Bağışlanma

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Xristianlıq


Xristianlıq

Bağışlanma — günah və qüsurunu nəzərə almama, günah və təqsirindən keçmə, günahı bağışlama.[1] Dünya dinlərində bağışlanma fəlsəfəsi mühüm yer tutur. Monoteist dinlərdə insanların bir-birini bağışlaması və Allah tərəfindən bağışlanması haqqında müxtəlif fikirlər mövcuddur.

İudaizmdə bağışlanma

[redaktə | mənbəni redaktə et]

Tövratda insanın günaha batması qarşısında Allah Özünü bağışlayan Allah olaraq tanıdır. Musa Peyğəmbər dönə-dönə sədaqətsiz olub günah edən İsrail xalqına mərhəmət göstərməsi üçün Allaha yalvarırdı. Allah ona belə cavab verdi: "Rəbb Mənəm, rəhmli və lütfkar Rəbb Allaham. Mən hədsiz səbirli, bol məhəbbətli və sədaqətliyəm, minlərlə nəslinə məhəbbətimi göstərərəm, cəzanı, qanunsuzluğu və günahı bağışlayaram; lakin cəzasız qoymaram, ataların cəzasını üçüncü-dördüncü nəslə qədər nəvə-nəticələrinə verərəm".[2] Bu səbəbdən Musa cəsarətlə Allaha bu cür dua edə bilirdi: "Ey Xudavənd, əgər gözündə lütf tapmışamsa, yalvarıram, Sən, ey Xudavənd, aramızda ol. Biz dikbaş bir xalq olsaq da, təqsirimizlə günahımızı bağışla və bizə sahib ol".[3]

Günah edəndən sonra Natan peyğəmbər tərəfindən məzəmmətlənən Davud Peyğəmbər günahını boynuna alıb özünü mühakimə etdikdə, günahı bağışlandı:

Davud Natana dedi: "Mən Rəbbə qarşı günah etdim". Natan Davuda dedi: "Rəbb sənin günahını sildi, ölməyəcəksən".[4]

Zəburda həmçinin Allahın rəhmli, səbrli, bağışlayan olduğu təsdiqlənir:

"Allah isə rəhmlidir, günahı bağışlayır, günahkarı yox etmir. Dəfələrlə qəzəbini saxlayır, hiddətini tamamilə oyanmağa qoymayır".[5]

Peyğəmbərlərin Yazılarında Allahın günahkarın məhv olmasını istəmədiyi, bütün günahlarını bağışlamağa hazır olduğu elan olunur:

"Onlara de: "Varlığıma and olsun, pis adamın ölümündən yox, onun öz yolundan dönüb yaşamasından zövq alıram" Xudavənd Rəbb bəyan edir. "Dönün, pis yollarınızdan dönün. Nə üçün öləsiniz, ey İsrail nəsli?"".[6]

Əhdi-Ətiqdə Allah övladlarını sevən və bağışlayan ataya bənzədilir:

"Odur bütün təqsirlərini əfv edən, bütün xəstəliklərinə şəfa verən. Rəbb rəhmli və lütfkardır, hədsiz səbirli və bol məhəbbətlidir… Həmişə töhmətləndirməz, qəzəbi sonsuza qədər sürməz. Bizimlə günahlarımıza görə davranmaz, təqsirlərimizin əvəzini çıxmaz. Çünki göylər yerdən nə qədər ucadırsa, Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür. Nə qədər şərq qərbdən uzaqdırsa, qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb. Ata övladlarına rəhm etdiyi kimi Rəbb də Ondan qorxanlara elə rəhm edir".[7]

Allah bağışlamağı sevəndir:

"Sən bağışlamağı sevən, lütfkar, rəhmli, çox səbirli və bol məhəbbəti olan Allah olduğuna görə onları tərk etmədin".[8]

Allah günahkarın özünü alçaldıb tövbə etməyini istəyər, tövbə edənə rəhm edər:

"Allah onların işlərini, pis yoldan döndüklərini gördü. Ona görə də rəhm edib əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi".[9]

Mişnada təyin olunmuş bir adətə görə yəhudilər Kəffarə günündən (Yom-Küpür) əvvəl bir-birindən üzr istəyib bir-birini bağışlayırlar.[10] İncidən tərəf inciyən tərəfdən üzr istəyəndən sonra dərhal bağışlanmırsa, üç dəfə onun yanına getməlidir. Bu iş bir neçə şahid qarşısında edilməlidir – on nəfər olsa yaxşıdır.[11] İnciyən tərəf incidəni bağışlamırsa, günah etmiş olur; onu "qəddar" (axzari) adlandırırlar və hətta İbrahimin nəslindən olmadığını deyirlər.[12] İnsanın İbrahim kimi bağışlaması və onu incidənlər üçün dua etməsi tələb olunur.[13] Bağışlayan insan Allaha bənzəyir.

Yəhudilərdə hətta vəfat etmiş insanlardan belə üzr istəmək adəti vardır (dəfn mərasimində və Yom-Küpürdə qəbir üstünə gedəndə).

Xristianlıqda bağışlanma

[redaktə | mənbəni redaktə et]

Günahların bağışlanması İsa Məsihin Müjdəsinin ən mühüm hissələrindən biridir. Bibliyada günahkar insan Allah qarşısında borclu kimi, bağışlanma da borcunun silinməsi kimi təsvir olunur. Allah günahları aradan götürür.[14] İsa Məsih məsəllərində günahkarın öz "borcunu" ödəməyə imkanı olmadığını öyrədirdi:

"Bir sələmçiyə iki nəfərin borcu var idi. Biri beş yüz, o birisi isə əlli dinar borclu idi. Onların borcu ödəməyə imkanları yox idi. Ona görə də sələmçi hər ikisinin borcunu bağışladı".[15]

"Ona görə də Səmavi Padşahlıq öz qulları ilə hesablaşmaq istəyən bir padşaha bənzəyir. Hesablaşmağa başladığı zaman onun yanına on min talant borcu olan biri gətirildi. Amma onun ödəməyə bir şeyi olmadığı üçün ağası əmr etdi ki, özü, arvadı, uşaqları və bütün malı satılaraq borcunu ödəsin…"[16]

Məsih "bizə borclu olanları bağışladığımız kimi, bizim borclarımızı da bizə bağışla" deyə dua etməyi öyrədirdi.[17] Həvarilər və ilk xristianlar tövbəni və günahların bağışlanmasını vəz edirdilər:

"Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir".[18]

"Peter onlara cavab verdi: "Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız "".[19]

Әhdi-Cәdidə görә, İsa Mәsih günahkarların bağışlanmaları üçün dua edirdi: "İsa deyirdi: "Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər""[20]; qanını tökürdü: "bu, Əhdin bağlanması və günahların bağışlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır""[21]. Allahın qulu olaraq O, bir çoxlarının günahlarını Öz üzәrinә götürәrәk onlara bәraәt qazandırır:

"O çəkdiyi iztirablarının bəhrəsini görüb qane olacaq, Mənim saleh qulum öz biliyi ilə çoxlarına bəraət qazandıracaq, Onların şər əməllərinin yükünü üzərinə götürəcək. Buna görə Mən ona böyük adamların arasında pay verəcəyəm. O, qəniməti güclülərlə böləcək. Çünki o, canını fəda etdi, Üsyankarlara tay tutuldu. Çox adamların günahını üzərinə götürdü, Üsyankarlardan ötrü yalvardı".[22]

"O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız".[23]

"Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin".[24]

İsa Mәsih dünyanı xilas etmәk üçün günahı aradan götürәn Allahın qurbanlıq Quzusu vәzifәsini yerinә yetirmişdir:

"Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: "Dünyanın günahını aradan götürən Allah Quzusu budur!"[25]

Onun qanı möminlәri günahlarından yuyub tәmizlәyir:

"Amma O, nurda olduğu kimi biz də nurda gəziriksə, onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir".[26]

"Bizi sevən, Öz qanı bahasına bizi günahlarımızdan azad edərək bizdən bir padşahlıq təşkil edən və bizi Öz Atası Allah üçün kahinlər təyin edən Şəxsə əbədi olaraq izzət və qüdrət olsun! Amin".[27]

Göydə və yer üzündə bütün səlahiyyətә malik olan[28] Mәsih Öz hәvarilәrinə günahları bağışlamaq sәlahiyyәtini verir:

"Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır".[29]

Hәvarilәr günahların bağışlanmasını vәz edirlәr.[30] Bununla belә, bağışlanmaq üçün günahları bir-birinә etiraf etmәyin әhәmiyyәti dә qeyd edilir:

"Aranızda xəstə olan varmı? Qoy imanlılar cəmiyyətinin ağsaqqallarını çağırtdırsın. Onlar da Rəbbin adına onu yağla məsh edərək dua etsinlər. İmanla edilən dua xəstəni sağaldacaq və Rəbb onu ayağa qaldıracaq. Əgər o adam günah edibsə, bağışlanacaq. Beləliklə, günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin ki, sağalasınız. Saleh adamın duası çox güclü və təsirlidir".[31]

İsa Məsihin təliminə görə, Allahın insanı bağışlaması üçün insan da onu incidənləri bağışlamalıdır. İnsafsız qul məsəli (Matta Müjdəsi 18:21–35) bu həqiqəti nümayiş etdirir. Məsihin öyrətdiyi duada (Ey göylərdə olan Atamız) "bizə borclu olanları bağışladığımız kimi, bizim borclarımızı da bizə bağışla"[32] sözləri də bu zərurəti təsdiq edir.

İsa mərhəmətli Allahdan nümunə alaraq bütün insanlara qarşı mərhəmətli və xeyirxah olmağı öyrədir:

"Çünki O (Allah), nankörlara və pis adamlara da xeyirxahdır".[33]

İsa Özü çarmıxa çəkiləndə "Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər""[34] deyə Onu öldürənlərə görə dua edirdi; ilk xristian şəhidi Stefan da daşqalaq edilərkən onu öldürən yəhudilərə görə "Ya Rəbb, bunu onlara günah sayma" deyə yalvarırdı.[35] İncil möminlərə Məsihdən nümunə alaraq hər kəsi bağışlamağı və bu yolla pisliyə yaxşılıqla qalib gəlməyi əmr edir:

"Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın".[36]

"Amma bir-birinizə qarşı xeyirxah, rəhmli olun və Allah Məsihdə sizi bağışladığı kimi siz də bir-birinizi bağışlayın".[37]

"Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl".[38]

İslamda bağışlanma

[redaktə | mənbəni redaktə et]

İslamda bağışlamaq Allahın sifətlərindən biridir. Allah-Taala qiyamət günündə insanlara Ona şərik qoşma günahından başqa hər günahı bağışlaya bilər:

"Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur".[39]

Tövbə edənin bağışlanma ehtimalı daha böyükdür:

"Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsinş".[40]

Allahın ən gözəl adlarından (Əsmayi-hüsna) biri Əl-Qaffardır. Bu adın mənası "Daim əfv edən, bütün günahları örtən"dir. Buna bənzər başqa bir adı Əl-Əfuvdur. Bu adın mənası "çox bağışlayan, əfv edən"dir. Əl-Əfuv adı Əl-Qaffar adına nisbətən daha geniş məna verir, çünki Əl-Qaffar günahı örtər, Əl-Əfuv isə silər, aradan qaldırar.

"Ola bilsin ki, Allah onları əfv etsin. Həqiqətən, Allah əfv edəndir (Əl-Əfuv), Bağışlayandır (Əl-Qaffar)".[41]

Əfv etmək səlahiyyəti Rəbbin əlindədir. O, istədiyinə əzab verər, istədiyini də bağışlayar.[42]

"Əgər Allah insanları etdikləri günahlara görə (dərhal) cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə (hər kəsə öz əməlinə görə cəza, yaxud mükafat verəcəkdir). Şübhəsiz ki, Allah Öz qullarını görür".[43]

Qurani Kərimdə insanın onu incidənləri bağışlaması məsləhət görülür.[44] Məhəmməd Peyğəmbər demişdir:

"Allah-Taala bağışlayan bir qulun izzətini və şərəfini artırar".[45]

Ancaq günah edənlərin pis işlərinin bağışlandığı təqdirdə xalqa pis nümunə olacağı sübut olunsa, müsəlman rəhbərləri bu cür işləri bağışlamamalıdırlar. Qisas alma olayları isə adətən incidən ilə inciyənin şəxsi işi sayılır. İnciyən istəsə, bağışlayar. Belə halda Allah haqsızlığa məruz qalan tərəfi onu incidəni bağışladığına görə mükafatlandırar:

"Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir".[46]

Haqsızlığa məruz qalan tərəfin ona haqsızlıq edəni bağışlaması təqvaya yaxındır:

"Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını (onlara) verməlisiniz. Qadınların (bunu) (ərlərinə) bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu (qadına) bağışlaması isə istisnadır. Sizin bağışlamağınız təqvaya daha yaxındır. Bir-birinizə güzəşt etməyi unutmayın. Allah sizin nə etdiklərinizi görür".[47]

Quran Məhəmməd Peyğəmbərə də bağışlayan olmasını məsləhət görür:

"Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir".[48]

"Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər".[49]

  1. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II cild. Şərq-Qərb, Bakı 2006. "Əfv", səh. 66
  2. Çıxış Kitabı 34:6–7
  3. Çıxış Kitabı 34:9
  4. 2 Şamuel 12:13
  5. Zəbur 78:38
  6. Yezekel Peyğəmbərin Kitabı 33:10
  7. Zəbur 103:3, 8–13
  8. Nehemya Kitabı 9:17
  9. Yunus Peyğəmbərin Kitabı 3:10
  10. Mişna. Yoma 8:9
  11. Mişna. Yoma 85b, 87а
  12. Betsa 32b
  13. Bax: Yaradılış Kitabı 20:17
  14. Yeşaya 38:17: "Bütün günahlarımı aradan götürdün"
  15. Luka Müjdəsi 7:41–42
  16. Matta Müjdəsi 18:23–25
  17. Bax: Matta Müjdəsi 6:9–13; http://az.wikipedia.org/wiki/Atamız Arxivləşdirilib 2022-06-07 at the Wayback Machine
  18. Luka Müjdəsi 24:47
  19. Həvarilərin İşləri 2:38
  20. Luka Müjdәsi 23:34
  21. Matta Müjdәsi 26:28
  22. Yeşaya Peyğәmbәrin Kitabı 53:11–12
  23. 1 Peter 2:24
  24. Mark Müjdәsi 10:45
  25. Yәhya Müjdәsi 1:29
  26. 1Yәhya 1:7
  27. Vәhy Kitabı 1:5
  28. Bax:Matta Müjdәsi 28:18
  29. Yәhya Müjdәsi 20:23
  30. Bax, mәsәlәn, Hәvarilәrin İşlәri 2:38; 5:31; 10:43; 13:38; 26:18
  31. Yaqubun Mәktubu 5:14–16
  32. Matta Müjdəsi 6:12
  33. Bax: Luka Müjdəsi 6:35
  34. Luka Müjdәsi 23:34
  35. Həvarilərin İşləri 7:60
  36. Kolosselilərə Məktub 3:13
  37. Efeslilərə Məktub 4:32
  38. Romalılara Məktub 12:21
  39. Nisa surəsi, ayə 48
  40. Təhrim surəsi, ayə 8
  41. Nisa surəsi, ayə 99
  42. Bax: Maidə surəsi, ayə 40
  43. Fatir surəsi, ayə 45
  44. Bax: Maidə surəsi, ayə 13
  45. İmam Ahmed b. Hanbel, el-Müsned, c. II, sh. 386
  46. Şura surəsi, ayə 40
  47. Bəqərə surəsi, ayə 237
  48. Ali İmran surəsi, ayə 159
  49. Əraf surəsi, ayə 199