Sinir sistemi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sinir sistemi
İnsanın sinir sistemi
İnsanın sinir sistemi
Latınca Systema nervosum
Yunanca yaranması
Embrional Xarici rüşeym vərəqəsi – ektoderma
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sinir sistemi (lat. Systema nervosum) — heyvanlar təkamül etdikcə onlarda qıcığa qarşı yaranan reaksiyalar mürəkkəbləşmiş və nəticədə həmin reaksiyaları yerinə yetirən və orqanizmin işini qaydaya salan xüsusi elementlər meydana çıxmışdır. Bunlara sinir elementləri (sinir sistemi) deyilir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]
Rene Dekart: "Ayağın qıcıqlanması sinir vasitəsilə beyinə ötürülərək, orada şüur ilə münasibətindən ağrı hissi doğur".

Hər bir canlı orqanizm yaşadığı xarici mühitdən qıcıq qəbul etməyə və həmin qıcığa qarşı müvafiq reaksiya törətməyə qadirdir. Bu özəllik həyati təzahürlərdən biri olub, qıcıqlanma adını daşıyır. İbtidai canlılarda qıcıq qəbuledici özəl törəmələr yoxdur, bu vəzifəni həmin canlıların vücudunu təşkil edən protoplazma ifa edir. Örnək olaraq birhüceyrəlilərdənamöb hər bir qıcığa (kimyəvi, mexaniki, istilik, elektrik, işıq və s.) qarşı hərəkət edərək, ya qıcıq qaynağına yaxınlaşır, ya da ondan uzaqlaşır. Bu növ reaksiyaya taksis və ya tropizm deyilir. Əgər bu reaksiya nəticəsində canlının orqanizmi qıcıq mənbəyinə yaxınlaşarsa, ona müsbət taksis, qıcıq mənbəyindən uzaqlaşarsa mənfi taksis deyilir. Qıcıq növünə görə müxtəlif reaksiyalar (taksis) ayırd edilir. Məsələn, kimyəvi maddələrə qarşı reaksiyaya – xemotaksis, işığa qarşı reaksiyaya – fototaksis, suya qarşı reaksiyaya – hidrotaksis, havaya qarşı reaksiyaya – aerotaksis, elektrik qıcıqlarına qarşı reaksiyaya – qalvanotaksis deyilir.

Sinir sisteminin ilk elementlərinə bağırsaqboşluqlularda təsadüf edilir. Bunlardan başlayaraq sinir sistemi tədricən təkamül etmiş, mürəkkəbləşmiş və onurğalılarda, xüsusilə insanda yüksək inkişaf dərəcəsinə çatmışdır.

Somatik və vegetativ sinir sistemi

[redaktə | mənbəni redaktə et]

Sinir sistemi quruluş və vəzifə cəhətcə şərti olaraq iki əsas – heyvan və bitki hissələrinə müvafiq olaraq iki şöbəyə bölünür. somatik (lat. soma – bədən deməkdir) ya animal (heyvani) vegetativ ya bitki sinir sistemi.

Somatik sinir sistemi eninəzolaqlı skelet əzələlərini və bir qisim daxili üzvlərin (dil, damaq, udlaq və qida borusunun yuxarı hissəsi) əzələlərini innervasiya edir və duyğu üzvləri vasitəsilə insan orqanizmini xarici mühitlə rabitədə saxlayır.

Vegetativ sinir sistemi daxili üzvləri (həzm, tənəffüs, sidik-cinsiyyət aparatlarını), vəziləri, dərinin saya əzələlərini, ürəyi və damarları innervasiya edir. Bu sistem eyni zamanda sklet əzələlərini də təchiz edir, onların tonusunu nizama salır; bütün üzvlərin qidalanmasını təmin edir (trofik vəzifə daşıyır). Vegetativ sinir sistemi də iki hissəyə bölünür: simpatik hissə – (lat. pars sympatica) və parasimpatik hissə – (lat. pars parasympatica). Digər bir təsnifata əsasən sinir sistemi iki şöbəyə bölünür: mərkəzi sinir sistemi – (lat. systema nervosum centrale) və ucqar və ya periferik sinir sistemi – (lat. gysema nevrosum periphericum).

Mərkəzi sinir sisteminə beyin – (lat. encephalon) və onurğa beyni – (lat. medulla spinalis), ucqar sinir sisteminə isə beyindən çıxan 12 cüt kəllə (beyin sinirləri) – (lat. nn. craniales (nn. cerebrales – BNA)) və onurğa beynindən çıxan 31 cüt onurğa beyni sinirləri – (lat. nn. spinales) aiddir.

Ucqar sinir sisteminə qeyd olunan sinirlərdən başqa qanqlionlar (sinir düyünləri) və həm xarici mühitdən, həm də orqanizmin özündən (daxili mühitdən) qıcıqları qəbul edən, və bu qıcıqları işçi orqanlara (əzələlərə, vəzilərə) verən uc aparatlar – reseptorlar da daxildir.

Sinir sisteminin somatik və vegetativ sinir sistemlərinə bölünməsi, yuxarıda qeyd olunduğu kimi şərtidir, bu bölünmənin şərti olması bir tərəfdən vegetativ sinir sisteminin somatik üzvlərlə (yəni sklet əzələləri ilə) müəyyən nisbətdə olması ilə (onları innervasiya etməsi ilə), digər tərəfdən animal və vegetativ sinir sistemi elementlərinin eyni zamanda sinir sisteminin mərkəzi və ücqar şöbələrdə yerləşməsi ilə izah olunur.

Sinir sisteminin vəzifələrinə gəldikdə qeyd etmək lazımdır ki, o, orqanizmi təşkil edən sistemlərin fəaliyyətini nizama salır; bununla da orqanizmin vəzifəcə vəhdətliyi və tamlığı təmin edilir. Sinir sisteminin əsas vəzifələrindən biri də ondan ibarətdir ki, o, orqanizmlə xarici mühit arasında olan qarşılıqlı təsiri təmin edir. Sinir sistemi düyğu üzvlərində və daxili orqanlarda olan xüsusi hissəsi uc aparatlar (reseptorlar) vasitəsilə müxtəlif qıcıqları qəbul edərək, orqanizmin onlara qarşı bütün reaksiyalarını təmin edir və bununla da orqanizmlə onun yaşadığı mühit arasında vəhdət yaradır. Rus fizioloqu İ.M. Seçenov orqanizmin elmi tərifinə mühiti daxil edərək belə yazır:

Orqanizm, onun yaşayışını davam etdirən xarici mühit olmadan yaşaya bilməz, ona görə də orqanizmin elmi tərifinə ona təsir edən mühit də daxil edilməlidir.

İ.M. Seçenov. Seçilmiş əsərləri, Moskva, 1948

Sinir sisteminin təkamülündə həlledici rolu mühit amilləri oynamışdır. Mühit və onun fiziki, kimyəvi, bioloji və başqa şərtləri dəyişdikdicə, orqanizm də daima du dəyişikliklərə uyğunlaşır. Həmin uyğunlaşmanın nəticəsidir ki, orqanizmlə mühit qırılmaz bir vəhdət təşkil edir. Orqanizmlə mühit arasındakı, bu qarşılıqlı əlaqəni, qarşılıqlı təsir və vəhdəti təmin edən sinir tənzimidir. Bu tənzim sayəsində orqanların reaksiyaları çox sürətlə başa gəlir. Orqanizmdə sinir tənzimindən başqa çox yavaş cərəyan edən və nisbətən uyun vaxt tələb edən kimyəvi – humoral (hormonlar vasitəsilə) tənzim də vardır. Sinir tənziminin kimyəvi tənzimə nisbətən çox sürətlə davam etdiyini aşağıdaki misalda göstərmək olar: nəli əzələnin sinir qıcığı təsiri ilə yığılması üçün 0,01 san. vaxt tələb olunduğu halda, humoral üsul ilə (hormonlar təsiri ilə) həmin əzələnin yığılması üçün 30 san. vaxt lazımdır. Lakin kimyəvi tənzimin özü də sinir sistemi vasitəsilə icra olunur. (K.İ. Bıkov və İ.P. Razenkov). Sinir sisteminin əsas vəzifəsi aşağıdakılardan ibarətdir:

  1. müxtəlif qıcıqları reseptorlar vasitəsilə qəbul edib sinir lifləri ilə mərkəzə doğru nəql etmə – reseptor vəzifəsi (İ.P.Pavlova görə bu hadisə ilə tədqiqat başlanır);
  2. sinir mərkəzi qəbul etdiyi qıcığı, ya sinir mərkəzində meydana çıxan oyanmanı müəyyən xarici reaksiyaya çevirmə – qapayıcı vəzifə (İ.P.Pavlova görə bunun nəticəsində sintez əmələ gəlir);
  3. cavab reaksiyalarını törətmə (hərəki ya sekretor reaksiyaları) törətmə – effektor vəzifə.

Sinir sisteminin yuxarıda təsvir olunan fəaliyyətini ifa edən cihazın quruluşunu İ.P.Pavlov bu cür təsvir edir:

Tam innervasiyaedici cihaz mərkəzə gedən sinirin periferik ucundan, mərkəzəgedən sinirin özündən, sinir hüceyrələrindən (sinir hüceyrələri yığıntısından – sinir mərkəzindən), mərkəzdəngedən sinirdən və nəhayət onun periferik ucundan ibarətdir.

İ.P.Pavlov

Şüuri və qeyri-şüuri həyatın bütün aktları öz mənşələrinə görə refleksdir.

İ.M. Seçenov.

Sinir sisteminin ən ali şöbəsini beyin (böyük beyin) yarımkürələrinin qabığı təşkil edir. Böyük beyin qabığı ali sinir fəaliyyəti vəzifəsini daşıyır və onun maddi əsasını təşkil edir. Beyin və onun qabığı bütün üzvlərin fəaliyyətini tənzim edir və öz növbəsində orqanizmi təşkil edən orqan və toxumalar tərəfindən təsirə məruz qalır. İ.P.Pavlov öz şərti reflekslər təlimi ilə obyektiv aləmin insan şüurunda əks olunması kimi son dərəcə mürəkkəb hadisələrin maddi-fizioloji mexanizmlərini elmi surətdə dərindən göstərdi və izah etdi. İ.P. Pavlova görə sinir sisteminin təkamül inkişafı ali heyvanlarda və insanda şərtsiz və şərti əmələgəlməsi ilə əlaqədardır.

Heyvanat aləminin sinir sisteminin quruluş formaları

[redaktə | mənbəni redaktə et]
Heyvanat aləminin sinir sisteminin quruluş formaları

Heyvanat aləmində sinir sisteminin ilk əlamətləri bağırsaqboşluqlarda meydana çıxır. Bu heyvanlardan başlayaraq sinir sisteminin təkamülü inkişafında dörd quruluş formasına təsadüf edilir: səpgin ya diffuz, sapabənzər, düyünlü və borulu sinir sistemi.

Səpgin ya diffuz və ya torabənzər sinir sistemi

[redaktə | mənbəni redaktə et]

Səpgin ya diffuz və ya torabənzər sinir sistemi hidropoliplərdə təsadüf olunur. Bunların sinir sistemi xüsusi sinir-əzələ, ya epitel-əzələ hüceyrələrindən, ilk hissi hüceyrələrdən və sinir hüceyrələrindən ibarətdir. Bu hüceyrələr ektodermadan inkişaf edib bir-birilə çıxıntılar vasitəsilə rabitədə olur və beləliklə heyvanın vücudunda tor təşkil edir; bunlardan bir qismi örtük epitelinin arasında və digər qismi isə onun altında yerləşir. Səpgin sinir sisteminin verdiyi reaksiyalar son dərəcə ümumi xassə daşıyır. ƏgƏr qıcıq heyvanın bir yerinə düşərsə, oyanma bütün sistem boyu yayılır və nəticədə əzələ hüceyrələrinin hamısı yığılır.

Sapabənzər sinir sistemi

[redaktə | mənbəni redaktə et]

Sapabənzər sinir sistemi meduzalarda təsadüf olunur. Sinir hüceyrələri başlıca olaraq çətirin kənarında toplaşıb, sinir lifləri ilə birlikdə bir kəmər əmələ gətirir. Kəmərdə olan sinir hüceyrələri bir tərəfdən qıcığı qəbul edən reseptor törəmələrlə və digər tərəfdən əzələ hüceyrələri ilə əlaqədar olur.

Düyünlü sinir sistemi

[redaktə | mənbəni redaktə et]
Yağış qurdunun – soxulcanın sinir sisteminin quruluşu: baş düyün, sinirlər, qarın düyünləri zənciri

Düyünlü sinir sistemi yumşaqbədənlilərdə, qurdlarda və buğumayaqlılarda inkişaf edir. Bu sinir sistemi üç əsas xassəyə malikdir:

  1. sinir hüceyrələri bədənin müəyyən yerində toplaşaraq mərkəzləşir, yəni mərkəzi sinir sistemi əmələ gəlir;
  2. sinir hüceyrələri başlıca olaraq heyvanın baş nahiyyəsində toplaşır (kefalizasiya ya ensefalizasiya);
  3. sinir sisteminin aşağı hissələri yuxarı hissələrə tabe olur (subordinasiya – tabelik). Sinir sistemi bu növ heyvanlarda bir çox düyünlərdən təşkil olunur; bu düyünlər bir-birilə sinir lifləri vasitəsilə birləşərək, adətən, bir zəncir əmələ gətirir.

Borulu sinir sistemi

[redaktə | mənbəni redaktə et]

Borulu sinir sistemi onurğalı heyvanlarda təsadüf olunur. Bu heyvanlarda sinir sistemi iki hissəyə bölünür: mərkəzi və periferik sinir sistemi. Sinir sisteminin mayası boru şəklində olur və beyin borusu adlanır. Bu borunun baş hissəsi kəllədə (kranial) yerləşərək genişlənir və beynin mayasını təşkil edir. beyin borusunun quyruq (kaudal) hissəsi onurğa kanalında qalır; bu hissədən onuğa beyni inkişaf edir. Onurğalı heyvanların sinir sisteminin təkamülündə əsas xüsusiyyət ondan ibarətdir ki, onların mərkəzi sinir sistemində orqanizmin həyatında mühüm rol oynayan xüsusi törəmələr (boz maddə, beyin qabığı) inkişaf edir. Eyni zamanda beyin qurluş və vəzifəcə çox inkişaf edir. burada üzvlərin vəzifələrini nizama salan, uyğunlaşdıran, birləşdirən və onlara başçılıq edən ali mərkəzlər meydana çıxır. Ucqar sinir sistemində isə sinirlər, düyünlər və kələflər diferensiasiya edir.

Beləliklə heyvanat aləmində sinir sistemi tədricən mürəkkəbləşir. səpgin və sapabənzər sinir sisteminə malik heyvanlarda xarici mühit qıcıqlarına qarşı verilən cavablar ümumi xarakter daşıyır. Düyünlü və borulu sinir sistemində isə qıcıqlara qarşı verilən cavablar ümumiliyini itirir, ilk dəfə olaraq şərtsiz reflekslərə çevrilir. Mərkəzi sinir sisteminin ön hissəsinin (uc beyinin) inkişafı ilə əlaqədar olaraq, orqanizmin xarici mühitin qıcıqlarına qarşı verdiyi cavabları da dəyişir və yeni, daha mükəmməl şəkil alır. Yeni refleks növü – şərti rehlekslər meydana çıxır. Şərti reflekslərin əmələ gəlməsi uc beyin və xüsusən də onun ali şöbəsi olan böyük beyin yarımkürələrinin qabığı ilə əlaqədardır. İnsanda, ictimai mühit və əməklə əlaqədar olaraq, şərti reflekslər ali inkişaf dərəcəsinə çatmış, onda ikinci qabıq siqnal sistemi (nitq) meydana çıxmışdır; bu xüsusiyyət də insanı heyvandan fərqləndirir.

Quruluş elementləri

[redaktə | mənbəni redaktə et]

Sinir sistemi sinir toxumasından təşkil olunmuşdur. Sinir toxuması yüksək dərəcədə diferensiasiya etmiş toxumadır. Bunun əsas xüsusiyyəti onun oyanma (qıcığı qəbul etmə) və naqillik (keçiricilik) qabiliyyətinin olmasıdır. Sinir toxuması sinir hüceyrələrindən, onların çıxıntılarından və qliya adlanan stromadan təşkil olunmuşdur. Sinir hüceyrəsi öz çıxıntıları və onların uc (hərəki və hissi) aparatları ilə birlikdə neyron adlanır. İnsan beynində neyronların sayı 15 milyarda çatır.

Sinir hüceyrəsi neyronun qurluşu: 1.Dendrit, 2.Akson, 3.Ranvier buğumcuğu, 4.telodendrit şaxələri, 5.Şvann qişası, 6.Hüceyrə cismi, 7.nüvə
Çoxçıxıntılı ya çoxqütblü – multipolyar sinir hüceyrəsi

Neyron sinir sisteminin morfo-fizioloji və ya histo-fizioloji quruluş və genetik vahidi hesab olunur. XIX əsrin axırlarında meydana çıxmış bu nəzəriyyəyə neyron nəzəriyyəsi (R. Kaxal) deyilir. Bəzi müəlliflərin fikrincə neyronlar bir-birilə neyrofibrillər vasitəsilə rabitədədir, yəni neyrofibrillər qırılmadan bir neyrondan digər neyrona keçir. Bu nəzəriyyəyə neyrofibrilyar ya neyropil nəzəriyyə deyilir. Bu nəzəriyyə düzgün hesab edilmir. Neyron nəzəriyyəsinə görə sinir sistemi ayrı-ayrı neyronlardan təşkil olunmuşdur. lakinqeyd etmək lazımdır ki, neyronların arasında həmişə müəyyən bir əlaqə yaranır. Deməli neyronlarda olan müstəqillik şərtidir.

Sinir sistemi bölünmüşdür və eyni zamanda tamdır.

B.İ. Lavrentyev

Hər bir neyron hüceyrə cismindən, dendrit adlanan protoplazmatik çıxıntılardan və neyrit və akson deyilən uzun silindrik ox çıxıntıdan ibarətdir. Hər neyronun ancaq bir aksonu olur: dendritlərin miqdarı isə çox ola bilər. Hüceyrə cismi bir sıra törəmələrdən – neyroplazmadan, nüvədən və sinir fibrillərindən (neyrofibrillərdən) təşkil olunmuş və xaricdən qişa ilə örtülmüşdür. Hüceyrə cismində olan neyrofibrillərin ardı sinir hüceyrəsinin çıxıntılarına keçir. Neyrit ya akson neyrofibrillərdən təşkil olunmuş silindirik oxdan ibaraətdir; o, xaricdən mielin ya özəkli qişa və Şvann qişası ya da nevrillemma ilə örtülmüşdür. Neyrit boyu uzunu yan kollateral şaxələr verir və periferik ucu telodendrit adlanan şaxələrə bölünür. Bu şaxələr müxtəlif uc aparatlarla tamamlanır. Bəzi neyritlərin uzunluğu 1 m-dən də çox olur. Sinir hüceyrələri çıxıntılarının miqdarına görə üç qrupa bölünür:

  1. birçıxıntılı ya təkqütblü unipolyar sinir hüceyrəsi;
  2. ikiçıxıntılı, ya ikiqütblü bipolyar sinir hüceyrəsi; bunlardan biri dendrit, digəri neyritdir: məsələn, gözün tor qişasında olan bipolyar hüceyrələr. Mənşə etibarilə bipolyar hüceyrələrə yalançı unipolyar sinir hüceyrələri də aiddir. Bunların sanki bir çıxıntısı olur; bu çıxıntı hüceyrə cismindən çıxdıqdan sonra T – şəkilli iki çıxıntıya (neyrit və dendritə) bölünür. Əslində yalançı unipolyar hüceyrələr bipolyar hüceyrələrin neyrit və dendritlərinin başlanan yerində bir-birilə bitişməsi nəticəsində əmələ gəlir. Bu növ hüceyrələrə onurğa beyni qanqlionlarında təsadüf edilir.
  3. Çoxçıxıntılı ya çoxqütblü – multipolyar sinir hüceyrəsi; bunun bir neyriti və bir neçə dendriti olur; bu növ sinir hüceyrələrinə beyin qabığında və onurğa beynində təsadüf edilir.

Sinir hüceyrələrinin qişalarla örtülmüş çıxıntılarına sinir lifləri deyilir. Sinir lifləri əhatə olunduqları qişalara görə dörd qrupa bölünür:

  1. Mielin və Şvann qişalı sinir lifləri, bunlar hər iki qişa ilə örtülü olur, ucqar sinir sistemini təşkil edən sinirlər bu növ liflərdən əmələ gəlmişdir.
  2. mielinli ya özəkli sinir lifləri yalnız mielin qişa ilə örtülü olur; mərkəzi sinir sisteminin ağ maddəsi həmin liflərdən ibarətdir.
  3. mielinsiz ya özəksiz (amielin) sinir lifləri – yalnız Şvann qişası ilə örtülü olur; bu növ liflərə simpatik sinir sistemində təsadüf edilir.
  4. Çılpaq silindrik oxlar – qişasız olur və mərkəzi sinir sisteminin boz maddəsində yerləşir.

Vəzifə etibarilə dendritlər oyanmanı hüceyrə cisminə (sellülopetal istiqamətdə), neyritlər isə əksinə, hüceyrədən periferiyaya doğru (sellülofuqal istiqamətdə) nəql edir. Oyanmanın bir neyrondan digər neyrona keçməsi neyritin həm uc, həm də yan şaxələrilə ifa olunur.

Neyron və sinaps

Sinir toxumasının ikinci tərkib hissəsi stroma ya qliya (yaxud neyroqliya) bir sıra hüceyrələrdən ibarətdir. Qliya xüsusi quruluşa malik əlavə törəmə kimi sinir sistemində məhdudlaşdırıcı, istinadyaradıcı və trofik (qidalandırıcı) vəzifə daşıyır.

Sinir sistemini təşkil edən neyronlar bir-birilə müəyyən nisbətdə olur. Bu və ya başqa yerdə qıcıq nəticəsində meydana çıxan oyanma bir neyrondan digər neyrona, buradan da üçüncü neyrona və s. verilir. Qıcığın bir neyrondan digər neyrona keçməsi üçün bir neyronun neyriti digər neyronun dendriti ilə rabitədə olmalıdır. Bu növ rabitə neyronlar arasına ifraz olunan xüsusi kimyəvi maddələr (mediatorlar) vasitəsilə əmələ gəlir ki, buna sinaps (lat. synapsis) deyilir. Sinaps yalnız neyritin dendritlə rabitədə olması ilə deyil, eyni zamanda neyritin bilavasitə neyronun hüceyrə cismi ilə rabitədə olması ilə əmələ gəlir; birinci halda aksodendritik sinaps, ikincisinə isə asosomatik sinaps deyilir. Aksodendrik sinapslara artıq miqdarda beyin qabığının yuxarı qatlarında təsadüf olunur.

Neyron nəzəriyyəsi

[redaktə | mənbəni redaktə et]

Neyron nəzəriyyəsinə görə sinir sistemi ayrı-ayrı neyronlardan ibarətdir; lakin bunlar vəzifə etibarilə bir-birlə rabitədədir. neyrofibrillər isə bir neyrondan digərinə keçməyib, rabitədə olduqları yerdə qalırlar; həmin yerdə sinir çıxıntılarının uclarında xüsusi törəmələr – sinaptik aparatlar əmələ gəlir. Oyanma bu aparatlar vasitəsilə qeyd olunduğu kimi bir neyrondan digər neyrona verilir. Sinapslardakı bu ötürücülük kiyəvi və biofiziki hadisələrlə izah edilir. Beləliklə neyronların quruluşca bir-birindən ayrı olmalarına baxmayaraq, neyronarası rabitənin və onların arasındakı qarşılıqlı təsirin olması sayəsində sinir sistemi həm quruluş, həm də vəzifə etibarilə bir vəhdət təşkil edir. Adətən, orqanizmdə bir neyron başqalarından ayrı olaraq heç bir vəzifə icra etmir; o ancaq digər neyronlarla birlikdə silsilə təşkil edib müəyyən vəzifə daşıyır.

Sadə refleks qövsü sxematik

Mərkəzi sinir sisteminin iştirakı ilə orqanizmin xarici və daxili qıcıqlara qarşı verdiyi cəld cavablara deyilir. Refleks lat. reflecto – əks edirəm sözündən alınmışdır. Hər bir refleksin meydana çıxması üçün müəyyən bir yol lazımdır. refleks aktında sinir hisslərinin getdiyi yola refleks qövsü adı verilmişdir. Pavlova gore Refleks qövsü iki növdür.

  1. Sadə refleks qövsü iki neyron ibarətdir
  2. Mürəkkəb refleks qövsündə isə ikidən artıq neyron iştirak edir.

sadə refleks qövsünü təşkil edən birinci neyron reseptor (qəbuledici ya mərkəzəgedən) neyron adlanır. reseptor neyron duyğu üzvlərindən (məsələn dəridən) qıcığı qəbul edib, onu mərkəzə (sentropetal istiqamətə) doğru nəql edir və reflektor mərkəzdə (məsələn onurğa beynində) oyanmanı ikinci neyrona – effektor (ifaedici ya mərkəzdəngələn) neyrona verir. İkinci neyron da öz növbəsində oyanmanı işcil üzvə (əzələyə) aparır, bunların nəticəsində hərəkət, məsələn diz-vətər refleksi, meydana çıxır. sadə refleks qövsündə sinaps yalnız bir yardə, reflektor mərkəzində meydana çıxdığı üçün bu qövsə birsinapslı refleks qövsü də deyilir. sadə refleks qövsü orqanizmdə az təsadüf edilir: adətən refleks qövsü üç neyrondan təşkil olunur; beləki reseptor neyronla effektor neyron arasında üçüncü bir neyron da yerləşir; buna birləşdirici ya qapayıcı neyron deyilir. Birləşdirici neyron oyanmanı reseptor neyrondan effektor neyrona verir və beləliklə, ötürücü vəzifə ifa etmiş olur.

Morfoloji quruluş və vəzifə etibarilə refleks qövsü beş hissədən ibarətsir:

  1. Reseptor – qıcıqları qəbuledici reseptor törəmə.
  2. Afferen və ya reseptor sinir lifi – oyanmanı mərkəzə daşıyan sinir lifi.
  3. Sinir mərkəzi – oyanmanı reseptor neyrondan effektor neyrona verən mərkəz.
  4. Efferent və ya effektor sinir lifi – oyanmanı işcil üzvə daşıyan sinir lifi.
  5. Effektor, yəni uc aparat – effektor sinir lifinin işcil üzvə daxil olan ucu.

Ali heyvanlarda və insanda, mürəkkəb reflekslər arasında neyronların iştirakı ilə şərti reflekslər adı ilə bir çox yüksək dərəcəli müvəqqəti reflektor rabitələr meydana çıxır. Beləliklə qeyd etmək olar ki sinir sistemi vəzifə etibarilə üç növ neyrondan təşkil olunmuşdur:

  1. Reseptor ya afferent (hissi ya mərkəzəgedən, ya da sentropetal) neyronlar; bunların hüceyrə cisimləri həmişə mərkəzi sinir sistemindən xaric, kəllə və onurğa beyni hissi sinirlərinin qanqlionlarında yerləşir. Çıxıntılardan biri (dendrit) mühitə doğru gedərək hissi uc aparat vasitəsilə ucqar üzvlərdə (məsələn, dəridə) tamam olur, digəri isə (neyrit) mərkəzi sinir sisteminə (onurğa beyninə ya beyin sütununa) daxil olur.
  2. Qapayıcı, ya birləşdirici (assosiatik) neyronlar; bunlar mərkəzi sinir sistemində yerləşib, ya reseptor neyronlar ilə effektor neyronlar arasında, ya da mərkəzi sinir sisteminin müxtəlif nahiyələri arasında rabitə yaradır.
  3. Effektor ya efferent (hərəki ya mərkəzdəngələn və ya sentrofuqal) neyronlar; bunların hüceyrə cisimləri mərkəzi sinir sistemində, ya vegetativ qanqlionlarda yerləşir, neyritləri (aksonları) isə işcil üzvlərə (əzələvəzilərə) doğru gedərək uc aparatlar vasitəsilə onlarda tamam olur.

Reflektor dövran

[redaktə | mənbəni redaktə et]

Sinir sisteminə refleks qövsündən başqa reflektor dövran da ayırd edilir. Sinir sistemi mərkəzlərində işcil üzvə efferent impulslar göndərildikdə, həminüzvdə müəyyən bi hadisə – effekt (hərəkət ya sekresiya) meydana çıxır. bu effekt öz növbəsində işcil üzvdə hissi-sinir impulsları törədir ki, bunlar da afferent yollar (sinir lifləri) vasitəsilə geriyə (onurğa beyinə və ya beyinə) qayıdır və işcil üzvün gördüyü iş haqqında mərkəzləri xəbərdar edir. Beləliklə işcil üzv ilə mərkəz arasında əks rabitə yaranır. Bu hadisəyə əks afferentasiya deyilir (P.K.Anoxin). İşcil üzvün fəaliyyətinin yoxlanılması "əks afferentasiya" mexanizmi ilə ifa olunur. Bu üsul ilə qapalı bir dövran əmələ gəlir:

Mərkəz → Efferent yol → Effektor → İşcil üzv → Reseptor → Affektor yol → Mərkəz

Bunun sayəsində, daxili və xarici şəraitin hər hansı bir dəyişıkliyi zamanı orqanizmdə davam edən proseslərin mürəkkəb korellyasiyası həmin qapalı reflektor dövran vasitəsilə təmin

Ağ və boz maddələr

[redaktə | mənbəni redaktə et]

Mərkəzi sinir sistemi iki növ maddədən təşkil olunmuşdur: 1) ağ maddə – lat. substantia alba və 2) boz maddə – lat. substantia grisea. Ağ maddə mielinli sinir liflərindən təşkil olunmuşdur. Bunun daxilində oyanmanı müəyyən istiqamətə doğru daşıyan dəstələr təşkil edir; həmin dəstələrə aparıcı yollar deyilir. Boz maddə neyronların hüceyrə cisimlərindən ibarətdir; bunun tərkibində çılpaq silindrik oxlu sinir çıxıntıları vardır. bu maddə böyük beynin və beyincik yarımkürələrini xaricdən örtərək böyük beyin və beyincik qabığını – lat. cortex cerebri et cortex cerebelli əmələ gətirir. beyin qabığında eyni vəzifə daşıyan müəyyən qrup sinir hüceyrələri mərkəz adlanır. Ağ maddə daxilində ayrı-ayrı boz maddə parçalarına təsadüf edilir. Binlara nüvə – lat. nucleus deyilir. Həmin nüvələr vəzifə etibarilə ara mərkəz (sinaptik dayanacaq) vəzifəsini daşıyır.

Sinirlər

Sinir (lat. nervus qısa N.; cəmdə nervi; qısa Nn.) sinir liflərinin mərkəzi sinir sistemi xaricində toplanmasından əmələ gəlir. Müəyyən miqdar sinir lifləri bir yerə toplaşaraq sinir dəstələri əmələ gətirir; binlar xaricdən lat. endoneurium adlanan nazik birləşdirici toxuma qişası ilə örtülü olur. Kiçik sinir dəstələri də bir yerə toplaşıb böyük sinir dəstələri təşkil edir; bunlar da lat. perineurium deyilən birləşdirici toxuma qişası ilə əhatə olunmuşdur. Böyük sinir dəstələri öz növbəsində bir yerə toplaşaraq sinir – lat. nervus, ya sinir kötüyü – lat. truncus nervosus əmələ gətirir. Hər bir sinir xaricdən lat. epineurium deyilən sərt birləşdirici qişa ilə örtülü olur. Sinirlərin daxilində olan birləşdirici toxuma qatları onların istinad elementini təşkil etməklə bərabər, eyni zamanda qan və limfa damarlarını (lat. vasa nevrosum) və sinir kötüyünü innervasiya edən sinir liflərini (lat. nervi nervosum) müşayiət edir. Adətən kiçik sinirlər bir dəstədən, böyük sinirlər isə bir neçə dəstədən əmələ gəlir. Sinirlər şaxələndikcə onları təşkil edən dəstələrin miqdarı azalır. Bax:Sinir

Sinir sisteminin inkişafı

[redaktə | mənbəni redaktə et]

Sinir sistemi xarici rüşeym vərəqəsindən – ektodermadan inkişaf edir. Embrionun (embrional meydançanın) arxa səthində orta xətdə olan ektodermal hüceyrələr diferensasiya nəticəsində silindr ya iy şəklini alıb embrion boyu (kranio-kaudal istiqamətdə) bir qalınlaşma əmələ gətirir; bu qalınlaşmaya sinir, ya beyin səfhəsi deyilir. Ektodermanın qalan hissəsi buynuz, ya dəri səfhəsi adlanaraq dərinin epidermis qatını və duyğu üzvlərinin qəbuledici (reseptor) törəmələrini əmələ gətirir.

6 həftəlik embrionda beyin qovuqlarının diferensasiyası
Sinir sisteminin inkişaf dövrləri (Şimalhauzenə görə): Sinir səfhəsi, sinir şırımı, sinir borusu, sinir borusunundəri səfhəsindən uzaqlaşması
İnsan embrionu – beyin və onurğa beynin mayası

Sinir səfhəsi inkişaf edərək yavaş-yavaş dərinləşir və rüşeym 1,5 mm olarkən sinir şırımı – lat. sulcus nervosus meydana çıxarır. bu şırımın kənarları (sinir yastıqları) qatlanaraq getdikcə hündürləşir və orta xəttə çataraq bir-birilə bitişir; nəticədə sinir şırımı sinir ya beyin borusuna çevrilir. Sinir şırımının sinir borusuna çevrilməsi, yəni sinir şırımı kənarının bitişməsi ortadan başlayıb uclara doğru davam edir. Sinir borusu əmələ gəldikdən sonra yavaş-yavaş buynuz səfhəsindən uzaqlaşır; bunların arasına mezoderma elementləri daxil olur. Sinir borusu bütün sinir sisteminin mayasını təşkil edir. Bu borunun kranial ucu genəlir; həmin genişlik qeyri-bərabər inkişaf prosesi nəticəsində daralmalar vasitəsilə əvvəlcə üç və sonra beş hissəyə bölünür. Bu hissələrə beyin qovuqları deyilir. Həmin qovuqlardan beynin ayrı-ayrı hissələri inkişaf edir. Sinir borusunun qalan hissəsi boru şəklində olub onurğa beyninin mayasını təşkil edir. Sinir borusunun divarları ilk dəfə birnövlü hüceyrələrdən təşkil olunur; sonradan inkişaf prosesi nəticəsində onlardan müxtəlif növ sinir hüceyrələri meydana çıxır. Bu hüceyrələrin hüceyrə cisimlərindən boz maddə və onların çıxıntılarından ağ maddə əmələ gəlir. Sinir borusunun daxilində mənfəz – dar bir kanal qalır. Sinir yastıqlarına gəldikdə, onlardan ayrılan bir sıra qanqlioz sinir hüceyrələri sinir borusunun arxa səthində həmin boruya paralel bir cüt zolaq – sağ və sol sinir düyünü zolağı (qanqlioz zolaq) əmlə gətirir. Bunlar ektoderma ilə sinir borusunun arasında yerləşərək onurğa beyni və simpatik kötük qanqlionlarının mayalarını təşkil edir. Sinir borusu mərkəzi sinir sisteminin mayasını təşkil etməklə bərabər, eyni zamanda ucqar sinir sisteminin mayasını da əmələ gətirir. Onurğa beyin qurluş etibarilə 31 seqmentdən təşkil olunmuşdur. Sinir seqmentinin hər birinə nevrotom ya nevromer deyilir. Onurğa beyni sahəsində hər bir nevrotom aşağıdakı hissələrdən: 1) onurğa beyninin müvafiq seqmentlərindən; 2) onurğa beynindən xaric olan bir cüt ventral (hərəki) və ona daxil olan bir cüt arxa (hissi) kökdən; 3) bir cüt onurğa beyni qanqlionundan və 4) bir cüt onurğa beyni sinirindən təşkil olunmuşdur. Beyində seqmentasiya zəif gözə çarpır; yalnız onun kötük hissəsində bir qədər məlum olur. Müqayisəli anatomiya cəhətcə beyində 11 seqment (nevrotom) ayırd edilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]