Putin: "Rusiyanın güclü raket ehtiyatı var, istifadə edəcək"

Vladimir Putin müşavirə keçirir

Şəklin mənbəyi, Getty Images

Ölkəsinin Ukraynanın Dnepr şəhərinə yeni ballistik raket atmasından bir gün sonra Prezident Vladimir Putin deyib ki, Rusiyanın “istifadə olunmağa hazır” güclü yeni raket ehtiyatı var.

Planlaşdırılmamış televiziya müraciətində Rusiya lideri “Oreşnik” raketinin qarşısının alınmasının mümkün olmadığını bildirib və “döyüş şəraiti” də daxil olmaqla, daha çox sınaq keçirəcəyinə söz verib.

Ukraynanın ilk dəfə olaraq Rusiyaya ABŞ və Britaniya raketləri atması ilə Rusiya da cavabında “Oreshnik” ballistik raketindən istifadə edib və bu, müharibədə bir həftəlik eskalasiyaya səbəb olub.

Ukrayna Prezidenti Volodimir Zelenski dünya liderlərini “hərəkətlərinin real nəticələrini hiss etməsi” üçün Putinə “ciddi cavab” verməyə çağırıb.

Zelenski deyib ki, onun ölkəsi Qərb tərəfdaşlarından hava hücumundan müdafiə sistemlərinin yenilənməsini xahiş edib.

Rusiyanın Ukraynaya yeni tip raket atması: "Qlobal münaqişə təhlükəsi realdır"

Zelenski və Donald Tusk

Şəklin mənbəyi, Reuters

Polşanın Baş naziri Donald Tusk müharibənin həlledici mərhələyə daxil olduğunu deyir. Onun sözlərinə görə, qlobal münaqişə təhlükəsi ciddi və realdır.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Rusiyanın dünən Dneprdə yeni ballistik raketdən istifadə etməsi müharibənin “aydın və şiddətli eskalasiyasını” göstərir. O deyib ki, Rusiya "sülhdə maraqlı deyil".

Rusiyanın Ukraynaya yeni tip ballistik raketlə hücumu ilə əlaqədar NATO və Ukrayna gələn həftə Brüsseldə təcili danışıqlar aparacaq. Belə görüşün olmasını Kiyev istəyib.

Hərbi alyansın sözçüsü Farah Dakhlallah bildirib ki, Rusiyanın noyabrın 21-də Ukraynaya qarşı yeni tipli ballistik raketdən istifadə etməsi “nə münaqişənin gedişatını dəyişdirəcək, nə də NATO-nun Kiyevə dəstəyini əngəlləyəcək”.

Kreml isə bildirib ki, yeni hipersəs ballistik raketdən istifadə edilməsi Qərbə xəbərdarlıq məqsədi daşıyır ki, Moskva onların Ukraynanı dəstəkləyən “ehtiyatsız” qərarlarına və hərəkətlərinə cavab verəcək.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Moskva nüvə başlıqları daşıya bilən yeni raketi Ukraynanın hərbi obyektinə atıb və şübhə etmir ki, Vaşinqton Putinin xəbərdarlığını başa düşüb.

Peskov həmçinin bildirib ki, Rusiya ABŞ-ı zərbə ilə bağlı xəbərdar etmək məcburiyyətində deyil, lakin atışdan 30 dəqiqə əvvəl xəbərdar edib.

Peskov əlavə edib ki, prezident Putin hələ də dialoqa açıqdır.

Çin tərəfləri mübaribənin dərinləşdirməkdən kənar durmağa çağırıb.

Şimali Koreya lideri Kim Çen In “heç vaxt bu qədər” nüvə müharibəsi təhlükəsinin olmadığını deyib və ABŞ-ı Pxenyana qarşı “aqressiv və düşmənçilik” siyasətinə görə günahlandırıb.

Bundan başqa, Böyük Britaniyada yerləşən Open Source Centre qeyri-kommersiya tədqiqat qrupu peyk görüntülərinin təhlilinə əsasən təxmin edib ki, Rusiya bu ilin martından Şimali Koreyaya bir milyon bareldən çox neft verib.

Aparıcı ekspertlər və Böyük Britaniyanın xarici işlər naziri David Lammy BBC-yə bildiriblər ki, neft Pxenyanın Moskvanın Ukraynadakı müharibəsini alovlandırmaq üçün göndərdiyi silah və qoşunların ödənişidir.

Bu, BMT-nin sanksiyalarını pozur, ölkələr Şimali Koreyaya yalnız kiçik miqdarda neft verə bilərlər.

Almaniya kansleri Olaf Scholz Rusiyanın Ukraynada yeni orta mənzilli ballistik raketdən istifadə etməsini "təhlükəli eskalasiya" adlandırıb. Lakin o deyib ki, Almaniya onlara Taurus qanadlı raketləri göndərməyəcək, çünki NATO ilə Rusiya arasında qarşıdurmanın qarşısını almaq lazımdır.

“Rusiya lideri təkcə Ukraynaya hücum etmir, o həm də Avropanın digər ölkələrinə, o cümlədən mənim ölkəmə qarşı da hibrid müharibə ab-havası əsdirir”, bunu Almaniyanın xarici işlər naziri Annalena Baerbock noyabrın 22-də COP29-da keçirdiyi mətbuat konfransında deyib.

Almaniyalı nazir Rusiyanı “Avropa ailəsinin bir hissəsi” adlandırsa da, Kremlin Ukraynada davam edən müharibəsini qitənin “sülh mühitinə edilən hücumlar” kimi qiymətləndirib.

O, Rusiyanı Almaniya da daxil olmaqla, şərqi Avropa ölkələrinə qarşı kiber hücumlar etməkdə və “qaçqın axını siyasəti” yeritməkdə günahlandırıb. Onun sözlərinə görə, Moskva bu yolla Avropa İttifaqını bölməyə və rəsmi Brüsseli Kiyevi dəstəkləməkdən çəkindirməyə çalışır.

Putin televiziya çıxışında nə deyib?

ICBM

Şəklin mənbəyi, Getty Images

Noyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin televiziya ilə ruslara müraciət edərək deyib ki, Rusiya Dneprdəki hərbi-sənaye kompleksini “Oreşnik” adlı yeni orta mənzilli ballistik raketlə vurub. Putinin sözlərinə görə, bu, Qərbin dəqiq silahlarının Rusiya ərazisindəki hədəflərə ilk hücumlarına cavabdır.

Bundan sonra Rusiyanın müdafiə naziri Andrey Belousov deyir ki, onun qüvvələri Ukraynanın ilin qalan hissəsi üçün hərbi planlarını “pozub”.

Çərşənbə günü Ukrayna Hərbi Hava Qüvvələri Dneprə qitələrarası ballistik raket hücumu barədə məlumat verib. Lakin media Qərb mənbələrinə istinadən xəbər verib ki, bu, fərqli tipli raketlə eksperimental zərbədir. Putin faktiki olaraq, bunun döyüş şəraitində sınaqdan keçirildiyini təsdiqləyib.

Putinin sözlərinə görə, cümə axşamı Dnepr şəhəri qeyri-nüvə döyüş başlığından istifadə olunmuş yeni “Oreşnik” raket sisteminin hücumuna məruz qalıb.

Pentaqon bildirib ki, bu, RS-26 Rubej bazasında yaradılmış eksperimental orta mənzilli raketdir.

Lakin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) öz teleqram kanalında noyabrın 21-də yazıb ki, Rusiyanın Dneprdə istifadə etdiyi raket növü “ehtimal ki, Kedr raket sistemindən” olan ballistik raketdir. Bu iddiaların nə dərəcədə əsaslandırıldığı bəlli deyil.

Putin televiziya çıxışında Qərb ölkələrini növbəti dəfə Kiyevin Rusiyanın dərinliklərindəki hərbi hədəfləri vurmaq üçün Amerika və Britaniya raketlərindən istifadəsinə icazə verdiyinə görə tənqid edib.

Washington bu həftənin əvvəlində Ukraynaya Rusiyanın hərbi bazalarını hədəf almaq üçün ATACMS kimi daha uzunmənzilli raketlərdən istifadə icazəsi verib.

Rusiya Prezidenti bildirib ki, noyabrın 19-da Ukrayna Rusiya ərazisinə 6 Amerika ATACMS raketi ilə hücum edib, daha sonra isə Britaniyanın “Storm Shadow” və “HIMARS” raketlərindən istifadə edilib.

Putin təsdiqləyib ki, hücumun hədəfi həqiqətən də Kursk vilayətindəki “Sever” qrupunun komanda məntəqəsi olub. "Təəssüf ki, qurbanlar, ölənlər və yaralananlar var", - Rusiya Prezidenti deyib.

O, eyni zamanda, iddia edib ki, komanda heyəti xəsarət almayıb, lakin “xarici təhlükəsizlik” obyektləri və obyektdə xidmət edənlər hücuma məruz qalıb.

Böyük Britaniya istehsalı uzaqmənzilli Storm Shadow

Şəklin mənbəyi, Getty Images

BBC anlayır ki, Ukrayna Rusiya ərazisinə ilk dəfə olaraq Böyük Britaniyanın verdiyi uzaqmənzilli Storm Shadow raketlərini atıb.

Britaniyanın müdafiə naziri John Healey bu məlumatı təsdiqləməsə də, bu gün İcmalar Palatasında çıxışında belə bir şərh verib: “Ukraynanın döyüş meydanındakı hərəkəti öz sözünü deyir”.

Ukraynanın müdafiə naziri Rustam Umerov da məlumatı təsdiqləməyib, lakin deyib ki, "Ukrayna özünü qorumaq qabiliyyətindədir".

Britaniya və Fransa bu raketləri bir müddətdir ki, Ukraynaya göndərib, lakin bu vaxta qədər Ukrayna onları yalnız öz ərazisində istifadə edə bilərdi.

Bu uzaqmənzilli raketlər maksimum 250km-ə çata bilir.

Noyabrın 20-də raket zərbələri təhlükəsi ilə əlaqədar Kiyev və Ukraynanın on vilayətində hava həyəcanı elan edilib.

Çərşənbə günü Kiyevdəki bir neçə səfirlik Rusiyadan mümkün hava hücumu təhlükəsi səbəbindən bir günlük işini dayandırıb.

İspaniya, İtaliya və Yunanıstan ABŞ-dan sonra çərşənbə günü, noyabrın 20-də hücum təhlükəsinə görə Kiyevdəki səfirliklərini bağladıqlarını elan ediblər.

Azərbaycanın Ukraynadakı səfirliyi sosial media hesabında yazıb ki, təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq, noyabrın 21-22-də konsulluq qəbulu aparılmayacaq.

Açıqlamada deyilir ki, konsulluq qəbulunun aparılmayacağı bu tarixlərdə Ukraynada olan Azərbaycan vətəndaşları üzləşə biləcəkləri, təcili və təxirəsalınmaz tədbirlərin tələb olunduğu hallarla bağlı +380 95 056 95 57 telefon nömrəsinə zəng vura bilərlər.

Biden Ukraynaya piyada əleyhinə mina verməyə razılaşıb

mikna Ukrayna Rusiya

Şəklin mənbəyi, Getty Images

Bundan iki gün əvvəl, ABŞ Ukraynaya Rusiyanı onun raketləri ilə vurmağa icazə verib, o cümlədən, Prezident Jo Biden Ukraynaya piyada əleyhinə mina verməyə razılaşıb, ABŞ rəsmisi BBC-yə bildirib.

Adının çəkilməsini istəməyən məmur belə minaların tezliklə təhvil veriləcəyini və Whashington-un onlardan Ukrayna ərazisində istifadə olunacağını gözlədiyini bildirib.

Mənbə qeyd edib ki, Kiyev, həmçinin ukraynalı mülki əhalinin məskunlaşdığı ərazilərdə belə minalardan istifadə etməmək öhdəliyi götürüb.

Bu addım son aylarda Ukraynanın şərqində durmadan irəliləyən rus qoşunlarını ləngitmək cəhdi kimi qiymətləndirilir.

Ukrayna raketləri nə qədər uzaq məsafəyə gedə bilər?
Şəklin alt yazısı, Ukrayna raketləri nə qədər uzaq məsafəyə gedə bilər?

Böyük 20-liyin sammitində Rusiya-Ukrayna müzakirəsi

Rio-de-Janeyroda G20 sammitində Böyük Britaniyanın Baş naziri Keir Starmer genişmiqyaslı müharibənin 1000-ci günü münasibəti ilə Rusiya prezidentinə müraciət edib.

“Rusiyanın Ukraynada qeyri-qanuni müharibəsinin 1000-ci günündə bir daha deyirəm: müharibəni dayandırın. Çıx get Ukraynadan”, - PA xəbər agentliyi Starmer-i iqtibas edir.

O, həmçinin Putinin G20 sammitinə gəlmədiyini qeyd edib (Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edib).

“Ardıcıl olaraq, üçüncü ildir ki, Putin sammitə gəlmir. Öz təcridinin müəllifi onun özüdir”, - Starmer deyib.

Almaniya kansleri Olaf Scholz isə təəssüflənib ki, Böyük 20-yin bəyanatında Rusiyanın Ukraynaya, xüsusən də müharibənin 1000-ci günündə, genişmiqyaslı işğalına görə məsuliyyəti vurğulanmayıb.

“Bu [yekun bəyanatda deyilənlər], çox azdır: G20 Rusiyanın [işğal üçün] məsuliyyət daşıdığını aydın anlatmaq üçün söz tapa bilmədi”, -o, Braziliyada keçirilən G20 sammitindən sonra deyib.

Rio-de-Janeyroda keçirilən G20-nin yekunları üzrə verilən birgə bəyanatda dünyanın iyirmi ən böyük iqtisadiyyatının lideri Ukraynada “hərtərəfli, ədalətli və davamlı sülhün” bərqərar olmasına çağırıb, lakin Rusiyanın Ukraynaya təcavüzünü birbaşa pisləməyib.

Qərb mediası yazıb ki, bəzi Avropa nümayəndə heyətləri yekun bəyanatda daha sərt ifadələrin əks olunmasında israrlı idilər, lakin Çinin və Moskva ilə əlaqələri inkişaf etməkdə olan digər ölkələrin birgə sənədi imzalamayacağından ehtiyatlanaraq, bu tələbdən imtina ediblər.

Putin Rusiyanın nüvə doktrinasını dəyişdirib

Prezident Vladimir Putin çərşənbə axşamı ABŞ-ın Ukraynaya onun uzaqmənzilli raketləri ilə Rusiyanı vurmağa icazə verməsi xəbərlərindən sonra ölkəsinin nüvə doktrinasına dəyişiklikləri təsdiqləyib.

İndiki doktrinaya əsasən, nüvə dövləti tərəfindən dəstəklənən qeyri-nüvə dövlətinin hücumu Rusiyaya birgə hücum kimi qiymətləndiriləcək.

Yeni doktrinada deyilir ki, Rusiyaya adi raketlər, PUA-lar və ya təyyarələrlə böyük hücum, Belarusa hücum və ya Rusiyanın suverenliyinə qarşı hər hansı kritik təhlükə olarsa, nüvə silahı ilə cavab verilə bilər.

Koalisiyaya daxil olan bir dövlətin Rusiyaya qarşı hər hansı təcavüzü Moskva tərəfindən bütün qrupun təcavüzü kimi qiymətləndiriləcək.

Putin əvvəllər də nüvə silahından istifadə ilə hədələyib.

Doktrinaya bu dəyişikliklər sentyabr ayında təklif edilmişdi.

Atacms raketləri

Şəklin mənbəyi, Getty Images

Rusiya çərşənbə axşamı Ukraynanın onu ilk dəfədir ki, ABŞ-ın verdiyi uzaqmənzilli raketlərlə vurduğunu deyib.

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, Ukrayna bu gün səhər saatlarında Rusiyanın Bryansk vilayətinə zərbələr endirərkən Ordu Taktik Raket Sistemindən (Atacms) istifadə edib.

Məlumata görə, Bakı vaxtilə təxminən səhər 4.25-də atılmış beş raket vurulub, biri isə zədələndiyindən vilayətdəki hərbi obyektdə yanğına səbəb olub, lakin ölən və yaralanan olmayıb.

Ukraynada buna hələlik şərh yoxdur, lakin daha əvvəl Ukrayna hərbiyyəsi bildirib ki, Bryansk vilayətində sursat anbarını vurub, amma bunu Atacms ilə edib-edilmədiyini açıqlamayıb.

Prezident Joe Biden Ağ Evi tərk etməsinə iki ay qalmış Ukraynaya icazə verib ki, ABŞ raketlərini Rusiyadakı hədəflərə qarşı istifadə etsin. Bu, ABŞ siyasətində böyük bir dəyişiklik kimi qiymətləndirilir.

Rusiya bildirib ki, Ukrayna ABŞ-ın uzaqmənzilli raketlərindən istifadə edərsə, o, "adekvat və hiss olunan" cavab verəcək.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Rusiya ərazisi daxilində belə bir hücum “ABŞ və onun peyklərinin Rusiyaya qarşı hərbi əməliyyatlarda bilavasitə iştirakını ifadə edəcək”.

Onun yeni seçilmiş Prezident Donald Trumpla məsləhətləşdiyi, yoxsa ikincinin Rusiya-Ukrayna müharibəsini sona çatdırmaqla bağlı verdiyi sözə sadiq qalacağı bəlli deyil.

Rusiya-Ukrayna müharibəsi

Liderlər nə deyir?

Hələlik Donald Trump Biden-in qərarına reaksiya verməyib.

O, noyabrın 5-də qələbə qazanıb və yanvarın 20-də Ağ Evə qayıdacaq.

Trump Rusiya-Ukrayna müharibəsini 24 saat içərisində bitirəcəyini deyib, lakin ətraflı məlumat verməyib.

Zelensky bu yaxınlarda Trumpın gələn il ərzində Ukrayna və Rusiyaya sülh razılaşması əldə etmək üçün təzyiq göstərəcəyini gözlədiyini deyib.

Fransa Prezidenti Emmanuel Macron Biden-in qərarını “tamamilə yaxşı” addım kimi qiymətləndirib.

ABŞ-ın icazəsindən sonra Fransa və Böyük Britaniya da Ukraynaya Rusiya daxilində “Storm Shadow” raketlərindən istifadə etməyə icazəsi verə bilər. “Storm Shadow” ATACMS ilə oxşar imkanlara malik Fransa-Britaniya uzaq mənzilli raketdir.

Hələlik nə Macron, nə də Böyük Britaniyanın Baş naziri Keir Starmer Kiyevə öz raketlərindən eyni şəkildə istifadə etməyə icazə verib-verməyəcəklərini açıq şəkildə söyləməyiblər.

Bu arada, Çin dövlət mediası bildirir ki, ölkə rəhbəri Xi Jinping dünya liderlərini “Ukrayna böhranını soyutmağa” və siyasi həll yolu axtarmağa çağırıb.

Çin Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı ilə əlaqədar ona tətbiq edilən ABŞ və Avropa sanksiyalarının təsirini yumşaltmağa çalışdığı üçün Rusiya üçün vacib müttəfiqə çevrilib.

Pekin Moskvanı silahla təmin etməsi ilə bağlı iddiaları dəfələrlə rədd edib.

Daha əvvəl Kreml Biden-in qərarına reaksiya verib. Putinin sözçüsü Dmitri Peskov deyib ki, Biden "yanan ocağa neft tökür".

O bildirib ki, əgər həqiqətən belə bir qərar verilibsə, "bu, gərginliyin keyfiyyətcə yeni mərhələsi və ABŞ-ın bu münaqişədə iştirakı baxımından keyfiyyətcə yeni vəziyyəti deməkdir”.

Ukrayna Prezidenti Volodymyr Zelensky aylardır ki, ATACMS kimi tanınan raketlərə qoyulan məhdudiyyətlərin götürülməsinə - Kiyevin öz sərhədlərindən kənarda zərbələr endirməsinə icazə verilməsinə çağırır.

ATACMS
Şəklin alt yazısı, Artilleriya və raket məsafələrinin müqayisəsi

"3-cü dünya müharibəsinə doğru"

Steve Rosenberg

BBC-nin Rusiya müxbiri

Rusiya siyasətçiləri Prezident Biden-in Ukraynanın Rusiyaya hücum etmək icazəsinə qəzəbli reaksiya veriblər.

Kremlyönlü Liberal-Demokratlar partiyasının sədri, rusiyalı millət vəkili Leonid Slutsky bunun "ciddi nəticələri olan ciddi eskalasiyaya aparacağını" deyib.

Rusiyalı senator Vladimir Cabarov Biden-in bu qərarını "3-cü dünya müharibəsinə doğru görülməmiş addım" olaraq qiymətləndirib.

Sərt sözlərdir.

Amma Vladimir Putin Rusiyasında Vladimir Putinin nə dediyi önəmlidir.

O isə bu barədə hələ ki, danışmayıb.

Əvvəllər çox danışıb. Bu yaxınlarda Kreml Qərbə açıq mesaj verib: Bunu etməyin, uzunmənzilli raketlərə dair qoyduğunuz qadağanı qaldırmayın, Kiyevə Rusiya ərazilərinin dərinliklərinə hücum etməyə icazə verməyin.

Sentyabr ayında Prezident Putin xəbərdarlıq edib ki, əgər bu baş verərsə, Moskva bunu Nato ölkələrinin Ukrayna müharibəsində "birbaşa iştirakı" kimi görəcək.

Şimali Koreya əsgərləri

Belə başa düşülür ki, Prezident Biden-in Ukrayna qüvvələrinə Rusiya ərazisinə hücum icazəsi verməsinə səbəb Şimali Koreya əsgərlərinin Rusiya əsgərləriylə birlikdə Ukraynaya qarşı vuruşmasına verilən cavabdır.

Bu ayın əvvəlində Ukrayna rəsmiləri Şimali Koreya əsgərlərinin Rusyianın Kursk regionunda vuruşduğunu açıqlayıb.

İyun ayında Şimali Koreya və Rusiya qarşılıqlı müdafiə müqaviləsi imzalayıb - bu o deməkdir ki, onlar bir-birinin ərazisinə hücum olacağı təqdirdə, bir-birinin köməyinə gələcəklər.

Keçən həftə Vladimir Putinə zəng edən Almaniya kansleri Olaf Şoltz Rusiya liderinə deyib ki, Şimali Koreyanın cəlb olunması böyük eskalasiyaya səbəb olacaq.

Rusiyaya raket hücumuna icazənin nəticəsi nə olacaq? Təhlil

Paul Adams

Diplomatiya məsələləri üzrə müxbir, Ukrayna

ABŞ Prezidenti Jo Biden-in Amerika silahları ilə Rusiyanı vurma icazəsinin domino effekti olacaq.

Bundn sonra, nəhayət Britaniya və Fransa da Ukraynaya uzun mənzilli raketlərlə Rusiyanı vurma icazəsi verəcək.

Rəsmi Kiyev uzun müddət idi ki, bu razılıq üçün çalışırdı.

Ukrayna bildirirdi ki, ona Rusiyanın dərinliklərini vurma qadağası qoymaq onun əlini arxasına bağlamaq kimi bir şeydir.

Washinqton, London və Parisin icazəsindən sonra indi Rusiyanın dərinliklərindəki bir sıra hərbi əhəmiyyətli hədəflər Ukrayna üçün əlçatan olacaq.

Amerikanın bu qərarı Rusiyanın Kursk regionundakı Ukrayna qüvvələrinin müdafiəsi ilə məhdudlaşır.

Biden administrasiyası Kiyevə deyir ki, Ukraynanın işğal etdiyi kiçik Rusiya ərazilərində qalmasını dəstəkləyir ki, gələcəkdə mümkün danışıqlar zamanı sövdələşmək mümkün olsun.

Sentyabrda Putin xəbərdarlıq etmişdi ki, Ukraynaya bu silahlardan istifadəyə icazə verilərsə, bu, NATO-nun Rusiya ilə birbaşa münaqişəyə cəlb olunması demək olacaq.

İndi Putinin bu xəbərdarlığı sınağa çəkilir.

"ABŞ-ın qərarı Rusiyanın daha ehtiyatlı olmasına səbəb olacaq"

ABŞ-ın siyasətindəki dəyişiklik çoxdan gecikib, - deyə ABŞ-ın Ukrayna danışıqları üzrə keçmiş xüsusi nümayəndəsi əlavə edib ki, beynəlxalq hüquqda raketlərdən istifadə dairəsini məhdudlaşdıran heç nə yoxdur.

BBC-nin Radio 4-ün “Today” proqramına danışan Kurt Volker-in sözlərinə görə, beynəlxalq qanun deyir ki, raketlər yalnız özünümüdafiə üçün və hərbi hədəflərdə istifadə edilə bilər.

"İndi yöndəmsiz saydığımız və aradan qaldırmaq istədiyimiz bu cür uydurma məhdudiyyət yaratmaqdansa, başlamaq üçün buna yapışmalıydıq", - o deyir.

Prezident Putinin Ukraynanın Rusiyanı ABŞ raketləri ilə vurmasına icazə verilməsini NATO-nun müharibədə “birbaşa iştirakı” kimi qiymətləndirməsinə Kurt Volkerin cavabı belə olub:

“O, hər şey haqqında belə deyir. Bu, onun Ukraynaya qarşı təcavüzüdür... O, Ukraynanın cavab atəşi açmağa çalışacağını gözləməli idi”.

Volker deyir ki, ABŞ-ın qərarı Rusiyanın daha ehtiyatlı olmasına səbəb olacaq.

“Bu, Ukraynaya hazırda Rusiyanın xüsusi zonasında olan aerodromları, silah-sursat anbarlarını və yanacaq təchizatını, logistikanı izləməyə imkan verəcək. Onlar bunu qorumaq üçün vaxt və səy sərf etməli olacaqlar".

Putin nə deyib?

Putin sentyabrın 12-də deyib ki, bu raket sistemləri üçün uçuş missiyaları mahiyyətcə yalnız “NATO ölkələrinin hərbi personalı tərəfindən həyata keçirilə bilər. Ukraynalı hərbçilər bunu edə bilməz”.

"Əgər bu qərar qəbul edilərsə, bu, NATO ölkələrinin - ABŞ, Avropa ölkələrinin Ukraynadakı müharibədə birbaşa iştirakından başqa bir şey demək olmayacaq", - Rusiya prezidenti bildirib. Bu o demək olacaq ki, NATO ölkələri, ABŞ, Avropa ölkələri Rusiya ilə müharibə edir”.

Həmin vaxt Putin reaksiyanın konkret nə ola biləcəyi barədə detallara varmayıb və xəbərdarlığını belə ifadə edib: “Bizim üçün yaradılacaq təhdidlər əsasında müvafiq qərarlar qəbul edəcəyik”.