b)P) halında birləşdirməyi qərara aldı. Qurultayın seçdiyi Mərkəzi Komitəyə Ədalətdən K. Ağazadə daxil oldu.

Həmin il Ədalətin Azərbaycanda və onun hüdudlarından kənarda fəaliyyət göstərən bütün komitələri də AK(b)P-yə daxil oldu.

  • Azərbaycan tarixi, 7 cilddə, c.5., B., 2001;
  • Azərbaycan Cümhuriyyəti (1918–1920), B., 1998;
  • Əfəndiyev S. M., Azərbaycan proletariatının inqilabi hərəkatı tarixindən, B.,1957;
  • Багирова И.С., Политические партии и организации Азербайджана в начале XX века , Б., 1997;
  1. "Pişəvəri Rəsulzadəyə qarşı Arxivləşdirilib 2018-04-02 at the Wayback Machine" Kultura
  2. Tadeuş Svitoxovski, Brian C. Collins. Historical dictionary of Azerbaijan. USA: Scarecrow Press. 1999. 11. ISBN 0810835509.