Elmi poeziya
Elmi poeziya— elmi-fəlsəfi dünyagörüşü və biliklərin poetik ifadəsi. Elmi poeziyanın ilk nümunələri Qədim Yunanıstanda və Çində (Lukretsi Karın "Şeylərin təbiəti haqqında", Lao Tszının "Dao de tszin" fəlsəfi poemaları və s. yaranmışdır.
Yaranması
redaktəTermin kimi fransız şairi Rene Gil (1862–1925) tərəfindən irəli sürülmüşdür. Sonrakı dövrdə Vergili ("Georgikalar"), Lomonosov ("İlahi əzəmət barədə səhər düşüncəsi", "İlahi əzəmət barədə axşam düşüncəsi", "Şüşənin faydası haqqında namə"), Valeri Bryusovun ("N ölçülər dünyası", "Elektron dünyası") yaradıcılığında da rast gəlinir. Bu cərəyan Avropa rasionalizminin inkişafı ilə bağlıdır. Rene Gil elmi poeziyanı simvolizmә qarşı qoyurdu. Onun fikrincə, şair üçün ideya və obrazların, eləcə də söz ehtiyatının mənbəyi "köhnəlmiş mifologiya" yox, elmi dünyagörüşü olmalıdır. Rene Gilin "Söz haqqında traktat"ı (1885) elmi poeziyanın nəzəri əsaslarını əhatə edir. Jül Romen (1885–1972) və Corc Dyuamel (1884–1966) Gilin nəzəriyyəsindən poetik unanimizmin inkişafında istifadə etmişlər.
Xüsusiyyətləri
redaktəElmilik klassik Şərq, o cümlədən Azərbaycan poeziyası üçün də səciyyəvidir. O, klassik Şərq poetikasının başlıca nəzəri-estetik prinsiplərindən biri olmuşdur. Qədim və orta əsrlər Şərq poeziyasında fəlsəfə, hüquq, məntiq, təbabət, astronomiya və s. elmlərə yiyələnmək bir növ normativ xarakter daşıyırdı. Şərqin bir çox görkəmli şairləri, eyni zamanda bütün elmləri dövrünün səviyyəsində bilən alim idilər (Ömər Xəyyam, Cəlaləddin Rumi, Əbdürrəhman Cami, Əlişir Nəvai və başqaları). Şeir, ədəbiyyat yarandığı vaxtdan elmlə bağlı olmuşdur. Orta əsrlərdən bəri Azərbaycan şairləri, ədibləri də elmlə məşğul olmuş, onların yaradıcılığında elmi əsərlər xüsusi yer tutmuşdur.Xaqani Şirvani, Nizami Gəncəvi, Əvhədi Marağayi, Əssar Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və başqalarının ədəbi irsi, elmi dünyagörüşü və biliklərlə zəngindir. Onlar bədii yaradıcılıqda həyat və insan haqqında həqiqəti açmaqda elmi biliklərin, başqa sözlə, bədii təfəkkürlə elmi təfəkkürün vəhdətinin əhəmiyyətini dəfələrlə qeyd etmişlər. Şərq ədəbiyyatında tərcümə nəzəriyyəsi haqqında ilk nəzəri, fəlsəfi fikir söyləyən Nizami Gəncəvi də, əsərlərinin miqyasına, mahiyyətinə görə Məhəmməd Füzuli də şair olmaqla yanaşı, alim idi. O cümlədən Nəsirəddin Tusinin müxtəlif şeir formalarında yazılmış əsərləri yalnız poeziya nümunələri deyil, əsl elmi əsərlərdir. Mirzə Fətəli Axundzadənin şahmat haqqında yazdığı poeması əvvəldən sonadək şahmat oyunun qaydaları haqqında bir elmi əsərdir. Orta əsrlərdə ədəbiyyatda, ümumiyyətlə, böyük ədiblərin yaradıcılığında, alimlərin fəaliyyətində elmlə şeir birgə olub. Şair və alimlər həm poeziya, həm də elmlə mükəmməl məşğul olub, əsərlərində elmi biliklərə geniş yer vermişlər. Bunun da nəticəsində qiymətli elmi poeziya nümunələri yaranmışdır[1]. Hər bir xalqın estetik nəzəriyyəsi və poetikası onun öz bədii və elmi yaradıcılıq dühasının konkret nailiyyətlərinə, bədii təfəkkürünə, ana dilinə və s. istinad edir.
Məhəmməd Füzuli Azərbaycan dilində "Divan"ının dibaçəsində yazırdı:"… elmsiz şeir əsası yox divar olur və əsassız divar qayət də bietibar olur"[2].
Azərbaycan poeziyasında elmi poeziya nümunələrinə Səməd Vurğunun, Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin və başqa şairlərin əsərlərində təsadüf olunur. Müasir intellektual poeziya da elmi poeziya sayıla bilər.
İstinadlar
redaktə- ↑ rafaelhuseynov. (az.). rafaelhuseynov.com. 19.02.2021 https://rafaelhuseynov.com/az/news/173 (#bare_url_missing_title). 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19.02.2021.
- ↑ Məhəmməd Füzuli. Əsərləri. 5 cilddə. C.1. Bakı. 1958. səh. 43.
Ədəbiyyat
redaktə- Azərbaycan Milli Ensiklopediyası. C.8. Bakı. 2019.
- Aristotel. Poetika. Bakı. 1974.