Fonetika
Fonetika (yun. φωνή, phōnē, "səs") — dilçilik elminin danışıq səsləri barədə bəhs edən bölməsi olub, insanların səsləri necə yaratdıqlarını və anladıqlarını öyrənir. Danışarkən tələffüz olunan səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Danışıq üzvləri bunlardır: ağciyərlər, nəfəs borusu, qırtlaq, səs telləri, ağız boşluğu, dil, dişlər, dodaqlar və burun boşluğu. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səsləri tələffüz olunur və eşidilir. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]
Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: sait səslər, samit səslər
Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.
Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.
- Saitlərin bölgüsü
Dilimizdə 9 sait səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var.
- Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:
- Qalın saitlər: [a], [ı], [o], [u]
- İncə saitlər: [e], [i], [ə], [ö], [ü]
- Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:
- Qapalı saitlər: [ı], [i], [u], [ü]
- Açıq saitlər: [a], [e], [ə], [o], [ö]
Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar saitlər də deyilir). Bu saitləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çi, -çu, çü,-lıq,-lik,-luq, -lük və .s) yadda saxlamaq lazımdır. Belə şəkilçilərin tərkibində qapalı saitlər iştirak edir. Açıq saitlərin tələffüzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen saitlər də deyilir).
- Dodaqların vəziyyətinə görə:
- Dodaqlanan saitlər [o], [ö], [u], [ü]
- Dodaqlanmayan saitlər: [a], [e], [ə], [ı], [i].
Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır. Dodaqlanmayan saitlərin tələffüzündə isə bu hal baş vermir.[1]
Ahəng qanunu
redaktəAhəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və ya incə saitlərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir. Ahəng qanununa görə söz qalın saitli heca ilə başlayırsa, sonrakı hecalar da qalın saitli olur. Məsələn: ya-zı-çı-lar. Eyni hal incə saitlə başlanan sözlərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz. Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur. (İşıq, ilan, ilğım, inam, iraq, ilxı, ildırım, ilıq, işartı, elat və s. kimi bir neçə söz istisnadır). Bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn: alim, vəfa, şüa, büro və s. Ahəng qanunu kök və şəkilçi arasında daha möhkəm və sabit (dəyişməz) olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq o hökmən sözün son hecasının ahənginə uyğunlaşmalıdır. Məsələn: ki-tab+da, təy-ya-rə+çi+lər və s. Deməli, ahəng qanunu köklə şəkilçi arasında daha möhkəm və dəyişməz olur. Köklə şəkilçi sözün morfoloji quruluşunu müəyyən edir. Ahəng qanunu isə köklə şəkilçi arasında nizamlayıcı amil rolunu oynayır. Deməli, ahəng qanunu fonetik hadisə olmaqla yanaşı, həm də morfoloji hadisədir. Məhz bu xüsusiyyətinə görə, ahəng qanunu dilçilikdə morfonoloji (morfoloagiya və fonetikanı birləşdirən) hadisə sayılır. Morfonologiya iki sözdən ibarətdir: morfologiya, fonetika. Ahəng qanununun tələbinə görə öz dilimizə məxsus şəkilçilər ya iki, ya da dörd variantlıdır. Qeyd: Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb sözlərdə də ahəng qanunu pozulur. Məsələn: dəvəquşu, quşüzümü, günəbaxan, Günay, Aybəniz və s.
Əlifba
redaktəƏlifba hərflərin müəyyən sıra ilə düzülüşünə deyilir. Əlifba sözü ərəb əlifbasında ilk iki hərfin adını bildirən (əlif, bə), yunan dilində isə alfa və beta hərflərinin birləşməsindən ibarət olan alfabet şəklində işlənir.
İlk əlifbanı finikiya tacirləri tərtib etmişlər. Dünyada ən çox işlənən əlifbalar ərəb, kiril və latın əlifbalarıdır. Hərflərin çap və əl yazısı şəkli, böyük və kiçiyi olur. Danışıq səsləri daha ilkin və qədim olan şifahi dilin, hərflər isə nisbətən sonralar yaranan yazılı dilin göstəriciləridir. Hərflər danışıq səslərinin yazıdakı şərti işarələridir. Azərbaycan əlifbasında 32 hərf var. Bu hərflərdən ikisi ilə – ı və ğ hərfləri ilə söz başlanmır. Hərfləri onların əlifbadakı adları ilə göstərmək lazımdır.
İstinadlar
redaktə- ↑ "Azərbaycan dili". 2020-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-11.
Xarici keçidlər
redaktəAZƏRBAYCAN DİLİ — Fonetika, Orfoepiya, Orfoqrafiya (I Hissə) Azərbaycan dili — Fonetika, Orfoepiya, Orfoqrafiya (II Hissə)
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə Dilçilik ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |